Cevahir TANRIVERDİ

Cevahir TANRIVERDİ

[email protected]

"İNCƏGÜLÜ" AŞIQ HAVASI

14 Temmuz 2023 - 12:17


"İNCƏGÜLÜ" AŞIQ HAVASI

Yetmiş iki aşıq havacatının içərisində yer almış "İncəgülü" havasının ikinci adı "Avdı qımqıması"dır ki, onun da özünəməxsus yaranma tarixi var. Bu aşıq havasını "İncəgül" də adlandırırlar.
Aşıq Avdı Qaymaqlı tərəfindən yaradılıb bu aşıq havası. Həsrətli, vüsalına çata bilmədiyi sevgisinin alovu ilə yaranıb.
Azərbaycanın qədim məskənlərindən biri olan Qazax rayonunun tarixi adət-ənənələrini qoruyub saxlayan bir eli də İncə dərəsi adlanır. İncə dərəsi üç kəndi - Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərini əhatə edir. (Bu dərənin adı qədim türk tayfası olan "İncu" tayfasının adından götürülmüşdür.)
Tarixinin qədim olması bir çox xüsusiyyətlərinə görə sübut olunub. Bizim bu məqalədə söhbət açdığımız "İncəgülü" havasının adı da məhz bu yerlə bağlı adlandırılmışdır.  Belə ki, "İncəgülü" havasının yaradıcısı Aşıq Avdı Qaymaqlı bu torpaqda, bu eldə böyüyüb boya-başa çatmış, vüsalına yetə bilmədiyi Mehribanını da burada sevmişdi. Aşıq yaradıcılığında özünəməxsus imzası, yolu olan Aşıq Avdı saz havalarının dərinliyinə vararaq könül tellərini bir sevgi havasına kökləyir. Hansı ki  bir ömür nə unuda biləcəkmiş, nə də bu sevdadan vaz keçə biləcəkmiş.
1909 cu ildə Qazax mahalının İncə Dərəsində dünyaya göz açıb Aşıq Avdı.Böyük Vətən müharibəsində döyüşüb, yaralanıb tərxis olubmuşdur. Səməd Vurğunun dostu olub, bir neçə gün də qonağı olub. Aşıqlıq dərsini dövrünün ustad sənətkarı sayılan Aşıq Sadıqdan almış, görkəmli saz-söz ustaları Mikayıl Azaflı, Dərya Məhəmməd, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Aşıq Cəlal, Kərəm İncəli ilə dostluq etmişdir.

Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə "Avdı və Mehriban" dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən "İncəgülü" saz havası yaradıb.
O, həmişə özünəməxsus ifa tərzi, xoş avazı ilə sevilib seçilib, toylarda, şadlıqlarda, el şənliklərində ürəkləri fəth edib.
İncə dərəsi çox gözəl, mənzərəli bir yerdir. Bu təbiəti mülayim iqlimindən irəli gələrək yaşıllıqdır. Coşqun bulaqları, göz oxşayan çəmənlikləri adi insanı belə ilhama gətirir. Aşıq Avdı Qaymaqlı belə bir təbiətdə sazı sinəsinə basdısa da , çiçəklər ləçəklərini qaldırıb rəqs edər, otlar dilə gələr, bulaqlar göz qırparmış.
Bir gün Aşıq Avdı bulaq başında dayanıb Mehribanın xəyalı ilə görüşür.  Sevgisinin alovundan alışıb yanan Aşıq heç bir söz demədən sazı götürür və dilləndirməyə başlayır:
Bir gün durdum çıxdım gülşən seyrinə,
Gördüm ki, bülbüllər gülə yalvarır.
Bənövşə boynunu büküb nərgizə,
Nərgiz özü şirin dilə yalvarır.

Bir yanda dayanıb xumar gözlü yar,
Bağda hər çiçəyin öz nəşəsi var .
Bir neçə addım da bulaqdan kənar
Lilpar batıb dərin lilə, yalvarır.

   Qoşmanın əvvəlində təbiət və bu təbiətdə göz oxşayan incəliklər poetik şəkildə əks olunub. Bülbüllərin, güllərin xüsusiyyətləri bədii ifadə vasitələri ilə çox gözəl şəkildə verilmişdir. Aşıq metafora və təşxisdən istifadə edərək bülbüllərin güllərə yalvarmasını, bənövşənin boynunu büküb nərgizə sarı yönəlməsini öz sevgisi ilə həmahəng tutur.

  "Bir yanda dayanıb xumar gözlü yar,
Bağda hər çiçəyin öz nəşəsi var."- söyləyən şair burada sevgilisini nəşəli, şən çiçəklərdən ayırmır, onu da bu gözəl məkanda şən çiçəklərdən biri olaraq göstərir.
 "Bir neçə addım da bulaqdan kənar
Lilpar batıb dərin lilə, yalvarır." 
Lilpar sulu yerlərdə bitir. Suyu sevən yarpaqlı ot bitkisidir. Bu sətirlərdə isə lilpar lilə bataraq suya qovuşmaq üçün yalvardığını yazan aşıq özünün də həsrətə batdığını nəzərə çatdırmaq istəyir.

Hər otun başında var bir piyalə,
Mehriban dalğındı, batıb xəyala.
Yasəmən çıxanda sorğu-suala
Avdı yaşın silə-silə yalvarır.
  Bulaqdan su götürməyə gələn yarını xəyal edən aşıq burada yarının da xəyala daldığını göstərir. Su götürməyi unutmuş, yarının xəyalına dalan, onun həsrətini çəkən Mehriban sanki, tərkidünya olmuş, düşüncələr içində yalnız sevgisini anan bir mələk olaraq əks olunmuşdur. Şeirdə təbiətlə insan ruhu qarşılıqlı münasibətdədir. Aşıq yasəmən çiçəyinin belə onun hisslərindən baş açmaq üçün aşığı sorğu-suala tutmasından qəhərlənir, öz həsrətini yalnız göz yaşları ilə dilə gətirir.
  Aşıq Avdının yaratdığı bu qoşma üzərində dillənən havada belə bir həsrət, bir niskil özünü göstərir. Musiqi ilə şeir bir - birini tamamlayır.

Cəvahir Tanrıverdi


 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum