12 avqust  Azərbaycanın  Xalq sairi  Qabilin anadan olduğu gündür

 12 avqust  Azərbaycanın  Xalq sairi  Qabilin anadan olduğu gündür
12 Ağustos 2023 - 21:28

12 avqust  Azərbaycanın  Xalq sairi  Qabilin anadan olduğu gündür

AYNURƏ ƏLİYEVA


Qabil Allahverdi oğlu İmamverdiyev (Qabil) (12 avqust, Bakı — 4 aprel 2007, Bakı) — Azərbaycan Respublikasının Xalq şairi (1992), Azərbaycan Yazıçılar İttifaqının üzvü (1949), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), "Şöhrət" ordenli (1996).
Q.İmamverdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində olan hazırlıq kursunda orta təhsil, 1944-1948-ci illərdə Universitetinin Dil və ədəbiyyat fakültəsində ali təhsil almışdır.  1954-1956-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur.
Müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktorun müavini (
1975-1976) vəzifələrində işləmişdir.



Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı çap edilmişdir. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır.
Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adı şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.
Onu hər zaman sevdirən şeirlərindən biri də “Səhv düşəndə yerimiz” adlanır. 
1969-cu ildə yazılan bu şeir zaman keçdikcə gündən-günə müasirləşib.
Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.
Heç bir vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən, nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.
Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.
Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.
Uzun illər Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.
Şairin mükafatları aşağıdakı kimi sıralamaq olar:
• Azərbaycan SSR Dövlət mükafatı — 
1976;
• "Əmək igidliyinə görə" medalı;
• Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 
1980;
• "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı — 
1984;
• "Azərbaycan Respublikasının Xalq şairi" fəxri adı — 
1992;
• "Şöhrət" ordeni — 
1996;
• "İstiqlal" ordeni — 
2006;
• Ədəbiyyat Fondunun Rəsul Rza mükafatı — 
1998.

Azərbaycan  Dövlət Pedaqoji Universitetinin əməkdaşı
AYNURƏ ƏLİYEVA

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum