Türk Devletleri Ekonomik Forumu 2-3 Mayıs 2024 tarihinde Bakü'de düzenlendi

Türk Devletleri Teşkilatı Ekonomik Forumunda Azerbaycan Milletvekili Sayın Cavanşir Feyziyev'in Türk Devletlerinin l. İktisadi Forumunda yaptığı konuşmasını yayınlıyoruz.

Türk Devletleri Ekonomik Forumu 2-3 Mayıs 2024 tarihinde Bakü'de düzenlendi
05 Mayıs 2024 - 21:19 - Güncelleme: 05 Mayıs 2024 - 21:23


Türk Dövlətləri Təşkilatının  tərəfdaşlığı ilə 2-3 may tarixlərində Azərbaycanda ilk dəfə "Türk Dövlətləri İqtisadi Forumu" keçirildi. Rəsmi açılışdan sonra panel müzakirələrində öz işini davam etdirən forumda Türk Dövlətləri Parlament Assambleyasının üzvü, millət vəkili Cavanşir Feyziyev geniş məruzə ilə çıxış edib. Sayın Millət vəkilinin  "Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və töhfəsi" panelində böyük rəğbətlə dinlənilən çıxışını oxuculara təqdim edirik: 

Belə bir tədbirin ilk dəfə keçirilməsi münasibətilə Türk dünyasının birlik və bərabərliyini arzulayan bütün insanları təbrik edirəm!
Ümumiyyətlə, indiki zamanda dünyanın istənilən bölgəsində keçirilən hər hansı bir tədbirdə "qlobal siyasət" və "qlobal iqtisadiyyat" ifadəsi işlənmədən heç bir müzakirə aparılmır. Və bu da təbiidir. Çünki keçən əsrin ortalarından başlayaraq getdikcə sürətlənən qloballaşma dünyanın bütün bölgələri kimi, Türk regionunu da - türk dövlətlərinin yerləşdiyi coğrafiyanı da öz əhatəsinə almaqdadır və burda artıq sual qloballaşmada iştirak edib-etməmək ətrafında getmir. Sual onun ətrafında gedir ki, bu qloballaşmadan Türk dövlətlərinin mənafeyi üçün nə cür faydalanmaq olar? 
Bunun əlbəttə, həm siyasi, həm iqtisadi əsasları var. Və biz bu gün İqtisadi forumda bunu müzakirə etdiyimizdən mən istərdim ki, bunun iqtisadi bazisinə, iqtisadi əsaslarına müraciət edək.
Qlobal iqtisadiyyatda iştirak etmək və hətta bizim mövzumuzda deyildiyi kimi, qlobal iqtisadiyyata hansısa bir töhfə vermək üçün hər bir ölkənin mütləq hansısa təbii resurslara malik olmasına ehtiyac var. Və biz təbii resursların təhlili baxımından Türk dövlətlərinə yanaşdıqda görürük ki, Balkanlardan Altaylara qədər uzanan ərazidə və sırf siyasi məqsədlərə də uyğun olsun deyə sadəcə müstəqil türk dövlətləri ərazisində olan təbii resursların təsdiq olunmuş həcmini dünyanın başqa bölgələri ilə müqayisə etmək, bu baxımdan mənə elə gəlir ki, çox maraqlı olardı.
Biz hər bir türk dövlətinin kifayət qədər təbii resurslara malik olduğunun şahidiyik.
Məsələn, biz bilirik ki, ilk növbədə Türk dövlətləri arasında ən böyük Ümumi Daxili Məhsul həcminə malik olan Türkiyə çox zəngin geotermal enerji qaynaqlarına malikdir. Türk dövlətləri arasında Türkiyə sənaye cəhətdən  ən yüksək inkişaf etmiş ölkədir. Son illərdə müdafiə sənayesinin inkişafı, burda qeyd olunduğu kimi, xüsusilə diqqəti cəlb edir. Ölkədə xidmət sektoru və turizm Ümumi Daxili Məhsulun təxminən 65 faizini təşkil edir və bu baxımdan Türkiyənin son iki onillik ərzində sürətlə iqtisadi inkişaf prosesinə qoşulması üçün etibarlı zəmin yaradır. 

Azərbaycana gəldikdə, qeyd etməliyik ki, Azərbaycan təbii sərvətlərlə zəngin olan bir ölkədir. Azərbaycan ərazisinin   2/3 hissəsi təbii resurslarla zəngin torpaq sahələridir. Neft-qaz yataqları, əlbəttə ki, burada aparıcı rol oynayır. Hazırda təsdiq olunmuş həcmlərə görə Azərbaycan 8 milyard barrel neftə və 2,2 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. 
Azərbaycanın və Türkiyənin geostrateji mövqeyi, yerləşdiyi bölgədə kəsb etdiyi əhəmiyyət təkcə türk dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələrinə töhfə vermir. Eyni zamanda dünyanın və xüsusilə Avrasiyanın şərqi ilə qərbi arasında iqtisadi münasibətlərin canlanmasında demək olar ki, aparıcı və müstəsna rol oynayır. Həm Türkiyə ərazisindən, həm Azərbaycan ərazisindən keçən nəqliyyat komunikasiyaları, şimal-cənub-şərq-qərb komunikasiyaları, bütövlükdə Avrasiyanın iqtisadi cəhətdən bütövləşməsinə çox böyük zəmin yaradır. 
Türkiyə və Azərbaycanı birləşdirən çoxsaylı layihələr var. Və o cümlədən son iki onillik ərzində Azərbaycan neft strategiyasının Türkiyə istiqamətində, Avropa istiqamətində planlaşdırılması və həyata keçirilməsi hal-hazırda Türkiyəni Avropanın ən yaxın və ən etibarlı enerji qabına çevrilməsinə şərait yaratmışdır. Və növbəti mərhələlərdə Mərkəzi Asiyanın neft-qaz ehtiyatlarının Azərbaycan üzərindən Türkiyə vasitəsilə Avropaya çatdırılması baş tutarsa, bu, əlbəttə, əslində sözün siyasi mənasında, bəlkə də dünyanın yenidən bölüşdürülməsi anlamına gələcək. Amma iqtisadi mənada, bu bütövlükdə Türk coğrafiyasında yerləşən bütün Türk dövlətlərinin qlobal iqtisadiyyata ən böyük töhfəsi olacaq. 
İqtisadi potensial baxımından III ən böyük  Türk dövləti Qazaxıstandır. Ən böyük əraziyə malik olan Qazaxıstan eyni zamanda zəngin təbii qaz və neft ehtiyatlarına malikdir. Və eyni zamanda Qazaxıstan ərazisində dünyada ən nadir kimyəvi elementlərin olduğu məlumdur və bu elementlərdən 11 sayda elementə görə Qazaxıstan dünyada bu ehtiyatların, bu resursların yeganə sahibidir. Yəni bu elementlər Yer kürəsinin digər ərazisində tapılmayan resurslardır. Xüsusilə, sink və uran ehtiyatlarına görə Qazaxıstan dünyada ikinci yeri tutur. 
Digər bir türk dövlətinin təbii resurslarına baxsaq, Asiyada ən böyük qızıl mədəni Özbəkistanda yerləşir. Və Özbəkistanın təbii qaz və qızıl ehtiyatlarına malik olması onu bu gün və gələcəkdə iqtisadi münasibətlərin fəal iştirakçısına çevrilməsi üçün şərait yaradır.
Qırğızıstan hidroenerji resursları ilə zəngin bir ölkədir. Orda da qızıl ehtiyatları vardır. 
Türkmənistan neft-qaz resurslarının həcminə görə dünyada 4-cü yeri tutur. Və hazırda Türkmənistandan Çin istiqamətində, eləcə də Türkmənistandan Əfqanıstan, Pakistan, Hindistan istiqamətində tikilən qaz-boru kəmərləri Türkmənistanın iqtisadiyyatına gəlir gətirir. Və Türkmənistanın iqtisadiyyatını bölgə dövlətlərinin iqtisadiyyatı ilə qarşılıqlı əməkdaşlıqda iştirak etməsinə münbit şərait yaradır. 
Gələcəkdə bayaq da qeyd etdiyim kimi, Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyə və Avropaya nəql edilməsi baş tutacaqsa, bu, əlbəttə, bütövlükdə türk coğrafiyasının, müstəqil türk dövlətlərinin ən böyük uğuru olacaqdır.
Hörmətli Forum iştirakçıları! 
Bu barədə çox danışmaq olar. Vaxtilə mən Türk dövlətlərində olan təbii resursların təsdiq olunmuş həcmlərinin hesablanması ilə maraqlanmışdım və bunu araşdırmışdım. Bütövlükdə 6 müstəqil Türk dövləti ərazisində mövcud olan və təsdiq olunmuş təsdiq olunmuş təbii resursların ümumi həcmi 27 Avropa ölkəsində mövcud olan və təsdiq olunmuş təbii resursların ümumi həcmindən iki dəfə çoxdur.
Əgər nəzərə alsaq ki, türk coğrafiyasında bu 6 müstəqil türk dövlətinin ərazisində yaşayan insanların sayı cəmi 170-180 milyon nəfər əhali arasındadır və Avropa Birliyində yaşayanların isə ümumi sayı 450 milyondur. Demək, o zaman Türk dövlətləri ərazisində təbii resursların adambaşına düşən həcmi 4 dəfə Avropadakından çoxdur. Bütün bu resurslardan faydalı və səmərəli şəkildə istifadə etmək, əlbəttə, dövlətlərimiz tərəfindən aparılan siyasətin nəticəsində mümkündür. Və bu gün bu siyasətin  biz Türk birliyinə doğru yönəldiyinin və sürətlə inkişaf etdiyinin şahidiyik. Və bu da bizi olduqca sevindirir.
Keçən əsrin 90 ili ərzində biz türk dövləti, türk iqtisadiyyatı, türk məhsulu deyəndə həmin dövr üçün dünyada yeganə müstəqil dövlət olan Türkiyəni nəzərdə tuturduq və Türkiyəni başa düşürdük.

Bu gün dünyada 6 müstəqil Türk dövləti dünyanın siyasi-iqtisadi-maliyyə sisteminə tamamilə inteqrasiya olunub. Onlardan bəziləri Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Bu gün Türk dünyası bayraqları sırasında 8 türk dövləti bayrağı dalğalanır. Onlardan 7 ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Kuzey Kıbrıs Türk Cumhuriyyətinin  də tez bir zamanda Birləşmiş Millətlər Təşkilatına üzv olacağına ümidimizi heç zaman itirmirik və bunu arzulayırıq!
Belə olan bir şəraitdə bu cür qlobal forumların keçirilməsi həm iqtisadi yönümdə, həm də digər sahələrdə Türk dünyasının birliyinə, Türk xalqlarının öz iqtisadi potensialını bir-birinin rifahı naminə inkişaf etdirməsinə yardım edəcəkdir. Ona görə də bu ilk forum münasibətilə mən hər birinizi təbrik edirəm və gələcəkdə Türk Dövlətləri İqtisadi Forumuna uğurlar arzulayıram!

 


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum