Müdriklik zirvəsindən yaşananlara baxanda...

Hayale Zerrabkızı çağdaş Azerbaycan edebiyatının usta kalemlerinden olan, akademik araştırmalarıyla Azerbaycan ilmine değerli katkılarda bulunan, Türk dünyasının manevi değeri bildiğimiz Prof.Dr. Elçin İsgenderzade hakkında yazdı.

Müdriklik zirvəsindən yaşananlara baxanda...
15 Eylül 2023 - 17:43
Müdriklik zirvəsindən yaşananlara baxanda...

Söz halallıqdır... Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün  halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Elçin İsgəndərzadə müdriklik nərdivanının 59-cu məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.
Bu dünyanın ən təmiz, heç çirklənməyən modelidir kənd… Mayəsi kənddən qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur… Şuşada doğulub Elçin İsgəndərzadə... Həyat məktəbinə Şuşada, məktəb həyatına Ağdamın Əhmədavar kəndində qədəm qoyub. Orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra ali təhsil almaq üçün Bakıya yol alan cəfakeş, zəhmətkeş gənc Elçin zaman keçdikcə fədakar ürəyi, elmi və ədəbi işığı ilə özü bütöv bir nəsil üçün, ədəbi gənclik üçün Yol olan Elçin Hocaya, Elmimizdə öz dəsti-xətti ilə Məktəb yaradan Professor Elçin İsgəndərzadəyə çevrilib...
Ustadımız, ədəbi gəncliyin mənəvi hamisi, Türk dünyasının istedadlı qələm adamı Elçin İsgəndərzadə əmək fəaliyyətinə başladığı ilk gündən  bu günə qədər böyük fədakarlıqla mədəniyyətimizin inkişafına, eləcə də qardaş ölkələrimiz arasında ortaq ədəbi dəyərlərə söykənən misilsiz hizmətlərdə bulunmuşdur.
Türk dilinin zənginliyini özündə ehtiva edən, insanın özünüdərkinə, mənən kamilləşməsinə həsr olunan, dərin məzmunlu, düşündürücü əsərlərin müəllifi olan  Elçin İsgəndərzadə çağdaş türk ədəbiyyatının ən özgün və başarılı yazarlarındandır. İlk qələm təcrübələrindən başlayaraq hamasətə qapılmadan, dəbdəbədən, şüarçılıqdan, süni pafosdan, təsvir və təhkiyə bəsitliyindən uzaq dayanan  Elçin bəy  yaradıcılığı ilə çağdaş türk ədəbiyyatına mövzu, ideya, məzmun və forma orijinallığı ilə səciyyələnən yeni nəfəs, yeni ruh gətirmişdir. Yazıçının yaradıcılıq dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli bədii təfəkkürün, dünyagörüşün güzgüsüdür.
Şeirləri, hekayələri, tərcümə, esse və məqalələrini əhatə edən çoxşaxəli yaradıcılığındakı ədəbi-psixoloji-fəlsəfi dərinliyi ilə Elçin İsgəndərzadə respublikamızın hüdudlarından kənarda, Türkiyədə,  Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda, Tatarıstanda, Bolqarıstanda demək olar ki, adını çəkə bilmədiyim bütün qardaş türkdilli ölkələrdə böyük oxucu auditoriyasının və ədəbi-elmi ictimaiyyətin sevgisini, rəğbətini qazanmışdır. 
... O, sadəcə şair, nasir, publisist, alim, ictimai xadim deyil... Belə insanlara şeirin, nəsrin, publisistikanın, bütövlükdə Ədəbiyyatın və Elmin hadisəsi kimi baxmamalıyıq. Elçin İsgəndərzadə miqyaslı adam belə dar təsnifatlara sığmaz. Elçin İsgəndərzadə Dünya Ruhunun bütün Bəşəriyyət üçün uca tutulan Mənəviyyat tarixinin bir hadisəsidir!
Sənət, ədəbiyyat, poeziya zəngin bir dünyadır. Elçin İsgəndərzadəni oxuduqca bu poeziyanın nə qədər böyük diqqət və məhəbbətlə yaradıldığını duyursan. Elçin İsgəndərzadəni oxuduqca anlayırsan ki, bu kitablardakı heç bir əsəri masa arxasında sakitcə oturub yazmaq olmaz.
Marina Svetayeva doğru deyir: Əsil sənət əsəri böyük gərilmənin məhsuludur. İstedad nə qədər yazmağı yox, nə qədər “gərilməyi bacarmaq”dır. Əgər şeiri “gərilmədən” rahatca yazsan, cild-cild kitabların olacaq, lakin yazdıqlarının heç biri həqiqi sənət nümunəsinə çevrilə bilməyəcək. Hər hansı bir əsəri həqiqi sənət nümunəsinə çevirən məhz bu “gərilmə”dir.
Elçin İsgəndərzadə sadəliyin böyüklüyünü, adiliyin qeyri-adiliyini yazan, hər kəsin gördüyü, ancaq heç kəsin duymadığını duyan sənətkardır.
İstedadının orijinallığı, fərqli yazı manerası, əsərlərindəki əlvan obrazlar sistemi, şərti-metaforik ifadə tərzi geniş oxucu kütləsinin və ədəbi-elmi ictimiyyətin diqqətini daim özünə cəlb etmiş Elçin İsgəndərzadənin yaradıcılığını müasir ədəbi tənqid daim diqqətlə izləmişdir. Onun yaradıcılığı çoxjanrlı və çoxşaxəlidir. Elçin İsgəndərzadə şair, nasir, publisist və böyük vizionlu alim, elm adamı kimi olduqca  geniş auditoriyası olan bir ziyalıdır.
Elçin İsgəndərzadə xalq ruhuna yaxın, Tanrıya sevgiyə və bağlılığa, ümumbəşəri ideyalara, Turan məfkurəsinə söykənən dərin məzmunlu, düşündürücü şeirlərin, poemaların müəllifidir. O, dünyaya özünəməxsus baxışı olan yaradıcı şəxsiyyət, Sözə böyük həssaslıq və ehtiramla yanaşan, Haqqı-Sözü yerində və zamanında deməyi bacaran cəsarətli qələm sahibidir.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Elçin İsgəndərzadə məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının – millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin maariflənməsinə həsr edən vətəndaş ziyalı…
Qələminin yazdığı hər bir əsər də elə bu böyük İnsanın özü kimi mənəvi işığa körpü olmaq üçün hesablanıb sanki…
Bəli, Elçin müəllim Yol salmaqda – Yol olmaqda ilahidən görəvlənmiş bir İnsandır…
Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi oxucuların qəlbinə gedən yoldur. Elçin müəllim bu yola hələ yaradıcılığının ilk illərindən inamla, ürəklə çıxıb. Əslində, əsl istedadlı adamın yaradıcılığının “ilk” dövrü, ya “yetkinlik” mərhələsi adlı şey yoxdur. Ədəbiyyat aləminə gələn birbaşa gəlir, sənət aləmində öz sözünü deyir. Öz işığı – ziyası, dərin düşüncəsi, saflığı, səmimiyyəti ilə ürəklərə yol tapır – Elçin İsgəndərzadə kimi…
Elçin müəllimin  yaradıcı adam kimi uğuru da məhz bundadır. Əslində, adlar, titullar, mükafatlar, təltiflər – hamısından daha ucada dayanan bir məqam – oxucu qəlbinə gedən yoldur… Önəmli olan oxucu qəlbinə gedən yolu tapmaq, oxucuya istədiyini verməyə çalışmaqdır ki, Elçin müəllim  bu ədəbi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.
Bu günə qədər saysız mükafat, orden və medallara layiq görülən Elçin İsgəndərzadənin ən böyük ədəbi uğuru da məhz oxucuların qəlbinə gedən yolu fəth etməsindədir.
Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Elçin müəllimin, sözün bütün mənalarında, şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə türk gəncliyi üçün dəyərli bir nümunədir. Ya­ra­dı­cı­lı­ğın ma­yə­sin­də in­sa­nın daxili mahiyyəti, şəx­siy­yə­ti da­ya­nır. Şəx­siy­yə­tin­də, xa­rak­te­rin­də ya­rım­çıq­lıq olan adam heç vaxt bö­yük ədə­biy­yat ya­rada bil­məz. Bu mə­na­da, Elçin müəllim şəx­siy­yə­ti və ya­ra­dı­cı­lı­ğı bir – bi­ri­ni ta­mam­la­yan, Sö­zü ki­mi bü­töv in­san­dır.
 Çıraq kimi adamdı  Elçin İsgəndərzadə... Sözüylə ruhumun aydınlandığı, qələmiylə düşüncələrimə işıq salan Adamdı Elçin İsgəndərzadə … İşığından pay aldığım Çıraq Adamdı… Körpə gözü tək saf Adamdı… Sadə Adamdı… Sadəliyin böyüklüyünü yaradan Adamdı… Halallığı və dürüstlüyü öz şəxsində birləşdirən Adamdı… Düz Adamdı… Təmiz Adamdı… Nida kimi dümdüz Adamdı!!! Heç zaman dəyişməyən, heç nəyin qarşısında əyilməyən, Sözünün üz ağlığını qorumağı bacaran  elə Sözü boyda Böyük, səsi boyda Doğma Adamdı…  Ərk edə biləcəyim ən doğma ünvandı…
Gözlərindən ürəyinin içi görünən, misralarından ruhu duyulan Adamdı… Sözünü sevdiyim Adamdı. Sözünün ləyaqətini öz ləyaqəti kimi qoruyan Adamdı… Haqdan ruhuna hopan səsi Sözə çevirən adamdı Elçin İsgəndərzadə
 Bu dünyada imtina etməyi bacarmaq ali bir dəyərdir. Elçin İsgəndərzadə bugünə qədər çox şeylərdən imtina edib, etməyi bacarıb. Əgər belə olmasaydı, o da olardı, hamı kimi sıradan adam. Amma Elçin Müəllim xor oxuyan deyil axı… Onun öz Yolu var… O, bu dünyada bircə Haqqa və Haqqdan gələn Uca Sözə səcdə eləyib, elə buna görə də Söz Elçin İsgəndərzadənin əlindən tutub Dərgahına ucaldıb… Sözün Dərgahı Haqqın Dərgahı qədər müqəddəsdir Ondan ötrü…
Bu dünyada təmiz Sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu… Allah bu ucalığı Elçin İsgəndərzadənin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Əziz Adam!
Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru


 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum