AZERBAYCAN CUMHURBAŞKANI İLHAM ALİYEV'İN ANNESİ ZARİFE ALİYEVA'NIN ANIM GÜNÜ

Xuraman Muradova: "Gözlərə Nur bəxş edən, ömürlərə sevinc, könüllərə şəfa olan Zərifə Xanım Əliyevanı sayğılarla anırıq!"

AZERBAYCAN CUMHURBAŞKANI İLHAM ALİYEV'İN ANNESİ ZARİFE ALİYEVA'NIN ANIM GÜNÜ
28 Nisan 2024 - 10:37 - Güncelleme: 28 Nisan 2024 - 10:45

Bu gözəl bahar günü - aprelin 28-də cahanın nəqşi olan Naxçıvanın dilbər guşələrindən olan Şahtaxtı kəndində Leyla xanım Əliyeva ilə görkəmli professor Əziz Əliyevin ocağında bir qız övladı həyata göz açır - adını Zərifə qoyurlar. Uca Yaradan taleyini elə yazır ki, baharda dünyaya göz açan Zərifə xanım bütün ömrü boyunca ömürlərə bahar sevinci,  gözlərə nur, könüllərə şəfa bəxş edir. Azərbaycan Oftolmologiya Elminin inkişafında müstəsna xidmətləri olan  böyük oftolmoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik səviyyəsinə yüksələn Zərifə xanım Əliyeva – Türk dünyasına İlham Əliyev kimi Müzəffər Ali Baş Komandan bəxş edən şərəfli və müqəddəs Ana kimi adını tarixə yazır. 
Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də gözlərimiz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.
Ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları insanı riqqətə gətirəcək qədər təsirlidir. Zərifə xanım Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi.
Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı. Doğulub boya-başa çatdığı mühitin onun taleyində həlledici rolu olub. Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev həm rektor, həm də nazir kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir.
Həmin dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq lazım idi. Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu.
Görkəmli alim sonra fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların da müəllifi olub. Onların arasında “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri”, “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” əsərləri xüsusi yer tutur. Alimin göz yaşı xəstəliklərinə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Təsadüfi deyildi ki, Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o özündən sonra dəyərli məktəb qoymuşdu.
Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Görkəmli alim N.Puçkovskaya yazır ki, Zərifə Əliyevanın fəal təşkilatçısı olduğu qurultaylarının birində nümayəndələrdən birinin ayağının sındığını və onun müalicəsinə Zərifə xanımın necə can yandırdığını yaxşı xatırlayır: “O, hər gün xəstəxanaya gəlir, xəstənin halına qəlbən yanır, hətta lazım olan şeyləri öz evindən gətirirdi ki, müalicəyə xeyri dəysin. Zərifə xanım xəstəyə bir-iki gün deyil, bütün müalicə müddətində hər gün baş çəkdi”.
1979-cu ildə Oftolmoloqlar Cəmiyyətinin Moskvada keçirilmiş iclasında Zərifə xanımın möhtəşəm çıxışı haqqında həmin illərin mətbuatında çox yazılıb. Zərifə Əliyeva peşəkar bir natiq kimi həkimin mənəvi tərbiyəsi, dövrün ən müasir tibb etikası və mənəviyyatı ilə bağlı maraqlı məruzə ilə çıxış edib. Zərifə xanımın çıxışı o qədər yüksək səviyyədə qarşılanıb ki, çıxış etdikdən sonra Sovet oftolmologiyasının patriarxı sayılan, məşhur oftalmoloq M.M.Krasnov Zərif xanıma yaxınlaşaraq qarşısında baş əyib, onun əlini öpüb: “Mənim sadəcə sözüm yoxdur. Sizə heyranam!” deyib. 
Rusiyalı məşhur oftalmoloq, tibb elmləri doktoru, professor Z.M.Skripçenko Zərifə xanım Əliyeva haqqında xatirələrində onu “Qoruyucu Mələk” adlandırır: “Bir dəfə Zərifə xanımla birlikdə həmkarlarımızın evində qonaq idik. O, yüksək intellektli adamların əhatəsində öz cəlbedici sadəliyi və həyat eşqi ilə seçilirdi. Siz təsəvvür edirsinizmi, bir həkim fortepianoda musiqiyə xüsusi rənglər verərək populyar melodiyalar, ritmik rəqslər ifa edirdi. O, həm də peşəkar pianoçu idi.
Onun saf məhəbbəti ömür-gün yoldaşına, ümummilli liderimiz Heydər Əliyevə də güc verirdi. Zərifə xanım ömrünün axırına qədər həyat yoldaşına ləyaqətli ömür-gün yoldaşı, arxa-dayaq olub. Vəfatından uzun illər keçsə də, Heydər Əliyev hər dəfə onun adını çəkəndə, onunla bağlı danışanda kövrəlir, göz yaşlarını boğa bilmirdi. Bir qadının qiymətini bundan artıq necə ifadə etmək olar ki?
    Ulu Öndər Heydər Əliyev həmişə Zərifə xanımı kövrək duyğularla xatırlayardı. Bir dəfə müsahibələrinin birində demişdi ki: “Zərifə xanım çox böyük alim idi. Mən hələ onunla həyat quranda o artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti bütün dünya tibb elminə məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə bir insan idi. Tayı-bərabəri olmayan ana idi. Ailəmizin bu günə gəlib çatması, ailəmizin ayaq üstə dayanması, övladlarımın düzgün tərbiyəsi və həyatımdakı əvəzsiz rolu üçün mən Zərifə xanımın müqəddəs ruhu qarşısında baş əyirəm. İllər keçsə də, onu bir dəqiqə belə unutmamışam və unutmaram da. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Zərifə xanım onlara həm ana, həm həyat müəllimi olub.”
Cənab Prezidentimiz İlham Əliyev isə həmişə Zərifə xanımın fədakarlığından, şəfqətli ürəyindən heyranlıqla danışır: Anam Atamın yalnız ömür-gün yoldaşı deyildi, Anam bütün işlərdə Atama arxa-dayaq olardı. Anam hər qərarında atamı dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mehriban münasibət özü bizi tərbiyə edirdi. 1970-ci illərdə Atam Azərbaycana birinci katib təyin olunmuşdu və ölkənin birinci şəxsinin həyat yoldaşı kimi anamın yüksək imtiyazları ola bilərdi. Amma Anam o qədər sadə qadın idi ki, heç zaman büruzə vermirdi ki, o, Heydər Əliyevin – Birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olardı. Anam çox təvazökar idi. Onun yanına şəfa tapmaq üçün gələnin də, ayrı sosial qayğıları olan adamların da ümid yeri idi Anam… Hətta heç tanımadığı adamlar belə ona müraciət edəndə Anam onların hamısına kömək etmək, əl tutmaq üçün can atırdı. O, həmişə insanlığa kömək etmək, cəmiyyət üçün faydalı insan olmaq arzuları ilə yaşayırdı və əməlində də bunu həyata keçirirdi. 
Anam çox hərtərəfli istedadlı qadın idi. Yalnız öz sahəsini yox, musiqi sahəsini də sevərdi. İstənilən melodiyanı notlara baxmadan xüsusi məharətlə pianoda ifa edərdi. Evimizin şənliyi idi Anam. Teatrı çox sevərdi.  Bizi demək olar ki, nümayiş olunan bütün tamaşalara aparardı. Mən çox xoşbəxt övladam ki, Zərifə xanım kimi Anam olub. Əfsuslar olsun ki, o bu həyatdan tez köçdü… Yaşasaydı, Azərbaycan üçün daha böyükmiqyaslı işlər görəcəkdi…”
    Cənab prezidentimizin əziz Anası haqqında bu fikirlərini qələmə aldıqca kövrək duyğularla bərabər həm də içimi qürur hiss bürüyür… Ürəkdən inanıram ki, Zərifə Xanımın uca ruhu bu gün bizimlədir.  Tanrı qatında yeri uca, məqamı behişt, ruhu şad olsun! Ruhunun İşığı bir Ana xeyir-duası kimi daim Ali Baş Komandanımızın və bu xalqın başı üzərində, əziz xatirəsi isə həmişə qəlbimizdədir. Zərifə Xanım bu millətə təkcə itirilmiş torpaqlarını namərd düşmən tapdağından  azad edən Sərkərdə yox, ucaltdığı bayraq kimi bütün Türk millətinin qeyrətini, ləyaqətini ucaldan Ər qeyrətli Oğul, Müzəffər Ali Baş Komandan ərməğan edib. Dünya durduqca Var olsun! Tanrı Prezidentimizi – Türk dünyasının Müzəffər Ali Baş Komandanını qorusun! Tanrı Türk Dünyamızı qorusun! 

Xuraman Muradova
Türk Dünyası Araşdırmaları 
Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,
Türk dünyası “Onur” və “Altın yıldız” medallı,
Humay Milli Mükafatı laureatı
Azərbaycan və Türkiyə Yazarlar Birliyinin üzvü

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum