CÜMHURİYYƏT LİDERİ-MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

CÜMHURİYYƏT LİDERİ-MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ
24 Ocak 2024 - 17:43
          
CÜMHURİYYƏT LİDERİ-MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

Lətafət Beybutova Ələsgər qızı(
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri)    

    
Azərbaycanın milli istiqlal mübarizəsi tarixində mühüm rol oynayan  Məhəmməd  Əmin Rəsulzadənin həyat və fəaliyyətinin araşdırılması, uzun illər sovet imperiyası dövründə düzgün istiqamətdə öyrənilməmiş bir dövrün ziddiyyətli məqamlarının açılmasına kömək oldu. Azərbaycanda türkçülük fikrinin əsaslandırılmasında, milli dövlət quruculuğu yolunda ərazi muxtariyyatı tələbinin elmi-nəzəri cəhətdən irəli sürülməsində Məhəmməd  Əmin Rəsulzadənin böyük xidmətləri vardır. O, İstiqlal mübarizəmizin çoxillik tarixi olduğunu müəyyənləşdirmiş və  milli hərəkatın xarakterini aydınlaşdıraraq  mərhələlərə  bölmüşdür.  Birinci-Azərbaycan milli istiqlal mübarizəsi çoxillik  tarixə malikdir;  ikinci-ideoloji mənşəyi etibarı ilə milli Azərbaycan hərəkatı, Şərqdəki milli qurtuluş ideyalarını Qərbdəki kültür və demokratiya cərəyanlarını özündə birləşdirmiş bir hərəkatdır; - üçüncü-Azərbaycan milli istiqlal mübarizəsi üç-beş adamın həyatı və adı ilə ölçülə bilməz; bu mübarizənin böyük fikir qurucuları və bu ideyaya bütün fəaliyyətləri ilə bağlanmış şəxsiyyətləri vardır;  dördüncü-yaxın keçmişi, ideya və şəxsiyyətləri inkar etmək Azərbaycan milli istiqlal mübarizəsinin əhəmiyyətini kiçiltmək deməkdir; beşinci-Azərbaycan milli istiqlal mübarizəsində şəxslərin mövqe və şərəfi, əsas ideologiyaya göstərdikləri sədaqət, bağlılıq və xidmətləri ilə mütənasibdir.
Məhəmməd Əmin Rəsulzadə (həyat yolu) | Samir Asadli`s Blog
Məmməd  Əmin  Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. İlk təhsilini Sultan Məcid Qənizadənin 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, daha sonar  Bakı texniki məktəbini bitirmişdir. Onun inqilabı fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M. Ə. Rəsulzadənin yaratdığı ―Müsəlman gənclik təşkilatı müəyyən fəaliyyət dövründən sonra Rusiya hökumətindən milli  mədəni  hüquqlar almaq ümidində idi.  Bu  XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul - idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Bir az sonra ―Müsəlman demokratik ―Müsavat cəmiyyətiı  adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. Onlar «çarizmə qarşı mübarizədə inqilabçı sosializmi ən sadiq olmasa da, ən münasib bir müttəfiq olaraq gördüyündən» sosial - demokratlarla yaxın işbirliyinə keçmişdilər. M. Ə. Rəsulzadənin o zaman yaratdığı «Müsəlman Gənclik Təşkilatı»nın  təşviqat-təbliğat işində «Hümmət» qəzeti mühüm rol oynamışdı. 1904-cü ilin axırlarından 1905-ci ilin fevralınadək bir neçə yüz nüsxə tirajla nəşr edilən qəzetin 5-6 nüsxəsi çıxmış, 1917-ci ilin iyulun 3-dən isə Nəriman  Nərimanovun redaktorluğu ilə bu mətbu orqan yenidən nəşrə başlamışdı. Bu dövrdə mətbuat geniş vüsət alır, inkişaf edir, ictimai-siyasi fikrin təşəkkülünə təkan verirdi. Mətbuata maraq həm də milli mənliyin dərk edilməsində oynadığı mühüm rolla bağlı idi. «Bakıdan məktub» başlığı altında nəşr edilən  məqalədə  M. Ə. Rəsulzadə elmin, təhsilin, məktəbin vacibliyinə toxunaraq yazırdı: «Qafqaz Müsəlman əhalisindən ümumi və Bakı əhlindən xüsusi təvəqqe edirəm ki, öz uşaqlarından balaca olan vaxtda elm və tərbiyə kəsb etməkdən başqa bir şey mənzur (məqsəd, niyyət) tutmasınlar. Məsələn, hər kəsin ki, qüvvəsi çatır uşağını məktəbə qoymağa, məbada-məbada palçıxçı, dükan şagirdi və qeyrə və qeyrəyə razı olsun». M. Ə. Rəsulzadə çap olunan ikinci mətbu yazısında, «Müxəmməs» şerində isə elmin, savadlanmanın vacibliyi probleminə toxunurdu. M.Ə. Rəsulzadənin bu dövrdə mətbu fəaliyyətinə aid olan 1903- cü ildəki yazıları diqqətə layiqdir. Bu yazıları ilə o, gələcəkdə ciddi mübarizə edəcəyi rus istibdadı rejiminə qarşı barışmazlığının əsasını qoyurdu. M. Ə. Rəsulzadənin bu dövrdəki fəaliyyətində daha çox xalqın elmlənməsinə, maariflənməsinə böyük əhəmiyyət verilir. Cəhalət qaranlığında əzab çəkən xalqın nicat yolunun yalnız elmdə, tərəqqidə, hürriyyətin təntənəsində olduğunu gostərir. M.Ə. Rəsulzadənin fikrincə beş formada hurriyyət vardır: Birincisi söz azadlığı-insanın öz fikrini, düşündüklərini qorxub çəkinmədən, kimsədən ehtiyat etmədən açıb danışması deməkdir. M. Ə. Rəsulzadə yazılarında Rusiya məmləkətində yalnız adı çəkilən, əslində olmayan söz azadlığının ümümi  mənzərəsini  böyük bacarıqla təsvir edirdi. İkincisi mətbuat-azadlığı o vaxt mümkündür ki, hər kəs yazdıqlarını kiminsə maneçiliyi olmadan çap edə bilsin. Hürriyyətin üçüncü əlaməti isə  cəmiyyətlərin və  ittifaqların yaradılıb sərbəst fəaliyyət  göstərməsində görürdü.  Lakin bu dövlətin mənafeyinə zidd olan, onun  hökmranlığına  maneçilik  törədən  qüvvələr idi.  Dördüncüsü hər bir şəxs  öz əqidəsinin,  düşüncəsinin, məzhəbinin və fikrinin azadlığına sahib olmalıdır. Bu adi sahiblik  hüqüqü deyil, onun yaşamaq haqqıdır. Din fərqinə varmaq, saxta qanun gücünə inandığından üz döndərməyə məcbur etmək bu insanlıq haqqının tapdanmasıdır. M.Ə.Rəsulzadə hürriyyətin beşinci əlamətini şəxsiyyətin toxunulmazlığında görürdü.  Hər kəsin hüququnun  qorunması, şəxsiyyətinə və heysiyyətinə toxunulmaması üçün  dövlətin buna ciddi təminatı olmalıdır. M.Ə.Rəsulzadə belə bir azadlığın Rusiya məmləkətində olmadığını gostərirdi.
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN VƏFATINDAN 63 İL ÖTÜR
1905-07-ci illər rus  inqilabının gedişində və bundan sonra Azərbaycanda yaranan milli oyanış, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan "türkləşmək, islamlaşmaq və müasirləşmək" məfkurəsi  Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşma­sına güclü təsir göstərmişdir.  Beləki, 1906-07-ci illərdə "Təkamül"də, həmçinin başqa qəzetlərdə  insanlara  hüquq bərabərliyi, azadlıq tələb edən yazılarla çıxış etmiş və zaman keçdikcə bu siyasi tələbləri "insanlara hürriyyət, millətlərə istiqlal!" çağırışı kimi formalaşdırmışdır.
1906-07-ci illər rus  inqilabının məğlub olmasından sonra Rusiyada təqiblərin artdığı şəraitdə M.Ə. Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq  Bakını  tərk edərək İrana mühacirət edir. Rəsulzadə 1908-11-ci illər İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak etmiş, onun əsas rəhbərlərindən biri olmuşdur. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən xaric olunmasını şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün S.H.Tağızadə ilə birlikdə İstanbula müraciət edir.
1913-cü ildə Romanovlar sülaləsinin devrilməsindən  sonra vətənə qayıdan  M.Ə.Rəsulzadə “Müsavat” partiyasının rəhbəri  keçir və  milli  azadlıq mübarizəsində daha fəal iştirak edir. 1915-ci ildə M.Ə. Rəsulzadə “Açıq söz” qəzetini nəşr edir, Azərbaycan  dilinin saflığı uğrunda mübarizə aparır, “Dirilik” jurnalında “Milli dirilik” başlığı ilə silsilə məqalələr dərc etdirir.
1917-ci ildə fevral burjua inqilabı baş verir. Həmin ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. 1917-ci il oktayabrın 26-dan 31-ə qədər  500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.
  1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçildi. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi.  1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var.
Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. Müstəqil Azərbaycanın bu gün dünya birliyində suveren dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş  meydan  verilməsinin əsası 28 may1918-ci ildə  Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyuldu.  Müsəlman  Şərqində ilk parlamentli respublika olan ölkə xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas olan dövlət təsisatlarının  formalaşdırılmasına nail oldu. Cəmi 23 ay fəaliyyət dövrü olmasına baxmayaraq  bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər  şeydən əvvəl, öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, N. Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev  və başqa vətənpərvər istiqlalçılar gecəni gündüzə qataraq, milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər. Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi.
1920-ci il aprelin 27-də AXC-nin süqutundan sonra gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişi ilə Bakıda “Müsavat”ın gizli mərkəzi yaradıldı. M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də Lahıcda həbs olundu. Bu xəbəri eşidən Stalin Bakıya gələrək onu həbsdən azad etdirir. O tatar maarifçisi Musa Cərurullahın yardımı ilə qayıqla Fin körfəzidən Finlandiyaya qaçmışdır. 1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlandı. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə “Prometey” təşkilatı yaradıldı. 1932-ci ildə Rəsulzadənin siyasi fəaliyyətinin Polşa dövrü başladı. 1939-cu ildə II Dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Ruminiyaya keçdi. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girdi. Lakin  danışıqlar  uğursuzluqla   nəticələndi. 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirdi. Rəsulzadə Azərbaycan mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ömrünün sonunadək Azərbaycanın müstəqilliyini bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. Xəstəlikdən əziyyət çəkən  Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da üç dəfə “Azərbaycan…  Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu. O, Ankaranın Əsri qəbirstanlığında dəfn edilib.

Ədəbiyyat siyahısı:
 
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope­diyası. II cild, Bakı: Lider, 2005
  2. Rəsuzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı,1990.
  3. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyətinin təşkilində-Müsavat. Bakı, 1920
  4. Yaqub Mahmudov, Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 5.
  5. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə, B., 1991;
  6. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001;
  7. Yaqublu N., Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə, B., 2001;

E –mail: [email protected]

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum