Malta türk və islam izlərinin geniş şəkildə təsadüf olunduğu Avropa ölkələrindəndir. Bunun da mühüm tarixi səbəbləri var.
870-ci ildən etibarən iki əsr yarım müddət ərzində Malta müsəlman ərəblərin hakimiyyəti altında olub, Qozo adası uzun zaman Osmanlı hakimiyyətinin təsirinə məruz qalıb, eyni zamanda, 1565-ci ildə Osmanlılar ilə Malta cəngavərlərinin hərbi və dini ordeni arasındakı Malta mühasirəsi kimi mühüm tarixi hadisələr Maltada türk, islam və Şərq izlərinin yayılmasına səbəb olub. Yerləşdiyi coğrafiyanın strateji mövqeyi, müxtəlif ölkələrin burada hakimiyyəti öz təsiri altında saxlaması, zaman-zaman Aralıq dənizində fərqli dövlətlərin nüfuz dairəsinə daxil olması Maltanın həm tarixi-ictimai həyatında, həm də mədəniyyətində çeşidli milli təsirlərin müşahidə olunmasına gətirib çıxarıb. İtalyan, fransız, ispan, ərəb, türklərlə qarşılıqlı münasibətləri və müxtəlif tarixi hadisələrdəki ortaq iştirakı Maltada həmin millətlərin fərqli təsirindən də yan qaçmayıb. Bizim üçün əhəmiyyətli olan türk izləri bu gün də Maltada önəmli yerə sahibdir. Türkiyəli yazar Muhsin Kadıoğlu Maltaya həsr etdiyi kitabında qeyd edir ki, Malta xalqı və orada yerləşdirilmiş St. Jean cəngavərlərinin Osmanlı türkləri ilə ilk böyük qarşılaşmaları Turqut Rəisin 1540-cı ildə Qozoya, 1541-ci ildə Maltaya etdikləri səfərlərlə başlamışdır. Trablusqarp səfərinə gedən Sinan Paşa 1551-ci ildə Turqut Rəislə Qozo adasını ələ keçirmişdir. Piyalə Paşa komandanlığı ilə Osmanlı donanması da 1560-cı ildə ərzaq təchizatını Qozodan təmin edib.
Maltada türklərlə bağlı ən mühüm hadisə 1565-ci ilə təsadüf edən Malta mühasirəsi olub. Bu mühasirə tarixdə və ədəbiyyatda ən çox müzakirə olunan mövzulardan biridir. Osman Öndeş “Malta mühasirəsi” əsərində sözügedən hadisəni “iki dinin amansız savaşı” adlandırır. Çünki Osmanlılar Avropada “İslamın qılıncı” kimi dəyərləndirilirdi və onların Aralıq dənizi və Avropadakı mövqelərinin möhkəmlənməsi mühüm təhlükə kimi qarşılanırdı. Halil İnalcık “Osmanlılar” adlı əsərində yazırdı ki, türk ordusunun Vyana qapılarına qədər gəlməsi Qərbdə heç bir zaman yaxşılaşmayacaq bir türk travmasına yol açdı. Şərqi Avropanı tamamən fəth edən türklər Qərbi Avropa dövlətlərinin daxili işlərinə qarışacaq ölçüdə təsirli bir hala gəldi. Təbii ki, bütün bunlar Avropa xristian dövlətlərinin türklərə qarşı ciddi müqavimət etmələri üçün güc toplamalarına səbəb oldu. Malta mühasirəsində məğlubiyyət Osmanlı donanmasının Aralıq dənizində uzun zamanlıq hakimiyyətinin də sonu idi. Bu hadisə Maltanın müasir həyatında bir çox baxımdan təzahür etməkdədir.
Maltanın paytaxtı Valletta şəhəri Malta mühasirəsində türklərə qarşı vuruşan orduya başçılıq edən sərkərdə Jean Parisot De La Vallettenin şərəfinə bu cür adlandırılıb. Hələ 1523-cü ildə Rados mühasirəsində iştirak edən La Vallette 1557-ci ildə Hospitalilər cəngavərlərinin Böyük Ustadı olduqdan sonra bütün fəaliyyətini Osmanlı hücumlarına qarşı dayana biləcək qalaların tikilməsinə yönəldib. Ona görə də mühasirə zamanı cəngavərlər kilsədən çıxdığı zaman rahib onlara “düşmənimiz qarşısında qüvvətliyik. Türklər bizə qarşı deyil, güclü qala divarlarımıza qarşı savaşacaqlar” sözlərini söyləyib. M.Kadıoğlu Malta haqqındakı kitabında qeyd edir ki, türklərin gələcəyi xəbərini alan La Vallette taxıl da daxil olmaqla bütün məhsulların, hər növ yerli qida qaynağının düşmənin əlinə kecməməsi üçün gizlədilməsini əmr etdi. Bundan başqa, Malta cəngavərləri bütün quyuları acı otlar və ölü heyvanlarla zəhərlədilər.
27 il ərzində Valletta şəhərində türklərin hücumlarından qorunmaq məqsədilə tikilən qalaların bir özəlliyi də onların tunellərlə bir-birinə bağlanması, qalaların altında müxtəlif sığınacaqların tikilməsi idi. Hal-hazırda Vallettada yerləşən Malta at War - Müharibə müzeyinin alt qatı həmin sığınacaqlardan bir nümunə kimi turistlərə və ziyarətçilərə sərgilənir. Bu sığınacaqlar və tunellər Maltanın ciddi şəkildə qorunması planının önəmli bir parçası idi. Osman Öndəş yazır ki, Malta adasına bir türk hücumu gerçəkləşəcəksə, əsla güzəşt edilməməli idi. Malta onların son sığınacağı idi və bu adadan məğlub çıxmaları Osmanlı ordularının İtalya yarmadasından çox asan şəkildə Avropanın içərilərinə doğru irəliləməsi demək olacaqdı. Bu isə müsəlmanların xristian Avropanı yox etməsi demək idi. Bu təhlükənin ciddi və şişirdilmiş şəkildə ifadəsi də Avropadan kömək almaq məqsədinə yönəldilmişdir.
Malta savaşında türklərin mühasirəyə aldığı St. Elma qalası da türklərə qarşı savaşlarda qələbə qazanmaq məqsədiylə tikilmişdir. Dəniz boyunca uzanan qala böyük tarixi hadisənin şahidi kimi indi də maraq cəlb etməkdədir.
Valletta şəhəri qurulduqdan sonra 15 il içində burada bir çox əzəmətli memarlıq abidələri tikilmişdir. St. Jean cəngavərləri Böyük Ustadının sarayı hesab olunan St. Jean katedralı və Grandmaster Palace kimi möhtəşəm saraylarda türklərlə mübarizəni əks etdirən rəsm əsərlərinə də təsadüf edilir. Grandmaster Palace 1571-ci ildə inşa edilmiş və sarayın St. Michail və St. George salonlarında Malta mühasirəsini təsvir edən 12 freska yer almaqdadır. Bu əsərlərin müəllifi italyan rəssamı Matteo Perez d Alecciodur.
Malta mühasirəsində Osmanlı ordusunun əsas qüvvəsinə Avropada Draqut adlandırılan Osmanlı admiralı, Aralıq dənizi bəylərbəyi Turqut Rəis başçılıq edirdi. Qanuni Sultan Süleymanın “Adanın fəthinə aid bütün işləri Turqut edə bilər. Qətiyyən onun qərarından kənar bir iş görməyin” deməsinə baxmayaraq, orduda nizamsızlıq da vardır. 1565-ci ilin 22 iyun tarixində St. Elma qalasının alındığı gün qala bürclərindən atılan top gülləsindən Turqut Rəis şəhid olmuşdur. Turqut Rəisin şəhid olduğu yer Malta adasının Silema bölgəsində yerləşir. Bura adanın Draqut burnu adlandırılmaqdadır. Türk sərkərdəsinin şərəfinə bir qala da tikilmiş, qala və Draqut burnu St.Elma qalası ilə qarşı-qarşıya dayanaraq Aralıq dənizinin kiçik bir hissəsi ilə ayrılmışdır. Dəniz sahili ilə səyahət edərək Draqut burnu və qalasınıı ziyarət edən turistlər də Maltada çoxluq təşkil edir. Lakin hal-hazırda qala bağlı dəmir qapılar arxasında qalmaqdadır.
Malta mühasirəsi zamanı türk ordularının mühüm bir qismi adanın Marsa adlı bölgəsində düzənlikdə yerləşmişdir. Buradakı döyüşdə yüzlərlə türk əsgəri həlak olmuşdur. Ona görə də həmin yerdə Osmanlı şəhidliyi və cami tikilmişdir. Məzarlıq 1800-cü ildən 1964-cü ildə müstəqillik qazanan zamana kimi Böyük Britaniyanın müstəmləkəsi olan dövrdə - Sultan Əbdüləzizin göstərişi ilə 1873-1874-cü illərdə Turqut Rəisin və şəhid olmuş Osmanlı əsgərlərinin şərəfinə tikilmişdi.
“Osmanlı” dayanacağı adlanan bu məkan Malta mühasirəsi zamanı türklərin qərargahı olmuşdur. Bura Maltanın ən məşhur memarları tərəfindən hazırlanıb. Geniş ərazini əhatə edən məzarlığın giriş hissəsində məscid tikilib. Türk və digər müsəlmanların dəfn edildiyi bu məkan indi də turistlərin marağını cəlb edir. Lakin, təəssüf ki, şəhidlik hazırda ziyarətçilər üçün qapalıdır və uyğun idarələr tərəfindən diqqətdən kənarda qalmaqdadır.
Malta mühasirəsi ilə bağlı rəsm və digər eksponantlara Malta muzeylərində də təsadüf edirik. Malta Maritime Museum - Malta Dənizçilik muzeyində türklərlə savaş səhnələrini əks etdirən rəsmlər də sərgilənir. The Palace Armoury Vallettada Osmanlı dövlətinin Malta mühasirəsinə aid rəsmlər vardır.
Maltada Baş nazirlik idarəsinin yerləşdiyi Pinto Qışlası Osmanlı İmperiyasının 36-cı və son sultanı, 115-ci islam xəlifəsi VI Mehmed Sultan Vahideddin (1861-1926) Qurtuluş Savaşından, Türkiyə Böyük Millət Məclisi 1922-ci ildə xilafət ilə səltənəti ayırdıqdan və səltənətin ləğvindən sonra 17 noyabr 1922-ci ildə Maltaya sürgün edilmiş və bir müddət burada qalıb. Şəhər mərkəzində yerləşən bina turistlərin diqqətini cəlb edən məkanlardandır.
Malta həm də Türkiyə və Azərbaycan ziyalılarının və ictimai xadimlərinin sürgün edildiyi adalardandır. XX əsrin əvvəllərində Əhməd bəy Ağaoğlu, Ziya Gökalp, Said Halim Paşa, Hüseyin Cahit Yalçın, Ahmet Emin Yalman, Salah Cimcoz, Celal Nuri İleri, Ahmet Nesimi Bəy, Yunus Nadi, Celal Nuri və digər 145 dövlət adamı, ziyalı o dövrdə ingilis müstəmləkəsi olan Maltaya sürgün edilmişdir. 1919-ci ildən başlayan həbs və sürgünlər 1922-ci ildə sonuncu sürgünlərin də buraxılması ilə başa çatmışdı. Bu illər ərzində soydaşlarımız Maltanın Polverista və Verdala bölgələrində saxlanılmışdır.
Əhməd bəy Ağaoğlu sürgündən ailəsinə yazdığı bir sıra məktublarında Polveristadan yazdığını qeyd edir. Səməd Ağaoğlu “Atamın dostları” kitabında yazırdı: “Atamın Maltada keçən iki ilə yaxın əsarət həyatının onun romantik, idealist ruhunda yaratdığı böyük qarışıqlığı anama, bizə yazdığı məktuplarda oxumaq mümkündür”. Ə.Ağaoğlu məktublarında və Malta sürgünü ilə bağlı yazdığı “Mütarikə və sürgün xatirələri” əsərində qaldıqları yerin, ətraf məkanların təsvirinə geniş yer verməyıb, yalnız kiçik detallara təsadüf edilməkdədir.
Malta - Polveristadan 29 noyabr 1920-ci ildə yazdığı məktubunda Ə.Ağaoğlu Malta havasını belə təsvir edirdi: “Bu məktubu yazarkən çöldə hava o kadar xoş ki, sanki May ayıdır. Artıq qarşıdakı təpəciklərdə sarı çiçəkler açmış, hər tərəf yaşıllığa bürünmüşdür.
“Dünyada havası bu qədər gözəl bir ölkə yoxdur” deyən Z.Gökalp da 1920-ci ilin yanvar ayında yazdığı məktubunda “çöldə sarı çiçəklər açdığını” qeyd edirdi. O, üç mərtəbədən, hər mərtəbəsində 12 otaqdan ibarət binalarını təsvir edərkən Polveristanı Maltanın ən yaxşı əsir kampusu kimi dəyərləndirmişdi.
Z.Gökalp Malta mektublarında Polveristadan sonra bir müddət Verdalada saxlanıldıqlarını yazırdı. 11 dekabr və 5 yanvar tarixlərində Verdalada qaldığını yazan Gökalp məktublarında Maltanın bu bölgəsini də təsvir etmişdi. Verdala bölgəsi Maltada Polveristaya yaxın bir ərazidə yerləşir və o zamankı əsir kampuslarının bir hissəsi indi yaşayış evləri kimi istifadə olunmaqdadır. Sürgünlük dönəminin son günlərində yenidən Polveristaya göndərilmələri də Z.Gökalpın məktublarından bəlli olur.
Malta mədəniyyətlərin qovuşduğu, tarixin yaşadıldığı bir ölkədir. Tarixi abidələrin özəlliklərinin qorunması, əsrarəngiz dəniz seyrləri, Aralıq dənizində gözəl bir mənzərə yaratmış coğrafiyası bu kiçik ada dövlətinə spesifik çalarlar verməkdədir. Öz sakit mühiti, bəzən çox səssiz küçələri ilə qonaqlarını təəccübləndirən ada təbəssümlü çöhrələri və isti ünsiyyətləri ilə diqqəti cəlb edən insanların yaşadığı bir məkandır. Adalar boyunca rast gəldiyimiz türk izləri isə tariximizin sərhədlərdən kənarda da yaşadığını göstərməkdədir.
Maltada türk izləri - Fotolar
FACEBOOK YORUMLAR