ADPU-da Beynəlxalq Ana dili Günü qeyd edilib

ADPU-da Beynəlxalq Ana dili Günü qeyd edilib
23 Şubat 2024 - 09:38 - Güncelleme: 23 Şubat 2024 - 09:43
ADPU-da Beynəlxalq Ana dili Günü qeyd edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində  (ADPU-da) Filologiya fakültəsinin təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana dili Günü münasibəti ilə tədbir keçirilib.

"Bu dünyanın yaşı qədər tarixin var!" adlı tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmaməddin Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, institutun digər rəhbər işçiləri, Bakı Dövlət Universiteti (BDU), Sumqayıt Dövlət Universiteti (SDU)  və digər universitetlərin əməkdaşaları, ADPU-nun rektoru, prorektorları, dekanları, müvafiq struktur rəhbərləri və tələbələri iştirak ediblər.


Tədbirin əvvəlində Azərbaycan Respublikasının Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova açılış nitqi ilə çıxış edərək 21 Fevral tarixini günlər içərisində ən əlamətdar və ən möhtəşəm bir gün adlandırıb, ana dilimizin dövlətçilik simvolu olduğunu qeyd edib. Vurğulayıb ki, əslində bu gün ana dili uğrunda şəhid olanların günüdür. "Dil fədailərimiz bu günü, bu bayramı qanları, canları bahasına qazanıblar. Dəyər şəhid olmağa! Çünki dünyada üç müqəddəs anlayış var: Vətən, ana və dil. Bunların uğrunda şəhid olmaq şərəfdir, şandır. Dil hər bir millətin mənəviyyatını qoruyan başlıca amildir. Dil hər bir insanın özünü ifadə etmə bacarığını - dosta sevgisini, ehtiramını bildirən, düşmənə nifrətini, qəzəbini çatdıra bilən ən güclü vasitədir. Dil anamızın ruhumuza gilə-gilə içirdiyi nemətdir, şərbətdir, sərvətdir. Təsadüfi deyil ki, Tanrı özündən sonra yaratma missiyasını qadına - anaya həvalə edib və məhz ananın dilini - onun danışdığı, övladına layla çaldığı dili bəşər övladına ərməğan edib. Ananın övladına əmanət etdiyi dili hər birimiz göz bəbəyimiz kimi sevməli, onu yad təsirlərdən qorumalıyıq. Çünki bu dil anamızın dili, ana dili, vətənimizin Azərbaycan 
dilidir.Bu dil ahəngdar poetik tərkibə, çoxçalarlı leksikaya, zəngin qramatik quruluşa malikdir. Bu dildə Füzuli sevgisi nalə çəkib, Nəsimi üsyan edib, Sabir qırmaclayıb, Şəhriyar o taydan, bu taya haray salıb.
Analar övladlarını əzizləyəndə "qurban olum", söyləyir. Heç bir dildə bu ifadənin tərcüməsini vermək olmur. Budur ana dilimizin şirinliyi! Bu dil Vətən dilidir! Bu dil dünənimiz, bu günümüz, sabahımız, bizi keçmişimizə bağlayan, gələcəyə aparan tarix bağımızdır..."
Dekan Könül Həsənova sonda tələbələrə səslənərək keçmişimizdən bizə miras qalan ana dilimizi qorumağın hər birimizin borcu olduğunu xatırladıb.

Bir 1 kişi ve yazı görseli olabilir

Sonra çıxış üçün söz ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya verilib. Prof.Mahirə Hüseynova çıxışında, əvvəlcə, Ali Baş Komandan cənab İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edərək qeyd edib ki, məhz onun zəkası, uzaqgörən siyasəti və şəhidlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində xalqımız qələbə sevinci yaşadı. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin gecə saatlarında ana dilində xalqa verdiyi  bu müjdəli qələbə xəbəri  bütün Azərbaycanı ayaqda saxladı. Böyükdən kiçiyə hamı bu müjdənin bəxş etdiyi sevinci yaşadı və paylaşdı.
Dilimizin qüdrətindən, zənginliyindən, bədiiliyindən,
ana dilinin saflığının qorunmasının önəmindən bəhs edən 
prof.Mahirə Hüseynova vurğulayıb ki, çox dil bilmək gözəldir, amma ana dilini mükəmməl bilmək daha gözəldir.

Tədbirin davamında dahi şəxsiyyətlərin ana dili, türk dili haqqında söylədiyi kəlamların səsləndirildiyi videoçarx nümayiş olunub.

Sonra məruzə üçün söz fakültənin Azərbaycan dilinin tədrisi texnologiyası kafedrasının professoru, fil.e.d. Vaqif Qurbanova verilib. Ana dilimizin tarixi barədə məruzə edən Vaqif Qurbanov 
F.KöçərliM.Mahmudbəyovun ana dilimizin inkişafı üçün həyata keçirdiyi addımlardan söz açmış, maraqlı nümunələr söyləmişdir.



Mirzəli Qəmbərovun təqdimatında “Ana yurdum” mahnısı təqdim olunduqdan sonra Pedaqoji Universitetin “Meh” ədəbi dərnəyinin üzvləri - Könül Haqverdiyeva və Könül Babayeva Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirini səsləndiriblər.

  Müasir Azərbaycan dili kafedrasının müəllimi Nərmin Mehdiyeva çıxış edərək dilimizin uzun illər boyu yad təsirlərə məruz qalmasına baxmayaraq öz saflığını itirmədiyini, daima inkişaf etdiyini xüsusi vurğulamışdır.

Əli Həsənovun ifasında “Mənim Azərbaycanım” mahnısı səsləndikdən sonra “Meh” ədəbi dərnəyinin üzvləri Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” əsərindən səhnəcik göstərib, “Ana dilim” mahnısını ifa ediblər.
Daha sonra Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında  Emin Sabitoğlunun “Şirin dil” mahnısı səsləndirilib.
ADPU-nun əcnəbi tələbələri isə tədbirə ayrıca bir dad qatıblar. Onlar Azərbaycan dilinə olan sevgilərini bu dildə müxtəlif şeirlər, bayatılar, şüarlar səsləndirərək bildiriblər. Əcnəbi tələbələrin:

Səs yayılıb hər yana,
Yolun yaxın, ay ana.
Tezliklə gedəcəksiz,
Qərbi Azərbaycana! - bayatısını səsləndirmələri tədbir iştirakçıları tərəfindən coşqu ilə alqışlanıb.

Tədbirin sonunda ADPU-nun rektoru, prof. Cəfər Cəfərov ölkə elm və təhsilində xidmətləri olan bir qrup alim və ziyalıya “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
100 illiyi (19212021)” yubiley medalını təqdim edib.



Aynurə Əliyeva,
ADPU-nun Filologiya fakültəsinin müəllimi

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum