Doç. Dr. Basira AZİZ ALİYEVA

Doç. Dr. Basira AZİZ ALİYEVA

[email protected]

ƏHMƏD BƏY AĞAOĞLUNUN YARADICILIĞINDA ŞƏRQ-QƏRB PROBLEMİ

02 Şubat 2016 - 21:12


   Dos.Dr. Bəsirə Əzizəliyeva

AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Bakı

 

ƏHMƏD BƏY AĞAOĞLUNUN YARADICILIĞINDA ŞƏRQ-QƏRB PROBLEMİ

 

Bədii ədəbiyyat və ədəbi-fəlsəfi fikirdə Şərq və Qərb problemi müqayisəli ədəbiyyatşünaslığın əsas mövzularındandır. Müasir qloballaşma və inteqrasiya prosesində problemə maraq bir daha ön plana keçmişdir.

Şərq intibahı və Qərb renesansından sonra dünya mədəniyyətinin iki nəhəng qütbü arasındakı ədəbi, elmi, fəlsəfi, ictimai-siyasi düşüncə tərzi və sosial həyat sferasında meydana çıxan ziddiyyətlərin ən konseptual nəzəri şərhi XX əsrin əvvəllərində yaşayan Şərq mütəfəkkirlərinin əsərlərində öz əksini tapmışdır. Ənənəlləri daha öncəki bədii ədəbiyyat, fəlsəfi fikir, tarixi səlnamə və siyasətnamələrdən qaynaqlansa da məntiqi vurğusu daha güclü, müasir və sistemləşdirilmiş bir formada təzahür edirdi. Danılmaz həqiqətdir ki, Şərq və Qərb dünyasını, geniş anlamda, daha yaxından tanıyan və müqayisə edə bilən ədib və filosofların sözügedən sahədəki görüşləri uzunömürlülüyü və zamanın müxtəlif tendensiyalarına dayanıqlığı ilə də fərqlənirdi.

Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində mühüm yer tutan Əhməd bəy Ağaoğlunun mahiyyətcə çox zəngin irsi, görkəmli ictimai xadimin “Mən kiməm?”, “Üç mədəniyyət”, “Müsəlman xalqlarının vəziyyəti”, “İran və inqilabı” kimi əsərləri Şərq və Qərb mədəniyyətinə müqayisəli şəkildə yanaşmaq, ayrı-ayrı sivilizasiyaların dəyərlərini qiymətləndirmək, mövcud zamanın şərtlərindən çıxış edərək qətiyyətli söz söyləmək baxımından əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, XX əsrin ikinci yarısından sonra dünya siyasi-ictimai və ədəbi-fəlsəfi fikrində yenidən xüsusi tədqiqat obyektinə çevrilən Orientalizm, Şərq və Qərb problemi məsələləri üçün Ə.Ağaoğlunun yaradıcılığı da fundamental bir mənbə rolunu oynaya bilər.

Ə.Ağaoğlunun “Mən kiməm?” əsəri Şərq cəmiyyətində böyük bir zümrəni təşkil edən insan tipinin xarakterik xüsusiyyətlərini konseptual istiqamətdə şərh edir, Şərq dünyasının inkişaf dinamikasının zəifliyi, Şərq düşüncəsinin həmin tərəqqi meyllərinin qarşısında törətdiyi əngəlləri göstərir. “Zahirim batinimə əsəbi və küskündür, batinim zahirimə lənət oxuyur” [Ə.Ağaoğlu. Mən kiməm? Quliyev V. Ağaoğlular, Bakı, Ozan, 1997, s. 54] deyən mütəfəkkir ədib Şərq insanını ona xas olan iki cəhət – eqoizm və altruizm kontekstində səciyyələndirir. Müəllifə görə, Şərq insanı “yaxşı təbiətli, xoş niyyətli, yaxşılıq sevən, başqaları üçün xeyir istəyən, qəhrəmanlığa aşiq, sədaqətə, doğruluğa məftun bir varlıqdır”. Əhməd bəy Ağaoğlu bəlağətli nitq və gözəl əsərlərdə irəli sürülən ideyaların da sadalanan həmin xüsusiyyətlərdən qaynaqlandığını söyləyir. Lakin ən böyük ziddiyyət bu düşüncəyə sahib olan insanın fəaliyyətindəki təzadlardan doğur: “Mənim iki üzüm var – eqoizm və altruizm. Lakin min təəssüf ki, mən yalnız istəkdə, arzuda, boş danışıqlarda altruistəm. İndiyə qədər məndən altruizmə dəlalət edəcək tək bir hərəkət də görünməmişdir. Eqoist isə bütün hərəkətlərimə rəhbərdir. Çölüm qayda və mənfəət olmayan yerə bircə addım da atmaz!” [Ə.Ağaoğlu. Mən kiməm? Quliyev V. Ağaoğlular, Bakı, Ozan, 1997, s.57].

Şərq-Qərb problemini çeşidli prizmalardan ədəbi-fəlsəfi əsərlərinə gətirən görkəmli ərəb mühacir yazıçısı Mixail Nüaymənin məhz altruizm və eqoizm çərçivəsindən dəyərləndirdiyi mühüm bir cəhəti burada qeyd etmək yerinə düşərdi. Yazıçı, əslində, bir sıra digər məsələlərə də şamil oluna biləcək görüşlərini Şərqin dini durumu mövzusunda orijinal şəkildə ifadə edir: “Mən elə bir ölkə tanımıram ki, orada din bu ölkədə olduğu kimi dodaqlarda belə yaşasın, ürəklərdə belə azalsın” [Naimy N. Mikhail Naimy, Beirut, American University of Beirut, 1967, s.234]. Ərəb mühacirət ədəbiyyatının digər bir görkəmli nümayəndəsi, Şərq və Qərb dünyasını çox gözəl tanıyan Əmin ər-Reyhani də Şərqin müasir elmdən geri qalması səbəblərində Ə.Ağaoğlunun qənaətlərindən çıxış edir: “Riyakarlıqla əhatə olunmuş, ənənə ilə doldurulmuş, mücərrədliklərə meyl etdirilmiş, mübaliğəli nitq və düşüncə ilə uyudulmuş Şərq zehni, təfsilatın intəhasızlığını elmi görüş sahəsi qədər əhatə edə bilməz” [Xəlilov S. Aida İmanquliyeva yaradıcılığının izi ilə. Şərq ruhunun Qərb həyatı, Bakı, Şərq-Qərb, 2009, s.121].

Ə.Ağaoğlu altruizm və eqoizm kontekstində Şərq və Qərb dünyası arasında müqayisələr aparır. Ə.Ağaoğlu XX əsrin əvvəlləri üçün Qərbin elm, mədəniyyət, sözsüz ki, ictimai-siyasi və sosial həyatdakı üstünlüyünü qəbul edirdi. Əslində, bu cəhət yazıçının dövrü üçün sırf yeni hadisə sayıla bilməz. Şərq maarifçiliyinin, əsas etibarilə, XIX əsri əhatə etdiyini söyləməklə qeyd etmək lazımdır ki, məhz maarifçilər ilk dəfə olaraq daha açıq şəkildə Şərq və Qərb probleminə münasibət göstərirdilər. İ.Qutqaşınlı, M.F.Axundzadə, Z.Marağayi, Q.Əmin, Ə.İshaq, əl-Kəvakibi, Ə.F.Şidyak və digər maarifçilərin bu sahədəki fikirləri yeni əsrin əvvəllərində, nəzərə çatdırdığımız kimi, məhz konseptual istiqamətdə davam etdirilirdi. Şərq maarifçiliyinin kökündə Şərqin mütəfəkkir şəxsiyyəti C.Əfqaninin ideyalarının əhəmiyyətli rol oynadığı və Ə.Ağaoğlunun da C.Əfqani fikirlərinin Azərbaycandakı ən görkəmli davamçılarından biri olduğunu nəzərə alsaq, sözügedən problem ətrafında yazıçıların görüşlərindəki uyğun məqamların səbəblərinə də aydınlıq gətirərik. Təsadüfi deyil ki, Ə.Ağaoğlu “Müsəlman xalqlarının vəziyyəti” adlı məqaləsində C.Əfqanini “istedad və nüfuzuna görə zəmanəmizin görkəmli şəxsiyyətlərindən biri” adlandıraraq Şərq böhranının səbəbləri ilə bağlı onun sözlərindən də nümunə gətirir: “Mən islamı nəhəng bir vücud kimi təsəvvür edirəm. O, başını İstanbulda yerə qoyub, qollarının birini Afrikanın şimalına, o birini Krım və Orenburq üzərindən Çinə uzadıbdır, ayaqları isə bütün Qərbi Asiya boyunca dolaşır. Artıq bu vücudda nə bir sağlam yer, nə bir xəsarət almamış orqan var. Amma o, qanı axa-axa, yarımcan halda yenə öz dəmir püskürən nəfəsini bilirsiniz nəyə sərf edir? Sadəcə, kimin haqlı, kimin haqsız olduğu ilə bağlı höcətləşmələrə! Əmrmi, Zeydmi haqlıdır? Əmrinmi, Zeydinmi ilahiyyatı yaxşıdır?” [Ağaoğlu Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2007, s.332]. 

Belə bir ənənədən bəhrələnən Ə.Ağaoğlu Şərqdə eqoizm, Qərbdə isə altruizmin üstün olduğuna diqqət çəkərək yaranmış nəticənin səbəbləri ətrafında düşünür. Müəllif aşağıdakı səbəbləri göstərir: “1. Ailə və ailədə qadının vəziyyəti; 2. Məktəb və ədəbiyyatın təsiri; 3. Çox uzun sürən anarxist istibdadın təsiri” [Ə.Ağaoğlu. Mən kiməm? Quliyev V. Ağaoğlular, Bakı, Ozan, 1997, s. 59].

Ə.Ağaoğluya görə, qədim zamanlardan yunan və Roma mədəniyyətinin, sonralar isə bu mədəniyyəti özünə örnək götürən Avropanın Asiya və Afrika ölkələrindən daha üstün inkişafı da, geniş mənada, tərbiyədə altruizmin güclü olmasındadır. Bu baxımdan, ədib Qərb mədəniyyətinin nümunələrinə diqqət yetirirdi. Ə.Ağaoğlu “Mən kiməm” əsərində Monten, Lüter, Kalfin, Rafaello, Leonarda da Vinçi kimi böyük şəxsiyyətlərin fəaliyyətinə və irəli sürdükləri fikirlərə nəzər salır və onları təqdir edirdi. Bütün bunları qeyd etməklə müəllif, ilk növbədə, Şərq böhranının səbəbləri üzərində dayanmağa çalışır və istibdadın Şərq xalqlarının inkişafında çox böyük əngəllər törətdiyini göstərir.

Ə.Ağaoğlu Şərqdəki eqoizmin altruizmdən üstün olduğunu əsaslandırmaq üçün Şərq və Qərb dünyası arasında müqayisələr aparır. Mütəfəkkir ədib ingilis imperiyasından bəhs edərkən “qırx milyonluq bu xalqın dörd yüz əlli milyon asiyalını, afrikalı, amerikalı və avstraliyalını öz tabeliyi altında necə saxladığının sirrini başa düşürsünüzmü?” sualına cavab axtarmaqla Şərq böhranın səbəblərinə də aydınlıq gətirir: “Nədən İngiltərədə əfkari-ümumiyyə canlıdır, bizdə isə cansızdır? Bunun bir çox səbəbləri vardır. Fəqət başlıcası budur ki, bu ölkə yeddi yüz il bundan əvvəl hürriyyəti ələ almış və sərbəst fikir yayılmasına başlamışdır” [Ə.Ağaoğlu. Mən kiməm? Quliyev V. Ağaoğlular, Bakı, Ozan, 1997, s.81]. Millətin və cəmiyyətin inkişafında, gördüyümüz kimi, Ə.Ağaoğlu azadlığın çox mühüm əhəmiyyətə malik olduğunu dərk edirdi. Sözsüz ki, uzun illər Şərqdə hökm sürən istibdadın və müstəmləkəçiliyin daxili və xaricı səbəbləri mövcud olmuşdur ki, istər Ə.Ağaoğlu, istərsə də ərəb yazıçıları həmin xüsusiyyətlər üzərində ayrıca dayanmışlar.

Ə.Ağaoğlu “Müsəlman xalqlarının vəziyyəti” məqaləsində göstərir ki, dünya aləmində “Qərbin tədricən əqli və əxlaqi baxımından tərəqqi etməsi” dövründə müsəlman Şərqində “islamın özünün daxilində pozucu qüvvələrin meydana çıxması və baş qaldırması” meylləri daha güclü idi. Müxtəlif təriqətlər, fəlakətli təlimlər, cərəyanlar islamın parçalanmasına, tənəzzülünə gətirib çıxarır, riyakarlıq və ikiüzlülük geniş yayılırdı. Ə.Ağaoğlu əqli və mənəvi aşınmanı bütün mədəni xalqların tənəzzülü üçün səciyyəvi cəhət kimi xarakterizə edir, müsəlman dünyasındakı əqli-elmi hərakatın mistisizmə yuvarlandığını kədərli bir hal kimi göstərir. Qərb renesansının dünyaya bəxş etdiyi mədəni nümunələrin formalaşdığı bir dövrü Ə.Ağaoğlu böyük təəssüf hissi ilə Şərqin mühafizəkarlığı ilə paralel getdiyini xatırladır: “Fəqət, heyf ki, Qərbdə olub bitən bu dərin dəyişikliklərdən Şərq xəbərsizdir; o hələ də əski qabığının içində əski ruhunu, əski düşüncə, əski təhəssüs və əski yaşayış tərzlərini saxlamaqdadır.

Bax, Şərq ilə Qərb arasında müvazinətsizlik o gündən başlayır. Şərqin Qərbə nisbətən bu zəifliyini bu qəflət təyin edir. XVI əsrə qədər üstünlük Şərqdə olduğu halda, bu əsrin axırında tərəzinin bir gözü ağır gəlməyə başlayır, o biri gözü isə mütamadiyyən yüksələrək havada qalmağa məhkum olacaqdır” [Ağaoğlu Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2007, s.122-123].

Əhməd bəy Ağaoğlu Şərq-Qərb problemində Şərqin inkişaf tendensiyasına, əsasən, optimist prizmadan yanaşırdı. Ə.Ağaoğlu “Müsəlman xalqlarının vəziyyəti” məqaləsində XVIII əsrin ikinci yarısından müsəlman Şərqində başlanan tənəzzülü Qərbi Roma imperiyasının almanlar tərəfindən istilası ilə müqayisə edir və qeyd edir ki, hələ inkişaf etməmiş almanların yaratdığı pozğunluğun cazibəsindən çıxmaq, həqiqi dini, həqiqi elm və mədəniyyəti indiki halında yenidən bərpa etmək üçün Qərbə on beş əsr vaxt lazım gəldi. Müəllif ərəblərin min iki yüz il bundan əvvəl xaricdən güclü təkan verdiyi Qərbin inkişafı üçün də kifayət qədər vaxt sərf etdiyini bildirir. Bu baxımdan, mütəfəkkir ədib düşünür ki, şərqlilərin, eləcə də məqalə kontekstində daha çox vurğulanan türklərin də öz inkişafına qovuşmaq üçün müharibə və istibdaddan uzaq, azad şəkildə müəyyən qədər zamana ehtiyacı vardır. “Mən kiməm?” əsərində də Ə.Ağaoğlu nikbin əhval-ruhiyyəsini ifadə edir: “Biz də sərbəstliyə qovuşduq. Bizim də əfkari-ümumiyyəmizin canlanması çox təbiidir və canlandıqca heç şübhə yoxdur ki, mənim içim də qüvvətlənəcək və bir gün çölümə qalib gələcək” [Ə.Ağaoğlu. Mən kiməm? Quliyev V. Ağaoğlular, Bakı, Ozan, 1997, s.81]. Sözsüz ki, Ə.Ağaoğlu mədəniyyətin inkişafını ən başlıca amil kimi qiymətləndirirdi.

Gördüyümüz kimi, Əhməd bəy Ağaoğlunun ideyaları, müxtəlif əsərlərində irəli sürdüyü fikirləri çok aktual idi. Bu da Parisdə təhsil almış, Şərq və Qərb mədəniyyəti və ictimai-siyası tarixinə yaxşı bələd olan mütəfəkkir Azərbaycan ədibinin əhatəli yaradıcı imkanlarından və dərin zəkasından xəbər verir.   

  

 

 

Reklam