Cevahir TANRIVERDİ

Cevahir TANRIVERDİ

[email protected]

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR HAQQINDA

13 Mayıs 2023 - 19:30 - Güncelleme: 13 Mayıs 2023 - 19:35

                       MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR HAQQINDA

 Cənubi Azərbaycanın, eyni zamanda Şimali Azərbaycanın sevilən, böyük şairlərindən biri Məhəmmədhüseyn Şəhriyardır. Şəhriyarın atası el arasında Hacı Mirağa Xoşginabi kimi tanınsa da, əsl adı Seyyid İsmayıl Musəvi olmuşdur. Seyyid nəslindən olan Məhəmmədhüseyn Behcət Təbrizi Şəhriyar təxəllüsünü görkəmli sufi şair Hafizin divanından götürüb. Şairin adını və “Heydərbabaya salam” poemasını Türkiyədə ilk dəfə Məhəmməd Əmin Rəsulzadə tanıtdırıb. Şəhriyar ömrü boyu həsrətində olduğu Şimali Azərbaycanı görə bilməyib.
Şəhriyar tələbəlik illərində Sürəyya adlı bir qızı sevmişdir. Lakin Rza şah Pəhləvinin yaxın qohumu Əbdülhüseyn Teymurtaş Sürəyyaya aşiq olduğu üçün onları ayırır. Deyilənə görə, Teymutaş Sürəyyanı Şəhriyardan tam uzaqlaşdırmaq üçün şairi Nişapura sürgün etdirir. Başqa bir iddiaya görə isə onun sürgün edilməsinə səbəb Rza şah rejimini tənqid edən qəsidə yazmasıdır.
Şairin ən məşhur şeilərindən biri “Heydərbabaya salam” əsəridir. Bu poemada şair uşaqlıq illərindən, yaşadığı və uşaqlıq illərinin keçdiyi Heydərbaba dağından, adət-ənənələrdən, hətta Novruz bayramından belə bəhs etmişdir:
                                       Bayram idi, gecəquşu oxurdu,
                                       Adaxlı qız bəy corabı toxurdu.
                                       Hərə şalın bir bacadan soxurdu,
                                       Ay nə gözəl qaydaydı şal sallamaq,
                                       Bəy şalına bayramlığın bağlamaq.

                                       Yumurtanı göyçək, güllü boyardıq,
                                       Çaqqışdırıb sınanların soyardıq,
                                       Oynamaqdan bircə məgər doyardıq?..
                                       Əli mənə yaşıl aşıq verərdi,
                                       İrza mənə novruzgülü dərərdi.
           Böyük şair Məhəmmədhüseyn Şəhriyar Novruz bayramının adət-ənənələrini çox gözəl və poetik şəkildə poemada əks etdirmişdir. Bundan əlavə, bahar gələndə təbiətin canlanması, çiçəklərin açması, bununla da insanların dərdlərdən qurtulması və arzularının çiçək atması da seirdə öz əksini tapmışdır:
                                        Bayram yeli çardaxları yıxanda,
                                        Novruzgülü, qarçiçəyi çıxanda,
                                        Ağ buludlar köynəklərin sıxanda,
                                        Bizdən də bir yad eləyən sağ olsun,
                                        Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
           Şair hər zaman Vətən- bütöv Azərbaycan uğrunda çırpınan böyük ürəklə şeirlərində bu həsrətdən bəhs etmişdir. Bu həsrət ömrü boyu dinməmiş, səti-sətir, kəlmə - kəlmə misralara köçmüşdür. O, iki hissəyə parçalanmış Azərbaycanı öz yaralı və həsrətli ürəyi ilə müqayisə etmişdir. İranın geriliyinin yalnız ona birləşdirilən Azərbaycan torpaqlarından sonra abad olduğunu, inkişafa başladğını “Azərbaycan” şeirində göstərmişdir. İran Azərbaycan torpaqları və Azərbaycan xalqının təsir gücü ilə inkişaf etsə də, İranın tərkibində olan torpaqlarımızı qolubağlı bir əsir kimi göstərən şair azərbaycanlıları da bu yolda-İran yolunda məcbur canlarından keçdiyini şair dərin kədər hissi ilə qeyd etmişdir. Bunun yeganə çıxış yolunu isə o, yalnız birləşməkdə, bütövləşməkdə görüb. Şeirlərində Şimali və Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların ayağa qaxmasını isarala göstərən şair yeganə çıxış yolunun bu olduğunu şeirdə əks etdirmişdir:
          Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə
       Abad olub, azad olub mülki-İran, Azərbaycan.

         Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
            Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

                                      İgidlərin İran üçün şəhid olub, əvəzində
                                      Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.

      Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
        Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

     Bəsdir fəraq odlarından kül ələndi başımıza,
                 Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
                    Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan
!

             Şəhriyar həm yar həsrəti, həm vətən həsrətini ömrünün sonuna qədər daşıyan niskilli bir şair olmuşdur. İlk şeirlərini 7 yaşında Azərbaycan silində, 9 yaşında farsca yazmışdır. Sonralar farsca şeirlərinə davam edən şair anasının “mən sənin şeirlərini başa düşmürəm” ironiyası ilə deyilmiş sözlərindən sonra daha çox Azərbaycan dilində yazmağa davam etmişdir. Şairin ilk kitabı 25 yaşında nəşr edilmişdir. 1951-ci ildə, yəni 45 yaşı olanda “Heydərbabaya salam” poeması işıq üzü görür. O, nəinki, İranda və Azərbaycanda , eyni zamanda Türkiyədə də sevilərək oxunur, məşhur olur.
Məhəmmədhüseyn Şəhriyar 1988-ci ildə 18 sentyabr tarixində Tehranda vəfat etmişdir. Bu günü İranda şairin xatirəsini əziz tutmaq məqsədi ilə “Şeir günü” olaraq qeyd edirlər. 




 

Reklam

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum