Bayrağımız – milli vəhdətimizdir...
28 Mayıs kardeş Azerbaycanda Cumhuriyetin kuruluş yıldönümü olarak kutlanmaktadır. Çalışmaları ve ilmi araştırmaları ile Türk dünyasına önemli katkılar sağlayan Azerbaycan Büyük Millet Meclis üyesi, Sayın millet vekili, Dr. Cavanşir Feyziyevin Azerbaycan Cumhuriyetinin milli simgelerinden olan Devlet Bayrağı hakkında makalesini dikkatlerinize sunar, kardeş Azerbaycanın bağımsızlığını cani-gönülden kutlarız. Bayrağı uca olsun!

Bayrağımız – milli vəhdətimizdir...

Cavanşir Feyziyev
Milli Məclisin deputatı/Fəlsəfə doktoru
Bayrağımız – milli vəhdətimizdir...
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə səslənəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı,
Azərbaycan bayrağı!
(Ramiz Qusarçaylı)
Dünya xalqlarının tarixinə nəzər yetirdikdə onları bir-birindən fərqləndirən
çoxsaylı cəhətlərlə qarşılaşırıq. Yerləşdikləri coğrafi məkan, malik olduqları etnik
köklər, mədəni, dini, tarixi-siyasi faktorlar bu fərqliliyi yaradan başlıca səbəblərdir.
İnsan birliklərinin qeyd etdiyim amillər əsasında toplum və xalq olaraq
formalaşmağa başladığı zamandan bu yana onların mənsub olduqları özünəməxsus
keyfiyyətlərin ifadə formaları həmişə müxtəlif simvollar və atributlarda öz əksini
tapmışdır. Zənnimcə, bu atributlardan məna və məzmun etibarilə ən güclü təsir
qüvvəsinə malik olan rəmz – məhz Bayraqdır. O bayraq ki, xalqın öz düşüncəsində
daşıdığı idealları, onun milli mənsubiyyətini, siyasi dünyagörüşünün miqyasını, bir
sözlə, millətin bütün özünəməxsus keyfiyyətlərinin məcmusunu xarakterizə edir.
Lakin tarixi həqiqət ondan ibarətdir ki, hər xalqa ən ali dəyərlərini özündə ehtiva
edən bayrağını dalğalandıra bilmək nəsib olmur. Bu baxımdan, Azərbaycan xalqı
xoşbəxt xalqdır. Dövlətçilik ənənələri hələ antik dövrlərdə mövcud olmuş etnik-
siyasi özünütəşkil mədəniyyətinə söykənən Azərbaycan xalqının bu gün müstəqil
bayrağa malik olması da onun xoşbəxtliyi və həm də mənəvi haqqıdır. Çünki o
bayrağı yenidən dalğalandıra bilmək səadəti – xalqımızın azadlığa bəslədiyi
sevgidən qaynaqlanan əzmkar və davamlı mübarizəsi ilə, çoxsaylı qurbanlar
bahasına gerçəkliyə dönmüşdür. Bayrağımızı hər bir azərbaycanlının qürur
mənbəyinə çevirən də bu müqəddəs rəmzin – xalqımızın mübariz ruhunun məhsulu
olmasıdır. Bu mübariz ruh Azərbaycan xalqının yenilməz mənəviyyatının bütün
tarixi dövrlərdə zühur edən ən canlı və ən şanlı təcəssümüdür. Bu ruh xalqımızın
tarixi boyunca nəsildən nəsilə ötürülmüş, zaman-zaman öz qüdrətini daha daartırmışdır. Məhz mübarizlik və yenilməzlik ruhu sayəsində tarixin bütün
dönəmlərində Azərbaycan dövlətçiliyi öz kökləri ilə keçmişinə bağlı olmuş, tarixi
ilə birgə yaşamağı, əski dövrü ilə yeni dövrünün vəhdətini yaratmağı bacarmışdır.
Ona görə də Azərbaycan dövlətçiliyi milli siyasət və ideologiyanın ən mühüm
simvolu olan tarixi bayraq ənənəsində də özünün maddi, mənəvi və siyasi
mədəniyyətinin əsas özəlliklərini, başlıcası isə, ölməz türk ruhunu bu gün də
yaşatmaqdadır.
Ulu türk sivilizasiyasının üstün keyfiyyətləri həm də onun bayraqyaratma və
bayraqyaşatma ənənəsində öz ifadəsini tapmışdır. Təqribən 2500 il ərzində geniş
Avrasiya boyunca böyük imperiyalar yaratmış türklərin tarixi bayraqlarındakı
simvollar bu və ya digər formada sonrakı dövrlərin bayraq ənənələrinə modifikasiya
olunmuşdur. Türk mifologiyasının ulu totemi və vaxtilə Avrasiyanın ən qüdrətli
dövləti olan Göy Türk imperiyasının rəmzi olan Qurd, Səlcuq imperiyalarında güc
və müdriklik simvolu olan və sonralar islam sivilizasiyasının “qalxan və qılıncına”
çevrilmiş Qartal və həmişəyaşar türk ruhunun rəmzi olan Göy rəng uzun əsrlər
müxtəlif konfiqurasiyalarda türk bayraqlarının atributları olmuşdur. Oğuz
türklərinin Qərb qanadına məxsus dövlətlərinin və onların varisi olan Osmanlı
imperiyasının tarixən mövcud olmuş 72 bayrağında da həmin ənənələr ötürülmüş və
bugünkü Türk Cümhuriyyətinin möhtəşəm bayrağını ərsəyə gətirmişdir. Azərbaycan
dövlətçiliyinin bayraq ənənəsində də belə bir varislik uzun əsrlər qorunmuşdur.
Antik Azərbaycanın ilk böyük dövləti olan Midiyanın bayrağındakı ikibaşlı Qartal
sonralar Azərbaycan coğrafiyasının qüdrətli türk dövləti olan Atabəylər
imperiyasının bayrağında, göy rəng üzərində öz əksini tapmışdır. Ağqoyunlu
dövlətində türklərin ərənlik ruhu döyüşkən Qoçla, böyük Səfəvi imperiyasında isə
Günəşlə birgə doğulan iri pəncəli Şirlə simvollaşdırılmışdır. Azərbaycan xanlıqları
da öz bayraqlarında rəmzlərin varisliyini davam etdirmişlər. Məsələn, Qarabağ
xanlığının bayrağı ikibaşlı Qartal simvolu ilə Atabəylər ənənəsini davam etdirmişdir.
XX əsrdə Arazın həm o, həm də bu tayında müstəqillik qazanmağa fürsət tapmış
Azərbaycan Xalq Cümhuriyyətinin və Cənubi Azərbaycanın bayraqları azacıq
fərqlə, demək olar ki, eyni rəmzləri (göy, qırmızı, yaşıl rəng, ağ rəngli aypara və
səkkizguşəli ulduz) öz üzərində daşımışdır. Üçrəngli bayrağımız hələ 1918-ci ilin 9
noyabrında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında Azərbaycan
Cümhuriyyətinin bayrağı kimi qəbul edilmişdi. Təcavüzkar Xİ Qırmızı Ordunun
gəlişi ilə endirilmiş bayrağımız düz yetmiş il ərzində unudulmadı, ürəklərdə
yaşadıldı, xatirələrdə canlandırıldı, yaddaşlarda dərin bir iz buraxdı – Azadlıq izi.
Nəhayət, 1990-cı ilin noyabrında ilk dəfə Naxçıvanda Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı azadlığın
astanasında olan Azərbaycanın dövlət bayrağı kimi qaldırıldı. Azərbaycan XalqCümhuriyyətinin bayrağı Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan
Ali Sovetinin sessiyasında Naxçıvanda dövlət bayrağı kimi rəsmən təsdiq edildi.
Həmçinin, Azərbaycan Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın dövlət
bayrağı kimi qəbul edilməsi haqqında vəsatət qaldırıldı. Prezident İlham Əliyevin
2010-cu ildə Dövlət Bayrağı Meydanının açılış mərasimində qeyd etdiyi kimi... “O
vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt qalırdı. Bizim müstəqilliyə
gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının
dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da
yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir.” Nəhayət,
1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktının qəbul olunması ilə Azərbaycan Respublikası Demokratik Cümhuriyyətin
varisi elan edildi. Bununla da Şərqdə ilk türk cümhuriyyətinin yaradıcısı Məhəmməd
Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” həqiqəti öz təsdiqini
tapdı. Beləliklə, xalqımızın ən ali dəyərlərini – soykökünü, məqsədini və məramını
özündə əks etdirən əski bayrağımızı yeni Azərbaycan yenidən öz mənəvi ucalığına
yüksəltdi. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra
Demokratik Cümhuriyyətimizin bayrağını yenidən dalğalandırmaqla öz milli
köklərindən, şanlı tarixindən ayrılmaz olduğunu bir daha təsdiqlədi. Yaddaşlardan
süzülüb, xatirələrdən canlanıb, ürəklərin içindən çıxarılb başlar üzərinə qaldırılan
bayrağımız İstiqlalımızı bütün dünyaya bəyan etdi. Xalqın sevinci və bayraq sevgisi
şair Ramiz Qusarçaylının misralarında belə vəsf olundu:
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı,
Azərbaycan bayrağı !
Bəli, bayrağımız əbədidir. Bir zaman endirilsə də, gizlədilsə də, görünməsə də, indi
o daha ucalarda dalğalanır. Bu heç də Ginnes Rekordlarında qeyd edilən dirək
ucalığında deyil. Bizim bayrağımız milli ruhumuz, milli amalımız və milli
məqsədlərimiz ucalığındadır. O elə bir ucalıqdadır ki, oradan dünyanın Şərqi də,
Qərbi də görünür. Üçrəngli, ay-ulduzlu bayrağımız bütün atributları ilə
müstəqilliyimizi, Azərbaycan dövlətçiliyini, milli ideologiyamızın bütövlüyünü və
eyni zamanda, ümumbəşəri ideallara sadiqliyimizi bütün dünyaya nümayiş etdirir.Bu, həm də xalqımızın dünyaya hansı ideya ilə çıxdığını, onun ümummilli
xarakterində ehtiva olunan müsbət məziyyətləri açıq şəkildə dünya birliyinə bəyan
edir. Bayrağımızda əks olunan rənglərin ifadə etdiyi dəyərlər kompleksi – müasirlik,
türklük və islam dininə mənsubluq – xalqımızın çağdaş ümumbəşəri-demokratik
dəyərlərə sahibliyini, ümummilli türk köklərinə bağlılığını, islam inancına
sadiqliyini nümayiş etdirir. Bu qədər ali keyfiyyətlərin vəhdətdə ifadə olunması,
onlara sadiqlik həm də xalqımızın dünya birliyində yerinin özünəməxsusluğunu,
yetkin bir cəmiyyət olaraq yüksək təkamül səviyyəsinə çatdığını göstərir. Necə
deyərlər, dünya bizi bayrağımızdan “görür”. Bayrağımıza bələd olduqca da,
xalqımızı daha yaxından tanıyır, onun malik olduğu ideya və idealların təkcə bir
coğrafi məkanla məhdudlaşmadığının, ümumbəşəriliyinin şahidi olur.
Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli
bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə
keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi
məsuliyyət qoyur. Bu məsuliyyət dövləti, milli maraqların daim keşiyində
dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. Fərd – vətəndaşlığın əxlaqi yükünü öz
çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. O, şəxsi həyatındakı
irəliləyişləri belə öz dövlətinin milli inkişafından ayrılmaz şəkildə dərk edir. Milli
simvolların öncülü olan Bayraq vətəndaş əxlaqında məhz bu keyfiyyətləri cilalayır.
Bayraqda təcəssümünü tapan rəmzlər insanın ictimai-siyasi dünyagörüşünün
komponentlərinə çevrilərək, onun konkret fəaliyyət sferasında məqsədəuyğun
istiqamətləri formalaşdırır və stimullaşdırır.
1998-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan
Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında”
Sərəncamda vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin
ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun
möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət atributlarının mahiyyətinin və
əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın
bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin
gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar müəyyən edilirdi. Ümummilli
liderimiz bayrağımız haqqında deyirdi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil.
O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil
dövlətimizin rəmzidir. Ona görə də, gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən
gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni
zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun.” Bu günkü
Azərbaycan gəncliyi müstəqilliyimizlə yaşıddır. Ata-babalarının azadlıq eşqi ilə
yoğrulmuş uzun və şərəfli mübarizə hesabına əldə etdikləri müstəqilliyin bayrağını
müasir gəncliyimiz üçün ən ali dəyərə çevirən də məhz nəsillər arasındakı tarixi-mənəvi bağlılıqdır. Məhz buna görədir ki, Azərbaycan gəncliyi fəaliyyətinin bütün
sahələrində uca bayrağımıza, onun daşıdığı ideallara sarsılmaz sədaqətlə xidmət
göstərmək əzmini nümayiş etdirir. Bu günün vətənpərvər Azərbaycan gənci harada
olmasından asılı olmayaraq, bayrağımızı təkcə dövlət rəmzi kimi deyil, tarixi
keçmişimizin və milli varlığımızın təcəssümü kimi, bəşəri dəyərlərin daşıyıcısı kimi
qəbul edir, ürəyi müqəddəs üçrəngli bayrağımızla döyünür.
Dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs
bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması Prezident İlham Əliyev
tərəfindən yürüdülən milli siyasətin də hər zaman aparıcı istiqaməti olmuşdur.
Bayrağımıza olan ümummilli sevgi və ehtiram 2007-ci ildə Hakimiyyətlə Xalqın
vəhdətinin yeni bir təzahürü kimi Bayraq Meydanının yaradılması ideyasına gətirib
çıxardı. Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi
keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və
ehtiramın ən yüksək səviyyədə göstəricisidir. Artıq dördüncü ildir ki, 9 noyabr
Azərbaycanda rəsmi olaraq Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı
Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik
Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut
etdi. Bununla da Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması
kimi yaşarı bir ənənənin əsası qoyulmuş oldu. Dövlət başçısı 2010-cu ilin 1 sentyabr
tarixində Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində deyirdi: “Bu
bayraq bizim milli dəyərimizdir. ...Bu Bayraq Meydanının yaradılması
Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət
rəmzlərimizə ehtiramımızı göstərir. ...Necə ki, bu gün bizim parklarda, dənizkənarı
bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu
bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. ...Bu Bayraq Meydanı
Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir.
Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması
doğrudan da böyük hadisədir”. Bu sözlərlə, Prezident müqəddəs bayrağımızın
kütləvi yerlərdə dalğalanmaqla insanlarımızın milli birlik, özünüdərk, həmrəylik,
vətənpərvərlik idealları ətrafında daha sıx birləşməsinə təkan verəcəyini aydın
şəkildə ifadə edirdi.
Azərbaycan Respublikasının dövlət bayrağı bu gün bütün dünyada yaşayan
azərbaycanlıların həmrəylik simvoluna çevrilmiş, soydaşlarımızın bir bayraq altında
sarsılmaz birliyinin yaradılmasında mühüm rol oynamışdır. Məhz bunun nəticəsidir
ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir vicdanlı
soydaşımız üçrəngli bayrağımıza sarılaraq azərbaycançılıq ideallarının təbliğində,
Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması işində yaxından iştirak edir.Bayrağımız keçmişimizi bu günümüzə, bu günümüzü gələcəyimizə bağlayan bir
tarixdir. Bayrağımızda əks olunmuş milli kimlik - türklük ideyası artıq universal
məzmun kəsb edərək, bütün türk dövlətlərinin vahid siyasi-ideoloji xəttində özünə
yer almaqdadır. Bu gün Azərbaycan xalqının öz bayrağına olan sarsılmaz bağlılığı,
sevgisi məhz o bayrağın tariximizi, milli kimliyimizi bariz şəkildə ifadə etməsindən
qaynaqlanır. Bu baxımdan, 2012-ci ildə Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatı
tərəfindən qəbul edilmiş Türk Birliyinin vahid bayrağının da xüsusi əhəmiyyəti
vardır. Üzv dövlətlərin bayraqlarında əks olunmuş simvolları özündə birləşdirən
Ümumtürk bayrağımız türk xalqları arasında münasibətlərin daha da dərinləşməsinə
xidmət etməkdə və Türk Dövlətləri Birliyi ideyasının reallaşmasında siyasi-ideoloji
simvol rolunu oynamaqdadır. Bu bayraq Göy Türk imperiyasından bu günümüzə
qədər mövcud olmuş və bu gün də var olan suveren türk respublikalarının milli
bayraqlarının başlıca rəmzləri əsasında yaradılan universal Türk Bayrağıdır. Böyük
Gələcəyin - Böyük Buluşmanın müjdəsini verən bu bayraq türk dövlətlərinin hər
birinin milli bayrağı ilə bir cərgədə daha möhtəşəm görünür! Bu gün ən uca zirvədə
dalğalanan bayrağımız Avrasiyanın bütün türk uluslarının cazibə mərkəzində
dayanır, dünya türklüyünü vəhdətə və daha böyük gələcəyə səsləyir.
Bayraq böyük qüvvədir. Bu gün Azərbaycan ordusunun sahib olduğu güc də onun
bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan
əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli
əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən müqəddəs bayrağımıza and içir.
Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o
bayrağa sarılaraq şərəfli mübarizəyə qoşulur, vətənin azadlığı uğrunda övladını
qurban vermiş valideynlər şəhid cənazəsinə bükülmüş müqəddəs bayraqla təskinlik
tapırlar.
Bayraq böyük qüvvədir. Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan
məğlubedilməz əsgər də ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş 20 yanvar
şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv
etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən
böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət
andı içirlər. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir.
Anadolu şairimiz Arif Nihat Asyanın yazdığı kimi:
Ey şimdi süzgün, rüzgarlarda dalğalı;
Barışın göyərcini, savaşın kartalı
Yüksək yerlərdə açan çiçəyim.Sənin altında doğuldum.
Sənin altında öləcəyim.
İndi cəmiyyətimizdə Azərbaycan Respublikasının üçrəngli bayrağına ümummilli
sevgi və ehtiram hissi yüksək səviyyədə formalaşmış, bayrağımız milli özündərk və
həmrəylik simvolu kimi hər bir azərbaycanlının ürəyinə yol tapmışdır. Azərbaycan
gəncliyi, ordusu, sosial statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı
bayrağımıza sadəcə dövlət atributu kimi deyil, sanki öz ürəyi kimi baxır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış
mərasimində vurğuladığı kimi – “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim
bayrağımız canımızdır, ürəyimizdir” .
Bu bayrağın itirilməsi – millətimizin ürəyinin, deməli, varlığının itirilməsi deməkdir.
Cəmiyyətimizdə milli özünüdərk amalının, həmrəylik duyğularının, milli
maraqlarımız uğrunda mübarizə əzminin yüksəlişi onu göstərir ki, xalqımızın ürəyi
döyündükcə, milli bayrağımız da dalğalanacaqdır. Çünki Bayrağımız – milli
vəhdətimizin rəmzidir. Bu vəhdət bizim üçrəngli bayrağımızı daha da uca zirvələrə
qaldıracaqdır. Azərbaycanın əbədi varlığını təcəssüm etdirən Bayrağımız bir daha
nəinki enməyəcək, müstəqilliyimizin və tərəqqimizin ulduzu kimi daim parlayacaq,
daim yüksələcəkdir!
Bayrağımızın əbədi olması arzusu ilə,
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, Fəlsəfə doktoru
FACEBOOK YORUMLAR