Ucalığın mübarək, Atam balası!

Dr. Hayale Zerrabkızı Azerbaycan Silahlı Küvvetlerinin teğmeni, Vatan Savaşında büyük kahramanlıkla şehadete eren, Karabağın azatlığı, Vatanın bütövlüğü yolunda canını kurban eden değerli kardeşimiz Emin Reşadet oğlu Sadıkovun savaşda gösterdiği iğitlik ve fedakarlıklardan yazdı. Ruhu şad olsun!  

Ucalığın mübarək, Atam balası!
13 Haziran 2023 - 20:28
Ucalığın mübarək, Atam balası!

Ötən ay Atam Zərrab Əfəndiyev Milli qeyrət və ləyaqət simvolumuz olan general Polad Həşimovun anası Səmayə xanımla görüşübmüş. Bir neçə gün öncə Səmayə Ana ilə söhbətimiz əsnasında həmin görüşü xatırlayan Səmayə Ana gözlərində yaş gilələnərək söylədi ki: Qızım, Atan mənimlə görüşəndə dedi ki: “Ana, Siz bizim başımızın tacısınız!”  Bunu dedi, qəhər boğazında düyünləndi Atanın, gözləri doldu...
Səmayə Ana danışdıqca beynimdə bir-bir səhifələdim ki, Atam hər şəhid Anası görəndə boğazı qəhərdən düyünlənib, işlədiyi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollektivi ilə Naxçıvan Hava limanında bayrağa bükülmüş hər oğulun nəşini qarşılayanda, onları Ana torpağa əmanət edəndə içinə axıdıb göz yaşlarını. Hər şəhid oğulu öz köynəyindən keçən doğma balası bilib, ən əzizi, canının parçası kimi yanıb hər birinin yarımçıq taleyinə, yarım qalan arzularına...
Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Emin Rəşadət oğlu Sadıqovu da elə Atamın söhbətlərindən tanımışam. Evimizdə Eminin hər adı çəkiləndə onun nakam ömrünə böyük ürək ağrısı ilə köks ötürən Atam Eminin bizim ata yurdumuz Qazax rayonundan başlayıb Vətən müharibəsində şəhadətə ucalan tale yolunu gözləri dola-dola danışıb mənə. Eminin anası Gülşad xanımla yaxın münasibətləri olan Anam Dürdanə xanım Emin şəhadətə ucaldığı gündən Eminin hərbi formada olan şəklini ən əziz əmanət kimi qoruyub saxlayır evimizdə... 
***
Hər hansı bir zaman kəsiyində bir millətin şərəfini qoruyan insanlar - həmin millətin tarixini yaradanlardır. Belə insanlar cəsarət simvoluna çevrilir, onların yaşamı və ölümü millətin ruhuna, yaddaşına həmişəlik həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan o azadlığı canından və sahib olduğu bütün dəyərlərdən uca tuta. Polad Həşimov, İlqar Mirzəyev, Mübariz İbrahimov, Anar Novruzov, Namiq Əhmədov, İlqar Zeynallı, Azər Yusifli… Emin Sadiqov məhz belə qəhrəman oğullardır. Vətənin azadlığı uğrunda mübarizədə xalqının döyünən ürəyi olan, Şəhidlik zirvəsinə ucalmaqla millətin qəlbində ölümsüzləşən igidlər... Vətənin bütövlüyü uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımızın hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarixdir...
***
... Mənim balamın nişanı da, toyu da ucaltdığı Azərbaycan bayrağıdır!
Oğlu Vətən uğrunda şəhid olan bir Ananın bu sözləri deməsi üçün nə böyüklükdə ürəyi olmalıdır, İlahi? - Şəhid anasının dilindən bu sözləri eşidəndə həyat bir loxma quru çörək kimi boğazımda düyünlənir...
İndi bildinizmi, VƏTƏNə nə üçün ANA deyirik?
30 illik işğala, zülmə son qoyan övladları dünyaya Vətən - Analar, Ana - Vətənlər gətirib. Emini dünyaya gətirən Nur üzlü Gülşad Anamız kimi...
Emin Rəşadət oğlu Sadiqov – Vətən müharibəsi şəhidi… Azərbaycan Silahlı Qüvvələrinin leytenantı… 1998-ci il iyulun 21-də Şahbuz rayonunun Şahbuz kəndində anadan olmuşdur. İlk təhsilini 2004-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbində almışdır. 2008-2010-cu illərdə Naxçıvan şəhər 7 nömrəli məktəbdə təhsil almış, daha sonra yenidən Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2015-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmişdir.
2009-cu ildə atası Rəşadət Arif oğlu Sadiqov vəfat edəndə körpə Emin 10 yaşında taleyin amansız sınağı ilə üzləşir. Anası Gülşad xanım Rüstəmova o gündən Eminə həm ana, həm ata olur. Ailənin tək övladı olan Emin anasına körpə yaşlarından elə dayaq olur ki, ana-bala bir-birinin varlığına tutunub həyata davam edirlər.
Rəhmətlik atası Rəşadət bəyin ən böyük arzusu Emini hərbçi görmək imiş, bəzən ata-bala gəzinti zamanı yollarını Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin qarşısından salar, bir növ kənardan da olsa, Emini gələcək məktəbiylə tanış edərmiş. Dost-tanışla söhbətində rəhmətlik atası qürurla “Gözümün ağı-qarası olan bircə oğlumun böyüyəndə hərbi liseydə oxumasını istəyirəm, Emin balam hərbçi kimi yetişib torpaqlarımızın keşiyində mətinliklə dayanacaq, atasının, anasının fəxri olacaq”, - söyləyərmiş...
Atasının vaxtsız vəfatı 10 yaşlı Emini həyatda daha əzmli yürüməyə, mübariz bir ruha, məğrur bir iradəyə köklənməyə sövq edir. Gözünün ağı-qarası tək övladını – ciyərparəsini min bir zəhmətiylə qazandığı halal əmək haqqı, alın təri ilə yoğurduğu çörəklə böyüdür Gülşad xanım. Ömrünün gənclik illərində öz varlığını, taleyini unudub Eminin ömrünü bəzəməklə övladının xoşbəxt taleyi, firavan həyatı fonunda mənəvi rahatlıq tapmağa çalışır… Gülşad xanım çöldə kişi olur, evdə qadın... Emini qanadlarının altına elə alır ki, Emin ata yoxluğu hiss etmir, həm Ata olur oğluna, həm Ana... Bu həyatda Ana olmaq ən çətin peşədir, çünki şəxsiyyət yetişdirirsən. Bu mənada, Gülşad xanımın Emin kimi milli məfkurəyə sahib, əqidəli, dönməz, cəsur və sağlam təfəkkürlü övlad yetirməsi onun valideyn kimi peşəsinin öhdəsindən necə şərəflə gəldiyinin göstəricisidir.
2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən Emin Sadiqov Qazax rayonuna təyinat alaraq burada Milli Ordunun zabiti kimi ilk peşə fəaliyyətinə başlayır.
Azərbaycan Ali Hərbi Məktəbini bitirən Emin Sadiqov Qazax rayonuna təyinat alaraq burada Milli Ordunun zabiti kimi ilk peşə fəaliyyətinə başlayır.
Emin Qazaxda işə başlayandan Anam Dürdanə xanım  Gülşad Ana ilə tez- tez əlaqə saxlayar, dini-imanı, sirdaşı -yarı- yoldaşı Emin olan, yaşamaq eşqini, bütün mehri-məhəbbətini Eminə bağlayan Gülşad xanıma  həmsöhbət, həmdəm olmağa çalışarmış. Elə bu minvalla, Anamla Gülşad xanımın söhbətlərindən, ailəmizin əzizi, Emingilin də yaxın qohumu  Hacı Teymur əminin danışıqlarından Atam Eminin Qazax rayonu N saylı hərbi hissədə zabit kimi xidmətə başladığını və Anasının nigarançılığını öyrənir. Eminin Gülşad xanımın gözünün ağı-qarası yeganə övladı olması, atasız böyüməsi, anasının yeganə pənah yerinin, evinin tək  çırağının Emin olması...  Atamı çox düşündürür.  Atam daxilən necə narahatlıq keçirirsə, ehtiyatda olan zabit dostu polkovnik Məzahir Əliyevə telefon açaraq vəziyyəti ətraflı ona danışır. Sanki ilahi bir diqtə Atamı içində, fikirlərində rahat buraxmır. Polkovnik Məzahir Əliyev Eminin ailə vəziyyətini dönə-dönə  vurğulayan Atamın nigarançılığını çox həssaslıqla qarşılayır, birbaşa Qazax rayon N saylı hərbi hissəyə gedərək hərbi hissənin rəhbərliyi ilə görüşür və Emin haqqında bütün məsələləri ətraflı danışır.
Atamın ürəyini, fikrini, düşüncələrini tarimar edən o idi ki, Gülşad ananın tək ümid yeri, tək sığınacağının Emin olması  Hərbi Hissə rəhbərliyinə çatdırılsın, Onlar xidmət zamanı Eminə qarşı münasibətdə daha həssas yanaşsınlar.
Polkovnik Məzahir Əliyev hərbi hissə komandiri ilə görüşüb zabit kimi yeni xidmətə başlayan Emin Sadiqovun ailəsi haqqında geniş məruzə edir.

Övladının həsrəti, ailəsinin tək çırağı olan Eminin ocağından uzaqlığı Gülşad Ananı narahat etsə də, Emin hər telefon danışığında anasına böyük təskinlik və ruh yüksəkliyi ilə rahat olmasını rica edir. Deyir ki, Ana, nigaran olma, məni pozisiya bölgəsinə buraxmırlar. Hər dəfə israrla getmək istəyimi bildirəndə mənə deyirlər ki, "Sən Ananın tək övladısan!".
Müharibə başlamamışdan 5-6 ay öncə telefon görüşmələrində Emin Gülşad Anaya deyir ki: “Ana, sən tibb bacısısan. Birdən işlədiyin binanın qabağına gəlib desələr ki, müharibə başlayıb, çoxlu sayda yaralılarımız var. Bizə iyirmi tibb bacısının köməyinə ehtiyacımız var, -desələr, nə edərsən?” Gülşad Ana Eminin bu sualına bir an belə tərəddüd etmədən deyir: “Emin, birinci mən özüm gedərəm!”. Ananın bu cavabı, bu canıyananlığı Emini elə ürəkdən sevindirir ki, “Mənim Anam da elə bu cavabı verməliydi!” – deyir. Bəlkə də, o sorğusu ilə Emin Anasından halallıq almaq istəyirmiş…
Vətən müharibəsi başlayanda Emin dəfələrlə müraciət etsə də, ailənin tək övladı, anasının tək dayağı olduğu üçün Rəhbərliyin xüsusi göstərişi ilə onu ön cəbhəyə döyüş bölgəsinə buraxmaq istəmirlər. Amma Eminin təkidli israrı onu qorumaq üçün niyyətlənən bütün qadağaları aşıb keçir.
Eminin qarşısında 2 seçim olur. Həyatda yeganə varlığı və hər kəsdən çox sevdiyi anası, bir də canından belə üstün tutduğu Vətəni. O, təbii ki, Vətəni qorumağı özünə borc bilir. Anasından halallıq aldıqdan sonra vəzifə borcunu yerinə yetirmək üçün könüllü olaraq cəbhəyə yollanır. Müharibənin ilk günlərindən Füzuli rayonundan başlayan müqəddəs bir yola çıxır. Böyük qələbə əzmi ilə Haqq savaşımıza qatılan Emin döyüşlərdə dəfələrlə yaralanmağına baxmayaraq, özü-özünə ağrıkəsicilər vuraraq rəşadətlə sona kimi mübarizə aparır. Mənfur düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir, Füzuli, Hadrut, Suqovuşan və bir neçə yaşayış məntəqələrinin azad edilməsində əsl şücaət göstərir. Oktyabrın 26-da Füzulinin Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə komandiri Şəhid baş leytenant Rauf Əsgərovun yaralandığını görüb ona kömək etmək istərkən düşmənin yaxın məsafədən açdığı güllələrdən ürəyindən yaralanır, son nəfəsində “Ana!” “Vətən!” deyə-deyə şəhidlik zirvəsinə ucalır. Müqəddəs nəşi doğma torpağa gətirilərək, 2020-ci il oktyabrın 30-da anadan olduğu Şahbuzkənd məzarlığında torpağa tapşırılır.
Yaşadıqlarımız bizi nə qədər ağrıtsa da, bunlar tarixdir, bunları yazmaq vəfa borcumuzdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş leytenant Sadiqov Emin Rəşadət oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirməsinə görə Prezident İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalı, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 5 noyabr tarixli Sərəncamına əsasən Leytenant Emin Sadiqov ölümündən sonra “Rəşadət” ordeni ilə təltif olunur.
***
Bu gün Şahbuz rayon Şahbuz kənd məzarlığında vüqarla dalğalanan Azərbaycan bayrağının kölgəsində vüqarlı bir oğul uyuyur...
İndi təkcə Gülşad Ananın deyil, Vətən boyda Anamızın oğludu Emin!...
Bu ana torpağın köksündəki ən doğma, ən əziz, müqəddəs ünvanlardan biridir Emin!
Azad Qarabağın aydın səmasında ucalan bayraqdı, Emin!
Minlərlə soydaşımızın qutsal and yeri, məbədi, piridi, Emin!
Gülşad Ananın qoşa qanadı, əlinin qabarı, alnının təridi, Emin!…
Cismi torpağın bağrında olsa da, könlümüzdə hər daim diridi, Emin!…
****
3 ildir Gülşad ananın evində, ocağında, obasında Emin adı nisgilə dönüb…
3 ildir Gülşad ananın “Oğul!” deyən dili hicran odunda kösöv olub…
3 ildir O uca Qadının qanadları qırılıb, daha uça bilmir…
Uçmaq nədi, yaşamaqdan ötrü birtəhər tutunur həyata…
Vətən deyə-deyə Vətən olan övladının həsrətinə, bir ananın içində qaysaq tutmayan, bağrının başında qübar eyləyən övlad yarasını heç nəylə sarımaq mümkün olmasa da, heç olmasa, bu gün Vətən yaramızı bayraqla sarıyıb Azərbaycan əsgəri!
Bu gün Eminin müqəddəs ruhu azad Qarabağın aydın səmasında bayraq kimi ucalır!
*****
25 sənə öncə Tanrıdan bir Nur parçası qopmuşdu…
Yaşasaydı bu sənə 25 yaşını tamamlayacaqdı…
Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, bu dünyaya ilahi ədaləti bərqərar etmək üçün göndərilənlərdən idi…
Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı…
Böyük bir dünya daşıyırdı içində… Özü ilə bərabər sirr kimi, səhifələri açılmamış kitab kimi əbədiyyətə apardı ürəyindəkiləri…
Hələ “Sevirəm!” deməyə macal tapmamışdı…
Hələ diplomunun mürəkkəbi qurumamışdı…
Ürəyinə sığmayan sevda dolu xəyalları Ali Məktəbdən məzun olduğu gün göyə atdığı akademik kep ilə bərabər göyün üzündə fırlanırdı hələ…
Dünya boyda ürəyində bir dünya arzuları vardı…
21 yaşında Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı…
Gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı…
Tanrıdan qopan o Nur parçası Ona qayıtdı…
Bu, Allahın Emin Rəşadət oğlu Sadiqov adına yazdığı ömrün ssenarisi idi… Bizə görə yarımçıq ola bilər, amma Tanrıdan ötrü tam və uca bir ömür idi…
Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…
Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi…
Emin bu gənc ömründə şərəflə yaşadı, mərdlik və ləyaqət örnəyi oldu, gəldiyi paklığında Haqqın dərgahına döndü… Gənc ömrünü Ucalan bayrağın və  Azadlığın ömrünə calayıb könüllərdə unudulmayan bir nəğməyə – dillərdə dastana döndü…
Haqq savaşının fədaisi kimi – müqəddəs cihadın şəhidi kimi üz tutdu Göylərə…
Tanrıdan qopan Nur parçası Tanrıya döndü… Ondan gələn Ona qayıtdı!…
Tanrı Dərgahında– Əbədiyyətdəki Doğuluşun, Mövludun, Ucalığın mübarək, Atam Balası!
Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru
 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum