Cevahir TANRIVERDİ

Cevahir TANRIVERDİ

[email protected]

Ganira Paşayeva'nın anısına - "Arslan Hatun...":I

14 Ekim 2023 - 10:25 - Güncelleme: 14 Ekim 2023 - 21:29

BAŞLANGIÇ

Azerbaycan milletvekili Ganire Paşayeva tedavi gördüğü hastanede hayatını kaybetti - GENEL - Yeni Haber

Cəvahir Tanrıverdi

POEMA

ARSLAN XATUN

BAŞLANĞIC

Bu dünyanın tarixində
Bu dünyanın özü boyda
İz qoyan qadınlar olub.
Bu dünyanın tarixində
Bu dünyanın sözü boyda
Söz qoyan qadınlar olub.
Əl gəzdirib
Bu dünyanın gərdişinə.
İnsanlığın
Lap ən uca məqamını
Hüsnündə daşıyan olub.
Öz ruhunda, öz cismində,
Canında daşıyan olub.
Köksündə vuran ürəyi
Lap bu dünya boyda olan,
Məhəbbəti, ləyaqəti,
Şərafəti
Daş – qaşlardan üstün tutan
Qəhrəman qadınlar olub.
Bax bu torpaqda cücərib
Tomris də, Selcan xatun da,
Nigar da, Sara xatun da.

Bu dünyanın sələfləri
Əl gəzdirib
Bu dünyanın gərdişinə.
O çarəsiz həyatların
dərdlərinə
İlmə salan qadınlar var.
Özgələrin kədərinə
Kədəri tək yananlar var.
Yetiminə ana olan,
Kimsəsizə övlad olan,
Bacı olan, qardaş olan
Qadınlar var.



VƏTƏN BOYDA NƏFƏS

Yenə düşün ayı, günü,
Otur düşün öz ömrünü.
O kölgəndə kölgələnən,
Səndən nur alıb dirçələn
Nə qədər insana yandın.
Naəlaca ümid oldun.
Yoxmudur heç böylə bir can?
Vardır əlbət!
Ürəyini, sevgisini,
Diqqətini, nəfəsini,
Elə bütün həvəsini
Vətəninə həsr eyləyən,
O ürəklə,
O nəfəslə
Vətənində Vətən olan
Vardır əlbət.
Baharın lap ilk çağında
75-in mart ayında
Güldü bu dünyaya bir üz.
Gəldi vətən boyda nəfəs.
Qənirə adlandırdılar
Yenicə açmış çiçəyi.
Ürəklərdə arzu – dilək
Ümid açdı çiçək –çiçək.
Azərbaycan torpağının
Qədim oğuz yurdu Tovuz
Oldu ona ilk addımın başlanğıcı.
O böyüdü,
Böyüdükcə
Bu torpağın havasından,
Bu torpağın nəfəsindən,
Alovundan, suyundan
İlhamlanıb sinəsində
Vətən üçün, millət üçün
Vətən boyda, millət boyda
Döyünən ürək böyütdü.
Böyüdükcə yol aldı o
Biliyə, bilgiyə sarı.
Düşüncəsi vətən oldu,
Əməlləri elmə sarı.
Bir zaman gəlib çatdı ki,
Tələbə adı qazandı.
Tibb elminə qədəm qoyub
Söylədi “Hippokrat andı”.
Ürəyini məlhəm etdi
Yurdunun hər xəstəsinə.
Bir yaralı quş da görsə,
Çəkdi o an sinəsinə.
Ancaq həyatın yolları
Bəzən coşqun dəniz kimi
Dalğalanır ...
Dalğalandıqca bu dəniz
Aparır bizləri hara?
Səs salırıq bu dünyaya.


JURNALİST

Qənirə - gül üzlü sona,
Yetmədi  həkimlik ona.
Düşündü ki, bu vətənə
O can qoysun hər addımda,
Hər nəfəsdə, hər anında.
Dinmədi ürəyin odu,
Dincəlmədi o bircə an.
Bir gün eşitdi açılıb
Televiziya kanalı.
O böyük bir sevgi ilə
Yollandı böyük binaya.
Yenilik gətirdi o an
Ömrün həyat yollarına.
Əlinə mikrofon alıb
Xalqın dərdindən danışdı,
Xalq üçün yanıb – alışdı.
Cəbhə bölgəsində durdu,
Gah da düz səngər içində.
Əsgərlə çiyin – çiyinə
Tanrıya pənah apardı,
Ürəyi sevgi  içində.
“Elin gözü tərəzidir.”
O tanındı hər addımda,
Tanındıqca sevildi o.
Ürəklərə məlhəm oldu,
Düşmənlərə sitəm oldu.
Qənirə durmadı bir an.
Düşmən gəlsə də üstünə,
Gizlənməz heç zaman aslan.
Qorxaqlığı ölüm bilər,
Ölüm bilər gizlənməyi.
Atılar lap önə doğru,
Seçər cəsarətli yolu.
Bu cəsarət çox səs saldı,
Səsi  rəhbərə də çatdı.
Dahi rəhbər, siyasətçi,
Öndər Heydər  Əliyev də
Cürətinə heyran olub
Ona yüksək dəyər  verdi:
“Məharətlidir”, -  söylədi.


MİLLƏTİN VƏKİLİ

Dözülməz olsa da yollar,
Cəsarət  güclü saxlayar
Ürəkdən yaşayanları.
Bərkə-boşa düşən insan
Qorxmaz bir an
Yıxılmaqdan, büdrəməkdən.
Qorxmaz bir an
Bu dünyada çətinlikdən.
Ən çətin yollarda belə,
Lap qayada, dağda belə,
Enişlərdə, yoxuşlarda,
Gözlənilməz darda belə
Cəsarətli qalib gələr.
Qənirənin bir adı da
Cəsarətdi.
Millətinin hüququnu
Qorumaqçün alışırdı.
Elm, təhsil, nə lazımsa,
Öz yoluna baş vururdu.
Başlandı bir gün yeni yol,
Yenidən tələbə oldu.
“Beynəlxalq hüquq” oxudu.
Dayanmadan, usanmadan
Addım – addım irəlilədi.
Nə dayandı, nə dincəldi.
Allah, sən bu məmləkətə
Vətən boyda ürək verdin.
Bu ürəyi öz köksündə
Cəsarət ilə daşıyan
Dayaq verdin, dirək verdin.
Gecə - gündüz dayanmadı,
Bitirdi təhsili yüksək.
Baş qoydu yolda cəsarət,
Yandı xalqa ürək – ürək.
Həm həkim, həm hüquqşünas,
Həm də türkə vətən oldu.
Millət onu vəkil seçdi,
Millətinə vəkil oldu.
Hər an alovlu çıxışlar-
O  nələrdən söz açmadı?
Kükrədi hər çıxışında,
Boz qurddu hər baxışında.
Türk qızı türk doğulmuşdu
Qanınacan, ruhunacan.
Əsgər oldu səngərlərdə,
Qorxmadı  yad qəlpəsindən.
Yaralandı, dayanmadı,
Çəkilmədi məskənindən.
Düşmən top atdı yanına,
Dəydi qəlpələr qoluna.
Ancaq yenə dik dayandı.
O hər an xalqa hayandı.
O bu vətənə hayandı.
Səsi haralardan gəldi?
Düz Avropa Şurasından.
Qarı düşmən hiyləsini
Səsləndirdi qaydasınca.
Dinlədi bütün Avropa
Cəsarətli çıxışları.
İzah etdi xeyri, şəri.

Qalmadı bir işdən geri.
Mədəniyyət, incəsənət,
Ədəbiyyat
Ləçək –ləçək çiçəklədi,
Vərəq – vərəq dilə gəldi
Qənirənin diqqətində.
Hər sahədə yaradıcı,
Hər sahədə ucaldandı.
Şeir də yazardı hərdən,
Bəzəyərdi ürək sözü
Kitabları.
Alışardı ürək közü ,
Bir də sevgi qarışınca bu alova
Dayandırmaq olardımı
Cəsarətli  Qənirəni?
Şeirləri ürək sözü:
“Daha o qız deyiləm,
Ağrı və göz yaşlarıyla
Böyüyən qadınam.”, - dedi.
Nə qədər ağrı yaşadı,
Biz bilmədik,
Bildirmədi.
Hər an möhkəm,
Hər an dimdik gördük onu.
Yorulmadı
Dalğalarla döyüşməkdən.
Bəlkə, biz belə düşündük.
Yoruldu da.
Ancaq, ancaq
Bircə addım da atmadı
Dayandığı yerdən geri.
Daim və daim irəli.
Öz ayağı üstdə duran
Qadınları vəsf eylədi,
Daima çəkdi irəli.
O həm vəkil,
Həm jurnalist,
Həm də həkim.
O qorudu ən sadə vətəndaşı da.
Qanad gərdi hər bir cana,
Susan şəhid atasına,
Bir bütöv Azərbaycana.


ERMƏNİ VƏKİLLƏ DEYİŞMƏ

Tribuna önündə də,
Səngərdə də dayanmadan
Sinə gərdi o düşmənə.
O qorxmadı erməniyə söz deməkdən.
Haqqını tələb etməkdən.
Bir gün qardaş Türkiyədə
Verilişə qonaq oldu.
Qonaqdı bir erməni də.
O, erməni vəkil ilə
Bir səhnədə oturmuşdu.
Erməni vəkili belə
Susdurdu o
Qılınc kimi kəlmələrlə:
“Xocalını kim törətdi?
Hansı qoşun kömək etdi?”
Erməni : “bilmirəm, - dedi.”
“Sən bilmirsən,
Mən söyləyim.
Rusiya kömək eylədi.
Kilsələrə yığıldınız,
Pul yığdınız əsgər üçün.
Kimdi sizə dəstək verən?”
Erməni dedi: “Bilmirəm.”
“Sən yaxşı bilirsən bunu,
Başdan sonadək oyunu.
Rusiyaydı dəstək olan.
Pul toplayıb insanları
Məhv etdiniz.
Zəbt etdiniz torpaqları.”
Susdu, bir anlıq erməni ,
Sonra rişxəndlə söylədi:
“Biz oradan çəkilmərik,
Çıxmarıq o torpaqlardan.”
Qənirə coşdu yenidən,
Az qalırdı o hirsindən
Qalxıb etsin lap ordaca
Ermənini parça-parça.
Ancaq hirsini boğaraq,
Qətiyyətlə bir söz dedi:
“Çəkilmərik söyləyirsən?
Çəkdirərik!”
Erməni vəkil gördü ki,
Söz çatdırmaq olmur ona.
Kələklə bir fikir dedi:
“İstəsəniz, bərabərcə yaşayalım.
Lap dost kimi, yoldaş kimi.”
“Gördük dostluğunuzu da.
Söylə görüm bircə sual,
Çıxarsızmı Qarabağdan?
Sizin olmayan torpaqdan?”
Cavab yoxdur.
Susdu vəkil.
Yenə dindi türk gözəli:
“Daha yoxdur rus birliyi,
Nə sovet var sizə dayaq,
Bizi dustaq saxlayacaq.
Bitdi artıq o zamanlar,
Erməni geri addımlar.
Azərbaycan yaralıdır,
Ancaq yenə ayaqdadır.
Çıxmazsınız, çıxararıq,
Çox az qaldı, o torpaqdan.”
“Söylə bir, nə qədər qaldı?”
“Çox az qaldı, lap azca.
Elə çıxararıq sizi,
Kəsərik hənirtinizi.”
Erməni istehza ilə
Gülümsəyərək söylədi:
“Ey türk qızı, söylə nə vaxt
Çıxarırsınız bizləri?
Söylə, bilim zamanını.”-
Kinayəli gülüş:
“Ermənistana gedim mən?”
“Get, köməyin lazım olar.”-
Cavab verdi türk gözəli,
Davam etdi:
“İsa sizə söyləmədi
İnsanları öldürməyi.
Amma siz öldürənlərə
Haqq verdiniz dönə - dönə.
Bizim dinimiz də elə,
Öldürün demədi bizə.
Əgər elə söyləsəydi,
Qalmazdınız yer üzündə,
Çoxdan silərdik sizi biz.
Qalmazdı sizdən bircə iz.”-
Nöqtəsini belə vurdu, belə dedi
Qurd baxışlı, şir ürəkli,
Kəskin sözlü türk gözəli.
Susdu, baxdı heyrət ilə
Erməni türk gözəlinə.
Səhnədəcə məğlub idi,
Qorxu düşdü ürəyinə.


HƏKİM VƏKİL

Bir gün düşdü yad ellərə.
Afrikanın susuz, xəstə,
Ac yaşayan,
Bu dünyadan kam almayan,
Dünyada naçar yaşayan
İnsanların sorağına
Düşdü belə.
İnsandı o,
Ayırmadı səni, məni,
Ayırmadı ağ, qaranı.
Bir – bir baxdı xəstələrə,
Əlac qıldı dərdlərinə.
Nə lazımdır?
Bir göstəriş bəs eylədi.
Təkcə dərdlərə əlac yox,
Ürəyindən sevgi verdi.
Qucaq açdı körpələrə.
Diqqət saçdı, ilgi verdi.
Anasıza ana oldu.
Övladsıza övlad oldu.
Ürək oldu, nəfəs oldu,
Susqun baxışda səs oldu.
Bir cahanda min can oldu.
Dərd əlində qalanlara
Yanan oldu.
Bu dünyaya bir gəlmişdi,
Yüz ildə bir,
Min ildə bir gələnlərdən,
Tanrıya seçilənlərdən
Biri oldu.


Yazının devamı gelecek...
https://www.tarihistan.org/yazarlar/cevahir-tanriverdi/ganira-pasayeva-nin-anisina-arslan-hatun-ii/10882/

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum