Türk Dünyasının Hocalar Hocası Elçin İsgəndərzadə

Dr. Hayale Zerrabkızı çağdaş Azerbaycan edebiyyatının usta kalemlerinden olan, akademik araştırmalarıyla Azerbaycan ilmine değerli katkılarda bulunan, Türk dünyasının Manevi Değeri bildiğimiz Hocamız, Prof.Dr. Elçin İsgenderzade hakkında yazdı.

Türk Dünyasının Hocalar Hocası Elçin İsgəndərzadə
25 Kasım 2023 - 01:34 - Güncelleme: 25 Kasım 2023 - 09:05
Türk Dünyasının Hocalar Hocası Elçin İsgəndərzadə
Dr. Xeyale ZERRABGIZI
Dr. Xəyalə Zərrabqızı

“Əsərinin üzərində imzası olmayan yeganə sənətkar Öyrətməndir!” – deyir böyük Mustafa Kamal Atatürk. Bu gün Türk dünyasında Mustafa Kamal paşanın şərəfli yolunu qəlbində, ruhunda, işıqlı əməllərində yaşadan, öyrədən və sağlam düşüncəsinin təməlini qoyduğu gəncləri o qutlu yolda yürüdən “fikri hürr, vicdanı hürr, irfanı hürr” Öyrətmənlərimizin  günüdür!
Dəyərli dostum, məsləkdaşım CNN Türk kanalının “Özəl xəbərlər” departamentinin başqanı, Azərbaycan sevdalısı əziz Fulya Öztürk bu sabah görüntülü görüşməmizdə belə bir sual ünvanladı mənə: “Xəyaləcim, Azerbaycanda olduğum sürece hatta askeri sıralarda bile, savaşda olan gönüllülerin içerisinde öyretmen olanlara ne kadar dəyər verildiyini gördüm. Sizin toplumun öyretmeni ne kadar yüce idealleştirdiyine gözlerimle tanık oldum. Sen kendi bakış açınla anlata bilirmisin: İdeal Öğretmen nasıl olmalı?...
Gözləmədiyim bir məqamda “İdeal Müəllim necə olmalıdır?” sualı ünvanlanmışdı və mən yaddaşımı vərəqləyib iç dünyamdakı “müəllim obrazı”mı sözlə ifadə etməyə macal tapmamış 4 yaşlı qızım “Elçin Babam kimi” cavabını verdi Fulya ablasına. Bu dünyanın ən ideal tərəzisi uşaqların qəlbi, ən qiymətli ölçü əyarı körpə qəlbində pöhrələyən sevgidir. Onların gözündəki mərtəbədən, onların qəlbindəki ucalıqdan, onların içindəki sevgidən daha böyük fəxri ad təsəvvür edə bilmirəm Müəllim üçün...  

Körpənin ilahi bir doğmalıqla verdiyi bu cavab məni kövrəltdiyi qədər Fulyanı da düşündürdü. Elçin Hoca haqqında, onun elmi ixtiraları qədər üzərində həssaslıqla titrədiyi, gözünün nurundan pay verib yetişdirdiyi tələbələrin təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da böyük elmi nailiyyətlər qazandığını söylədikcə geniş söhbətimizin nəhayətində Fulya bu danışdıqlarımızı yazıya almağımı rica etdi məndən.
Dünya coğrafiyasının saat qurşaqları kimi, ruh xəritəsinin də öz ritmik vaxt duyğusu var. Əslində, mən hər zaman “Ustadım” deyə müraciət etdiyim dəyərli Elçin müəllimin şairliyinin, poetik sənətkarlığının yanısıra onun örnək müəllimliyindən də nə zamansa bəhs etmək istəmişdim, belə bir mövzu lap çoxdan içimdə yazılmaqda idi. Amma ruh saatına görə doğuluş vaxtı məhz bu məqama aid imiş…
Professor Elçin İsgəndərzadə Azərbaycan təhsil xəritəsində öz yolu, öz dəsti-xətti, öz üslubu, meyarları ilə öncül olan bilim uzmanı olmaqla yanısıra mükəmməl ənənələrə söykənən məktəb yaratdığı təkin həm də ədib, sənətkar, şəxsiyyət kimi özü bütövlükdə bir məktəbdir!
Kitabları ilə düşüncəmizdə, varlığı ilə yolumuzda işıq yandıran Elçin Hoca başımızı əyib sidq ürəklə təzim edəcəyimiz bir məktəb ənənəsi yaratdı: eynən Cavid əfəndi kimi, eynən Firudin bəy Köçərli kimi, eynən Tofiq İsmayılov kimi, eynən Rafiq Əliyev kimi…
Elçin müəllimə hər baxanda içimdə alqış edə-edə düşünmüşəm ki, bu torpağın nə gözəl milli sərvətləri var… Varımız olan bu adamların yorulmaz əməyini dəyərləndirmək üçün sözlərin gücü yetməz… Bu milləti işıqlı sabaha aparan İşıq adamlardandı Elçin İsgəndərzadə!
Yəmənlə bağlı bir şəkil görmüşdüm illər öncə… Bəlkə də Yəməni əks etdirən yeganə işıqlı foto o idi… Şəkildə təsvir olunur ki, məlum bombardman nəticəsində sinif otağının arxa divarında böyük bir dəlik yaranıb. Gənc bir müəllim sarı-qızılı rəngli qələmlə o bomba dəliyinin ətrafını Günəş şüaları kimi xətləyib. Öyrəncilər hər dönüb geriyə baxdığında bombalanmış divarı yox, o bombalanmış yerdən içəri boylanan Günəşi görürlər. Bəli, Öyrətmən dediyin bomba dəliyini Günəş yapan Bilgə insandır….
Qızlarımın  dilinin əzbəri, körpə ürəklərindəki “ən ideal müəllim obrazı Elçin Baba” - ailəmizin ən əziz insanı Professor Elçin İsgəndərzadə haqqında yazmaq istəyəndə qeyri-ixtiyari olaraq o divarda Günəş şəkli çəkən müəllimin obrazı canlandı gözlərimdə. İlahi bir doğmalıqla Elçin İsgəndərzadənin torpağa əkdiyi fidanlar üçün yorulmaq bilmədən haqqı ödənilməz fədakarlıqlarını həmin o müəllimin Günəş rəsminə bənzətdim... Bəli, Müəllim dediyimiz həyatımızdakı çirkinlikləri gizlədib üstünə Günəş örtən, Özünü şam kimi əridib ruhumuza hənirti olan, yaradılmışın ən Uca ürəkli olanıdır...
Öyrətmən sadəcə elm öyrədən deyil, hərarətiylə isidən,  mərhəmətiylə sığal çəkən, şəfqətiylə sahiblənən mənəvi valideyndir həm də…
Öyrətmən Aydındır! Günəş kimi yetirmələrinin yolunu və düşüncələrini aydınladandır.
Bu gün bizlər vicdanlı, məsuliyyətli, özünü və milli mənliyini dərk etmək iqtidarında bir gənclik kimi yetişməyimizdə kitabından dərs aldığımız, qələmindən ruhumuzu aydınlatdığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə əzəmət və əsalət öyrəndiyimiz Elçin müəllimə borcluyuq!
Böyük Hüseyn Cavidin ədəbi amalını, dünya elminə böyük töhfələr bəxş edən Tofiq İsmayılovun idrak işığını günümüzə daşıyan aydın zəkalı, milli düşüncəli, cəsarətli, aydın mövqeli ziyalı ordusunun ən ön sırada dayananı, fədakar bir elm sahibidir Elçin İsgəndərzadə…
İlk gənclik illərimizdən sağlam düşüncəmizi bina edən, bizi ümidlərin izi ilə arzularımızın arxasıyca aparmağı bacaran, bizləri peşə vicdanına sadiq bir öyrətmən olaraq yetişdirən, mənəvi dünyamızın, ruhumuzun memarı olan, ürəklə “Mən müəlliməm!” deməyimizi sağlayan Hocalar Hocasıdır, mənəvi hamimiz və Ustadımızdır Elçin İsgəndərzadə!…
***

Hüseyn Cavid “Naxçıvana nə lazımdır?” məqaləsində yazırdı ki: “Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol” kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin yapon vətənpərvərpərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə, müəllimə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.
“Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi və ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə öz təsirini göstərəcəkdir.
Bu gün biz Həqiqətə Tanrıya sığındığımız kimi sığına biliriksə, adına vicdan  deyilən “iç mən”imizə sadiq qala biliriksə, Qələmimizi İmanımız, Elmimizi Vicdanımız kimi qoruya biliriksə, bu məhz Elçin Müəllimin bizə öyrətdikləri sayəsindədir.
Bu cəmiyyətin ən işıqlı alimləri də, cəfakeş gənc qələmləri də, yorulmaq bilmədən çalışan yazı əhli də Sizlərin zəka işığınızdan pay alıb yetişən nəsildir, əziz Elçin müəllim!
Siz Bizim Ruhumuzun Memarı – Mənəvi Atamızsınız! İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur. Ki, Siz bu şərəfli peşənin öhdəsindən ən şərəflə gələnlərdənsiniz...
Dərs dediyi, həyata hazırladığı minlərlə gəncin içində ədalət tərəzisini bərqərar edən, daxili dünyamızda Haqq səsinə çevrilən Ustadımız Elçin İsgəndərzadənin yaşadıqlarını kitab kimi vərəqlədikcə onun şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq.
Seyran Səxavətin “Nekroloq” romanında çox təsirli bir epizod var. Əsərdə təsvir olunur ki, kənddə bir başıpapaqlı qalmışdı, o da çolaq idman müəllimi idi. Çolaq idman müəllimi hər gün məktəbliləri kəndin yollarında yeridir ki, kəndin yolları ot-alaf altında itib-batmasın. Axı yollar insan ayaqları altında tapdananda yol olur. Adam adama qarğış edəndə deyir ki: Qapında ot bitsin... Bu elə qapın bağlı qalsın, - deməkdir. Qapıda o vaxt ot bitir ki, gəliş-gediş olmur. “Nekroloq”da təsvir olunan kənd o vəziyyətdə idi. İdman müəllimini için-için yandıran dərd də bu idi, kəndin – məmləkətin qapısı bağlı qalmışdı...
“Kənddən yolaşana qədər iki-üç kilometr olardı. Bədən tərbiyəsi müəlliminin məktəbdə hörməti vardı, onun bir sözünü iki eləməzdilər, əslində, heç söz deyən də deyildi ki, iki eləsinlər,ya eləməsinlər. O hər gün köhnəlib torpağa qarışmaqda olan yolun kəndə girəcəyində dayanıb şagirdləri gözləyirdi. Yuxarı siniflərin arıq-uruq uşaqları onun başına yığışardı. Gündə bir dəfə yolaşana qədər gedib qayıdırdılar, bəzən də iki gündən bir – özü də xeyli uşaq idi - əlli-altmış nəfər olardı. Bu minvalla yarımcan yol yavaş-yavaş cana gəlib yola oxşamağa başlayırdı. Bu minvalla bədən tərbiyəsi müəllimi yolu ölməyə qoymurdu – adını da qoymuşdu ki, idman sağlamlığın rəhnidir”...
Bəli, bu gün qaranlığa üsyan etməkdənsə, o qaranlığı nura boyamaq üçün gücü çatan bircə şamı belə yandıran müəllimlərimiz var. Seyran Səxavətin vurğuladığı kimi peşə vicdanını hər şeydən uca tutan o ləyaqətli müəllimlər heç vaxt “çolaq ayaq”larını, “şikəstlik”lərini, fiziki ya mənəvi əzablarını düşünmədən millətin sabahı üçün özlərini fəda ediblər və etməkdədirlər. Və bu məmləkətin dəyərləri kimi, mənəvi sütunu hələ dağılmayıbsa, əlbət ki, bütün ruhuyla, varlığıyla yetirmələrini şikəst qoymamaq üçün o “tək ayağını” cəmiyyət üçün sütun edən müəllimlərin– ziyalıların sayəsindədir.
Yetişdirdiyi gəncləri  əhatə edən bu dünyanı  nura boyamaq üçün özünü kibrit əvəzi yandıran, ömrünü şam kimi əridən insanlıq adına, müəllimlik adına Elçin müəllimimiz var həyatımızda nə yaxşı ki… Və bu məmləkətin dəyərləri kimi, mənəvi sütunu hələ də dağılmayıbsa, bu, əlbət ki, peşə vicdanını hər şeydən uca qılan, çiyinlərini – ruhunu cəmiyyət üçün sütun edən Elçin müəllim kimi müəllimlərin – aydınların, ziyalıların sayəsindədir…
Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır... Milyonların sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Elçin Müəllim!
Sizin üstləndiyiniz müəllimlik missiyası, hocalıq görəvi bir də ona görə ülviləşir və qutsallaşır ki, Siz təkcə öz ailənizdə böyütdüyünüz övladlarınıza deyil, bizim hamımıza sözün həqiqi mənasında şəfqətlə həm Müəllim, həm mənəvi Valideyn olmağı bacarmısınız.
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...
- sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərli Elçin Müəllim! Yetişdirdiyiniz balalar Sizin əsərlərinizdir - tikdiyiniz qalalardır...
Müəllim olmağı bacarmaq ən böyük şəxsiyyət, ən böyük yazıçı, ən böyük sənətkar ola bilməkdi...
Müəllim olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi...
Müəllim olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı...
Siz Özü ən ləyaqətli örnək olmaqla, Müəllim kimi bizlərə ayna tutan, yavrularımıza olan münasibətimizi və düşüncəmizi formalaşdıran, mənəvi dünyamızı inşa edən, möcüzəli toxunuşuyla bizi biz edən, ruhumuzu yenidən yapan Memarsınız, Elçin Müəllim!...
Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı ki, "Maarifdən və ziyalıdan uzaq bir xalq işıqdan məhrumdur"
Nə mutlu bizə ki, Elçin müəllim kimi ziyalılarımızın daxili dünyasının işığı hesabına qaranlığımız aydınlanır. Nə mutlu bizə ki, kitablarından, tövsiyələrindən, söhbətlərindən, müsahibələrindən faydalandığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə əzəmət öyrəndiyimiz Elçin müəllim var Yolumuzun başında. Nə yaxşı ki Var!...
Yazımın bu yerində Elçin müəllimin “Eşq” kitabına aid bir məqamı xatırlamaq istəyirəm. Biz həyat yoldaşımla Universitetdə bir partada oturardıq. Şirin bir xatirə kimi həmişə müəllimlərimiz bizə baxanda ömür yolunu böyük anlayış və qırılmaz dostluqla bərabər addımlayan Elçin Müəllimlə Afət Xanımın ailə həyatını hamımıza örnək göstərirdilər. Hər dəfə Afət Xanımla Elçin Müəllimin adı çəkiləndə mən Məmməd İsmayılın “Bir adam yol gedir bizdən qabaqda...” misralarını xatırlayıram... Və Elçin müəllimin elmi, ədəbi, pedaqoji uğurlarının ideya həmmüəllifi olaraq düşünürəm dəyərli Afət Xanımı... Bu gün ən təqdirəlayiq olan odur ki, bu iki gözəl insan əl-ələ verərək qurduğu gözəl bir ailə modeli ilə həm də bizlərə Ailə məktəbinin ən gözəl örnəyini öz varlıqları və sevgiləri ilə gözlərimiz önündə sərgiləməkdədirlər. Var olsunlar!
Tələbələrini qanadlarının altına alan nəhəng bir qartala bənzətmişəm həmişə Elçin müəllimi. Onun dünya böyüklükdə ürəyinin himayəsi qədərdi qanadlarının ənginliyi – köksünə sığdırdıqları yetirmələrinin bir parası Təbrizdə,  bir parası Buxarada, bir parası Daşkənddə, bir parası İstanbulda, bir parası Berlində, bir parası Londonda... Hərəsi Elçin müəllimin gözünün işığından, ürəyinin sevgisindən bir ovuc pay aparıb getdikləri ölkəyə... Və əkdiyi toxumların bar verən bəhrəsiylə Elçin İsgəndərzadə hər yerdədir.
Yazımı Mustafa Kamal Paşanın fikirləri ilə başladığım kimi elə böyük Atatürkün dəyərli sözləri ilə də tamamlamaq istəyirəm: “Benim bedenimin babası Ali Rıza Efendi, fikirlerimin babası ise Ziya Gökalp’tir”.
Həyatın qəribə bir sevinc payıdır ki, bu gün elə Öyrətmənlər gününə təsadüf edən doğum günümdə mən dəyərli hocam Elçin İsgəndərzadə haqqında bu sözləri qələmə alıram: “Biz cismən öz valideynimizin bətnindən qopmuş zərrələr ola bilərik, amma bizim iç dünyamızı inşa edən, Ruhumuzun memarı, valideynimiz qədər doğma Mənəvi Atamız professor Elçin İsgəndərzadədir. Tanrı Ustadımızın işığını biz yetirmələrinə doyunca versin! Amin!
Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum