"Qorqud Ata-Korkut Ata" Türk Dünyası Film Festivalı Şuşada keçiriləcək

Bu gün 10 noyabrda İstanbulda başlayan "Qorqud Ata" Türk Dünyası Film Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

"Qorqud Ata-Korkut Ata" Türk Dünyası Film Festivalı Şuşada keçiriləcək
13 Kasım 2021 - 14:45

525.az xəbər verir ki, festivalda iştirak edən Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov çıxış edib. Çıxışına qonaqları salamlayaraq başlayan nazir, festivalın 2023-cü ildə Şuşada keçiriləcəyi xəbərini də verib: 

"Əziz qonaqlar, hamınızı Azərbaycandan, türk dünyasının zəfəri olan Qarabağdan- Şuşadan salamlayıram. Mən bu festivalın keçirilməsinə və dəvətinə görə, qardaş Türkiyənin Mədəniyyət Nazirliyinə və şəxsən cənab nazirə dərin təşəkkürümü bildirirəm. Bu festivalın çox böyük önəmi var. Festival bizim ortaq tariximizi, adət-ənənələrimizi, mədəniyyətimizi, dəyərlərimizi tək türk dünyasında deyil, eyni zamanda beynəlxalq səviyyədə tanıdılmasına böyük vasitə olacaq. Bu səbəbdən, belə təşəbbüsün həyata keçirilməsinə görə, hamınıza təşəkkürümü bildirirəm. Festivala uğurlar arzu edirəm. Hər birinizi 2023-ci ildə Şuşada - Qarabağımızda gözləyirik. Yaşasın türk dünyası, yaşasın birliyimiz".

Qeyd edək ki, festival çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Macarıstan, Saxa Respublikası, Tatarıstan, Qaqauziya, İran, Ukrayna və digər ölkələrdən olan kinorejissorların filmləri təqdim olunub. Festivalın ilk günü Atlas 1948 Cinema, Emek Cinema, Tarık Zafer Tunaya Mədəniyyət Mərkəzi və İstanbul Universiteti Ünsiyyət Fakültəsi kinoteatrlarında film nümayişləri ilə başlayıb. Bu gün isə Atatürk Mədəniyyət Mərkəzində keçiriləcək möhtəşəm mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Şahanə Müşfiq

Türkiyə, İstanbul
https://525.az/news/180055-qorqud-ata-turk-dunyasi-film-festivali-susada-kecirilecek

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum