Hayale Zerrabkızı yazdı: Əsrə bərabər 50 il...

Hayale Zerrabkızı Azerbaycan Büyük Millet Meclisi Kültür İşleri Başkan Vekili Ekber Qoşalı hakkında yazdı.

Hayale Zerrabkızı yazdı: Əsrə bərabər 50 il...
03 Nisan 2023 - 14:41 - Güncelleme: 03 Nisan 2023 - 15:11
Əsrə bərabər 50 il...


Ekber Qoşalı 


Söz halallıqdır... Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün  halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Əkbər Qoşalı müdriklik nərdivanının 50-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.
Bu dünyanın ən təmiz, heç çirklənməyən modelidir kənd… Mayəsi kənddən qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur… Qoşadan Bakıya yol alan, zaman keçdikcə özü bütöv bir nəsil üçün, ədəbi gənclik üçün Yol olan Əkbər Qoşalı kimi...
Ustadımız, ədəbi gəncliyin mənəvi hamisi, Türk dünyasının istedadlı qələm adamı Əkbər Qoşalı əmək fəaliyyətinə başladığı ilk gündən  bu günə qədər böyük fədakarlıqla mədəniyyətimizin inkişafına, eləcə də qardaş ölkələrimiz arasında ortaq ədəbi dəyərlərə söykənən misilsiz hizmətlərdə bulunmuşdur.
Türk dilinin zənginliyini özündə ehtiva edən, insanın özünüdərkinə, mənən kamilləşməsinə həsr olunan, dərin məzmunlu, düşündürücü əsərlərin müəllifi olan  Əkbər Qoşalı çağdaş türk ədəbiyyatının ən özgün və başarılı yazarlarındandır. İlk qələm təcrübələrindən başlayaraq hamasətə qapılmadan, dəbdəbədən, şüarçılıqdan, süni pafosdan, təsvir və təhkiyə bəsitliyindən uzaq dayanan  Əkbər bəy  yaradıcılığı ilə çağdaş türk ədəbiyyatına mövzu, ideya, məzmun və forma orijinallığı ilə səciyyələnən yeni nəfəs, yeni ruh gətirmişdir. Yazıçının yaradıcılıq dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli bədii təfəkkürün, dünyagörüşün güzgüsüdür.
Şeirləri, hekayələri, tərcümə, esse və məqalələrini əhatə edən çoxşaxəli yaradıcılığındakı ədəbi-psixoloji-fəlsəfi dərinliyi ilə Əkbər Qoşalı respublikamızın hüdudlarından kənarda, Türkiyədə,  Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda, Tatarıstanda, demək olar ki, bütün qardaş türkdilli ölkələrdə böyük oxucu auditoriyasının və ədəbi-elmi ictimaiyyətin sevgisini, rəğbətini qazanmışdır. 
... O, sadəcə şair, nasir, publisist, ictimai xadim deyil... Belə insanlara şeirin, nəsrin, publisistikanın, bütövlükdə Ədəbiyyatın hadisəsi kimi baxmamalıyıq. Əkbər Qoşalı miqyaslı adam belə dar təsnifatlara sığmaz. Əkbər Qoşalı Dünya Ruhunun bütün Bəşəriyyət üçün uca tutulan Mənəviyyat tarixinin bir hadisəsidir!
Sənət, ədəbiyyat, poeziya zəngin bir dünyadır. Əkbər Qoşalını oxuduqca bu poeziyanın nə qədər böyük diqqət və məhəbbətlə yaradıldığını duyursan. Əkbər Qoşalını oxuduqca anlayırsan ki, bu kitablardakı heç bir əsəri masa arxasında sakitcə oturub yazmaq olmaz.
Marina Svetayeva doğru deyir: Əsil sənət əsəri böyük gərilmənin məhsuludur. İstedad nə qədər yazmağı yox, nə qədər “gərilməyi bacarmaq”dır. Əgər şeiri “gərilmədən” rahatca yazsan, cild-cild kitabların olacaq, lakin yazdıqlarının heç biri həqiqi sənət nümunəsinə çevrilə bilməyəcək. Hər hansı bir əsəri həqiqi sənət nümunəsinə çevirən məhz bu “gərilmə”dir.
Əkbər Qoşalı sadəliyin böyüklüyünü, adiliyin qeyri-adiliyini yazan, hər kəsin gördüyü, ancaq heç kəsin duymadığını duyan sənətkardır.
İstedadının orijinallığı, fərqli yazı manerası, əsərlərindəki əlvan obrazlar sistemi, şərti-metaforik ifadə tərzi geniş oxucu kütləsinin və ədəbi-elmi ictimiyyətin diqqətini daim özünə cəlb etmiş Əkbər Qoşalının yaradıcılığını müasir ədəbi tənqid daim diqqətlə izləmişdir. Onun yaradıcılığı çoxjanrlı və çoxşaxəlidir. Əkbər Qoşalı şair, nasir, publisist kimi geniş auditoriyası olan bir sənətkardır.
Əkbər Qoşalı xalq ruhuna yaxın, Tanrıya sevgiyə və bağlılığa, ümumbəşəri ideyalara, Turan məfkurəsinə söykənən dərin məzmunlu, düşündürücü şeirlərin, poemaların müəllifidir. O, dünyaya özünəməxsus baxışı olan yaradıcı şəxsiyyət, Sözə böyük həssaslıq və ehtiramla yanaşan, Haqqı-Sözü yerində və zamanında deməyi bacaran cəsarətli qələm sahibidir.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Əkbər Qoşalı məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının – millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin maariflənməsinə həsr edən vətəndaş ziyalı…
Qələminin yazdığı hər bir əsər də elə bu böyük İnsanın özü kimi mənəvi işığa körpü olmaq üçün hesablanıb sanki…
Bəli, Əkbər müəllim Yol salmaqda – Yol olmaqda ilahidən görəvlənmiş bir İnsandır…
Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi oxucuların qəlbinə gedən yoldur. Əkbər  müəllim bu yola hələ yaradıcılığının ilk illərindən inamla, ürəklə çıxıb. Əslində, əsl istedadlı adamın yaradıcılığının “ilk” dövrü, ya “yetkinlik” mərhələsi adlı şey yoxdur. Ədəbiyyat aləminə gələn birbaşa gəlir, sənət aləmində öz sözünü deyir. Öz işığı – ziyası, dərin düşüncəsi, saflığı, səmimiyyəti ilə ürəklərə yol tapır – Əkbər Qoşalı kimi…
Əkbər müəllimin  yaradıcı adam kimi uğuru da məhz bundadır. Əslində, adlar, titullar, mükafatlar, təltiflər – hamısından daha ucada dayanan bir məqam – oxucu qəlbinə gedən yoldur… Önəmli olan oxucu qəlbinə gedən yolu tapmaq, oxucuya istədiyini verməyə çalışmaqdır ki, Əkbər müəllim  bu ədəbi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.
Bugünə qədər Xalqlarası “Alaş” mükafatına, Beynəlxalq Türk Akademiyasının “Gümüş medalı”na,  TÜRKSOYun, eləcə də Qazaxıstanın, Qırğız Respublikasının medallarına layiq görülən, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvlüyünə seçilən Əkbər Qoşalının ədəbi uğuru da məhz oxucuların qəlbinə gedən yolu fəth etməsindədir.
Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Əkbər müəllimin, sözün bütün mənalarında, şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə türk gəncliyi üçün dəyərli bir nümunədir. Yaradıcılığın mayəsində insanın daxili mahiyyəti, şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. Bu mənada, Əkbər müəllim şəxsiyyəti və yaradıcılığı bir – birini tamamlayan, Sözü kimi bütöv insandır.
 Çıraq kimi adamdı Əkbər Qoşalı... Saxta çilçıraqların göz qamaşdırdığı dünyanın tən ortasında o Çıraq həqiqətdən nurlanan büllur kimi dumduru işığını qorumağı bacarıb. Çıraq özünə işıq salmır axı… Ona görə də özündən, ətrafındakıların həyatında varlığının – işığının nə demək olmasından xəbərsizdi…
Sözüylə ruhumun aydınlandığı, qələmiylə düşüncələrimə işıq salan Adamdı Əkbər Qoşalı… İşığından pay aldığım Çıraq Adamdı… Körpə gözü tək saf Adamdı… Sadə Adamdı… Sadəliyin böyüklüyünü yaradan Adamdı… Halallığı və dürüstlüyü öz şəxsində birləşdirən Adamdı… Düz Adamdı… Təmiz Adamdı… Nida kimi dümdüz Adamdı!!! Heç zaman dəyişməyən, heç nəyin qarşısında əyilməyən, Sözünün üz ağlığını qorumağı bacaran  elə Sözü boyda Böyük, səsi boyda Doğma Adamdı…  Ərk edə biləcəyim ən doğma ünvandı…
Gözlərindən ürəyinin içi görünən, misralarından ruhu duyulan Adamdı… Sözünü sevdiyim Adamdı. Sözünün ləyaqətini öz ləyaqəti kimi qoruyan Adamdı… Haqdan ruhuna hopan səsi Sözə çevirən adamdı Əkbər Qoşalı
 Bu dünyada imtina etməyi bacarmaq ali bir dəyərdir, çox adamın boyunun çatmadığı bir məqamdır. (iştah boydan yuxarıdır axı)
Əkbər Qoşalı bugünə qədər çox şeylərdən imtina edib, etməyi bacarıb. Əgər belə olmasaydı, o da olardı, hamı kimi sıradan adam. Amma Əkbər Müəllim xor oxuyan deyil axı… Onun öz Yolu var… O, bu dünyada bircə Haqqa və Haqqdan gələn Uca Sözə səcdə eləyib, elə buna görə də Söz Əkbər Qoşalının əlindən tutub Dərgahına ucaldıb… Sözün Dərgahı Haqqın Dərgahı qədər müqəddəsdir Ondan ötrü…
Bu dünyada təmiz Sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu… Allah bu ucalığı Əkbər Qoşalının yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Əziz Adam!
Əsrə bərabər yaşadığın 50 ilin mübarək!
Ömrünə gələn Baharın mübarək, Ustad!

Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru
 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum