Martın 24-ü görkəmli nasir Məmməd Səid Ordubadinin anadan olduğu gündür

Martın 24-ü görkəmli nasir Məmməd Səid Ordubadinin anadan olduğu gündür
25 Mart 2024 - 09:44 - Güncelleme: 25 Mart 2024 - 09:52

Martın 24-ü görkəmli nasir Məmməd Səid Ordubadinin anadan olduğu gündür


Martın 24-ü azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938), "Qılınc və qələm" (19461948), "Dumanlı Təbriz" (19331948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifi Məmməd Səid Ordubadinin anadan olduğu gündür.

Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi 1872-ci il mart ayinın 24-də Naxçıvan qəzasının Ordubad
mahalında anadan olmuş, ilk təhsilini atasından alıb, sonra xüsusi məktəbdə oxuyub, gənc yaşlarından Ordubaddakı ipək fabrikində çalışıb, "Fəqir" təxəllüsü ilə şeirlər yazmağa başlayıb.


Onun "Şərqi-Rus" qəzetinin nəşri münasibətilə yazdığı ilk şeiri 1903-cü ildə elə həmin qəzetdə dərc olunub. Sonralar müntəzəm olaraq "Şərqi-Rus", "İrşad", "Təzə həyat", "Tərəqqi", "İttifaq" və digər qəzetlərdə şeir, məqalə, felyetonlar çap etdirmiş, imzasını tanıtdırmışdır. Məmməd Səud Ordubadinin 1906-cı ildə "Qəflət", 1907-ci ildə "Vətən və hürriyyət" adlı kitabları yaradıcılığının ilk qələm təcrübəsi idi. O, bir müddət Həştərxanda yaşamış, burada nəşr olunan "Hümmət" qəzetində əməkdaşlıq etmiş, sonralar isə bu qəzetin redaktoru olmuşdur.
1906-cı ildən "Molla Nəsrəddin" jurnalı ilə daimi əməkdaşlıq etməsi onun yaradıcılığına qüvvətli təsir göstərmişdir. Bu illərdə o, bir-birinin ardınca bədii əsərlər, şeirlər, felyetonlar, məqalələr yazaraq çap etdirmiş, yazıçı kimi tanınmışdır. M.S.Ordubadi 1908-ci ildə "İki cocuğun Avropaya səyahəti", ermənilərin törətdikləri faciələrdən bəhs edən "Qanlı sənələr", 1914- cü ildə isə "Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Firəngiməab" romanlarını yazmışdır. 1920-ci illərdə onun "Analıq", "Kənd alverçisi", "Şeirlər", "Köhnə adamlar", "Mollanın yuxusu" və s. kitabları nəşr olunmuşdur.
Qeyd etmək yerinə düşər ki, bunlarla yanaşı, M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan yazıçı kimi məşhurlaşmışdır. Ədib 1933-1948-ci illərdə dörd cildlik "Dumanlı Təbriz", 1938-ci ildə "Döyüşən şəhər", 1940-cı ildə "Gizli Bakı", 1946-1948-ci illərdə "Qılınc və qələm" əsərlərini yazmışdır.

Yazıçının "Dumanlı Təbriz" əsərində Cənubi Azərbaycan xalqının azadlıq mübarizəsindən, "Gizli Bakı" və "Döyüşən şəhər"də Bakı fəhlələrinin həyatından, ölkədə baş vermiş hadisələrdən bəhs olunur. M.S.Ordubadi dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında səmərəli tədqiqat işləri aparmış böyük şairin həyat və yaradıcılığına, yaşadığı mühitə aid silsilə məqalələr yazaraq müxtəlif mətbuat orqanlarında çap etdirmişdir. Ədib eyni zamanda "Nizami" adlı opera mətnini yazıb 1939-cu ildə çap etdirmiş, 1941-ci ildə isə məşhur "Qılınc və qələm" romanını yazıb başa vurmuş, elə həmin ildə romandan hissələr "Revolyusiya i kultura" jurnalında dərc olunmuşdur. "Qılınc və qələm" romanının birinci kitabı 1946-cı ildə, ikinci kitabı isə 1948-ci ildə Bakıda çap olunmuşdur. Oxucuların böyük rəğbətini qazanmış roman ilk nəşrdən sonra dəfələrlə nəşr edilmişdir. Əsər 1965-ci ildə I.Peçenevin tərcüməsi ilə rus dilində böyük tirajla nəşr olunmuşdur.

M.S.Ordubadi bu romanda dahi Nizami Gəncəvinin bədii surətini yaratmaqla yanaşı, Nizami dövrünün bir sıra mühüm ictimai-siyasi məsələlərinə, xalqın işğalçılara qarşı mübarizəsinin təsvirinə də geniş yer vermişdir. Yazıçı romanında məşhur şair Məhsəti Gəncəvinin gözəl surətini yaratmışdır.

M.S.Ordubadi bədii tərcümə sahəsində də böyük işlər görmüşdür. O, A.Puşkinin "Baxçasaray fontanı" poemasını, "Boris Qodunov" dramını, D.Bednının "Baş küçə" poemasını, bir sıra başqa əsərləri Azərbaycan dilinə tərcümə etmiş, öz əsərlərini isə başqa xalqların dilinə çevirmişdir.

M.S.Ordubadinin əsərləri 1966,196719801981-ci illərdə Bakıda və Moskvada nəşr olunmuşdur. Yazıçının fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, yaradıcılığı ədəbiyyatşünaslar, alimlər tərəfindən araşdırılmış, haqqında çoxsaylı əsərlər, məqalələr , çap edilmişdir. M.S.Ordubadinin əsərləri, ilk növbədə tarixi romanları oxucular tərəfindən böyük həvəslə maraqla oxunur.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Məmməd Səid Ordubadinin seçilmiş əsərləri 2 cilddə kütləvi tirajla çap edilmişdir.

M.S.Ordubadi 1950-ci il mayın 1-də Bakı şəhərində vəfat etmişdir.

Aynurə ƏLİYEVA /Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum