Türk Dünyasına İşıq olan Adam…

Dr.Hayale Zerrabkızı ilmi araştırmaları ve şahsiyeti ile Türk dünyasına İşık olan kıymetli bir Beyefendi, bilgisi, zekası, gördüyü güzel işleri, zahmetseverliyi, fedakarlığı ile Azerbaycanın başucalığı bildiyimiz, Azerbaycan Milli Meclisinin sayğın millet vekili, "Türk dünyası" adlı 5 ciltlik araştırmaların müellifi, değerli Bilim adamı Cavanşir bey Eyyub oğlu Feyziyev hakkında yazdı.

 Türk Dünyasına İşıq olan Adam…
24 Ocak 2024 - 18:02

Adamlar doğulduğu, böyüyüb boya-başa çatdığı yerə, təbiətə bənzəyirlər. Nədənsə belə düşünürəm  həmişə. Hüseyn Cavid əfəndi Azərbaycanda yox, bir başqa yerdə doğulsaydı, heç vaxt həyata bu qədər dirəniş göstərə bilməzdi, buna gücü yetməzdi. Naxçıvan sözü də Cavidin mayəsinə güc qatan torpaq kimi beynimdə assosiasiya yaradır... Necə ki, Bakı bu gün hamıya qucağını açıb, cənnətməkan Hacı Zeynalabdin də o cür səxavətlə ona pənah gətirənləri döşünə çəkirdi, yiyə dururdu adamlara... Şuşadan ayrı torpaq da Üzeyir bəyi yetişdirə bilməzdi... Qurban olduğum bu torpaqdan halal toxumlar boy verib, həqiqət cücərib, ədalət göyərib həmişə...
            Şəki Azərbaycanın geosiyasi xəritəsində öz əsrarəngiz təbiəti ilə həmişə seçilib. Bu füsunkar torpağın yetirdiyi şəxsiyyətlər də o yurdun özü böyüklükdə əzəmət abidəsi olublar. Bütün Avropaya “Azərbaycanın Volteri” kimi səs salan Mirzə Fətəli Axundzadə, kitabşünaslıq fəaliyyəti ilə Azərbaycanda məktəb yaradan Əbdülqəni Nuxəvi, Türk dünyasının İstiqlal şairi kimi ürəklərdə taxt quran Bəxtiyar Vahabzadə, sənətiylə könüllərdə əbədiyaşarlıq qazanan Şəfiqə Axundova, Emin Sabitoğlu bu torpağın suyundan içib pərvəriş tapıblar.
Açıklama yok.
Sağlam torpağın və sağlam toxumun üzərində həmişə sağlam ağaclar pöhrələyər. Cavanşir Əyyub oğlu Feyziyev o sağlam torpağın yetirdiyi köklü bir Dədə Palıd ağacıdır...
            Cavanşir müəllim dahilər yetirən Şəki torpağının ən işıqlı barı-bəhrəsi, sağlam düşüncəli, Türk qanlı, İslam imanlı, Turan məfkurəli Əqidə Adamıdır. 
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, nəsillərin həyatında əvəzsiz bir nümunə olur - insanlıq, fədakarlıq, zəhmətsevərlik, saflıq, səmimilik, şərəf və ləyaqət nümunəsi... Cavanşir Əyyub oğlu Feyziyev məhz o insanlardandır...
Təkcə Azərbaycanımızın çiçəklənməsi yolunda deyil, bütün Türk dünyası miqyasında gördüyü bir-birindən gözəl işlərlə, atdığı bütün addımlarıyla ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin başladığı yola sədaqətini və müzəffər Ali Baş Komandanımızla bərabər qoşa addımlayışıyla bu qutlu yola mənəvi varisliyini zəhmətiylə, alın təriylə, dərin zəkası, ağlı, bacarığı sayəsində ərsəyə gətirdiyi işlərlə sərgiləyən, ilk gənclik illərindən başlayaraq cəmiyyətimizin ictimai həyatında əlindən gələni böyük ürəklə, milli təəssübkeşlik hissi və yüksək zəhmətsevərliklə həyata keçirməsi  Cavanşir müəllimin fədakar xarakterindən, mərdanəliyindən,yorulmaz əməyindən, zəhmətkeşliyindən, ləyaqətli vətəndaşlığından və ən əsası yüksək İnsanlığından xəbər verir. Bu gün alnının təri, istirahətsiz ömrünün bəhrəsi və xəmiri halallıqdan yoğrulmuş əllərinin yorulmaz əməyiylə addım-addım ucalan Cavanşir Feyziyevin şərəfli ömrünün müdriklik zirvəsindən yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün nə qədər dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq və ən əsası İNSANLIQ nümunəsi…
Cavanşir Feyziyev imzası, adı Azərbaycanla yanaşı Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda və eləcə də, qardaş türk dövlətlərində hörmətlə çəkilir, ümumtürk ortaq dəyərlərinə qatdığı dəyərlər təqdir olunur, son dərəcə yüksək qarşılanır. Onun yaradıcı fəaliyyətinin təməlində türk mədəniyyətinə, elminə, ədəbiyyatına, incəsənətinə xidmət dayanmaqdadır. Cavanşir müəllim Türk dünyasına misilsiz, çoxşaxəli xidmətlər göstərən bir şəxsiyyətdir. Bu istiqamətdə təşkil etdiyi tədbirləri, səmərəli görüşləri, təqdimatları onun gördüyü işlərdə son dərəcə professionallığından xəbər verir.  Cavanşir müəllim peşəkar adamdır, əməksevər, işinə olduqca məsuliyyətlə yanaşan adamdır. Onun türk dünyasına yönəlik gördüyü işlər həmişə türk ölkələrimiz arasındakı qardaşlığı daha da gücləndirməyə xidmət etmişdir. Dəyərli Cavanşir müəllimin ümumtürk dünyasına, türklüyün ortaq ədəbi – mədəni mühitinə qatdığı dəyər, gördüyü işlər haqqında yazdığım elə bu məqamda Onunla bağlı bir xatirəmi qələmə almağı vəfa borcum hesab edirəm.
2021-ci ilin son baharı idi. İstanbul Universitetində düzənlənən Beynəlxalq elmi konfransda iştirakımla əlaqədar olaraq qardaş ölkədə səfərdə idim. Azərbaycan Respublikası Təhsil Nazirliyi həmin ərəfədə Azərbaycanda təhsil alan əcnəbi tələbələr üçün yazdığım dərsliyi qrifli nəşr etdirmişdi. Konfranslarda iştirakımızdan sonra həmin kitablardan bir neçə nüsxəni də böyük elçiliyimizə aparmağı düşünmüşdüm.
Müəyyən elmi simpoziumlarda iştirak səbəbiylə getdiyim hər yerdə bizim milli məfkurəmiz üçün qutsal saydığım adamların məzarlarını ziyarət etməyi həmişə özümə borc bilmişəm. Tbilisiyə gedəndə Mirzə Fətəli Axundzadəni, Naxçıvana gedəndə Hüseyn Cavidi, Qəbələyə yolum düşəndə İsmayıl bəy Qutqaşınlını həmişə ziyarət edərəm. Bu minvalla İstanbuldakı sonuncu günümü dəyərləndirmək istədim: Qaracaəhməd məzarlığında Əli bəy Hüseynzadəni ziyarət etdim, ruhuna dualar oxudum. Daha sonra Ziya Göyalpın, Mehmet Köprülünün uyuduğu məzarlığa vardım. Şahzadəbaşı Cami adlanan məzarlıq kompleksindən çıxmağa hazırlaşırdım ki, əllərində Sezai Karakoçun qara haşiyəli şəkli, çiçək dəstələri ilə və böyük şairin cənazəsi çiyinlərdə izdihamın məzarlığa yaxınlaşdığını gördüm.
“Yağmurlar içində böyüyür başak...
Meyvələr səbirlə olğunlaşırmış..
Bir gün gözlərimin ta içinə bak...
Anlarsın ölülər neçin yaşarmış?!...”
deyən, - “Sənə gəldim, ayaqlarına qapanmağa gəldim...
Əfv diləməyə gəldim, əfvə layiq olmasam da...
Uzatma dünya sürgünümü benim...” – söyləyən sevgili şairim Sezai Karakoçun dünya sürgünü bitmişdi və son yolçuluğunda çiyinlər üstdə əbədi mənzilinə aparılırdı. Gördüyüm mənzərə məni çox duyğulandırmışdı. Qeyri-ixtiyari izdihama qoşulub addımlamağa başladım. Bu əsnada əziz bacım, sirdaşım, mərhum millət vəkilimiz Qənirə xanımın bağışladığı, boynuma bağladığım üzəri xarıbülbüllü  kəlağayını başıma örtdüm. Dəfndə Türkiyənin böyük ziyalıları, o cümlədən Böyük Millət Məclisinin başkanı sayın Mustafa Şentop, Cumhurbaşkanının sözçüsü sayın İbrahim Kalın, Türkiyə Yazarlar Birliyi başkanı və çox sayda dövlət rəsmiləri iştirak edirdi. Ya sinəmdəki nişandan, ya bəlkə başımdakı örpəyin üzərində xarıbülbül simgəsindən mənim Azərbaycandan olduğumu bilmişdilər. Sezai Karakoç torpağa tapşırıldıqdan və dualar oxunduqdan sonra məzarlığı tərk etməkdə olan sayın Şentop, Musa Kazım Arıcan və digərləri mənim bərabərimə çatanda ayaq saxladı:

  • Evladım, can Azerbaycandan olduğun belli. Burda yüksek lisansmı okuyorsun, İstanbuldamı çalışıyorsun? – deyə sordular.
  • İstanbul Universitetində konfransda iştirak etmək üçün gəldiyimi söylədim.
  • Bak, kızım, o başındakı harıbülbül var ya. Sizin sayın millət vəkiliniz Cavanşir beyefendi bana öyle harıbülbüllü bir hatıra hediyesi bağışlamışdı, - söylədi müsahibim.
Ayaqüstü 3-5 dəqiqəlik bu səmimi salamlaşmadan qardaş ölkədə əziz millət vəkilimiz Cavanşir Bəyə necə məhəbbət və rəğbət duyulduğunu öz gözlərimlə görmüş oldum. Ürəyim dağa dönmüşdü.
Onlardan biri öz sürücüsünə: “Sən xanıməfəndiyi yalnız bırakma. Gedəcəyi hər yerə arabayla götür, Cavanşir bəyin elindən-yurdundan gəlmiş, o bizim sayğın bir dostumuz, dəyərli Abimizdir! Bizim salam-dualarımızı apararsan Can qardaşımıza, can Azərbaycanımıza” – deyib vidalaşdı. 
Gözlərim dolmuşdu. Azərbaycandan minlərlə kilometr uzaqlıqda Cavanşir müəllimin uca adı bizi himayə edirdi. Vətəndən kənarda özümüzü qərib hiss etməyə qoymayan bu doğmalığı sözlə izah edə bilmir adam. Cavanşir müəllimin qardaş ölkə ziyalıları, ictimai-fikir adamları arasındakı nüfuzu və ona olan rəğbət, hörmət hissi özünün olmadığı yerdə bizə himayədarlıq edirdi.
Sürücü günlük planımı, görəcəyim işləri, gedəcəyim yerləri soruşdu. Ədirnəqapı məzarlığında Nuru paşanın məzarını və onunla bərabər uyuyan Bakının azadlığında iştirak edən 27 əsgərin xatirə abidəsini bərabər ziyarət etdik.
İstanbulda həyata göz yuman azərbaycanlı ziyalılar Fəriköy, Qaraca Əhməd, Zincirliquyu, Ədirnəqapı məzarlıqlarında dəfn olunublar.  Feriköy məzarlığında uyuyan Azərbaycan Cumhuriyyətinin böyük qurucularını – Əhməd bəy Ağaoğlu və ailəsini, Azərbaycan Cumhuriyyətinin ilk hərbi naziri Xosrovpaşa Sultanzadəni, Azərbaycan Cumhuriyyətinin Tehrandakı ilk böyük elçisi Adil xan Ziyadxanı və onlarla Azərbaycan ziyalısını, Hacı Zeynalabdin Tağıyevin qızını, Həsən bəy Zərdabinin oğlu Səffət Məlik bəyi  ziyarət etdik.
Həmin axşam CNN Türk kanalında Azərbaycan sevdalı dəyərli jurnalist, hamımızın sevimlimiz, əziz rəfiqəm, sirdaşım Fulya Öztürk ilə görüşümüz var idi. İstanbul kimi böyük bir şəhərdə bir-birinə aralı yerləşən bu qədər uzaq məsafədə olan koordinatları ziyarət etməyimə böyük dəstək olan Cavanşir Feyziyevə ürəyimdə dərin minnətdarlıq hissi ilə bütün gününü, zamanını mənə ayıran sürücü qardaşıma təşəkkür edərək CNN Türk kanalının girəcəyindəki kulisdə ayrıldıq. Və bu günkü duyğu dolu görüşməni Fulya Öztürkə anlatanda mənə dedi ki:
  • Xəyaləcim, o qədər belə halla qarşılaşmışam ki, hansısa bölgədən olan birinə oradan seçilmiş millət vəkilinin adını söyləmişəm, deyib ki, o kimdi? Adamlar öz millət vəkilini tanımır bəzən. Amma görürsənmi, nə gözəl bir insanlıq örnəyidir Cavanşir bəyəfəndi... Bizim buralarda onun şəxsiyyətinə olan ehtiramın göstərisidir bu gün sənə göstərilən qayğı, diqqət...”
Həmin noyabrın üzərindən 2 ildən çox zaman keçsə də, mən harda Cavanşir Feyziyevin adına, imzasına rast gəlsəm həmin hadisəni xoş təəssüratlarla xatırlayıram. Ürəyimdə uca bir sevgi, dərin bir minnətdarlıq hissi ilə Türk dünyasına İşıq olan bu ucaürəkli Adamın ünvanına Var olsun!- alxışlarımı göndərirəm.
Cavanşir müəllim dünyaya özünəməxsus baxışı olan yaradıcı şəxsiyyət, insana və insanlığa son dərəcə ehtiram və həssaslıqla yanaşan, sözü yerində və zamanında deməyi bacaran cəsarətli qələm və söz sahibidir. Türk dünyasının çoxəsrlik tarixindən, söz xəzinəsindən ruhən, mənən qidalanan Cavanşir müəllim həm də bütün yaradıcılığı boyunca ideyalarına söykəndiyi İsmayıl Qaspıralının “dildə, fikirdə, əməldə birlik” məramına – milli amal və əqidəsinə düşüncəsiylə, sözüylə, yaradıcılığı ilə sadiq olan məfkurə adamıdır.
Onun böyük alim qələminin və dərin elmi araşdırmalarının nəticəsi olaraq 2013-cü ildə “Türk dövlətləri birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabı həm ana dilimizdə, həm də ana türkçəmizdən başqa Türkiyə türkcəsinə, qazax, qırğız, rus və s. dillərə tərcümə edilərək türk dünyasına ərmağan edilmişdir. Müəllif yenidən Türk dünyası mövzusuna daha böyük bir sevgi və heyranlıqla müraciət edərək Türk dünyasını fundamental bir tədqiqata cəlb edən  beş cilddə mükəmməl bir əsər ərsəyə gətirmişdir. Cavanşir müəllim bu 5 cildliyin hər birində dünənimizdə və bu günümüzdə, keçmiş tariximizdə və yaşadığımız çağdaş dönəmdə türk dünyasının böyüklüyünü və bütövlüyünü özündə əks etdirən, məsələlər üzərində dayanmışdır.
Müəllif türk dünyası haqqında, onun sivilizasiyasının təməl dəyərlərini, türk sivilizasiya anlayışının bütün tamlığı ilə açılması və təqdim edilməsi üzərində professional şəkildə izləmişdir. O, hər bir kitabda türk dünyası ilə bağlı məqamları dəyərli faktlar üzərindən  incələmiş, bütün məqamları ən kiçik detallarına qədər araşdırmış və vacib olan məqamları geniş şəkildə təqdim etmişdir. Alimin “Türk dünyası” adlanan monumental elmi araşdırmasının birinci kitabı “Türk sivilizasiyasının təməl dəyərləri adlandırır. Bu kitabda Cavanşir müəllim əsasən dünya türklüyünün bütövlük və gerçəkliyi üzərində dayanaraq son dərəcə gerçək təsbitlərə köklənərək, həqiqi sübuta yetirilmiş elmi qənaətlərə əsaslanaraq, vacib məqamları əsərə daxil etmişdir. Əsərin ilk hissəsində dolğun və zəngin mənbə və
ədəbiyyatlardan bəhrələnərək ilk olaraq müəllif özünə borc bilmişdir ki, “Türk sivilizasiyası” anlayışı haqqında zəngin məlumat versin, türk etnonimi məsələləri üzərində dayanaraq dünyada mövcud olan mədəniyyət və sivilizasiyaların qarşılıqlı münasibətləri prosesində türk sivilizasiyası anlayışının özünə topladığı funksional keyfiyyətləri sadalayaraq əsərin dəyərini daha da artırsın. Cavanşir müəllim Türk tarixinin mükəmməl bilicisi kimi qarşıya qoyduğu məqsədə uğurla nail olmuş və bütün elmi axtarışların sonucunda son dərəcə başarılı özgün bir araşdırma ortaya çıxmışdır. Hörmətli professor Yaqub Babayevin hələ 10 il öncə Cavanşir müəllimin “Türk dövlətləri birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı haqqında söyləmişdir ki, bu əsər türk politikasının uğurlu qələbəsi sayıla bilər.”
 Bu mənada ürəklə söyləyə bilərəm ki, uzunmüddətli enerjisini, zamanını, zəngin erudisiyasını, çoxşaxəli biliklərini səfərbər edərək ərsəyə gətirdiyi “Türk dünyası” əsərləri ilə də Cavanşir müəllim olduqca böyük bir elmi başarıya müvəffəq olmuşdur.  Burada türk xalqlarının böyüklüyü, qədimiliyi, vətənə münasibəti, dilin inkişafı prosesində onun öz linqivistik özəyini,
təkamül qanunlarının qorunması, qarşılıqlı sivilizasiya münasibətlərində türk dilinə gələn neologizmlər, xüsusən də bu gəlmə sözlərin çox olmasına baxmayaraq dili zədələməməsi və bütün keyfiyyət göstəricisinə çevrilməsi məsələsi də əsərə daxil edilir. Türk xalqlarının ədəbiyyat və mədəniyyəti, sosial və siyasi mənada çağdaşlaşması, zamanla addımlaşması məsələsi də birinci kitabda araşdırılaraq, türk dünyasının vəhdəti, türk sivilizasiyasının bölünməzliyi məsələsi geniş müzakirə olunur.
“Türk dünyasının təkcə ictimai siyasi baxımdan deyil, həm də bədii estetik mədəniyyət baxımından orqanikliyi, bütövlüyü və rəngarəngliyi digər sivilizasiya və onun yaradıcılarına xoşməramlı münasibətdə bütün gözəl cəhətlərilə üzə çıxmışdır” – kimi əsaslı qənaətə varan Cavanşir müəllim  birinci kitabda Qədim türklər və onların həyat tərzi, türklərin tarixi geopolitikası, türk dilləri ailəsi, türklər və böyük ipək yolu, türklər və İslam, türklər və moderinləşmə, türk ədəbiyyatı, incəsənəti, musiqisi, xalçaçılığı, minyatürü, memarlığı, elmi, fəlsəfəsi, adət-ənənləri, milli bayramları və s kimi vacib məsələlər haqqında tam və dolğun mənzərə yaratmışdır. Kitaba daxil edilən bölümlər Türk xalqlarını bütün tamlığı ilə tanıdır və təqdim edir. Türk ədəbiyyatı bölümündə müəllif türk xalqının ədəbiyyatının tarixiliyinə, qədimliyinə istinad edərək, xalqlarımızın möhtəşəm qəhrəmanlıq eposları üzərində dayanır və eposların qədimiliyi qədər də böyük və müqəddəs olmaları işıqlandırılır. Əslində bu eposlar elə türk xalqının yaşantısı, özünü təqdimi və mənəviyyatı, qəhrəmanlıq və əvəzolunmaz xəzinəsidir. Əsərdə müəllif dünya qaynaqlarından mükəmməl şəkildə istifadə edərək, türk xalqları haqqında dolğun, geniş və hərtərəfli bilgi verir və türk dünyasını tam şəkildə təqdimi istiqamətinə diqqətini yönəldir.
“Türk xalqları” adlanan ikinci kitabda Cavanşir müəllim dörd bölümdə türk xalq və topluluqlarını şərh edir. Birinci bölümdə müəllif türk etnocoğrafiyası, müasir türk xalqları və toplumları haqqında zəngin və hərtərəfli məlumat verərək, Hunlar,
Göytürklər, Saqlar, Avarlar, Xəzərlər, Oğuzlar və onlarca əski türk ulusları və boyları haqqında geniş və dolğun fikir yaradır. Müəllif İkinci bölümdə müasir türk xalqları və toplumları haqqında məlumat verməyi də məqsəduyğun sayır. Bu bölmədə yetərincə elmi bazaya, qaynaqlara əsaslanan Cavanşir müəllim müasir Türk xalqları və toplumları haqqında dolğun fikir aşılayır. Bölümdə Ahıska, Altaylar, Azərbaycan, Başqırdlar, Çuvaşlar, Əfşarlar, Krım tatarları, Özbəklər, Qaqauzlar, Qaraylar, Qazaxlar, Qumuqlar, Rumıniya türkləri,Salarlar, Saxalar, Şorlar, Tatarlar, Tuvalar və s. müasir türk xalqları və toplumları haqqında ayrı-ayrı zəngin məlumatlar verilir. Üçüncü bölümdə türk diasporu haqqında yetərincə məlumat əldə edib, yetərincə zənginləşirik. Cavanşir müəllim bu bölmədə Avropa, Amerka, Asiya, Avstraliya, Afrika və Rusiya Federasiyasında türk diaspor təşkilatları başlıqlı yazıları ilə türk diasporu haqqında zəngin, geniş və hərtərəfli şəkildə bəhs açır.
Dördüncü bölmə Ümumtürk qurumlarını geniş şəkildə şərh olunur. Oxucu bu bölmədə Türkdilli ölkələrin parlament Assambleyası (Türkpa), Beynəlxalq Türk mədəniyyəti təşkilatı (Türksoy), Türk dünyası araşdırmaları Vəqfi (TDAV), Türk Birliyi və Kordinasiyası Agentliyi (TİKA), Türk dilli Dövlətlərin əməkdaşlıq şurası (TDƏŞ), Beynəlxalq Türk Akademiyası (BTA), Türk Dünyası Elmlər Akademiyaları İttifaqı (TDEAİ) və s. ümumtürk qurumları haqqında dolğun və geniş bilgilər əldə edilir.
Açıklama yok.
Üçüncü kitab Türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk  respublikaları, onların əlaqələri və .s məsələlər barədə dolğun məlumat verilir. Cavanşir müəllim üçüncü
kitabda kitabın adından da göründüyü kimi Türk dövlətləri və imperiyaları məsələsinə açıqlıq gətirir. Kitab dörd bölmədən ibarətdir. Birinci bölmədə 22 türk dövləti və imperiyası, onların böyüklüyü və fəaliyyətləri diqqətə çatdırılır.
Bu bölmədə öyük Hun, Qərbi və Şərqi Hun, ağ Hun imperiyası, Göytürk imperiyası, Uyğur imperiyası, Avar imperiyası, Xəzər imperiyası və s. türk dövlətləri və imperiyaları araşdırılmışdır. Onu da qeyd etək lazımdır ki,
ayrı-ayrılıqda hər dövlət və imeriyaları müəllif tərəfindən mükəmməl şəkildə əks etdirimişdir. Müstəqil Türk Respublikaları başlıqlı ikinci bölmədə yeddi respublika haqqında məlumat əldə edirik. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimalı Kipr Türk Respublikası haqqında dolğun və tam fikir formalaşır. Azərbaycan Respublikasını haqqında bəhs edən Cavanşir müəllim 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə, o cümlədən, Türk-İslam dünyasında ilk demokratik, hüquqi
və dünyavi dövlət kimi adını tarixə yazdırdığın qeyd edərək qazandığımız uğurları nəzərə çatdırmaqla yanaşı, 1941-1945-ci illər 2-ci dünya müharibəsində Azərbaycan xalqının önəmli rol oynamasını da qürur hissi ilə qeyd
edir. Müəllif 1969-cu ildə görkəmli siyasi xadim “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövləti üçün tarixi və önəmli hadisələrdəndir” deyərək bu illərdə qazanılan uğur və həll edilən
problemlərdən bəhs etmişdir. Cavanşir Feyziyev bu bölmədə 1990-cı illər hadisələrində, daha sonra Qarabağ hadisələrində, Xocalı hadisələrində erməni vandallığının yaşantılarını da göz önünə gətirmiş və hadissələrə
münasibətini də mükəmməl şəkildə ifadə edə bilmişdir. O, 1993-cü ilin iyun ayında siyasi böhranların ən çətin anlarında Ulu Öndərin hakimiyyətə gəlməsi ilə ölkədə sabitliyin qorunması hallarını da xatırlatmışdır.
`          Cavanşir müəllimin 5 cildliyini oxuyub tamamladığım gün bu qənaətə gəldim ki, “Türkoloji elmimizin piyasasını  müsəlman türk millətinin ruh kökünə yabançı mövzu yığınları istila etmiş vəziyyətdə idi. Yabançı ruhların Türk bədəninində dolaşdığı bu ortamda Cavanşir Feyziyevin ortaya qoyduğu bu əsərlər Türkoloji elmimiz üçün – bütövlükdə Türk dünyamız üçün bir bir iç aydınlığıdır…
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Cavanşir müəllim Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir. Yorulmaq bilmədən ölkəmizin çiçəklənməsi, sosial-ictimai strukturun rifahı üçün əlindən gələndən daha çox əmək sərf edir...
Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqı – milləti, məmləkəti üçün gözəl işlər görməkdən yorulmayan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin rifahına həsr edən böyük ürəkli vətəndaş ziyalıdır Cavanşir müəllim… Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Cavanşir müəllimin şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə türk gəncliyi üçün dəyərli bir nümunədir.
Vicdanlı vətəndaş və milli məfkurəli Aydın ziyalı  olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi,ki bunu da hamı bacarmır... Hər kəsin sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə çox böyük ucalıqdasınız, Cavanşir müəllim!

İçindəki Ədalət tərəzisini heç zaman əyilməyə qoymayan  Mərd Adam! Müdrik Adam! Böyük Adam! Uca Adam! Əqidəli Adam! Dürüst Adam! Təmiz Adam! Əziz Adam! Doğma Adam! Ucaürəkli Adam! Yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, dəyərli Cavanşir müəllim!
Bu qala bizim qala,
Həmişə bizim qala...
Tikmədim özüm qalam
Tikdim ki, izim qala...
-deyilir bir nəğmədə. Sanki Sizin şəninizə söylənib, Cavanşir Müəllim!
Bəşər sivilizasiyasının beşiyi qədim Şəki torpağının çiçəklənməsində danılmaz rolunuz, böyük əməyiniz olduğu kimi, Vətənimizin, demək olar ki, bütün guşələrində zəhmətiniz, əllərinizin izi var. Yaxşılıqlara körpü salan, xeyirxah əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun. Sizi bağrıma basıram, əllərinizdən öpürəm. Sizə möhkəm can sağlığı diləyirəm. Ulu Tanrı Sizin işığınızı ailənizə, yavrularınıza, bizlərə - bütün Sizi sevənlərə doyunca versin! Amin!

Dərin hörmət və ehtiramla:
Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru
 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum