FLAŞ HABER

Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirildi

Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirildi
20 Haziran 2024 - 22:20 - Güncelleme: 20 Haziran 2024 - 22:36
Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirildi

"Türk Mədəniyyəti və İrsi Fondu"nun təşkilatçılığı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin  tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirildi. Festivalın açılışı 20 iyun tarixində Şirvanşahlar Sarayında baş tutdu.
20-22 iyun 2024-cü il tarixlərində davam edəcək festivalın açılışında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Türk dünyasının müxtəlif coğrafiyalarından dəvət alan qurama sənətkarları iştirak edirdilər.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Milli Məclisin üzvü və Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev çıxış edərək festivalın əhəmiyyəti, Türk dünyasının qədim irsini yansıdan qurama sənətinin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulamaqla festival iştirakçılarına uğurlar arzuladılar.
Festivalın xüsusi dəvətlisi olan, Milli Məclisin deputatı Cavanşir Feyziyev bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək qeyd etdi ki, "Zəngin və rəngarəng, həndəsi ornamentli naxışların  üstünlük təşkil etdiyi qurama bədii tikmə növü Azərbaycanın dekorativ sənət mədəniyyətində xüsusi yer tutur. Bu tikmə növü əvvəllər kustar formada öz ifadəsini tapsa da, sonralar gözəl bədii sənətkarlıq növünə çevrilmişdir. Konkret üslubu olmasa da, bu sənət növündə ustadan incə bədii zövq və bir-birini tamamlayan uyğun rənglərdən həmahəng kompozisiya qurmaq istedadı tələb olunur.

Bu gün çağdaş insanın texnologiyalardan yorulduğu sürətlə qloballaşan dünyada  istənilən çeşid əl sənətlərinin -  qurama kimi etno sənət növlərinin bərpasına və təbliğinə dəstək göstərilməsi, bu cür festivalların keçirilməsi son dərəcə təqdirəlayiqdir. Bu, XX yüzilliyin əvvəllərinə qədər geniş istifadə olunan, lakin fabrik istehsalının artması ilə unudulmaq təhlükəsi yaşayan əl sənətlərinə yeni həyatın verilməsi və dünyada tanıdılması deməkdir. Ötən illərdə bu festival Şəkidə "Karvansaray"da keçirilirdi. Sevindirici haldır ki, bu gün Bakıda Beynəlxalq səviyyədə təşkil olunan Qurama Festivalı həm də mədəniyyət paytaxtımız Şuşa şəhərini əhatə edəcək. Unudulma təhlükəsi yaşayan bu cür sənətləri  gələcək nəsillərə ötürməyə çalışmaq, qoruyub-yaşatmaq həm də qeyri-maddi mədəni irsimiz qarşısında mənəvi borcdur"- deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Beynəlxalq Qurama Festivalı çərçivəsində quramanın ekoloji təmiz tətbiqi sənət növü kimi əhəmiyyətinə həsr olunmuş beynəlxalq seminar, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərinin nümayişi təşkil olunacaq.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum