Bugun...
ƏHMƏD BƏY AĞAOĞLUNUN “TANRI DAĞINDA” ƏSƏRİNDƏ TÜRKÇÜLÜK İDEYASI


Doç.Dr.Besire AZİZALİYEVA
besi.azizali@gmail.com
 
 

 

 

Bəsirə Əzizəliyeva

Dos.Dr. AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Bakı

ƏHMƏD BƏY AĞAOĞLUNUN “TANRI DAĞINDA” ƏSƏRİNDƏ TÜRKÇÜLÜK İDEYASI

Azərbaycan ədəbi-mədəni və ictimai fikir tarixində önəmli yer tutan görkəmli ziyalılarımızdan biri də Əhməd bəy Ağaoğlu (1869-1939) olmuşdur. Yüksək təhsil və zəngin dünyagörüşə məxsus ictimai xadimin yaradıcılığı çoxcəhətli və əhəmiyyətli problemlərin şərhi baxımından dikkat çəkir.

Milli ədəbi-bədii təfəkkürün dünya ədəbiyyatına inteqrasiyası və xarici mədəniyyətin milli dünyagörüşə transmissiyasının ən intensiv müşahidə olunduğu dövrün yazıçısı kimi Əhməd bəy Ağaoğlunu yaradıcılığında türklük və islam dəyərlərinə münasibət, milli fikrin inkişafında təhsilin rolu, Şərq və Qərb məsələsi, inteqrasiya və milli kimlik arasındakı balansı düzgün müəyyən etmək kimi əhəmiyyətli məsələlər ön plandadır.

 Ə.Ağaoğlunun “Tanrı dağında” əsəri türklük, şamanlıq, eləcə də təsəvvüf ideyalarını ifadəsi baxımından maraq kəsb edərək ədəbiyyat və mifologiyanın ortaq müstəvisində zəruri məsələləri ifadə edir. Müəllifin “Əski türk həyatından alınma bir olonxodan” adlandırdığı əsər türklük, türk kimliyi, türk xalqlarının keçmişi və müasir durumu məsələlərini obrazlı şəkildə, rəmzlərlə ifadə edən, türk tanrıçılğı simasında islam dəyərlərini də önəmsəyən kiçik həcmli və maraqlı bir əsərdir.

Əsərdə müəllifin təbirincə, “Tanrı aşiqinin” Tanrı dağına qalxması və türk tayfalarının şamanlarının maddi dünya və nəfsin hakim olduğu cismani dünyanın çirkablarından qurtulmaq üçün Tanrıya etdikləri dua mərasimləri təsvir olunmuşdur. Məlum olduğu kimi, samanizm insanların ən qədim dini inanclarının ifadəsidir. A.Şükurov yazır: “Şamanizim – qədim insanların dini praktikasında fərdi başlanğıcın inkişafı ilə əlaqədardır. Həmqəbilələrinin içərisində elə bir adam seçilirdi ki, o xüsusi mistik və okkult vergisiylə mükafatlandırılımış olsun. Həmin adam ekstazda (tarns) qabaqgörən, medimum (latınca medius – orta deməkdir) kimi ruhlarla allahlar arasında vasitəçi olmuşdur. Şamanlar dinin ilk professionalları hesab edilir” (Şükürov A. Qloballaşma, mif və tarix, Bakı, 2005). Türk şamanizminə müraciət isə əsərdə türk xalqlarının qədim tarixə və mədəniyyətə sahib olduqlarını göstərməyə xidmət edir.

Əsəri danışan “Tanrı aşıqi olan” təhkiyəçi və əslində müəllif obrazı yaşadığın əsrin mənəvi böhranından təmizlənmək və parçalanmış türk dünyasının xilas yolunu axtarmaq üçün keçmişə üz tutmuşdur. Alınan nəfəs və Tanrıdan gələn nur ilə aydınlanan ruhdan bəhs edən təsvirlər arasındakı hadisələr təhkiyəçiyə xilas yolunu göstərir. Əsərin əvvəlində Şaman “Yalnız Tanrı üçün çəkilən nəfəs içdən gəlir” deyə təhkiyəçini maddi və mənəvi tərəfləri ilə Tanrıya yaxınlaşmağa çağırır: “Tanrıya qovuşmağı qolaymı sanırsan? Hələ neçə dərələr, təpələr, neçə uçurumlar və qayalar keçmək, neçə qorxunc təhlükələrdən çıxmaq lazım gələcək! Axırda da Tanrının bizi qəbul edib-etməyəcəyi məlum deyil. Onun hüzuruna çıxmağa layiq ola bilmək üçün yeddi qabıq dəyişdirmək, doqquz nəfəs tükətmək lazımdır” (Ağaoğlu Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2007). Məlumdur ki, Tanrıya qovuşmaq üçün bir çox ədəbi-fəlsəfi əsərlərdə təsvir edilən yol simvolu  ənənəvi olaraq müxtəlif dinlər və sufizm fəlsəfi təlimi ilə bağlı olmuşdur. Həqiqət axtarışına çıxan ədiblər Tanrı qarşısında bərabər olan insanlar üçün vahid yol axtarırdılar.

Tanrı aşıqınin gəldiyi ilk ulus Ellik ulusudur. Bura əsərdə “Tanrının sevdiyi bir ulus” kimi qiymətləndirilir. “Bəmbəyaz saqqalı, uzun saçları çiyninə tökülmüş” “Böyük Şaman” adlandırılan Ellik Tanrı aşiqinə verdiyi xeyir-duası ilə möhtəşəm “Kitabi-Dədə Qorqud” dastanlarındakı Dədə Qorqudu da xatırladır: “Yolunuz uzun, yükünüz ağır, gücünüz az! Fəqət könül istəyənə qarşı heç nə dayana bilməz.  Sənə Tanrıdan yorulmaz könül eşqi və çox güclü bir istək diləyirəm...” (Ağaoğlu Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2007)

Əsərdə Tanrıya dua etmək mərasimləri, “Qutlu od” kimi məsələlər də türklərin qədim ənənləri və keçmişi ilə bağlıdır. Məlumdur ki, qədim türklər Odu Tanrının nəvəsi, Günün oğlu hesab edirdilər.

Əsərdə türk yurdu geniş əraziyə malik bir diyar kimi vəsf olunur: “Bozqur dənizində oturan. Şimal dənizində bağlanan, Yanları batı dənizinə varan, Ətəkləri cənub dənizinə çarpan, İşığı Kil dağı, Üzü orta yayla, Köksü oddan günəş...” (Ağaoğlu Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2007).

Tanrı dağına müxtəlif türk tayfalarının şamanları toplanmışdır: “Hər elin şamanları başda Şamanlar Şamanı olmaq üzrə ayrı bir səf təşkil edirdi. Odur, sarı rəngli tuğun altında Cunqariya şamanları. Bax qırmızı rəngli tuğun yanında Qırğız şamanları, o biri tərəfdə göy rəngli Qaşqar şamanları, onların sol tərəfində qırmızı rəngli Qobu şamanları, sağ tərəfdə pənbə rəngli Altay şamanları! Bu da bizim qara rəngli Qaraqurum şamanları!” (Ağaoğlu Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2007) Onlar hamısı Tanrıdan xilas yolu öyrənmək, kömək diləmək üçün “ilahi bir ayin” keçirməyə toplaşmışlar. Tanrıdan mərhəmət diləyən şamanlara səslənən Tanrı səsində türklərin ona yaxın bir qövm olması xüsusi vurğulanmışdır: “Ellər arasında səni seçdim. Tanrı elisən dedim! Qövmlər qövmü ol, yol göstər, yaradılışı qoru, mən də sənin yardımçın olayım, yaradılış üzərindəki ağalığını qoruyalım! Ayaq verdim, “yürü” – dedim. Əl verdim, “işlə” – dedim. Göz verdim, “gör” – dedim. Ağıl verdim, “düşün” – dedim. Könül verdim, “duy” – dedim. Ulus verdim, “sev” - dedim. “Yetim uşaqlarını, dul qadınlarını qoru!” – dedim. “Hova, iməciliyə çıx!” – dedim” (Ağaoğlu Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2007). Türk millətinə belə münasibətə İslam mənbələrində də təsadüf edirik. “Mahmud Kaşğarinin 1074-cü ildə yazdığı hədislərin birində Allah deyir: “Mənim Şərqdə türk adlanan ordum var: Mənim hansı xalqa qəzəbim tutursa, bu ordunu onların üzərinə göndərirəm” (Климович Л. И., «Ислам», М., 1965).

 Lakin eyni zamanda türk dünyasını parçalayan, onu böhrana yuvarlayan məsələlər də Tanrı səsi ilə müasir aktuallığı ilə səslənir. Müəllifə görə, dünyanın bir ucundan digər ucuna qədər mədəniyyət saçan, insanlıq yayan Türk ulusu “güclülrə uyaraq” ağalığını itirmiş, köləlik qazanmışdır. Söz birliyinə baxmayan, Tanrını unudan qövm bəlalara düçar olmuşdur.

Tanrının səsi türk qövmünə Kişilik yolunu göstərir: “Kişi Tanrı eşidir.O Tanrı kimi əyilməz, bükülməz, öz içindən başqa kimsədən çəkinməz. O tanrı kimi dəyanətlidir. Varlığa, yoxluğa, aclığa, toxluğa, ucalığa, zənginliyə, yoxsulluğa baxmaz! O Tanrı kimi haqq yolunun, insanlıq çığırının, şərəf və heysiyyət izinin, hürriyyət və istiqlal zirvəsinin qoruyucusudur... O mənim kainatdakı eşimdir! Mən onda yaşayıram, onda görürəm” (Ağaoğlu Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2007) Burada həm türk millətinin Tanrıya yaxınlığı ideyası, həm də vəhdəti-vücud təlimindən qaynaqlanan motivlər vardır. Belə ki, “kişi Tanrı eşidir” fikri hələ əsərin əvvəlində səslənərək vəhdəti-vücud ideyasını ifadə edir: “Bil, anla ki,məndə, səndə, bu dağlarda, daşlarda, quşlarda, ağaclarda yaşayan bir gövhər, bir kök vardır. Biz o gövhərin müxtəlif şəkilləriyik” (Ağaoğlu Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2007). Vəhdəti-vücud təliminə görə, həyatın mənşəyində həqiqi varlıq, yəni Allah vardır. Allah hər şeydə mövcutdur və bütün təzahürlər onun müxtəlif görünüşlərindən ibarətdir. Allahı bilib tanımaq üçün kainata baxmaq, aləmi incələmək gərəkdir. “Mən gizli bir xəzinə idim. Tanınmağı istədim, sevdim və kainatı yaratdım”. Əsərin sonunda bu fikrə bir daha qayıdan müəllif türk insanını Tanrı eşi səviyyəsinə qaldırır. Lakin o əski əzəmətinə və saflığına qayıtmaq üçün ruhunu təmizləməlidir.

Ruhun təmzilənməsi məsələsi əsərdə mühüm əhəmiyyət kəsb edir. Tanrı aşıqinin Tanrı dağına yetənə kimi 7 çayda çimərək ruhunu təmizləməsi gərəkliyi də həmin məsələni simvolizə edir: “İnsan ruhu gül yarpağına bənzər. O yaşıllanıb böyüdükcə üzərinə bir cür böcəklər qonur. Bağban vaxtında xəbər tutmasa, yarpağ məhv olur. İnsan ruhunun böcəkləri bunlardır: yalan, qorxaqlıq, zarakılıq, ikiüzlülük, fırıldağçılıq” (Ağaoğlu Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2007). Bu mənəvi çirkinlik isə türk qövmlərinin birliyinin dağılmasına gətirib çıxarmış, onun əsasında isə Tanrıya inamın itməsi dayanır. Ona görə də əsərin sonunda türk qövmlərinə çox ibrətamiz bir müraciət səslənir.

Əsərin sonunda türk şamanları birlikdə bir and içirlər. Bu and türk millətinin birliyini və Tanrıya yaxınlığını ifadə edir: “Yerin, göyün, canlı-cansız – hər şeyin yaradıcısı uca Tanrıya bu andı içiriz: haqdan başqa bir kimsəyə uymayacağız! Əlimiz var – işləyəcək, ayağımız var gedəcək! Beynimiz var – düşünəcək, könlümüz var – duyacaq! Bir-birimizə sarılacağız!” (Ağaoğlu Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2007).

Bu əsərdə ifadə etdiyi fikirlər Ə.Ağaoğlunun türk xalqına verdiyi yüksək dəyərdən və türk dövlətlərinin gələcək inkişafına kömək edəcək məsələləri reallaşdırmaq arzusundan irəli gəlirdi. 





YORUMLAR
2 Yorum

Besire Azizaliyeva
27-12-2015 21:29:00

Çok teşekkür ederim, Naci bey!

Naci YENGİN
27-12-2015 21:17:00

Doç.Dr. Besire AZİZALİYAVA Hanımefendi sitmizde yazı ve makalelerine başlamıştır. Kendilerine teşekkür ederiz.rnNaci YENGİN

YORUM YAZ



FACEBOOK YORUM
Yorum

YAZARIN DİĞER YAZILARI

HABER ARA
SON YORUMLANANLAR HABERLER
ÇOK OKUNAN HABERLER
VİDEO GALERİ
GÜNDEM'DEN BAŞLIKLAR
YUKARI