İran nədən Azərbaycanın Ermənistana qarşı vətən müharibəsində daha aktiv mövqe tuta bilmir - Gülnara İnanc

İran nədən Azərbaycanın Ermənistana qarşı vətən müharibəsində daha aktiv mövqe tuta bilmir - Gülnara İnanc
26 Ekim 2020 - 18:25

“Etnoqlobus” Beynəlxalq onlayn analitik mərkəzinin direktoru, ekspert
Bu ilin iyul ayında Ermənistanın provakasiyası ilə hərbi əməliyyatlar zamanı və 27 sentyabrdan Vətən müharibəsi başlayanəndan bəri İranın ərazisindən düşmənlərimizə silah-sursat və yanacaq daşınması, həmçinin cənub qonşularımızın mətbuatında işğaldan azad olunan torpaqlarımızı Ermənistan ərazisi kimi təqdim olunması, yaxud siradanbir xəbər kimi verilməsi narazılıq doğurur.
Sentyabrın 27-də intensiv döyüşlər başlayanda Türkiyə , daha sonra Pakistan dövlət başçıları birmənalı olaraq Azərbaycanı haqq savaşında dəstəklədiklərini bəyan etdi. Tehrandan isə ilk günlərdən İran XİN başçısının dili ilə tərəfləri sülhə çağırış və danışıqlara vasitəçilik təklifi səslənirdi.
Rusiya prezidentinin “Biz qonşularımızın daxili işlərinə qarışmırıq” kimi konkret məna daşıyan bəyanatları, ordumuz mövqeyelərini gücləndirməsi və torpaqlarımızı azad edərək irəliləməsilə, ABŞ və Qərb ölkələrinin də baş verənləri görməməzliyə vurması Tehrandan gələn rəsmi açıqlamalar get-gedə daha çox konkretləşdi və nəhayət Ermənistan işğalçı adlandırıldı.
Azərbaycan ictimaiyyəti və media İrandan ilk gündən Türkiyə kimi birmənalı mövqe gözləyirdi: uman yerdən küsərlər. Lakin İrana qarşı blokada və təzyiqlər zamanı Rusiyadan aldığı dəstək Tehranı xüsusilə bölgə siyasətində Moskvaya tərəf boylanmağa məcbur edir.
Bundan əlavə, Azərbaycanın torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərin nə qədər sürəcəyi məlum deyildi, çünki 2016-cı il və bu ilin Tovuz döyüşləri qısa sürmüşdü. Eyni zamanda başlanan müharibənin nəticələri də məlum olmadığı üçün İran gözləmə mövqeyini seçmişdi. İranda yaşayan azərbaycanlıların ilk günlərdən Qarabağın azad olunmasına dəstəklərini müxrəlif şəkildə , o cümlədən bütün ölkə ərazisində küçə nümayişləri ilə göstərməsi Tehran diqqətdən kənarda saxlaya bilməzdi.
İyul ayından bəri İranın Nordüz sərhəd-keçid məntəqəsindən Ermənistana Rusiyadan silahlar daşınması haqda məlumatlar gəlirdi. Prezident İlham Əliyevin Türkiyə jurnalistlrinə müsahibəsində İran ərazisindən Ermənistana silah daşınması barədə informasiyaya malik olmadığını deməsi ehtirasları bir qədər soyutdu.
Bu bəyanatdan biq qədər sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Səhər” kanalına müsahibəsində 90-cı illərdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı İranın Azərbaycana dəstəyi, xüsusilə top atəşləri ilə düşmənin hücumunu səngitməsi və dinc əhali arasında itkilərin sayının daha az olmasında rolunu xatırlaması ürəklərə bir qədər su səpdi.
Lakin ötən həftə İranın “Məşriq” nəşri “Azərbaycan əsgərləri erməni torpağında şəkil çəkdirdi” başlığı ilə Xudafərin körpüsünün əsgərlərimiz tərəfindən azad olunduqdan sonra bayrağımızın fonunda çəkdirdikləri fotoları dərc etməsi sosial şəbəkədə azərbaycanlıların narazılıına səbəb olandan sonra İranın ölkəmizdəki səfirliyinin işə qarışması ilə məqalə korrektə olundu.
İran da Rusiya kimi Azərbaycanı keçmiş imperiyada qopmuş torpaqları kimi qəbul edir və bu fikir iranlı ictimai şüurunda dərin kök salıb. Bunu İrandan səslənən bəyanatlardakı (daha çox Ali dini rəhbərin təmsilçiləri tərəfindən) “Qarabağ müsəlman torpağıdır”, “müsəlman torpağı işğal altındadır” kimi ifadələrdə də özünü tapır.
İran birmənaları bir ölkə deyil, adətən Azərbaycanla bağlı situasiyalarda prezident dini liderin bəyanatını gözləyir, Xamneyi isə öz tərəfindən bunu azərbaycanlıların sıx yaşadığı bölgələrdəki təmsilçilərinə həvalə edir. Azərbaycan ictimaiyyəti İrandan Türkiyədən eşitdikləri kimi birmənalı dəstək gözləyir. Nəzərə alaq ki, iranlılar türklər kimi çöl adamı (köçəri) olmadığından manevrlər ustasıdır və həmişə geri addım atmaq üçün hasarda oyuq saxlayacaq.
İran mətbuatında, xüsusilə Azərbaycan dilində yayımı olan “Səhər” TV kanalında Gəncənin Ermənistan tərəfindən atəşə tutulması, Azərbaycan-İran sərhəddinin Ermənistan tərəfindən işğal olunmuş hissəsinin azad olunması və Azərbaycanın sərhəd postlarının qurulması haqda məlumatlar, həmin bölgədə yaşayan soydaşlarımızın torpaqlarımızın azad olunmasının gətirdiyi sevinci, qüruru da göstərilir. Azərbaycan ictimaiyyəti Türkiyə mediasının , xüsusilə TV kanallarının savaşın başlanmasının ilk günündən yanımızda olmasını sözdə yox, qaynar xəbərlərlə verməsi, “qardaşlarımızın yanındayıq” deməsi fonunda İranın bu sahədə zəif fəaliyyətini görür.
Amma burada İrandakı çoxsaylı azərbaycanlı amilini nəzərə almaq lazımdır. Görünür ,İran azərbaycanlılarının son illər müşahidə olunan milli şüurun oyanması fonunda Azərbaycan-Ermənistan münaqişəsini bizim maraqlarımızdan çıxış edərək gündəmdə saxlamağı milli maraqlarına təhlükə kimi görür. Çünki, Qarabağın tamamən işğaldan azad olunması İran azərbaycanlılarının milli şüuruna təkan verəcəyini öngörmək olar. Tehran, ordumuzun uğurla irəliləməsilə Qarabağın iqtisadi-sosial bərpasında iştirak etməyə hazır olduğunu bildirib. Bununla İran sərhədlərindəki prosesləri nəzarətdə saxlamaq istəyir. Bu günlərdə İranın SEPAH qüvvələrinin əlavə döyüş texnikası və tankların Naxçıvan Muxtar Respublikasının sərhəddindəki Culfa və Azərbaycanıın azad olunmuş Xudafərin məntəqəsində insanların və sərhədlərin qorunması üçün yerləşdirilməsinin pərdə arxasında qalan səbəblərindən biri də həmin çoğrafiyadakı ölkə daxilindəki azərbaycanlı amilidir.

İkinci səbəb isə, savaşın gedişinin hansısa mərhələsinə Türkiyənin Azərbaycana qoşun hissələri gətirməsi ehtimalının böyük olmasıdır. Xatırladaq ki, son illər “dəlisöv” siyasət nümayiş etdirən Ankara hərbi qüvvələrini dövlət maraqları çərçivəsində Yaxın Şərqdəki münaqişə ölkələrinə yeritdiyinin şahidi oluruq. Qeyd edək ki, İranla yanaşı Rusiya da Ermənistan sərhəddində hərbi hissələrini cəmləşdirib.

Vidadi Mustafayev facebook səhifəsində İran mətbuatına istinadən yazıb:”Sepahın Quru qoşunlarının komandanı general Məhəmməd Pakpur Şərqi Azərbaycanda sərhəd bölgəsində olarkən deyib ki, burada əlavə qüvvələr yerləşdirməklə iki mesaj vermək istəyirik: əvvəla həmvətənlərimizə demək istəyirik ki, biz şəraiti diqqətlə izləyirik və ona uyğun tədbirlər görürük. İkinci mesaj isə region ölkələrinə ünvanlanıb və demək istəyirik ki, onların ərazi bütövlüyünə hörmət edirik və sərhədlərdə geosiyasi dəyişikliyi qəbul etmirik bu, İran İslam Respublikası üçün qırmızı xəttdir.”

Göründüyü kimi, generalın açıqlaması yuxarıda dediyimiz fikirləri təsdiqləyir.

Beləliklə, bölgədə geosiyasi dəyişikliyə qapı açıldığını demək olar.İran Yaxın Şərqdə olduğu kimi Xəzər hövzəsi və Qafqazda da nüfuz dairəsinin bölgüsündə iştirak etmək niyyətindədir. Məntəqədəki proseslər Qarabağın azad olunmasından sonra tamamilə yeni axara düşəcək və İran bu proseslərdə Rusiya və Türkiyə ilə yanaşı aparıcı dövlətlərdən biri olmaq üçün bütün səylərini ortaya qoyacaq.

Kaynak: KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum