Azərbaycan Edəbiyyatının Muğannası

Azərbaycan Edəbiyyatının Muğannası
13 Haziran 2023 - 17:19
                                 
Azərbaycan ədəbiyyatının Muğannası

Azərbaycanın Xalq yazıçısı, ssenarist və kinoredaktor, Azərbaycan Xalq yazıçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi İsa Mustafa oğlu Hüseynovun (İsa Muğannanın) bu gün anadan olduğu gündür.
İsa Mustafa oğlu Hüseynov  (İsa Muğanna) 12 iyun 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa Hüseynov məktəb müəllimi olub.
Orta məktəbi Muğanlı kəndində bitirdikdən sonra 1945-ci ildə Nəriman Nərimanov adına Tibb Universitetinə daxil olsa da 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Sonralar Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri olmuşdur.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən ədəbi kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının "Ən yaxşı tarixi-inqilabi film" mükafatını almışdır.
Azərbaycanda, daha sonra Azərbaycanın sərhədlərindən kənarda əvvəlcə İsa Hüseynov, XX əsrin səksəninci illərindən
isə İsa Muğanna kimi tanınan yazıçının yaradıcılığını izləyənlər, tədqiq edənlər yazıçının əsərləri haqqında yazılarında İsa Hüseynovun böyük bir ədəbi nəsli tərbiyə etdiyini, oxucu zövqünü formalaşdırdığını xüsusi qeyd edirlər. Onun əsərləri iki məziyyəti ilə - lirizmə meyl və səm­imiyyəti ilə seçilirdi. Hər iki keyfiyyətin əsasında yazıçının insana, onun hissiyyat və fikir aləminə qarşı həssaslığı idi.
İsa Hüseynovun ilk hekayə və povest kitabları onu lirik nəsrin istedadlı nümayəndəsi kimi tanıtdı. Belə nəsrin ilk nü­mu­nə­lə­rini hələ müharibədən əvvəl İlyas Əfəndiyev və Ənvər Məm­məd­xanlı yaratmışdı. Onlar adətən lirik, sentimental, gənclik hiss­lə­ri ilə bağlı süjetləri daha çox qələmə alırdılar. İsa Hüseynovda isə insan hissiyyatlarının əhatəli təsviri kolxoz həyatı və əmək ba­rə­də süjetlərdə verilirdi. Bu, nəsrimizdə lirik istiqamətin, ilk növ­bə­də, mövzu və material baxımından zənginləşməsi idi.

1960-cı ildə İsa Hüseynovun «Yanar ürək» povesti onun di­gər əsərləri ilə birgə kitab şəklində çap olundu və yazıçının ciddi ya­ra­dıcılıq inkişafından xəbər verdi. Burada artıq əmək mövzusu yox idi, üstəlik əsərdə lirik nəsr üçün əsas mövzu olan məhəbbət xətti aparıcı idi.
Bu illərdə İsa Hüseynov Azərbaycan yazıçılarının rus dilində əsərlərini çap edən «Literaturnıy Azerbaydjan» jurnalında nəsr şöbəsinin müdiri (
1960-1964), vəzifəsində işləmişdir. 

İsa Hüseynov kino sahəsində də çalışaraq milli kinomuzun inkişafına böyük töhfələr vermişdir. Onun ssenariləri  Azərbaycan gerçəkliyini kinoya gətirmək baxımından çox uğurlu olmuş və yüksək bədii keyfiyyətləri, kinonun spesifikasına yüksək bələdliyi ilə seçilmişdir. Ədibin ssenariləri əsasında çəkilmiş «26 Bakı komissarları», «Ulduzlar sönmür», «Nəsimi» kimi filmlər kinomuzun klassik nümunələrinə çevrilmişdir.
 1964-1968-ci illərdə Kinostudiyada baş redaktor vəzifəsində çalışan yazıçı 1968-1974-cü illərdə Cəfər Cabbarli adına Kinostudiyada ştatdankənar redaktor,  1979-cu ildən isə Azərbaycan Kinomatoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışmışdır.
Kino sahəsində onun ilk uğurlu işi Bakı komissarlarına həsr olunmuş ssenarisi idi.
Həmin işlə İsa Hüseynovun tarixi-bioqrafik mövzu ustası olduğu meydana çıxdı. Ədib özünə, qələminə tənqidi yanaşan, tələbkar bir insan olduğu üçün 26-lar barədə filmin ssenarisini yazarkən tarixi materialları dərindən öyrənmiş və partiyalı mövzunu xalqın nöqteyi-nəzərindən işləyə bilmişdi. Bu filmin əsas uğuru orada Azərbaycan xalqının 1918-ci ildə yaşadığı faciələrin dərindən, faktlar əsasında açılıb göstərilməsi idi. Erməni-rus təcavüzünə məruz qalan, qırılan, təbii sərvətləri əlindən alınan hüquqsuz, savadsız xalq obrazı filmin əsas qəhrəmanı kimi səslənmişdi. Düzdür, əsərdə o dövrün tələblərinə uyğun olaraq, Bakı Komissarlarının da obrazları var idi. Lakin bunlar yazıçı tərəfindən doğma xalqımızın taleyi prizmasından verilmişdi.
«26 Bakı Komissarları» filmi İsa Hüseynovun tarixi mövzularda işləmək, sənədlər əsasında bədii filmlərin ssenarisini yaratmaq istedadını ortaya qoydu. Sonralar ona böyük dövlət xadimi 
Nəriman Nərimanovun həyat və fəaliyyətindən bəhs edən «Ulduzlar sönmür» bədii filminin ssenarisini yazmağı tapşırdılar. Yazıçı artıq həmin dövrü gözəl öyrənmişdi, ona görə Nəriman Nərimanovun bioqrafiyasını əks edən bədii film də onun ssenarisi əsasında uğurlu çıxdı. Filmdə Nəriman Nərimanov obrazının əsas cəhəti onun maarifçi bir xalqçı olması idi. Burada milli tərəqqi ideyası Nərimanın əsas amalı kimi verilir.
İsa Hüseynovun tarixi mövzuda yazdığı üçüncü ssenari böyük şairimiz, mürtəcelər tərəfindən XV əsrdə
amansızca qətlə yetirilmiş mütəfəkkir İmaməddin Nəsimiyə həsr edilmişdir. XIV əsr hadisələrini əks etdirən bu ssenarini yazmaq üçün yazıçı böyük fədakarlıqla külli miqdarda tarixi faktları və materialları araşdırmışdır. «Nəsimi» ssenarisi iki hissəli idi. Bu monumental əsərin əsas uğuru yazıçının Nəsimi bioqrafiyasında xalqımızın taleyi barədə bəhs açması idi. Ona görə ssenaridə hadisələr XIV əsrin sonu, XV əsrin əvvəllərində Azərbaycanda gedən siyasi hadisələrin - Teymur istilalarının qanlı konteksti fonunda qələmə alınmışdır.
Ssenarini yazarkən topladığı materiallar əsasında sonradan yazıçı Nəsimiyə həsr olunmuş «Məhşər» romanını yazdı. Roman 
1979-cu ildə kütləvi tirajla çapdan çıxdı. Bu roman yazıçının yaradıcılığının yeni mərhələsi idi. Burada İsa Hüseynovun lirik üslubundan çox az əlamət qalmışdı. Bunun bir sıra mürəkkəb, yazıçının yaradıcı inkişafı ilə bağlı səbəbləri var idi.
Nəsimi haqda əsərin roman variantında iki yeni cəhət özünü büruzə verirdi. Bunlardan biri Azərbaycan xalqının ictimai və dini fikir tarixi məsələsi idi. Yazıçı bu yöndə ənənəvi elmdən fərqli olan şəxsi konsepsiyasını irəli sürür. Bu konsepsiyaya görə, yazıçı qədim azərbaycanlıların ilk dini kitabların yaradılmasındakı rolunu və iştirakını əsaslandırmaq istəyir.
«Məhşər» romanındakı ikinci motiv yazıçının qədim fəlsəfi məktəblərə, dini fəlsəfəyə dərin marağı idi. Bu maraq əsasında yazıçı çox maraqlı və eyni zamanda, mürəkkəb və ziddiyyətli fəlsəfi görüşlərin şərhinə gəlib çıxmışdı. İsa Hüseynov Nəsiminin mənsub olduğu hürufilik təriqətini dərindən öyrənmiş və onun yaranmasında azərbaycanlı mütəfəkkirlərin rolunu aşkarlamağa çalışmışdır.

1985-ci ildə İsa Hüseynovun tarixi və müasir düşüncələrini vəhdətdə  birləşdirən «İdeal» romanı çapdan çıxmışdır. Bu romanı yazıçı özünə götürdüyü yeni təxəllüslə - Muğanna imzası ilə çap etdirmişdir. «İdeal» romanı daha bir cəhəti nümayiş etdirirdi: tarixi mövzulara keçəndən yazıçı lirik-psixoloji nəsrdən tamam uzaqlaşıb. İndi onun nəsr dili 60-cı illərdə olduğundan köklü şəkildə fərqlənirdi.
Lakin yazıçının lirik üslubdan uzaqlaşması təsadüfi deyildi: bu, onun ssenarilər yazarkən sənədli nəsr prinsiplərinə keçməsindən irəli gəlirdi.
Nəzərə çatdıraq ki, İsa Hüseynov lirik nəsrdən uzaqlaşsa da, 60-cı illər ədəbiyyatında məhz bu nəsr cərəyanının rəhbərlərindən biri olaraq ədəbiyyat tariximizə daxil olmuşdur.

Ədibin 1958-ci ildə qələmə aldığı  «Yanar ürək» povesti uğur qazanmışdı. 1941-1945-ci illər Vətən müharibəsinin Azərbaycanda arxa cəbhə həyatını təsvir edən «Tütək səsi», «Teleqram» və «Saz» povestlərində yazıçı doğma kəndində yaşayan insanlara, onların müharibə vaxtı keçirdikləri ağır, çətin həyata müraciət etmiş, bu əsərləri də böyük oxucu məhəbbəti qazanmışdır.
İsa Hüseynovun 20-dən çox kitabı çap olunmuşdur:

1953-cü ildə "Bizim qızlar (pyes)", 1955-ci ildə
"Dan ulduzu (pyes)", 
1957-ci ildə "Hekayələr", 1960-cı ildə "Yanar ürək (pyes)", 1962-ci ildə "Doğma və yad adamlar (roman)", 1963-cü ildə "Teleqram (povest)", 1965-ci ildə "Yanar ürək (roman)", 1965-ci ildə "Tütək səsi" (pyes və hekayələr)", 1967-ci ildə "Pyeslər", 1969-cu ildə "Kollu koxa (pyes və hekayələr)", 1971-ci ildə "Ömrümdə izlər", 1971-ci ildə "Saz (pyeslər)", 1972-ci ildə "Seçilmiş əsərləri (roman və pyeslər)", 1979-cu ildə "Yanar ürək, Doğma və yad adamlar", 1979-cu ildə "Məhşər (roman)", 1985-ci ildə "İdeal (roman)", 2009-cu ildə "Türfə (roman)", 2013-cü ildə "Qəbiristan (roman)", 2013-cü ildə  "Cəhənnəm (roman)", "GurÜn (roman)", "İsahəq-Musahəq (roman)" və "İlan dərəsi (povestlər)" kitabları nəşr olunmuşdur.
Böyük yazıçının sənədləri özü tərəfindən ilk dəfə arxivə 
1966-cı ildə verilib. Hazırda isə demək olar ki, bütünlüklə şəxsi arxivi dövlət mühafizəsinə qəbul edilmişdir. Sənədlərin əsasını əlyazmalar, tərcümeyi-hal sənədləri, məktublar, təsviri sənədlər və s. təşkil edir.
Yazıçının yaradıcı fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.

 Ədib fəaliyyəti dövrundə aşağıdakı mükafatlara layiq görülmüşdür:
1976-cı ildə "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adına, yenə həmin il "Qırğızıstan Yazıçılar İttifaqı" diplom və prizinə, 1978-ci ildə "Şərəf nişanı" ordeninə, 1988-ci ildə "Azərbaycan Xalq yazıçısı" fəxri adı, 1998-ci ildə "İstiqlal" ordeninə, 2021-ci ildə isə "Nəsimi" mükafatına layiq görülmüşdür.
İsa Hüseynov (İsa Muğanna) 1 aprel 
2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə böyük ədibin 90 illik yubileyi Azərbaycan Dövlət Filarmoniyasında təntənəli şəkildə qeyd edilib, eyni zamanda ədibin doğma yurdu olan Ağstafa rayonunda da rayon rəhbərliyinin təşkilatçılığı ilə çox yüksək səviyyədə yubiley tədbiri keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) əməkdaşı Aynurə ƏLİYEVA


 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum