Tehran xanımın müqəddəs Ana və şərəfli Müəllim adı…

Dr.Hayale Zerrabkızı Türk dünyasının değerli evladı, yaşamı ile, gördüğü güzel işlerle her bir Türkün yaddaşında iz bırakmış, Vatan sevdalı, Turan sevdalı ismi dilimizde, sevgisi yüreğimizde her zaman yaşayan Ganire Paşayeva'yı dünyamıza armağan eden, Ganire hanımın Annesi Azerbaycan'ın çok kıymetli Muellimlerinden olan Tehran Hanımefendiyi anlatmış bu yazısıyla...

Tehran xanımın müqəddəs Ana və şərəfli Müəllim adı…
21 Kasım 2023 - 20:35 - Güncelleme: 21 Kasım 2023 - 20:56
Tehran xanımın müqəddəs Ana və şərəfli Müəllim adı…
Xəyalə Zərrabqızı

Filologiya üzrə fəlsəfə doktoru

“O, sadəcə Anam deyil, həm də Müəllimimdir… Mənə kitabları sevdirən qadındır Tehran Müəllimə. Rəssamlıq qabiliyyətim olsaydı, Anamı belə çəkərdim. Yatağında kitab sinəsinin üstünə düşmüş şəkildə…
Anam çox fəal qadın idi. Müəllimə idi. Dərslərdən sonra evimizə gün ərzində ona yaxın şagird gəlirdi, təmənnasız onlara kimya fənnini öyrədirdi. Yaxşı istedadı var, ailəsi kasıbdır, qoy oxuyub inkişaf etsin, - deyirdi. Onsuz da çox yorulmasına baxmayaraq şagirdlərinə çox diqqət, qayğı ayırırdı anam. Amma heç özünə zamanı qalmazdı. Çünki evin, dörd uşağın qayğısı da var idi üzərində. Amma nə qədər yorulsa belə, mən anamın bircə gün belə kitab oxumadığı günü görmədim. Gündüzlər zamanı olmadığı üçün gecələr oxuyardı. Beləcə də yuxuya gedərdi…
Bu gün Strasburqda AŞPA toplantılarında olduğum üçün Türkiyə tərəfindən mənə verilən mükafatı Tehran xanım həm anam, həm də müəllimim kimi aldı. Övladının yerinə təşəkkür nitqi ilə çıxış etdi.
Amma əslində, o mükafatın əsl sahibi Odur. O mükafatın haqq etdiyi əsl ünvan Odur! O mükafat Anamındır! Anamın halal haqqıdır! Çünki həyatda qazandıqlarımı Yaradandan sonra ona borcluyam: Anama. Mənə kitabları dəlicəsinə sevdirən və 3 yaşım olanda yazıb-oxumağı öyrədən qadın mənə bütün ömrüm boyu bunu öyrətdi: İnkişaf etmək və yaxşı adam olmaq istəyirsənsə, ən yaxın dostun kitablar olsun! Hər zaman olduğu kimi Onun bu sözünü həmişə dinləmişdim və Anamın sözlərindən xeyir tapmışdım. Allah bütün anaları qorusun!”
2018-ci ilin 28 iyununda Strasburqda söyləmişdi bu sözləri Qənirə xanım… Həmin gün Türkiyədə ona verilən nüfuzlu dövlət mükafatını özü iştirak edə bilmədiyi üçün Tehran xanıma təqdim etmişdilər… Amma Qənirə xanımın da söylədiyi kimi əslində, bu mükafatın əsl sahibi elə Tehran xanım özü idi…
“Əsərinin üzərində imzası olmayan yeganə sənətkar Müəllimdir!”- deyirdi böyük Mustafa Kamal Atatürk. Amma Tehran xanım elə bir əsər yazdı, canından, qanından, ruhundan pay verib “Qənirə Paşayeva” adlı elə bir əsər yaratdı ki, Tanrı özü xəlq etdiyi bu zər kimi Ananın – Müəllimin zərgər əməyinə heyran qaldı...
2023-cü ilin son baharı idi... Baharımızın – sevincimizin sona ərdiyi sentyabr ayı... Gənc Müəllimlərin qurultayı keçirilirdi. Qənirə xanım həmin qurultaydakı çıxışı ilə kitablarında işıqlı obrazını yaratdığı valideynlərinin – Ələsgər müəllimlə Tehran müəllimənin  sözlə tablosunu çəkdi elə bil... Və Ata-anasının timsalında gənc müəllimlərə, əslində, müəllim necə olmalıdır? - örnəyini anlatdı...
“Mən bu gün burada Sizin qarşısınızda millət vəkili Qənirə Paşayeva kimi yox, Azərbaycanın  iki idealist müəlliminin – Ələsgər Paşayevlə Tehran Nağıyevanın övladı olaraq  danışıram.  Fəxr edirəm ki, müəllim ailəsində böyümüşəm, bu sahə ilə həmişə mənəvi bağlılığım olub. Anam və atam müəllim peşəsini istəklə sevərək seçiblər. Anam kimya fakültəsində ən yüksək təqaüdlə oxuyub və təyinatla Kürdəmirin kəndinə çalışmağa gəlib. O burada şagirdlərə təkcə dərs öyrətməyib, həm də onları şəxsiyyət olaraq yetişdirib. Atam isə Kürdəmirdə həmin məktəbin direktoru işləyib, kənddə qızların təhsil almasında  böyük rol oynayıb, qızların ailələri ilə danışaraq valideynlərə qız övladlarının təhsilinin vacibliyindən söz açıb. O zaman qız uşaqlarının təhsildən yayındırıldıqları bir dönəmdə Kürdəmir camaatı Atama olan inamı və məhəbəbəti sayəsində çoxsaylı qız uşaqlarını təhsil almaq üçün məktəbə yollayıb.  Məktəb yalnız bilik və savad vermək üçün yer deyil, məktəb həm də faydalı şəxsiyyət yetişdirməlidir. Mən atamla anamın həyatından deyə bilərəm ki, Müəllim zəngin həyat yaşamır, onun çox pulu olmur, amma həyatın müxtəlif sahələrində ucalan yetirmələrindən aldığı zövq və məmnuniyyəti isə heç bir peşə sahibi əldə edə bilmir”... Daha sonra Qənirə xanım Düz Qırıqlı kənd orta məktəbində ona dərs demiş, biologiya müəllimi İdris müəllimdən, onun övladı ilə bağlı dar günündə şagirdlərinin İdris müəllimə necə təsəlli olmasından danışdı. Qənirə xanım həm də “Torpağa səpdiyin yaxşılıq toxumu itmir” – deyimini əyaniləşdirmişdi sanki bu söhbəti ilə...
Bəli, həqiqətən də, torpağa əkdiyin yaxşılıq toxumları bir gün cücərib harayına yetişir insanın... Bunu “əsrdən uzun görünən” – onsuz “yaşadığımız” (əslində, yaşaya bilmədiyimiz!) bu 50 gün ərzində gözlərimlə görmüş, tanıqlıq etmiş oldum... Qənirə xanımın adını anıb gələn ucsuz-bucaqsız  insan selinin içində dəstə-dəstə xanımların  “Tehran müəllimənin tələbələriyik, orta məktəb illərimizdən Tehran müəlliməni anamızdan çox istəmişik”- dediklərini eşitdim.
Universitetdə Tehran xanımla tələbə yoldaşı olmuş dəyərli ziyalılarımızdan Esmira xanımın söylədikləri isə hamımızı göz yaşlarına qərq etmişdi: “Bizim fakültədə Tehran səviyyəsində oxuyan, kimya elminin sirlərinə dərindən bələd olan onunla müqayisə olunacaq  ikinci tələbə təsəvvür edə bilmirəm. Biz universiteti bitirəndə diplom rəhbəri Tehranı rayona qayıtmağa qoymaq istəmirdi. Tehran xanım qızıl medalla kimya fakültəsini bitirmişdi və bütün fakültə, professor-müəllim heyəti onun aspiranturada təhsilini davam etdirməsini arzulayırdı. Biz onun savadına, biliyinə, istedadına bələd olduğumuz üçün o qədər heyifsilənirdik ki, belə bir ziyalı insan Azərbaycan kimya elminə böyük töhfələr verəcəkdi. Amma Tehran xanım kəndə qayıdıb orda müəllim işləməyi seçdi. Biz hamımız onun fədakar ürəyini gördük. O, öz sahəsini gözəl bilən peşəkar bir müəllim olmaqla bərabər dörd gözəl övlad böyütdü. Qənirə xanım çox gənc yaşında parladı. Biz hamımız televiziyada ekranlarında Qənirə xanımın çıxışılarını izlədikcə Tehran müəlliməyə belə övlad böyütdüyü üçün “Əhsən!” deyirdik. O aspiranturada qalmadığına görə bir vaxtlar təəssüflənmişdiksə, Qənirə xanımın ucaldığını gördükcə deyirdik ki: “Yetişdirdiyi bu cür namuslu, qeyrətli, Vətən qədri bilən, millət təəssübü çəkən Qənirə xanım kimi övlad Tehran xanımın nəinki namizədliyi, doktorluğu, professorluğu,  hətta akademiklikdən də uca adıdır”.
         Tehran xanım haqqında dəyərli Esmira xanımın bu sözlərini dinlədikcə  xatirələrimin ağuşunda 2012-ci ilin mayında Litvada keçirilən IV Avrasiya Gənclik Forumu xəyalımda canlanır.  Beynəlxalq simpoziumun sona çatdığı gün Litva Pedaqoji Universitetinin rektoru Algirdas Gaizutis,  Vilnüs Meriyasının komitə sədri Yuras Poyela və Canova şəhərinin meri Minduqas Sinkeviçiyus Qənirə xanımı əhatələyib dedikləri indiki kimi xatirimdədir: “Gəlişinizlə şəhərimizi də, elm ocağımızı da şərəfləndirdiniz. Azərbaycana bizdən salam və ehtiram aparın. Ananız sizin kimi övladı olduğu üçün çox xoşbəxtdir, ümumiyyətlə, Sizin kimi mütəfəkkir gənci olan millət sizinlə fəxr etməyə layiqdir.” Cənab professor sözünü bitirər-bitirməz həmin simpoziumda iştirak edən Gürcüstan Yazarlar Birliyi başqanı xanım Makvila Qonaşvili: Mən isə hər qarşılaşanda Qənirə xanıma toxunurdum ki, görəsən o, Pəri qızıdırmı? Mənə elə gəlir ki, anası onu hər cür  pisliklərdən uzaq şəfəqli bir dünyada tərbiyə edib. Eşq olsun!” demişdi. – Əslində, Qənirə xanımın insan kimi mükəmməl yapısından, son dərəcə sadəliyindən, saf və səmimi xarakterindən, yüksək intellekti, erudisiyası, zəngin dünyagörüşündən, geniş vizyonlu söhbətlərindən qaynaqlanan bu əhsənlərin, eşqlərin, təşəkkür və sevgilərin birbaşa ünvanı Tehran xanım idi... Əfsus ki, Qənirə xanımın təvazökarlığından dolayı biz  zamanında bu gözəl hissləri Tehran xanıma yazmağa, deməyə gecikdik...
         Ötən il üzərində çalışdığım kitab, apardığım elmi araşdırma ilə əlaqədar Türk dünyasının dəyərli bilim adamı, görkəmli ədəbiyyatşünas alim, professor Birol Emillə söhbət edə bilmək üçün bir günlük İstanbula yollanmışdım. Türkiyə-Azərbaycan ədəbiyyatları üzərinə geniş elmi müzakirələrimizin, ədibin müəllifi olduğu “Türk Kültür və Ədəbiyyatı”ndan “Şəxsiyyətlər” və sair kitabları ilə bağlı söhbətimizin yekununda Birol Hoca “yarın İstanbulun neresini gezeceksiniz?” – deyə soruşdu məndən. “Mən indi elə burdan da hava limanına yola düşürəm, Hocam!” – demişdim. Sizinlə müsahibə düşüncəmdə yeni üfüqlər açacaq, - deyə mənimçün olduqca önəmli idi, mən bu səfərimi sadəcə Sizinlə elmi-ədəbi söhbətimiz üçün gəldim, - dedim.
Gözləri dolmuşdu . “Yavrularının gözlərindən öpərsən, - deyib köksünə sıxdı məni ayrılanda. Əgər ömür vəfa etsə, Sənin belə apar-topar bura gəldiyin kimi bircə günlük də olsa, Azərbaycana gələ bilmək imkanım olarsa, Türk coğrafiyası üçün Ganire hanım Paşayeva kimi güzide bir evlad, milliyətçi, gerçək bir Vətən sevdalısı terbiye etmiş, ona halal südünü emzirmiş Annesinin – o Muhterem Hanımefendinin əllərindən öpməyə gələcəyəm!” – dedi 85 yaşını haqlamış Birol Emil Hoca... İxtiyarın bu sözlərindən sonra vidalaşmaq üçün dilim söz tutmadı. İkimiz də kövrəlmişdik. Ürəyim köksümə sığmırdı. Hətta minlərlə kilometrlərin uzaqlığında Qənirə xanım namusu, iffəti, qeyrəti, işıqlı nitqləri, ümid doğuran bünyəsi, ağlı, zəkası, istiqanlılığı, kübarlığı, zərafəti, incəliyi, həssaslığı, mərdanəliyi, məğrurluğu, elmi, düşüncəsi, insaniyyəti, türklərin dilindən düşməyən alçaqgönüllülüyü – təpədən dırnağa bütün insani tərəfləriylə Tehran xanımın ünvanına alxış, dua,  Azərbaycan qadınlığının adına üzağlığı, cənnətməkan Ələsgər müəllimin əziz ruhuna oxunan qəni-qəni rəhmət payı idi...
         “Səni Allaha eşq götürür” kitabında qələmə aldığı “Mələklərim” essesində Ana, Ata və Müəllim haqqını Tanrı haqqına bərabər tutaraq yazır ki: “Tək istəyim hər an yanımda olan mələklərimin məndən razı qalmasıdır... Ən əsası o mələkləri göndərənin, məni heç bir zaman tək qoymayanın, Onun məndən razı olmasıdır! Bizim üçün, hər birimiz üçün ondan daha önəmli nə ola bilər ki...”
“Həyat sənin baxışınla anlam qazanır...
Həyatın anlamı sənin baxışlarında gizlənir...” – deyərək həyat fəlsəfəsinin özəyini Ananın baxışlarında axtaran Qənirə xanımın həyatının anlamı da, mənası da, qayəsi də Tehran xanıma övlad borcunu layiqiylə ödəməyə çalışması idi… Onun Tehran xanım qarşısındakı övlad sevgisi övladın Anaya olan məhəbbətindən daha çox bəndənin Tanrıya olan itaətinə bənzəyirdi. Qənirə xanım Tehran Anaya ətəyində səcdəyə baş qoyarcasına ilahi bir məhəbbətlə qayğı göstərirdi… Buna bütün Azərbaycan, Türk dünyası şahidlik edirdi…


         ***
Dünya coğrafiyasının saat qurşaqları kimi, ruh xəritəsinin də öz ritmik vaxt duyğusu var. Tehran xanım haqqında bu yazı, əslində, lap çoxdan içimdə yazılmaqda idi. Amma ruh saatına görə doğuluş vaxtı məhz bu məqama aid imiş…
Ustad Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcəti ilə söhbətlərimiz əsnasında atası ilə bağlı söylədiyi xatirələr uzun müddət yaddaşımda iz salmışdı... Hadi bəy danışırdı ki, atam gəncliyində Sürəyya adlı bir qızı sevirmiş. Sürəyya şahın yaxın ailə üzvlərindən biri ilə evləndirildikdən sonra atam Nişapura sürgün edilir. 1937-ci ildə sürgün həyatı tamama ərdikdə Nişapurdan Təbrizə qayıdır. Gəncliyi talan, ömrünün gözəl çağları tari-mar olduğundan ağır mənəvi sarsıntı keçirən atama həmin illərdə yeganə təsəlli olan və onu həyata bağlayan səbəb doğulub boya-başa çatdığı yurd-yuva, o məhəllə, ordakı adamlarla doğma ünsiyyət olub. Demək ki, Xoşginabdakı sadə və saf insanların təmənnasız sevgisiylə əhatələnən şairin ruhani ağrılarına məlhəm olubmuş doğma yurdunun adamları... Elə bu ruhani terapiyanın, bunca ilahi doğmalığın nəhayətində böyük psixoloji sarsıntılardan yaxa qurtaran Ustad Şəhriyar 1951-ci ildə türkün ana dilində ana laylası kimi həzin “Heydərbabaya salam”ı yazır... Hadi bəyi dinlədikcə, özümdə bu qənaəti yəqinləşdirirdim ki, insan nə qədər böyük sarsıntılar yaşasa da, nə qədər ağır mənəvi zərbələrlə diş-dişə, üz-üzə qalarsa da, sevgi teliylə bağlandığın bircə tutunaq yerin varsa, sənin qurtuluşun, xilasın var deməkdir...
Mənim həyatımdakı həmin ilahi doğmalıqla bağlandığım o tutunaq yerimdi Tehran Xanım...
Taleyin oynadığı bu amansız oyuna dirəniş göstərə, çeynəyib uda bilməsəm də, “əsrdən uzun görünən” bu ayrılığın ağrısına 50 gündür dözə, ayaqda dura bilmişəmsə, məni içimdən yıxılmağa qoymayan, söykəndiyim o dayaq yerimdi Tehran Xanım...
Qan bağından daha doğma bağlılığın adıdı – can bağıdı, ruh bağıdı, könül bağıdı Tehran Xanım...
Zirvəsinə müdriklik qarı səpələnən saçları, bulaq kimi dumduru ürəyi, uşaq məsumiyyətini hələ də qoruyan nurani çöhrəsi ilə iç dünyamda sadəcə bir fədakar Ana yox, həm də sanki romanlarda qarşılaşdığım, əsərlərdə oxuduğum, xarakterinə vurulduğum təmiz, saf, işıqlı İdeal müəllim obrazıdı Tehran Xanım...
         Qənirə xanım kimi gözü-könlü tox, uca ürəkli bir şəxsiyyəti, Arslan misalı qeyrətli xatunu yetişdirən, ona həm də öz timsalında Həyat Müəllimi kimi ən ləyaqətli örnək olan, valideyn kimi daxili dünyasına ayna tutan, düşüncəsini formalaşdıran, möcüzəli toxunuşuyla Qənirə Paşayeva ucalıqda müəzzəm bir İnsanlıq abidəsini inşa edən Memardır Tehran Xanım...
***
Bu dünyada bütün ağrılara məlhəm tapmaq olur, lap Allah kəsmiş, diş ağrısına da... Amma biz ömrün baharında elə qasırğaya, elə tufana düşdük ki, bizi köz kimi, kösöy kimi qarsan bir yanğıyla "Həyatımız ağrıyır..." Adamın "həyatı ağrıyanda" heç bir məlhəmlə ovutmaq olmur sızıltısını... "Ürəyimin içində diş ağrısı kimi izahsız bir göynərtiyə” Varlığı ilə təsəlli olan,  içimə qapanıb səssizləşəndə, ruhum özümə yer tapmayanda “Hardasan, dünyanın halal adamı?!” – deyə soraqlamamış ürəyimin səsini duyan, könlümə hay verən, Ürəyinin hər hücrəsində Qənirə xanımı yaşadan, Varlığı ilə ruhani ağrılarıma məlhəm, məhrəm bir dərd ortağıdı Tehran Xanım...
Bilgə yolgöstərənim, sayğıdəyər böyüyüm, ərklə üz tutduğum məsləhət yerim, nəfəsinə, əlinin istisinə, varlığına hər an ehtiyac duyduğum Mənəvi Anamdı Tehran Xanım...
Qənirə xanımın qoxusu üçün darıxanda, evdə özümə yer tapmayanda səbəbsiz-filansız qoynuna qaçdığım, köksünə sığınıb toxtaqlıq tapdığım, əllərinin sığalında Ana şəfqəti duyduğum, dizlərində ilahi hüzur bulduğum  Kəbəmdi, Məkkəmdi, pirimdi Tehran Xanım...
O olmasaydı, köksümün altındakı yara heç zaman qaysaq bağlamazdı bəlkə də...
Nə yaxşı Sən Varsan, ay Ana!
Varlığın ruhuma sərpilən məlhəm kimidi!
Ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan qayğıkeş, nəvazişli, şəfqətli Tehran Anam... Bəzən etalon kimi... kiməsə dünyalar qədər çox istədiklərini deyirlər adamlar... mən elə demirəm, ay Ana!
İçimdə Sənə olan sevgimi, o ilahi bağlılığı ölçmək üçün Dünya ovuclarıma sığacaq qədər küçücük...
Sən bizim İşıq dolu, nur dolu, hikmət dolu dünyamızsan!...
Sən böyük bir dünyasan, ay Ana!...
Nə xoşbəxtik ki, O dünyada payımız var, yerimiz var... Nə xoşbəxtik ki, həyatımızın mərkəzində Sən varsan, ay Ana... Həmişə varımız ol!...
Sənin varlığına tutunaq, yaşaya bilək!
Böyük sevgimin bir zərrəsini də etiraf edə bilmədim... Musa Yaqub demiş:
Mənim ürəyimdə bir nəğmə yatır...
Mən heç o nəğməni yazmayacağam...
Əslində, Onu yazmağa mənim heç vaxt cəsarətim, sözlərimin gücü çatmayacaq, Ana!...


 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum