Səməd bəy Mehmandarovun Azərbaycan Xalq Cümhuriyyətində rolu

Səməd bəy Mehmandarovun Azərbaycan Xalq Cümhuriyyətində rolu
23 Kasım 2023 - 09:23 - Güncelleme: 23 Kasım 2023 - 09:30
Səməd bəy Mehmandarovun Azərbaycan Xalq Cümhuriyyətində rolu

Səriyyə Abidova: QUBA QƏZASININ MÜDAFİƏÇİLƏRİ - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi
Səriyyə Abidova Elşən qızı*

AXC-nin (Azərbaycan Xalq Cümhuriyyətinin) hərbi naziri olan, artilleriya generalı, görkəmli şəxsiyyət Səməd bəy Mehmandarov Sadıx bəy oğlu 1856-cı il 16 oktyabr Lənkəranda anadan olmuşdur. Səməd bəy ilkin olaraq Bakıda gimnaziya təhsili almışdır. 1873-cü ildə Sankt-Peterburqdakı II Konstantin hərbi məktəbinə qəbul olmuşdur. XIX əsrin 70-ci illərində, o, ilkin zabit rütbəsi (praporşik rütbəsi) alaraq, I Türküstan topçu briqadasına göndəril-mişdir. 1894-cü ildə isə Varşavanın hərbi dairəsinə göndərilmişdir. Mehmandarov həm də XX əsrin əvvəllərində Rusiya və Yaponiya vuruşmasında iştirak etmiş,  həmçinin VII Şərqi Sibir artilleriya divizionunda komandir, Port-Arturun Şərq cəbhəsində artilleriya rəisi vəzifəsində olmuşdur. Müharibədə göstərmiş olduğu xüsusi şücaətlərinə görə IV dərəcəli “Müqəddəs Georgi” ordeni ilə mükafatlandırılmış və Mehmandarov, general-mayor rütbəsinə layiq görülmüşdür.
XX əsrin əvvəllərində hərbi akademiyada xüsusi təhsilinin olmamasına baxma-yaraq, Səməd bəy tam general rütbəsinə layiq görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti müstəqilliyi yeni əldə etdiyi dövrdə yenidən Hərbi Nazirliyi yenidən bərpa etmək qərarını qəbul edərkən hərbi nazir vəzifə öhdəliyi Fətəli xan Xoyskiyə həvalə edilmiş, general Mehmandarov isə hərbi nazirin müavini vəzifəsinə təyin edilmişdir və nazirliyin, həmçinin ordunun formalaşdırılması birbaşa ona tapşırılmışdır.
 Səməd bəy Mehmandarovun təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, Azərbaycan müstəqilliyinə olan sədaqəti yeni vəziyyətdə də öz təsdiqini tapmış və nəticədə 1918-ci ilin sonu, 1919-cu ilin I yarısı Hərbi Nazirliyin strukturunda və rəhbərliyində qismən dəyişiklik edilməsi nəticəsində Nazirlər Şurasının qərarıyla Mehmandarov hərbi nazir təyin edildi. Ordu quruculuğunda müsbətyönlü dəyişikliklər baş verdikcə idarəetmə strukturları da inkişaf etdirilirdi. Ümumi qərargahın tərkibində istehkamat idarələri, topçu yaradıldı. Hərbi Nazirliyin rəhbərliyi elə bu yerdə hərbi xidmətin təşkil olunmasını hüquqi əsasda nizam olunmasına xüsusi olaraq diqqət yetirdi. Ordunun hüquqi qanunvericilik bazasını belə qısa zamanda işləyib hazırlamaq qeyri-mümkün olduğu üçün hərbi nazirin XX əsrin I yarısında imzaladığı əmr ilə keçmiş rus çarlığında qəbul edilmiş hərbi sahənin qanunvericilik aktları bir müddətlik qüvvədə saxlanılmışdı. Buraya döyüş təlimatları, nizamnamələr, səfərbərlik, hərbi sahələri tənzimləyən sənədlər, eləcə də hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Beləliklə, milli ordunun həmin qanunvericilik aktlarında tələbləri ilə uyğun gəlməyən aspektlər ləğv edilirdi.
 Səməd Mehmandarov AXC-nin ordu quruculuğunun bir növ memarı idi. O, hərbi nazir müavini kimi təyin olunduğu il müttəfiq dövlətlərin vasitəçiliyi ilə Bakıya daxil olmuş ingilis qoşunlarının komandanlığı AXC-nin hərbi qüvvələrinin, Hərbi Nazirliyin Bakı şəhərindən çıxarılmasını tələb etmişdir. Beləliklə nazirlik Gəncəyə köçürülmüş, növbəti ilin ortalarına qədər elə orada fəaliyyət göstərmişdir. Paytaxt şəhərdən bir qədər ayrı düşmək qarşıda gözləyən mürəkkəb vəzifələrin həllinə təsir göstərsə də, Səməd bəyin xüsusi və dəqiq olan işgüzarlığı, ətrafındakı general və zabitlərin iş keyfiyyətlərindən stratejik istifadə etməsi nəticəsində mövcud olan çətinliklərin həlli istiqamətində sabitlik yaranmışdır. S. Mehmandarov zabit işçi qüvvəsinin sayının artırılmasını və ordu quruculuğunun təkmilləşdirilməsini mühüm şərt hesab edirdi. Məhz elə onun təşəbbüsü vasitəsilə Gəncə hərbi məktəbinin nəzdində ilk öncə Praporşiklər məktəbi, daha sonra Hərbiyyə məktəbi açılmışdı. Eyni zamanda, Hərbi dəmiryolçular məktəbi, İstehkamçılar məktəbi, növbəti olaraq da Şuşa hərbi-feldşer məktəbi də fəaliyyət göstərmişdir. XX əsrin 20-ci illərinin əvvəlləri Qarabağda erməni təcavüzünün dəf olunması və həmçinin qeyd edək ki, AXC-nin ərazi bütövlüyünün tam təmin edilməsi Səməd bəyin hərbi nazir olaraq fəaliyyətinin nəticələri olmuşdur.
1919-cu ilin yay və payız ayında milli ordunun hissələrini formalaşdırmaq böyük sürət ilə davam etməkdəydi. Azərbaycan ərazisindən ingilis qoşunlarının tərk etməyə başlaması həmin il Hərbi Nazirliyin hərbi orqanları təkrar Bakıya köçürüldü. Bakı Zaqatala piyada alaylarının formalaşdırılması yekunlaşmışdı. Yenə həmin ilin növbəti aylarında milli ordunun qoşunları Lənkəran əməliyyatında tam iştirak edərək Azərbaycan Respublikanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar cənub bölgəsində döyüş tapşırığını uğurlu şəkildə yerinə yetirdi. 1919-cu ilin II yarısında təşkil olunan ən əhəmiyyət kəsb edən hərbi strukturlardan digəri Bakı istehkamçılar hissəsi olmuşdur. Həmin strukturun yaradılmasında əsas məqsəd ehtimal edilən Denikin təhlükəsinin dənizdən və şimaldan qarşısını almaq və bununla da Bakı şəhərinin tam etibarlı müdafiəsini təşkil etmək olmuşdu. Məhz həmin zamanda Bakıda hərbi limanın təyyarə dəstəsinin, mövqe batareyasının, zirehli avtomobillər taqımının formalaşdırılmasına başlanıldı. Bütün qeyd olunan təşkilati işləri Hərbi Nazirlik həyata keçirməklə Cümhuriyyət dövründə milli ordunun yaradılmasında Səməd bəy ilə Əliağa Şıxlinskinin əvəzsiz xidmətləri olmuşdur. Səməd bəy hərbi nazir olduğu dövrdə ölkəmizdə 40 min nəfərlik nizami ordu yaradılmışdı. Ordunun10 mini isə süvari qoşun, 30 mini piyada hissələrindən ibarət idi. I dünya müharibəsinin bitməsi ilə əlaqədar rus ordusundan vətənə dönən 15 min nəfərə yaxın azərbaycanlı hərbiçi, general Səməd bəyin ətrafında toplaşmışdılar. Bakıda hərbi feldşer və istehkamçı məktəbləri yaradılmışdı. Gəncədə isə hərbiləşdirilmiş dəmiryol məktəbi açılmışdı.
1918-ci il dekabrın sonunda AXC-nin hərbi naziri olan Səməd bəy 34 saylı əmri ilə orduda Azərbaycan türkcəsinin dövlət dili kimi tətbiq edilməsi başlandı. Qeyri-azərbaycanlı zabitlərin bir ay müddətində Azərbaycan dilində komanda sözlərini öyrənməsi tələb olunurdu. Həmin tələbi yerinə yetirməyi bacarmayan zabitlər həmin an ordudan xaric edilirdi. Qeyd olunan dövrdə ana dilini Azərbaycan ordusunda öyrənmək, həmçinin savadsızlığın ləğv olunması ilə bağlı kurslar açıldı. Həmin kurslara təcrübəli mütəxəssislər cəlb olundu. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə milli ordunun sayını 25 min nəfərə çatdırmaq məqsədilə dövlətin büdcəsindən təxminən 400 milyon manat pul vəsaiti ayırdı. Nəticədə Gürcüstanın hərbi məktəblərində təhsil almaq üçün oraya yüzlərlə azərbaycanlı əsgər və zabit göndərildi. 1919-cu ilin I yarısında orduda hərbi qulluqçulara xüsusi olaraq milli üsluba uyğun yeni hərbi geyim forması hazırlandı. Məhz elə həmin dövürdə Hərbi Şura yaradıldı. Bu Şura hərbi idarəetmə və qanunvericilik sahəsində vacib məsələlərə müvafiq qərarlar qəbul olunması ilə məşğul olurdu.
Azərbaycan dövlətçiliyinə Səməd bəyin sədaqətlə xidmət etdiyini arxiv sənədlərdən əldə etmək mümkündür. Yenə də həmin arxiv materiallarına əsasən demək olar ki, müstəqil olan Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər ilə əlaqədar artıq 1919-cu ilin II yarısında yeni hakimiyyət AXC-nin bütün ərazisində möhkəmlənmiş, idarəetmə orqanlarının tam şəkildə formalaşdırılmasına başlanılmışdı. Lakin həmin proseslər səbəbilə, həm xarici, həm də daxili təsirlərdən istifadə ilə hər şəkildə maneçilik göstərən qüvvələr fəallaşmışdılar. Onlar əhali asında, hərbi hissələrdə, ərazilərdə təbliğat aparmağa, özlərinə yeni tərəfdarlar toplamağa cəhd edirdilər. Bu vəziyyətin qarşısının alınması məqsədilə nazir Mehmandarov təbliğatın qarşısının alınması məqsədilə aşağıda qeyd olunan tədbirlərin görülməsini əmr etmişdir:
1.   Təbliğatçılara həmin təbliğatçılıq prosesinin bütün fəlakəti tam izah edilsin;
2.   Hər bir bolşevik təbliğatçıları Azərbaycanın dövlətinin kəskin düşməni olduqları izah edilsin;
3.   Hər bir hərbi kazarmalara tam nəzarət edilsin, əlavə olaraq bolşevik təbliğatı aparan insanlar həmin an mütləq həbs olunsunlar;
4.   Hərbi kazarmaların yerləşdiyi yerlərdə heç bir kənar şəxsin buraya daxil ola bilməməsi üçün sədaqətli növbətçilər yerləşdirilsin;
5.   Hissələrin hər bir rütbəli şəxslərinə məlumat verilsin ki, bolşevizmə uyan şəxslər qanunla ciddi cəzalandırılacaq və şəhərdən kənarlaşdırılacaq.
AXC tarixinin unudulmaz hadisələrindən olan Lənkəran qəzasının bir sıra antiazərbaycan qüvvələrindən təmizlənməsi, idarəçiliyin Azərbaycanın hökumətinə tabe etdirilməsində Səməd bəyin xüsusi rolu vardır. Səməd bəy  Lənkəran qəzasına vətəndaş müharibəsini tamamilə dayandırmaq, yerli əhalini qurtarmaq, nizam-intizam yaratmaq üçün Azərbaycan hərbiçilərindən ibarət dəstə göndərmişdi.
AXC-nin aprel işğalı vasitəsilə Mehmandarov öz vəzifəsindən istefa vermişdir. Həmin dövrlər Səməd bəy Mehmandarov Gəncə üsyanının təşkili prosesində günahkar bilinərək general Əlağa Şıxlinski ilə birlikdə həbs edilmişdilər. İctimai siyasi xadim Nəriman Nərimanovun işə əl atması ilə Səməd bəy bolşevik terrorundan son anda xilas olmuş, Əlağa Şıxlinski ilə birlikdə 1 il Moskva şəhərində yaşamaq məcburiyyətində qalmışdır. Səməd bəy Mehmandarov növbəti ilin yayında Bakıya qayıtmış, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə başlamış, növbəti aylarda Birləşmiş Komandirlər məktəbində müəllim kimi işə davam etmiş və yekun olaraq 1929-cu ildə təqaüdə çıxmışdır. XX əsrin əvvəllərində S. Mehmandarov vəfat etmiş və Bakı şəhərində yerləşən Çənbərəkənd qəbiristanlığında dəfn olunmuşdur.
Vaxtilə çar imperiyasının ordusunda xidmət etmiş, lakin Azərbaycan sevgisini qəlbində, fikrində daşıyan hərbiçi soydaşlarımız müstəqil dövlətimiz qurulan kimi dərhal Vətənə qayıtdılar və Ölkəmizin hərbi potensialının güclənməsində spesifik rol oynadılar. Hərbi sahədə Əliağa Şıxlinski və Səmədağa Mehmandarovdan savayı digər Azərbaycan generalları gənc dövlətin mövcudiyyətinin davamlı olması üçün misilsiz xidmətlər göstəriblər. AXC-nin qurulduğu dövrdə həmin generallarımızın olması bir daha sübut etdi ki, xalqımız döyüşkən ruhunu qəti şəkildə itirməmişdir. Xalqımızın qarşısında hərb tariximizə xüsusi parlaq səhifələr yazmış, əvəzedilməz xidmətlər göstərmiş Mehmandarovun yaxın tarixdə - 2015-ci ildə 160 illik yubileyi dövlət səviyyəsində mühim bir tədbir kimi qeyd olunmuşdur.
*Elmi Araşdırmalar, Ekspozisiya fond şöbəsinin əməkdaşı

Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”



 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum