Burağan

Burağan
03 Kasım 2023 - 17:27

                                             Burağan
Müəllif : Nurlana İşıq


İşıq tut ağacının altında oturmuşdu. Kürəyini də ağacın gövdəsinə söykəmişdi. Başının üstündəki yarpaqlar yelpik olub onu sərinlədirdilər. Üçrəng pişik də  böyründə qıvrılıb xumarlanırdı. İşıq  bu gün həmişəkindən sevincli idi. Anası onu çox tərifləmişdi. O, anasına irkal (tut mürəbbəsi) bişirməyə yaxşıca kömək etmişdi. Birlikdə şipşirin bir gün keçirmişdilər. İndi o, yorulub lap əldən düşmüşdü.
  İşıq tut çətirinin altında yenicə mürgü döyməyə başlamışdı ki, yarpaqların qəfil xışıltısına oyandı.  Gözlərini açıb yerindən tərpənmədən diqqətlə ətrafı müşahidə etməyə başladı. Düz qabağında yaranan burağanın özüylə birgə  iki dənə qurumuş yarpağı süpürüb göyə sovurduğunu gördü. İşığın bundan çox xoşu gəldi. O istədi ki, yenə belə bir səhnə olsun və tamaşaya dursun. Ancaq pişiyin gözləri qorxudan böyümüşdü, tükləri biz- biz durmuşdu.
 Ana təbiət elə bil İşığın ürəyini oxudu. Bir az ara verən sakitlikdən sonra sürətli külək daha güclü burağan yaratdı. Pişik caynaqlarını ağacın cadar gövdəsinə keçirib onu qucaqladı. Göy üzündən xortuma bənzər bir qara bulud enib ağzını yer üzünə dirədi və ağaclardakı bütün yarpaqları göyə sovurdu. Külək elə sürətlə, elə hay –küylə əsirdi ki, ağaclar acıqlarından  başlarını yelləyirdilər. Tutun budaqlarındakı  meyvələr tappıltı ilə yerə tökülürdü. İşıq bilmirdi ki, hansı birini tutub saxlasın, qırmızı ətəyini açıb ora – bura qaçırdı. Tutlar onun başına, üzünə, kürəyinə hər yerinə tökülürdü. Küləyin sürətinə gücü çatmayan İşığın qanı qaraldı. Həm də artıq onun ayaqları sözə baxmırdı. Küləyə qoşulub qaçırdılar. İşıq iki əlini ən yaxın budaqdan tutub müvazinətini saxlamaq istədi, ancaq burağan altdan yuxarı hər şeyi necə sovurdusa, uşağın pəncələri torpaqdan ayrıldı, o sağa- sola yelləndi. Qasırğa bir az da hirsləndi, uşağın yapışdığı budağı möhkəm – möhkəm silkələməyə başladı.
          İşıq isə acıqla qışqırdı:
-Qorxmuram, səndən, nə qədər istəyirsən coş, burul, mənim tutduğum budaq səndən güclüdür. Bunu eşidən qasırğa kükrəyib ağacı kökündən tərpətdi. Ancaq ağac təmkinini pozmadı. O, İşığın qulağına əyilib pıçıldadı:
- Pəncəni köklərimin üstündən ayırma. Onda qasırğanın bizə gücü çatmaz.
 Balaca qızarmış barmaqlarıyla budaqdan yapışan İşıq var- gücüylə ayaqlarını yerə toxundurdu, ağacın kökünə qüvvət gəldi. Külək hər şeyi anlamışdı, o sürətini azaltdı. Qasırğa isə yalnız özüylə yığdığı çör- çöpü apara bildi. Pişik yerə endi, yenə ağacın dibində xumarlanmağa başladı.
Ağac İşığa dedi: “ Sağ ol ki, məni qoyub getmədin, köklərimi bapbalaca pəncələrinlə qorudun”.


 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum