Əməlləri işıqlı, ürəyi böyük, şərəfli Türk xatunu…

Mustafa Kamal Atatürkün dilimin əzbəri olan gözəl bir sözü var: “Yer üzərində gördüyümüz bütün gözəlliklər Qadınların əsəridir.”

Əməlləri işıqlı, ürəyi böyük, şərəfli Türk xatunu…
26 Ekim 2023 - 11:09
Əməlləri işıqlı, ürəyi böyük, şərəfli Türk xatunu…
 
Mustafa Kamal Atatürkün dilimin əzbəri olan gözəl bir sözü var: “Yer üzərində gördüyümüz bütün gözəlliklər Qadınların əsəridir.”
Bəzən o qadınlar zəkası, zəhmətsevərliyi, biliyi, bacarığı ilə elə gözəl nəqş edirlər ki, bu dünyanı… Tanrı özü də xəlq etdiyi zər kimi insanların zərgər əməyinə heyran qalır…
Bəli, böyük Atatürkün söylədiyi kimi, Tanrı öz fitrətindən yaradıcı güc bəxş edib qadını yaradanda… Qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən Uca Qadın olasan...
Öz İşığı, zəngin dünyagörüşü, dərin biliyi, ağlı, zəkası, peşəsinə sədaqəti, insanlığı, xanımlığı, alicənablığı, kübarlığı, yüksək natiqlik qabiliyyəti, zəhmətkeş əlləri və işində son dərəcə peşəkarlığı ilə çalışdığı bütün kollektivlərdə böyük sevgi və inam qazanan, cəmiyyətimizdə yandırdığı İşıqla qadın adına daha bir ucalıq bəxş edən çox gözəl bir Türk xatunundan –Vəsilə xanım Çapay qızı Abulovadan bəhs edəcəyəm…
         Bir müddət əvvəl mətbuatda oxudum ki, Azərbaycanın görkəmli ədəbiyyat adamı, professor, tərcüməçi, istiqlal şairi Əhməd Cavadın kitabları  “UMAY – Türk Dünyası Qadınlarına dəstək” İctimai Birliyinin sədri Vəsilə xanım Abulova tərəfindən xanımın şəxsi vəsaiti hesabına çox yüksək tirajla nəfis bir tərtibatda işıq üzü görüb. Bu xəbəri oxuyanda qeyri-ixtiyari gözlərim dolmuşdu, həm də eyni zamanda Azərbaycan qadınının bu böyük ürəyinə heyranlıqla qürur hissi keçirmişdim.
Adı da əməlləri kimi, gözəl çöhrəsi kimi işıq saçan Vəsilə xanımın əmək fəaliyyətini yaxından izlədikcə  bu nur simalı xanımın Əhməd Cavadın kitabları ilə bərabər  eyni zamanda “Türk ruhunun söz bayrağı”, “Qarabağdan doğan Günəş və Ay – Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” adlı kitabların çap olunmağında, eyni zamanda mədəniyyət üzrə saysız –hesabsız layihələrin gerçəkləşməsində, 44 günlük Vətən savaşı günlərində, eləcə də müharibədən sonrakı dönəmlərdə şəhid ailələrinə, qazilərimizə maddi-mənəvi dəstək göstərilməsi istiqamətində böyük ürəyini, fədakarlığını həmişə müşahidə etmişik.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır. Amma gənc yaşında kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Vəsilə xanım Abulova məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqı – milləti, məmləkəti üçün gözəl işlər görməkdən yorulmayan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin maariflənməsinə həsr edən böyük ürəkli vətəndaş ziyalıdır Vəsilə xanım…
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur – Vəsilə xanımın yaşadığı ömür kimi - insanlıq, fədakarlıq, saflıq, səmimilik, ailəcanlılıq, gözəl əxlaq, böyüyə hörmət, uşağa məhəbbət, dosta sədaqət nümunəsi...  Çətinə düşən bir insan görəndə əlindən gələni böyük ürəklə, məhrəm bir doğmalıq hissi ilə həyata keçirməsi, bu qədər gənc yaşında bir müdrik insan düşüncəsi və qəlbi, üzərinə götürdüyü hər bir işin öhdəsindən layiqincə gəlməsi Vəsilə xanımın fədakar xarakterindən, ləyaqətli İnsanlığından xəbər verir.
Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” - deyir.
Nədənsə, Vəsilə xanım haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Vəsilə xanımın özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”,  vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və hamının xoş günü üçün, doğması, yadı, yaxını, uzağı, evinin içi, qonşusu, qohumu fərq etməz, hamıya yaxşılıq etmək üçün yorulmadan çalışan, istənilən məqamda, istənilən situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıqlı xanımın ünvanına bu yazımı yazmağın vacib olduğunu düşünürəm...
Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Vəsilə xanım şəxsiyyəti ilə sözü bir-birini tamamlayan bütöv bir insandır. O, artıq  sözündə bütövlüyünü  işində şəffaflığıyla, gözəl əməlləriylə sübuta yetirib...
         Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi insanların qəlbinə gedən yoldur. Əslində, vəzifələr, fəxri adlar, təltiflər, titular, ödüllər və bu kimi nəsnələrin hamısından ucada duran məqam: qəlblərə gedən o yolu bulmaq, düşüncələrdə işıqlı üfüq aça bilməkdir. Zəkası, ziyası, dərin düşüncəsi, səmimiyyəti, peşəsinə sədaqəti, insanlığı, işində peşəkarlığı, gülər üzü və səmimiyyəti ilə ürəklərə gedən o yolu əməlləriylə fəth edən gözəl Vəsilə xanımın təqdirəlayiq əməyini ayaqüstə alqışlayırıq...
Bu dünyada vicdanına qəlbən sadiqliyin, zəhmətkeş əllərin, gözəl əməllərin, səmimiyyətin, təmiz sözün, fədakar ürəyin və ən əsası gördüyün işlərdə şəffaflığın, dürüstlüyün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Vəsilə Xanım Abulovanın yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, zərif çiyinləriylə böyük mənəvi sorumluluqları üstlənən və görəvini ən üst düzeydə ən gözəl şəkildə tamama erdirən sevgili Vəsilə Xanım!
Böyük Mirzə Ələkbər Sabir yazırdı ki: Həqiqi Ananın ən şərəfli bəzəyi ədəbli çocuqdur. Vəsilə xanımın Azərbaycan mühitində qazandığı bütün statuslardan daha ucada dayanan bir adı var: Bütün addımlarıyla ailəsinə baş ucalığı gətirən ləyaqətli övlad olması... Eyni zamanda ailəsinə böyük ehtiramla yanaşan, qayğıkeş həyat yoldaşı və gözəl Anadır Vəsilə xanım... Mən Vəsilə xanımı dünyaya gətirən, bu cür mükəmməl tərbiyədə, bu qəlbdə, bu əxlaqda, bu düşüncədə yetişdirən Anamızın qarşısında sayğıyla baş əyirəm. Əllərindən öpürəm! Cavan yaşında Haqq dünyasına qovuşan Çapay Atamızın müqəddəs ruhu qarşısında baş əyirəm, Əziz Atamıza uca Tanrıdan qəni-qəni rəhmət diləyirəm!
         Üç gün əvvəl Vəsilə xanımla bağlı bir tədbir, açılış olacaqdı. Mən böyük məmnuniyyət hissi ilə o açılışa getmək istəyirdim. Tale elə gətirdi ki, həftəsonu Türkiyədə keçirilən bir forumda iştirak etməli olduğumdan həmin saatda Bakıya gəlib çata, açılışa qatıla bilmədim. Və elə söhbət əsnasında istəkli dostum, məsləkdaşım CNN Türk kanalının “Özəl Xəbərlər” şöbəsinin müdiri Fulya Öztürkə Vəsilə xanımın haqqında danışa-danışa fotoğrafını göstərdim... Söhbəti heyranlıqla izləyən Fulya: “Bir gün Baküye geldiyimde ben de Vesile hanımın gördüyü güzel işlerin çekimi için giderim, kendisiyle güzel bir program yapmaqdan şeref duyarım! Bravo! Çok yetenekli hanımefendi... Nasıl da hoş, pozitiv bir enerjisi var. Müdhiş bir hatun!” – deyə sonsuz bir rəğbətlə münasibət bildirdi əziz Fulya... Beləcə Vəsilə xanımın özünün xəbəri belə olmadan Ondan minlərlə kilometr uzaqlarda haqqında danışırıq, gördüyü işləri alqışlayır, təqdir edirik... İnsan üçün özü olmadığı yerlərdə əməllərinin təqdirəlayiq dəyərləndirilməsindən daha uca ad nə ola bilər ki?!...
İnsan ana-atasına, valideyninə necə övlad olursa, cəmiyyət üçün o cür vətəndaş,  o cür də şəxsiyyət olur. Ailəsini uca tutan və qorumağı bacaran insan mənim dünyamda dəyərli olduğu qədər həm də bütövlükdə dəyərdir... Vəsilə xanım kimi İnsanlar sözün həqiqi mənasında, cəmiyyətimiz üçün bir dəyərdir...
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...
- sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərlim Vəsilə xanım! Saysız-hesabsız evlərdə xeyirxah əllərinizin  işıqlı izi var. Yaxşılıqlara körpü salan əllərinizdən öpürəm!
Yaxşı ki varsınız,Vəsilə  xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı...
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Vəsilə xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir. Yorulmaq bilmədən insanların xidmətində, insanlığın keşiyində dayanır...
Vicdanlı vətəndaş və ziyalı xanım olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi,ki bunu da hamı bacarmır... Hər kəsin sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə çox böyük ucalıqdasınız, Vəsilə xanım!
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi vicdanlı, dürüst, zəhmətkeş, peşəsinə vurğun, dəyanətli, ailəcanlı, övladcanlı, ocağına, evinə bağlı, pak qəlbli, səmimi, gözəl əxlaqlı, böyük ürəkli, fədakar insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, heysiyyətini, peşə vicdanını beş paraya dəyişənlərin meydan suladığı bir dünyanın tən ortasında Sizin kimi öz təmiz dünyasını, sadəliyini, səmimiyyətini özünün, sözünün, işinin, ailəsinin və adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın...) varlığını bilmək adama təsəlli olur. Düşünürsən ki, bu torpaq Vəsilə xanım Çapay qızı Abulova ləyaqətdə ər qeyrətli qadını, belə qutsal və uca İnsanı yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...
Xəyalə Zərrabqızı
filologiya elmləri üzrə fəlsəfə doktoru

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum