Doç. Dr. Basira AZİZALİYEVA

Doç. Dr. Basira AZİZALİYEVA

[email protected]

Dünya ədəbiyyatında antiintihar motivləri

04 Nisan 2021 - 23:54 - Güncelleme: 06 Nisan 2021 - 22:20

Bəsirə ƏZİZƏLİ
Filologiya elmləri doktoru

Məşhur Amerika yazıçısı, həyatda çox zaman uğursuzluqla üzləşən və ömrünə intiharla son qoyan Cek London “Martin İden” əsərində “həyat işgəncə və əzaba çevrildiyi zaman əbədi yuxuya dalıb ondan xilas olmaq nə qədər asandır”, - deyə yazır. Son zamanlar cəmiyyətimizdə  təsadüf etdiyimiz intihar hadisələrini izlədikcə intihara səbəb olan əzab dolu həyatın, yoxsa ondan xilas olma yolu kimi seçilən ölümün daha asan olması sualı qarşısında düşünürsən. Fransız filosofu Alber Kamü “Sadəcə bir fəlsəfi problem vardır və o da intihardır. Həyatın yaşamağa dəyib-dəymədiyinə qərar vermək elə fəlsəfənin ən başlıca sualına cavab verməkdir” deyirdi və bu ölüm aktını “sənət yaratmaq” adlandırırdı. Yalnız fəlsəfənin deyil, yaşamın probleminə çevrilmiş intiharın yüzillərdir çözülə bilməyən səbəbləri onun çox müxtəlif dövrlərdə dünya ədəbiyyatının çeşidli səhifələrindəki izlərindən də bəlli olur. Əslində, köhnə olan bu problemin hər zaman da müasir olması həm ölümün, həm də həyatın axarından doğmaqdadır. İntihar etməsindən bir neçə saat əvvəl yazdığı şeirində rus şairi Sergey Yeseninin söylədiyi kimi:

Əlvida, ey dostum, əlvida, artıq,
Əzizim, sən  mənim ürəyimdəsən!
Taleyə yazılan hökmü-ayrılıq.
Görüş vəd  eləyir bizə  yenidən.
 
Boşla söz-söhbəti, dostum, əlvida,
Qəlbinin qəmini, qüssəsini sil.
Nə ölüm təzədir qoca  dünyada,
Nə də ki, yaşamaq təzə şey deyil!

Bədii ədəbiyyatda intihar fərqli mövzular kontekstində ortaya çıxsa da, onun mahiyyətində fərd və cəmiyyət arasındakı savaşda birinci tərəfin “azadlıq” uğrundakı mübarizəsi dayanır. XX əsr alman yazıçısı və İkinci Dünya Müharibəsini doğurduğu pessimizm, Avropanın özünü məhf etməsi, nasizmin insanlığa, ədalətə düşmən olmasına dözməyərək depressiya içində həyatına son qoyan Stefan Sveyqin təbirincə, “həyata öz arzumuzla başlamırıq, halbuki ölümü seçməkdə azadıq. Bu qərarı aldığımdan bəri necə rahat oldum, bir bilsən”. Bu “azadlıq” istəyi mənəvi böhran, iqtisadi güclüzlük, psixoloji yetərsizlik, eşq acısı, qorxu, təhlükədən qurtuluşun yeganə yolu, intiqam kimi fərqli mənəvi-psixoloji və sosial-iqtisadi amillərin bazasında yaranır. Məşhur rus yazıçısı F.Dostoyevskinin “Cinlər” romanının qəhrəmanı Kirilov intihar edən insanın həqiqi mənada azad olacağını nəzərdə tutaraq deyir:

“Yüksək müstəqillik istəyən hər kəs özünü öldürə bilər. Özünü öldürməyi bacaran insan yalanın və yanlışın sirrini öyrənir. Bunun xaricində heç bir azadlıq yoxdur; budur, bundan başqa bir şey yoxdur. Kim özünü öldürməyi bacarırsa, o Allahdır. İndi hamı deyə bilər ki, Allahsız bir şey ola bilməz. Ancaq hələ heç kim bu şeyə görə intihar etməyib”.

Həm intihar edən yazıçılar, şairlər, həm də əsərinə intihar edən qəhrəmanı seçən yazarlar ölüm aktını gerçəkləşdirmədən öncə yazılmış intihar qeydlərini fərqli formalarda və vasitələrlə tarixləşdirmişlər.
İlk intihar məktubu tarixdə bir misirlinin papirus üzərindəki dörd şeirində ifadə olunmuşdur. Berlin muzeyində mühafizə olunan bu şeirlərdə depressiyada olan, cəmiyyət tərəfindən tədric edilən, özgələşdirilən perişan bir şəxsin düşüncələri əks edilmişdir:

Ölüm önümdə bu gün Mur qoxusu kimi,
Ruzgarlı bir gündə yelkən altında oturmuş kimi.
Ölüm önümdə bu gün Nulufərlərin qoxusu kimi,
Sərxoşluğun sahilinə oturmuş kimi.
Ölüm önümdə bu gün,
İllərini dustaqlıqda keçirmiş bir adamın
Evini özləmiş kimi.

Ədəbiyyatda intihar mövzusunun yaradıcılığa gətirilməsi, əsasən, böhran dönəmlərində daha çox müşahidə olunmaqdadır. İqtisadi, siyasi və ideoloji bir tənəzzül hökmünün bədii əsərlərə gətirdiyi intihar rüzgarı ilə yanaşı, fərdi psixoloji sarsıntı, şəxsi dözümsüzlük də sözügedən ölüm aktının gerçəkləşməsinə aparan yollardandır. Modernist ədəbiyyatın qurucularından olan ingilis yazıçısı Vircinia Vulf yaşadığı eşq məcaralarının mənəvi boşluğundan həyatının son günlərində pisixolji durumunun kəskin pisləşdiyində qurtulmaq üçün “özümü sənə tərəf sürükləyəcəyəm, məğlub olmadan və təslim olmadan, ey ölüm” söyləyərək çıxış yolunu intiharda görürdü:

“Dəqiq bilirəm ki, təkrar dəli olacam, o bərbad zamanlardan birinə dözə bilməyəcəyimizi hiss edirəm. Bu dəfə yaxşılaşmayacam. Səslər eşitməyə başlayıram və heç bir şeyə konsentrasiya ola bilmirəm. Buna görə ediləcək ən yaxşı şey kimi görünəni edirəm”.

Sosial və fərdi varlıq arasındakı ziddiyyətin intellektual və bədii ifadəsi kontekstində meydana gələn intihar bədii ədəbiyyatda nə qədər müxtəlif təzahürləri ilə müşahidə edilsə də, həyatın mümkünsüz göründüyü zamanlarda ortaya çıxır. “Martin İden”in qəhrəmanının söylədiyi kimi:

“Yaşanmış günlər yaşanacaq günlərin içində əriyər, saatların günün içində, həftələrin ayların içində əridiyi kimi. Xərclənmiş günlərdən insana qalan yalnız yaşadıqlarıdır. Bu yaşadıqları dəyərliysə, onun ruhunda, yaddaşınızda unudulmaz izlər buraxır. Günlər eyni tonda geçirsə, həyat çəkilməz olmağa başlayacaqdır”. 

XX əsr Amerika ədibi Silviya Plat isə əsərində yalnızlığını və ölümə aparan kədərini belə ifadə edirdi:

“Nəcə ki, şəhər hər saniyədə kiçilir, amma insan gerçəkdə özünün kiçildikcə kiçildiyini, yalnızlaşdıqca yalnızlaşdığını, bütün o işıqlarda və o coşquda saatda bir milyon kilometr uzaqlaşdığını hiss edir ha, onun kimi bir şey”.

XX əsr İtaliya ədəbiyyatının görkəmli simalarından olan Çezare Paveze yalnızlıq, tərk edilmişlik, savaş və siyasətin yaratdığı təlaş, qadınlara olan inamının itməsi, uğursuzluqlarına qalib gəlməyi bacarmadığı halda özünüqəsdə təvazökarlıq kimi yanaşır:

“İlk düşündüyümdə asan hesab edirdim. Zəif qadınlar belə bu işi görmüşdü. Təvazökarlıq istəyir, eqoistlik deyil. Diskinirəm bütün bunlardan. Sözlər deyil. Hərəkət. Artıq yazmayacağam”.

Qərb ədəbiyyatında intihar mövzulu əsərlərin bir çoxu avtobioqrafik xarakter daşıyır. İntiharın səbəb olduğu mənəvi amillərə xüsusi önəm verən yazıçılar onun qurbanlarını daha çox anlamağa çalışırlar. Məşhur italyan yazıçısı Dante “İlahi komediya” əsərində həm intihar edənləri məhkum edir, həm də onların acılarına həssaslıq ifadə edirdi. Dante intihar edənləri “özünə şiddət edənlər (intihar edənlər) və öz sərvətlərinə qarşı şiddət edənlər (israf edənlər)” kimi cəhənnəmin ikinci səviyyəsinə yerləşdirir. Dante intihar edənlərin son əzablarına hörmət duyğuları ifadə edir.

Fransız yazıçısı Qüstav Flober intihar mövzusundakı məşhur “Madam Bovari” romanındakı qəhrəmanı Emmanın intiharından danışarkən “Emma Bovarinin zəhərlənməsi barədə yazarkən, ağzımda mərgümüş dadı vardı” deməklə, əslində, özü ilə qəhrəmanı arasında paralelik yaradırdı. Ərinə xəyanəti, həkim ərinin imkanlarından kənara çıxan, daha dəbdəbəli həyata qaçan və nəticədə borclanaraq hamı tərəfindən rədd edilən Emma yeganə çıxış yolunu intiharda görürdü.

Məşhur alman ədibi Yohann Volfqanq fon Qotenin intihar mövzusuna görə hətta müəyyən müddət yasaq edilən “Gənc Verterin iztirabları” romanının qəhrəmanı isə intiharı sevgilisinə qovuşa bilmədyi üçün seçir, sevgilisi Lotteye ölüm qabağı intihar məktubunda yazır:

“Bax, Lotte! Mənə ölümün sərxoşluğunu daddıracaq olan o soyuq və qorxunc qədəhi əlimə alıram. Onu mənə sən uzadırsan, mən də alarkən heç dayanmıram. Həyatımın bütün istəkləri və ümidləri yerinə gəldi. Ölümün polad qapısını döymək elə titrədici və çətin ki... Alınyazısı bu, qarşısını almaq olmaz, Lotte! Əlvida, Lotte! Əlvida”.

İntiharın motivində ümidsizlik dayanır, güclü mənəvi sarsıntıların gətirdiyi ümidsizliyin təməlində də şəxsi ailə problemlərindən tutmuş mühüm qlobal böhrana qədər fərqli məsələlər dura bilər. Məşhür türküçü şair Ziya Göyalpın intihara təşəbbüsündə atasının ölümü və digər bəlli və bəlli olmayan səbəblər dayanırdısa, əsas motiv həyata ümidinin itirilməsi, təsəllini ölümdə araması idi:

“Şuûnâtıdır bu dil-i bî-karârın,
O dil-i zâr me’yus bir hastadır ki
Teselli arar zulmetinde mezarın”.

Bədii ədəbiyyatda intihar mövzulu əsərlərdə intihara sürükləyən ən mühüm səbəblərdən biri çarəsizlikdir. Daha çox sosial-iqtisadi, ailə münaqişələri, təcavüz kimi səbəblərin törətdiyi çarəsizlik duyğusu qəhrəmanları ölümə gətirir. Türk yazıçısı Ahmet Midhat Efendinin “Hüseyin Fellah” romanında çarəsizlikdən özünü və kiçik yaşlı qızını öldürməyə cəhd edən ana Topxana körpüsünə nədən getdiklərini soruşan qızına  belə söyləyir: 

“Özümüzü qurtarmaq üçün, qızım. Qız – Yəni özümüzü öldürmək, dənizə atıb boğlulmaq üçün! Elə deyilmi?”
Ədəbiyyatda intihar edən qəhrəman yalnız çevrəsinin qurbanı deyil, o bəzən öz əməllərinin də səbəb olduğu vicdan əzabını susdurmaq üçün ölümdən başqa yol tapa bilmir. Hüseyn Cavidin “Uçurum” əsərinin qəhrəmanı Cəlal ailəsinin, arvadı Göyərçinə verdiyi əzab və körpə qızı Menekşənin ölümünə səbəb olduğu üçün acıdan qurtuluşu intiharda görür:

Uçurum: qaranlıq, çıxılmaz yolum,
Uçurum: uçurum yaldızlı amal.
Uçurum: çağlayanlar, kəhkəşanlar,
Uçurum: dənizlər, dağlar, ormanlar.
Uçurum: üfüqlər, əngin fäzalar.
Uçurum: uçurum çılğın dähalar,
Uçurum: sürəkli, çoşqun alqışlar,
Uçurum: uçurum süzgün baxışlar,
Uçurum: şu çirkin, şu alçaq häyat,
Uçurum: uçurum bütün kainat!...

Lakin ədəbiyyatdakı intihar mövzusunun bədii əksi insanlara bu müdhiş ölümə getməmələri üçün incə mesajları verməyə çalışır. Stefan Sveyq intihardan öncə bu sözləri söyləmişdir:

“Bütün dostlarımı salamlayıram! Umid edirəm ki, uzun gecənin ardından gələcək olan sabahın işığını görə bilərlər! Mən, çox səbirsiz olan mən, onların önündən gedirəm”.

Səbirsizliyin gətirdiyi intihar faciəsinin isə sonrakı peşmançılıq şansı yoxdur. Çünki intihar ölümün necə gələcəyini Yaradana həvalə edən həyat fəlsəfəsini yarımçıq qoyur. Çünki başlmaq və bitirmək haqqında düşüncələrində insanların yalnış seçim etmək şansları daha çox ortaya çıxır. Müslüm Yücelin “Edebiyatda Ölüm ve İntihar” – “Ədəbiyyatda ölüm və intihar” kitabında yazdığı kimi:

“Nəyin bitdiyini bilmədən bitdi deyirik, nəyin başladığını bilmədən başladı deyirik. Hər şeyə hakim olan insan özünə hakim deyil. Öz yaratdığı boşluqda itən insan...”.

Dünya ədəbiyyatının intihar mövzulu nümunələri bizə yarımçıq qalmış taleləri, arzuları, ümidləri təqdim edir. Lakin gözəllikləri görməyə çalışarsa insan, yaşamağın da dəyərini biləcəkdir. R.Taqorun söylədiyi kimi: “Dünya gözəldir, ölmək istəmirəm mən”.

İslam dünyagörüşünə görə isə təməl hüquqlar insanların mahiyyət etibarilə sahib olduqları hüquqlar deyil, Allah tərəfindən insanlara əmanət edildiyi və müəyyən şərt və şərtlərə sahib insanlara verdikləri hüquqdur. Yaşamaq haqqı da belədir. İslam düşüncəsi inanclarından, rənglərindən, irqlərindən və sosial mövqelərindən asılı olmayaraq hər bir insanın həyatını toxunulmaz bir dəyər kimi qəbul edir və insan həyatına qarşı hər cür hücum və təhlükənin qarşısını ən təsirli şəkildə alır. Bu səbəbdən İslam, insanlara intihar etmək hüququ verməmişdir, insanların öz əlləri ilə yaşamaq hüquqlarını məhv etmələri böyük günahlardan biri hesab edilir. Bu insana dəyərin mühüm göstəricilərindəndir. Çünki əl-Buxarinin söylədiyi kimi: “Ölüm arzulamayın! Çünki yaxşı insandırsa, yaşadıqca yaxşılıq artar. Pisdirsə, səhvlərindən dönüb doğru yola gələ bilər”.

Bu yazı 1993 defa okunmuştur.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum