Mart ayının 25-i Azərbaycanın mühacir şairi Almas İldırımın anadan olduğu gündür

Mart ayının 25-i Azərbaycanın mühacir şairi Almas İldırımın anadan olduğu gündür
26 Mart 2024 - 09:26

Mart ayının 25-i Azərbaycanın mühacir şairi Almas İldırımın anadan olduğu gündür


Mart ayının 25-i görkəmli Azərbaycan şairi, ağır mühacirət həyatı yaşamış Almas İldırımın anadan olduğu gündür.
Azərbaycan ədəbiyyatı tarixinə Almas İldırım kimi daxil olmuş şairin əsl adı Əbdülhəsəndir. Lakin uşaqlıqdan onu babasının adı ilə-Almas çağırırdılar. Şeirlərini Almas İldırım imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır.

Azərbaycanın mühacir şairi Almas İldırım 
1907-ci il martın 25-də Bakının Qala kəndində bəy ailəsində doğulub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu totalitar rejim tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirib. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilir.
1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır.1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o, Türkmənistana sürgün edilir.

1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.
Sərhəd gözətçilərinin və kömürük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur, 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.
Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. O, Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif işlərdə çalışır.

1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub.

Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. Almas İldırım Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirib, milliyyətçi və istiqlalçı bir şair olaraq tanınıb.
Almas İldırımın yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunub. Bundan başqa, "Azərbaycan mahnıları" adlı kitabı da var.
Şairimiz dillər əzbəri şeiri ilə hörmətlə yad edirik:

Harda məni gül qoynunda doğuran,
Xamırımı göz yaşıyla yoğuran,
Beşiyimdə “layla balam!” çağıran
Azərbaycan, mənim baxtsız anam oy!…
Neçə ildir həsrətində yanam oy!..

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!..
Hökm etsə, bu sərsəm gediş dursa oy!..

Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum oy!…
Ölməz eşqim, içimdəki dərdim oy!..

Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım oy!…
Oyanmazmı kor olası baxtım oy?!


Aynurə Əliyeva
A
zərbaycan Dövlət Pedaqoji Universitetininn əməkdaşı


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum