Hüseyn Cavidin "Maral" faciəsində qadın hüquqsuzluğu mövzusu
Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu
Atakişiyeva Həcər
Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Maral” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Maral” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavidin "Maral" əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir. Hüseyn Cavid 4 pərdəli “Maral” faciəsini 1913-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə geniş bir şəkildə toxunulmuşdur. H.Cavidin “Maral” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitən əsərdir. H.Cavidin “Maral” faciəsində kübar ailələrdə olan ziddiyyətlər əks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələr əsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Maral” faciəsinin baş qəhrəmanı olan Maralın xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib olan varlı, 48 yaşında, ortaboylu, şişmanca bir mülkədar olan Turxan bəy ilə ailəli olan 16 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir qızcığaz idi. Mülkədar olan Turxan bəy Maralı kübar və zadəgan bir xanım edərək, xoşbəxt etdiyi düşüncəsində idi. Lakin əsər boyu hadisələr tamamilə bunun əksini göstərirdi. Hüseyn Cavid “Maral” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Maral mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çarəsizliyinə, məsumluğuna, romantik duyğularına məğlub olmağına, məhəbbətində uğursuz olmağına görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Çarəsizlik, məsumluq, romantik duyğularına məğlub olmaq Maral obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral 16 yaşında, şux, lütfkar, füsunkar bir qadındır.
(d. 24 Ekim 1882, Nahçıvan - ö. 5 Aralık 1941, Magadan) Azerbaycan şairi ve oyun yazarıdır.
O, əsərdə burjua-zadəgan mühitinin iç üzünü öz sözləri ilə ifşa edir. Əsərin baş qəhrəmanlarından olan Turxan bəy bir mülkədar olaraq, özünü əsl öz sinfinin nümayəndəsi kimi xarakterizə edirdi. Turxan bəyin əsərdə oğlu kimi təqdim olunan Cəmil bəy 27 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir gənc idi. H.Cavid Maralın faciəsini onun öz sözləri ilə oxucuya belə çatdırır. “İki sənə əvvəl böylə məş’um, qara günü kim xatırlardı? Məs’ud bir gövərçin kibi saf və azadə yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yoq olası Turxan bəy bəla yıldırımı kibi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu”. Əsər boyunca Turxan bəyin “Fəzilət də paradadır, insaniyyət də”... kimi fikirləri onun mənəviyyatı haqqında oxucuda dolğun məlumat yaradır. Əsərdə Turxan bəy və Maral xəttinin uğursuz ailə münasibətinə qarşı Cəmil bəy və Humay sevgisi təsvir olunmuşdur. Cəmil bəy Humayı bütün ruhu, bütün vücudu ilə sevirdi. O, Humayın eşqindən dərdə düşmüş, ah çəkməkdən yorulub, cavan vaxtında saralıb, solmuşdu. Cəmil bəyin Məcnun kimi sevdiyi Humay olduqca mərhəmətli, mehriban, lakin nişanlı bir qız idi. İffətli qız olan Humay Cəmil bəylə ailə qurmağa ancaq nişanlısının intihar xəbərini eşitdikdən sonra razı olur. H.Cavidin “Maral” faciəsində Cəmil bəy Humaya öz sevgisini belə elan edir. “Bir ölüyə Əzraildən bəhs etmək tuhaf deyilmi ya!.. Hiç ruhsuz bir iskelet parçalanmaqdan mütəəssir olurmu? Hiç quru bir heykəl e’dam ediləcəyi için təlaş edərmi? Humay! Bən çoqdan əriyib bitmişim. Görüyorsun ki, bəndə həyatdan əsər yoq... Bəni yaşatacaq yalnız, yalnız sənin məhəbbətindir. İnan ki, səndən ayrılsam, yalnız ölümlə birləşirim. Əvət, sevdiyinə qavuşmayanlar, fəqət məzarıstana qavuşurlar”. Əsər boyunca Turxan bəyin qadın haqqındakı fikirləri dəyişilməz xətt ilə oxucuya çatdırıldı. “Əfsus ki, dünyanın ən böyük qəhrəmanları yenə onların lətif və yumşaq əllərilə məhv olub getmişlər... Şimdiyə qadar nerdə bir fəlakət, nerdə bir cinayət eşitdimsə, orda mütləq bir qadın parmağı olduğunu gördüm”. Turxan bəy xarakter etibari ilə bədbin və mərhəmətsiz şəxs olduğu üçün qadınlardakı məsumanə və mələkanə xislətləri, onların bəşəriyyətə verdiyi ülviyyət və səadətləri görmürdü. H.Cavidin “Maral” faciəsinin əsas obrazı olan Maral Turxan bəylə ailə qurandan sonra onun murdar xasiyyəti ilə bacarmayıb, qoşulub qaçmağı yeganə çarə kimi görürdü, lakin iffəti bu əməli etməyə ona icazə vermirdi. Maralın çarəsiz və bədbəxt olmasının tək günahkarı Turxan bəy idi. Bu əzablı yaşayışa dözə bilməyən Maral Arslan bəyin təkidlərinə inanaraq, onunla xoşbəxt yaşayacağını ümid edərək, Turxan bəydən qurtulmaq məqsədi ilə yeni bir həyata başlamaq üçün Turxan bəyin evini tərk etmək istəyəndə, onun əli ilə silahla öldürülür. Məzlum Maralı öldürdükdən sonra, Arslan bəyi nişanlayaraq, öldürmək istəyən Turxan bəy Arslan bəy tərəfindən yaralanır. H.Cavid “Maral” faciəsində Maral obrazının məhzun və acı həyatının təsviri ilə zəmanənin mənzərəsini təsvir etmişdir. H.Cavidin “Maral” faciəsi ədibin idrak tərzini və ideya-estetik prinsiplər sistemini özündə ehtiva edir. Əsər Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu tamamilə dolğun bir şəkildə özünü əks etdirmişdir.
FACEBOOK YORUMLAR