ŞUŞANI ÜRƏYİNDƏ DAŞIYAN ADAM...
ŞUŞANI ÜRƏYİNDƏ DAŞIYAN ADAM...
Yazan: Xəyalə Zərrabqızı
Hər bir qələm adamının, yaradıcı insanın, hər bir şairin Söz aləmində öz dəst-xətti, öz nəfəsi vardır. Bu gün çağdaş Azərbaycan ədəbiyyatının Elçin İsgəndərzadə adlı şəxsiyyətinin bütövlüyü, düşüncəsinin dərinliyi, poetikasının mükəmməlliyi, yazı tərzinin özünəməxsusluğu ilə seçilən möhtəşəm bir imzası, heç kimi təkrarlamayan bənzərsiz bir səsi, saf bir nəfəsi vardır. Zəngin dünyagörüşü, geniş erudisiyası ilə dünya elmi mühitində və ədəbiyyatşünaslıq aləmində artıq öz imzasını çoxdan təsdiqləyən Elçin İsgəndərzadənin ədəbi-bədii yaradıcılığı bütövlükdə Azərbaycan ədəbiyyatının nadir sənət xəzinəsidir. Bu xəzinə öz sahibinin ədəbiyyatın dərinliklərinə hərtərəfli yiyələnmiş, onun bədii-estetik zövqünü ümumilikdə əks etdirən istedadlı qələm sahibi olduğunu təcəssüm etdirir. Ədibin qələminə məxsus olan hər bir şeiri oxuyanda, eləcə də onun Söz üçün, Sənət üçün, həqiqi ədəbiyyat üçün, bilgili, zəhmətsevər, istedadlı nəsil yetişdirmək üçün etdiyi saysız fədakarlıqları tərəzinin gözünə qoyanda haqlı olaraq belə bir qənaətə gəldiyimizin fərqinə varırıq.
Elm və mədəniyyət aləmində misilsiz xidmətləri olan, poeziyamızdakı fəlsəfi dərinlik ənənələrini nəinki hər bir şeirində, hətta hər bir misrasında qoruyan, əsilzadə düşüncəsi, vətəndaş ziyalı mövqeyi ilə seçilən Elçin müəllimin həm də ədəbiyyatımızın Türk dünyasında tanıdılması istiqamətində gördüyü müstəsna işlərin miqyası ölçüyə və tərifəgəlməz dərəcədə böyükdür.
Azərbaycan elmi mühitində, fizik alimlərin arasında belə bir ifadə var: Professor Elçin İsgəndərzadə məktəbi...
Məncə, Elçin İsgəndərzadə fizika sahəsində altına imzasını qoyduğu böyük elmi nailiyyətlər hesabına məktəb yaratdığı kimi, bir elm xadimi kimi, ədib kimi, şair kimi, sənətkar kimi, şəxsiyyət kimi özü bütövlükdə bir məktəbdir!
Onun dünyagörüşünə, alicənablığına, zəngin daxili aləminə, məğrur təbiətinə, xeyirxah xarakterinə, nəcib insaniyyətinə yaxından bələd olduqca mən Elçin müəllimi zirvəsi əlçatmaz əzəmətli dağa, sonu görünməz bir ümmana, intəhasız üfüqlərə bənzətmişəm.
Mehr-ülfət bağladığımız illər ərzində onu həmişə doğrunun yanında, həqiqətin keşiyində, xeyirxah əməllər üçün çalışmaqda hamıdan öndə görmüşəm. Böyük Üzeyir bəyin həssaslıqla söylədiyi “İstedadlı gəncliyə arxa durun!” sözlərini həyat devizinə çevirən Professorun mənəvi Ata qayğısı və himayədarlığı ilə bu gün ədəbiyyat dünyasına qədəm qoyan, əsərləri işıq üzü görən gənc nəslin yüzlərlə nümayəndəsinin səmimi minnətdarlığının, xoş dualarının ünvanıdır Elçin Bəy!
Yavuz Bülənt Bakilərin təbirincə söyləsək: “Sözü və əməliylə insanlığın keşiyində dayanan, ayağını yerə sağlam basan, Azərbaycan türkcəsini gözəl kullanan və şeirin anlatılmaz sehrindən, gücündən istifadə edərək Azərbaycan bayrağını həp yüksəklərdə dalğalandırmaq istəyən bir idealistdir Elçin İsgəndərzadə...”
Düşünürəm ki, sadəcə istəyən yox, bütün gücüylə bu yolda çalışan, bu qutlu yolda qarşısına çıxan ənginliklərə fədakarca sinə gərən, Bütöv Azərbaycan sevdasıyla, Təbriz sevdasıyla, Turan sevdasıyla yaşayan, Şuşasıyla qanadlanan böyük Aydındır Elçin İsgəndərzadə...
Onun haqqında bir kitab oxumuşdum: “Şuşanı özündə gəzdirən Adam...” və balaca bir əlavə etmək istəmişdim ki, “mənə elə gəlir ki, Elçin müəllim təkcə Şuşanı yox, külli-Qarabağı 30 ildir ki, ürəyində gəzdirir...”
Elçin müəllim məndən ötrü yeriyən Qarabağdır... Təbrizdir, Zəncandır, Şuşadır, Ağdamdır... Başından nə tufanlar keçsə də, bir qarış da əyilməyən, bircə daşı da yerindən tərpənməyən Gövhərağa məscidinin minarəsi kimi üzü Haqqa sarı yol alan Adamdı...
Ədəbiyyatımızın cəfakeş hamisi, təəssübkeşi, böyük alim Azər Turan ilahi bir doğmalıqla Elçin müəllimə “Şuşa Qardaşım!” deyə müraciət etdiyi məqaləsində yazır: “Bizə asta-asta təşrif gətirən Qərbin səlib kəşfiyyatçılarına Üzeyir bəyin musiqisini, Natəvanın şahanə aslanlığını, bir sözlə, çox dəyərlərimizi və Elçin İsgəndərzadəni göstərməliyik. Qoy bir masanın arxasında əyləşib yox, böyük bir səhnənin önündə əyləşib hər şeyi dinləsinlər. Elçin bəy onlara bu şeirini oxusun:
Sən harda gördün, Dali
Müharibənin sifətini?
Öz qanıyla suvardılar bir zaman
Sənin məmləkətini.
Bir gün qurşun sıxdılar.
Lorkanın şair sözünə
Sən bir sillə vurmuşdun
Müharibənin üzünə.
Mənim yuxularıma
Qanlı döyüşlər girir.
Hardasa bir mələk Ana
Şəhid qəbri üstündə
Ağlamadan hönkürür...
Yuxuları Cıdır düzündə dolaşan, Xarıbülbül ətriylə oyanan bu şair obrazı Dünyanın Azər Turan baxan səmtindən görünən Elçin İsgəndərzadədir... 28 ildir “göyərçinləri yaralı”, “Xarı bülbülünün bağrı qan”, “dağlarının başı duman” olan Elçin müəllim... “Qarabağı alimliyindən və şairliyindən daha böyük, daha müqəddəs qılan” Elçin müəllim... Şuşa adı çəkiləndə uşaq məsumluğunu hələ də qoruyan saf və dumduru gözləri bahar buludu kimi dolan Elçin müəllim... Dünyanın ən mötəbər beynəlxalq ödüllərini alanda belə o sevincini Cıdır düzüylə paylaşa bilmədiyi üçün ürəyinin dərinliyində alışıb-yanan Şuşa Adam... Şuşanı ürəyində gəzdirən, varlığında daşıyan Adam...
Yurdunu qurddan, sudan xəbər alan Qazan xan təkin üzünü yurduna – Şuşasına tutub, suyunu, havasını soruşur, sərçələrinin belə əhvalını xəbər alır bir şeirində:
Elə nigaranam küçələrindən
Gecələr düşəndə gecələrindən
Suyundan, havandan, sərçələrindən
Elə nigaranam, Şuşam, necəsən?
İllərdi vətəndə vətənsizlik həsrətiylə yanan, mümkünsüz qayıdışın əzabını yaşayan şair içində gizlədiyi Elçindən, bənövşə qoxusunun içindən keçib ata ocağına yol alanda qolları qoşa qanada dönür, yolları məlhəm kimi yaralarına təpir:
Qollarım qoşa qanad
Uçacağam yolları...
Yaralarıma təpib
Qucacağam yolları...
Bənövşə qoxusunun
İçindən keçəcəyəm.
Məni məndə gizlədən
Elçindən keçəcəyəm.
Bu ayrılıq, bu həsrət
Şükür ki, başa çatır.
Evimizə gedirəm.
Evimiz Şuşadadır.
Bu, müqəddəs bir qayıdışdır! Bu, sadəcə torpağa, yurd yerinə deyil, həm də özünəqayıdışdır, itirilmiş gəncliyə, ömrün yaşanmamış illərinə qayıdışdır.
Hələ 1983-cü ildə "Ən yaxşı tələbə elmi işi"nə görə SSRİ Təhsil Nazirliyinin qızıl medalını alarkən birbaşa Şuşaya gedib sevincini Cıdır düzüylə bölüşən gənc Elçinin 28 il ərzində böyük elmi nailiyyətlərinə, beynəlxalq miqyasda aldığı ödüllərə ürəkdən sevinməyə “gücü çatmayan” professor Elçin İsgəndərzadənin and yeri bildiyi qutsal torpağa möhtəşəm qayıdışıdır.
“28 illik Şuşasız günlərimin ən böyük faciəsi odur ki, mən bu dövrdə az qala hər gün təkcə ölkə yox, dünya miqyasında uğurlar qazanırdım, amma o uğurların heç birini Cıdır düzündəki o daşla bölüşə bilmirdim deyə, mənimçün bir anlamı qalmırdı. Buna görə də o uğurlar mənə yad gəlirdi. Bəlkə də kimsə Şuşasızlığa, vətənsizliyə mənim kimi bu aspektdən yanaşmayıb. Şuşayla birlikdə sevinclərim, uğurlarım da əsir idi sanki...”
“Şükranlıq türküsü” şeirində Qarabağda tarix yazan Şəhidlərimizin əziz ruhları qarşısında sayğıyla əyilərək Tanrıya sonsuz şükranlıqda bulunan Şair bu “mənəvi əsirlik”dən azad olduğumuzu sevinclə dilə gətirir:
İllərin həsrətini yerə vurdu bu görüş...
Uzanan yad əlləri elə qırdı bu görüş...
Qaranlığın bağrını yardı, yardı bu görüş,
Şükür bizi bizlərə qovuşdurana Şükür!
Ayrılığı Şuşadan sovuşdurana Şükür!
Sözün Dərgahı Haqqın Dərgahı qədər müqəddəsdir. Bu dərgaha baş vurmaq hər şairə nəsib olmur. Elçin İsgəndərzadə alnı Haqqın dərgahında olan, Sözü Tanrının əmanəti, Ruhun tərcümanı kimi qoruyan və ucaldan şairdir.
Bu dünyada təmiz Sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu... Allah bu ucalığı Elçin İsgəndərzadənin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb: Ucalığın mübarək, Əziz Adam!
Söz halallıqdır... Söz ləyaqətdir... Söz vicdandır... Söz zəhmətdir... Söz ilahidən gələn hikmətdir... Bu gün sözün dəyərsizləşdiyi, insanların ucuzlaşdığı bir dünyada Sözünün ləyaqətini vicdanla qorumağı bacaran, xəmiri, mayəsi halallıqdan və zəhmətdən yoğrulmuş dəyərli, dərin düşüncəli, zəhmətkeş, işıqlı bir İnsanın – Elçin İsgəndərzadənin bir yaş daha müdrikləşdiyi gündür...
16 sentyabr 1964-cü il Elçin İsgəndərzadənin anadan olduğu gündür.
8 noyabr 2020-ci il isə Elçin İsgəndərzadənin yenidən dünyaya gəldiyi – Azadlığın bətnindən doğulduğu – Şuşasına qovuşduğu gündür...
Adam Azadlığın bağrından qopub dünyaya gələndə daha böyük olur, daha da bütövləşir, tam olur, tamamlanır...
O, nə müddətdir ki, yaşadıqlarını ömürdən saymırdı, illəri təqvimdən qopara-qopara ümidlə bütövləşəyi günü gözləyirdi...
Bu gün Elçin müəllimin bütövləşdiyi gündür, bu gün Elçin müəllimin payız fəslindəki doğum gününü günəşli bahar çağı kimi qarşıladığı gündür...
Doğuluşun mübarək! Azadlığın mübarək! Ömrünə doğan Günəşin mübarək, Ustad!
"Şuşanın Günəşi xatirimdə bir başqa qalıb. Saçaqlı, gülümsər, təbəssümünü sübh şəfəqləriylə dodaqlarımıza endirən, könlümüzü isidən, bizi heç vaxt üşüməyə qoymayan...” Bu sətirləri Elçin müəllimin “Günəşin elçisi” monoqrafiyasından xatırlayıram...
Demək ki, bu 28 ildə Elçin müəllimin təkcə şeirləri yox, Şuşanın Günəşinə həsrət ürəyi, ruhu üşüyürmüş... Uzun illərin adamı qor kimi yandıran bu nisgilinin sonunda, nəhayətində Vətəninə qovuşan Şair həm də kainatda illərdi axtardığı rəngi tapır elə bil: “Xoşbəxtliyin rəngi”ni... Yamyaşıl Cıdır düzünün, altın saçlı Günəşinin, Ağdamın masmavi səmasının, göz işlədikcə uzanan tarlalarının, boz torpağının, Qarabağın azad nəfəsinin rəngi imiş “Xoşbəxtliyin rəngi” – Vətənin rəngi...
Nəğmə də bitir,
şeir də,
yol da...
Hələ arzular da -
bircə sən,
bircə sən
bitmirsən,
Vətən!
***
Elçin müəllimin, sözün bütün mənalarında, şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir. Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Bu günlərdə Elçin müəllimin hər birimizə örnək olası əmək kitabçasına bir yeni ünvan da əlavə olunub. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədrliyi... Bu görəvi sadə bir vəzifə borcu kimi deyil, ilahi bir təltif kimi önəmsəyən Elçin müəllim üçün mənə elə gəlir ki, bu, indiyəqədər tutduğu mövqelərin ən müqəddəsi, ən doğmasıdır. Yeni yaşında – yaşının müdriklik məqamında Dəyərli Ustadımı bu münasibətlə də ürəkdən təbrik edir, azad Qarabağın mədəni rifahında görəcəyi gözəl işlər üçün uğurlar arzulayıram!
Xəyalə Zərrabqızı
filologiya üzrə fəlsəfə doktoru
FACEBOOK YORUMLAR