VƏTƏNSEVƏR ŞAİR NAMİQ KAMAL
17 Haziran 2023 - 19:21
Leyla Faiggızı
Dr. Öğretim görevlisi,
Araştırmacı-Yazar
VƏTƏNSEVƏR ŞAİR NAMİQ KAMAL Dr. Öğretim görevlisi,
Araştırmacı-Yazar
XIX əsr çağdaş Türkiyə Cümhuriyyətinin sələfi sayılan Osmanlı İmperatorluğunun siyasi hadisələrlə zəngin dövrüdür. Yaşanan tarixi-siyasi hadisələr, yeni ədəbi cərəyanlara meyil özünü ədəbiyyatda da büruzə verirdi. XIX əsrin ən görkəmli nümayəndələrindən biri “vətən şairi”, “hürriyyət şairi” adı ilə anılan Namiq Kamaldır. Namiq Kamal qüdrətli dramaturq, şair, yazıçı, tədqiqatçı-alim, jurnalist idi. Qərb dillərini öyrənməsi şairin Avropa ədəbiyyatı ilə dərindən tanış olması ilə nəticələnmişdi. Namiq Kamal eyni zamanda şərq ədəbiyyatını da dərindən mənimsəmiş şəxsiyyət idi. Ədəbiyyatı, tarixi dərindən mənimsəyən şair xalqı istiqlala, əsarətdən qurtuluşa səsləyirdi. Namiq Kamal “hürriyyət aşiqi” olaraq mübariz bir vətəndaş kimi xalqın ağır günlərində onun yanında olmuş, ona dəstək olmuşdur. Ədib “Hürriyyət” və “İbrət” qəzetlərində çap etdirdiyi yazılarında öz kəskin və tənqidi münasibətini ortaya qoyurdu. Zülm və istibdada qarşı açıq-aşkar mübarizə, dövrün ictimai-siyasi proseslərini tənqid, ədalətsizliyə etiraz, qəzetdə dövlət əleyhinə yazdığı yazılar onun nəticə etibarilə sürgün olunması ilə nəticələnmişdi. “Gənc Osmanlılar” hərəkatının əsasını qoyanlardan biri Namiq Kamal idi. Dövlət idarəçiliyində konstitusiya tərəfdarı olan, mədəniyyətdə isə Avropaya meyil göstərən ədib öz siyasi əqidəsini çəkinmədən ortaya qoyurdu.
Namiq Kamal zəngin yaradıcılığa malik sənətkardır. Tənzimat ədəbi cərəyanının nümayəndəsi olaraq Namiq Kamal ədəbiyyata yeni “nəfəs” gətirmişdir. Buna baxmayaraq, Namiq Kamal həm də ənənəyə bağlı sənətkar idi. Bu səbəbdəndir ki, onun yaradıcılığında ənənə ilə novatorluğun vəhdətini görmək mümkündür. Şair bəzən divan üslubunda şeirlər yazır, bəzən forma baxımından klassik, məzmun baxımından yeni şeirlər yazır, bəzən isə təsirləndiyi qərb ədəbiyyatı üslubunda, məzmun və forma baxımından tamamilə yeni tərzdə əsərlər qələmə alırdı.
Yaradıclığının ilk dövründə Namiq Kamal İstanbuldakı “Əncüməni-şüəra” ədəbi məclisinin üzvləri ilə tez-tez görüşür, onlarla birlikdə bədahətən şeirlər deyir, istedadını püxtələşdirirdi. Elə həmin dövrdə ilahi gözəlləri, gül və bülbülü yüksək həvəslə vəsf edən şairi tamam başqa, yeni duyğular narahat edirdi. Onun yaradıcılığında millət rifahı üçün, vətən yolunda mübarizəyə çağırış artıq mühüm yer tutmağa başlamışdı. Vətən, istiqlal, mübarizə, inqilab, azadlıq kimi mövzular artıq şairin yaradıcılığında mühüm yer tutmağa başlayır. Onun vətənpərvərliyinin təcəssüm olunduğu ən dəyərli şeirlərindən biri “Hürriyyət” qəsidəsidir. “Hürriyyət” qəsidəsi ümumilikdə şairin vətən eşqi, hürriyyət sevgisi, istibdada qarşı etiraz duyğularının əks olunduğu ən möhtəşəm şeiridir. Şair “Hürriyyət” qəsidəsində yazır:
Civanmerdani milletle hazer gavgadan, ey bidad!
Eriri şemşiri zulmün ateşi hüni hamiyyetten
Ne mümkün zulm ile bidad ile imhayi hürriyyet?
Çalış idraki kaldır muktedirsen adamiyyetten.
Ne efsunkar imişsin, ah ey dildari hürriyyet!
Esiri aşkın olduk gerçi kurtulduk esaretten...
Namiq Kamalın müəllifi olduğu “Vətən mərsiyəsi” şeirində hüzn hiss olunmaqdadır. Yenə də şair burada vətənpərvərlik mövqeyini nümayiş etdirir, vətənin halına acıyır. Yaşanan ictimai-siyasi proseslərin xalqa vurduğu zərər, ölkənin düşdüyü çarəsiz vəziyyət və bütün bunların kədərli şəkildə inikası bu şeirin əsas xəttini təşkil edir. Şairin mübariz ruhlu “lirik mən”inin təsvirini, ağrı-acılarını, sarsıntılarını, vətən sevgisini bu şeirdə görmək mümkündür. Onun “Vətən”, “Nam alırız biz” şeirlərində də ümumən eyni “ab-hava” hökm sürür. Şairin vətənin ağır günlərini təsvir etdiyi şeirlərinin demək olar ki, hamısında həm də parlaq gələcəyə inam da əks olunurdu. Bununla da şair insanları əzmkar olmağa, mübarizə aparmağa səsləyirdi. Namiq Kamalın mübariz ruhlu şeirlərinin hər birində bu hiss açıq-aşkar duyulmaqdadır. Şairin qüdrəti həm də onda idi ki, təkcə çatışmazlıqları, nöqsanları, ağır vəziyyəti canlandırmırdı, həm də qurtuluşa inamı təsvir edirdi.
Namiq Kamal yaradıcılığının əsasını həm də onun yazmış olduğu dram əsərləri təşkil edir. “Cəlaləddin Xarəzmşah”, “Vətən, yaxud Silistrə”, “Qara bəla”, “Akif bəy”, “Gülnihal”, “Zavallı uşaq” Namiq Kamalın müəllifi olduğu dəyərli dram əsərləridir. Bu əsərlər əsasən Tənzimat cərəyanının tələblərinə uyğun şəkildə qələmə alınmışdı. Ədibə ən çox şöhrət qazandıran və eyni zamanda sürgün olunması ilə nəticələnən əsəri “Vətən, yaxud Silistrə” pyesidir. Dörd pərdəli pyesin əsas mövzusunu rus-türk müharibəsi təşkil edir. Bu dram əsəri də Namiq Kamalın vətənpərvərlik mövqeyinin ortaya qoyulduğu dəyərli əsərlər sırasındadır.
Namiq Kamal həm də roman ustasıdır. Doğrudur, çox sayda roman qələmə almasa da, yazdığı iki roman onun bu janrda da ustad olduğunu təsdiqləyir. Namiq Kamal “İntibah” və “Cəzmi” kimi romanların müəllifidir. “İntibah” romanının mövzusu ailə-məişət məsələləri olsa da, “Cəzmi” romanı tarixi səpkidə yazılmışdır.
Qüdrətli bir şəxsiyyət olan Namiq Kamalın hansı mövzu və janrda yazmasından asılı olmayaraq, əsərlərinin kökündə vətən sevgisi dayanır. Azadlıq aşiqi olaraq Namiq Kamalın yazdığı əsərlər bu gün də yaşayır və oxucular tərəfindən sevilərək oxunur.
11:22
10:32
09:55
09:20
FACEBOOK YORUMLAR