Hikmet Hacıyev Azerbaycanın münevver genci Hayale Zerrabkızı hakkında yazdı.

Sayın Hikmet Hajiyev, ilmi araştırmaları, edebi-felsefi yazıları ile Türk dünyasına değerli katkılarda bulunan, Turan düşüncesine sadık, Azerbaycanın münevver genci Hayale Zerrabkızı hakkında yazdı.

Hikmet Hacıyev Azerbaycanın münevver genci Hayale Zerrabkızı hakkında yazdı.
27 Mayıs 2023 - 12:28
Belə övlad onu böyüdən Atanın, bir ailənin, nəslin deyil,
bütövlükdə cəmiyyətimizin başucalığıdır...

Torpağın yetişdirdiyi hər toxum o torpağın bərəkətliliyinin göstəricisi olduğu kimi, bu xalqın yetirdiyi hər bir istedadlı, zəhmətkeş övladı da milli-mənəvi sərvət kimi o xalqın dəyər göstəricisidir.
Mətbuata açıq yazı yazmaq tərzim olmasa da, bu gün bu torpaq üçün, bu millət üçün, bu məmləkət üçün çox gənc yaşında yorulmaz əməyiylə dəyərli işlər görən, mədəni sferanın müxtəlif sahələrində önəmli qatqılarda bulunan Azərbaycanın münəvvər gənci Xəyalə xanıməfəndi haqqında bu kiçicik yazını yazmağı ürəyim diqtə etdi.
Azərbaycan  gəncliyinin öncüsü olan, gənc olmasına baxmayaraq altına imzasını qoyduğu tutarlı layihələri, elmi-monoqrafik kitabları, monumental tədqiqatları ilə adını, ata adını, soyadını, imzasını artıq Türk dünyasında bir Dəyərə, Brendə çevirən Xəyalə Zərrab qızı Əfəndi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə “Türk dünyasının ən gənc fəxri professoru” adına layiq görülüb.
Bəzən övlad gördüyü işlərlə sadəcə Atanın, bir ailənin deyil, çalışdığı mühitin, yaşadığı ölkənin, bütövlükdə vətənin başını elə uca edir ki, təbrik üçün, təşəkkür üçün ona layiq söz tapmağa adam çətinlik çəkir. Etik-mənəvi dəyərləri həmişə öz həyat qayəsinə çevirən, zəhmətkeşliyi, iradəsi, doğru bildiyi yolundan dönməzliyi, əqidəsinə sadiqliyi, yorulmaz əməyi və ortaya qoyduğu bütün işlərdə peşəkarlığı ilə gəncliyimizə örnək olan Xəyaləni mən uzun illərdir ki, müşahidə etməkdəyəm. Açığını deyim ki, bu qədər gənc olmasına baxmayaraq belə bir elmi adın, elmi dərəcənin Xəyaləyə ünvanlanması məni hədsiz sevindirdi. Bütün dünyada geniş nüfuz qazanmış belə bir  ehtişamlı Elm Ocağının bizim qızımızı gənc yaşda professor olaraq görməsi hamımızın qürurumuzdur.
Mən onun özünə qarşı tələbkarlığına, bir gənc ziyalı kimi cəmiyyəti üçün faydalı olmaq cəhdlərinə, bir araşdırmaçı – alim kimi işinə aşinalığına, bir övlad kimi atdığı hər addımında Atasını düşündüyünə, bir ana kimi övladlarına fədakarlığına, bir xanım kimi ailə sevgisinə həmişə heyranlıqla yanaşmışam.
 Bu gün Xəyalə Zərrabqızının işıqlı imzasına respublikamızın hüdudlarından kənarda, ölkə xaricində 100-dən çox nüfuzlu dərgi və almanaxda, eləcə də  gündəlik dövri  mətbuatda, qəzet, ədəbi dərgi və elmi toplularda, jurnallarda, demək olar ki, hər gün rast gəlirik. Son on ildə 50-dən çox beynəlxalq miqyaslı elmi simpozium və konfransda onun Azərbaycan gəncliyini necə ləyaqətlə təmsil etdiyinə hamımız şahidik.  Elmi araşdırmaları, fəlsəfi-publisistik yazıları, bədii yaradıcılığı və esseistikası ilə ədəbi mühitin, geniş oxucu auditoriyasının dərin rəğbətini və sevgisini qazanmış X.Zərrabqızının ölkəmizdə təhsil alan xarici tələbələr üçün hazırladığı “Azərbaycan ədəbiyyatı” ali məktəblər üçün dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Elmi Şurasının qərarı ilə (iki dəfə çox yüksək tirajda, təkrar qrifli nəşr) çap olunmuşdur.
Xəyalənin bioqrafiyasına nəzər salanda onun həyatının qəribə keçidləri həmişə məni düşündürüb: hələ 5 yaşı olmamış Atasının əlindən yapışıb birinci sinfə qədəm qoyub, yaşıdları hələ orta məktəbin parta sıralarında əyləşirkən Xəyalə 15 yaşında ikən Atasının əlindən yapışıb ali təhsil almaq üçün ölkəmizin ən nüfuzlu Universitetinə - Bakı Dövlət Universitetinə yol alıb… Kiçik bir xatırlatma edim ki, həmin il ölkə üzrə qəbul imtahanlarının yekun nəticələrinə görə Əfəndiyeva Xəyalə Zərrab qızı ali məktəb tələbəsi adını qazanan ən azyaşlı abituriyent olub. Hələ 25 yaşında ikən filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını yüksək elmi tələblərə cavab verən bir şəkildə tamamlayaraq Dissertasiya Şurasına təqdim edib. Bu gün 35 yaşı olmamış artıq biz onu professor adına layiq görülməsi münasibətiylə təbrik edirik. Belə övladlar təkcə onu böyüdən Atanın,  ailəsinin, nəslinin deyil,  bütövlükdə boya-başa çatdığı mühitin, yetişdiyi cəmiyyətin üzağlığı, başucalığıdır.
Mən belə hesab edirəm ki, bir Ata üçün həyatda bundan daha ali səviyyədə bir ucalıq, bundan daha böyük qürur, bundan daha əziz səadət, bundan daha dəyərli heç nə ola bilməz! Bu minvalla, yazımın elə bu məqamında Xəyaləni dünyamıza bəxş edən, onu belə mərd böyüdən, həm də belə uca mənəviyyatla, yüksək amallarla, çox gənc yaşında kamil bir şəxsiyyət kimi yetişdirən Atası – Respublikamızın əməkdar Kənd Təsərrüfatı işçisi, milli məfkurəli ziyalı, gənclik illərindən ta bu günəcən böyük Turan yoluna, Turan əqidəsinə, türkçülük ideoloji fikrinə sadiq, sayğıdəyər Aydın şəxsiyyətlərimizdən olan çox hörmətli Zərrab Bəy Əfəndiyevin müstəsna əməyini xüsusilə qiymətləndirmək istəyirəm. Və düşünürəm ki, bu başarı Xəyalə ilə bahəm həm də Zərrab Müəllimin nailiyyətidir, fəxarətidir. Elə bu səbəbdən də ilk öncə bu böyük sevinc, bu uğur münasibətilə Zərrab Bəyi səmimi qəlbdən təbrik edir, ona gözüdolusu övlad səadəti arzulayıram!
Bundan daha öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Xəyalə Zərrab qızı Əfəndiyeva “ən gənc tədqiqatçı alim” kimi Prezident mükafatına layiq görülmüşdü. Bu mükafatın özünün dəyər əmsalı bir yana dursun, məni daha da təsirləndirən o ödülə layiq görüldüyü gün Xəyalənin mətbuata verdiyi müsahibə idi. Zənnimcə, o müsahibəni, o yazını oxuyan hər kəs mənimlə razılaşar ki, o mükafatı daha da dəyərləndirən Xəyalənin “Prezidentin bu mükafatı mənim yox, Atamın 30 illik əməyinə verilən mükafatdır. Axı mən Atamın 30 illik zəhmətiyəm!” – deməyi olmuşdu…
Atalarımızın çox gözəl bir deyimi var: “Ot kökü üstə bitər”. Ər kişinin yetirdiyi övlad da belə ər qeyrətli olur… “Cənnət analarımızın, atalarımızın ayaqları altındadır”- deyirlər. Xəyalə əzmkarlığı, iradəsi, zəhmətsevərliyi, istənilən situasiyada hər cür çətinliyə qeyd-şərtsiz qatlaşa bilmək mətanəti, dəyanətli xarakteri, uşaq kimi saf ürəyi, təmiz adı, yorulmazlığı, fədakarlığı, ən əsası halalca əməyi və alın təri  ilə o cənnəti elə bu cahanda Atasının ayaqları altına sərdi. Bir valideyn üçün bundan daha böyük Tanrı payı nə olar, təsəvvür edə bilmirəm. Zərrab Müəllimə ulu Tanrıdan can sağlığı və əkdiyi ağacın bəhrini gözüdolusu görməyi arzulayıram!
Xəyalənin doktorluq dissertasiyasının müdafiəsində Respublikamızın əməkdar müəllimi, professor, rəhmətlik Abdulla Abasov papağını başından çıxarıb hər kəsin önündə Xəyalənin başına qoydu və dedi ki: “Mən ürəkdən inanıram ki, belə çalışqanlığınla, bu zəhmətkeşliyinlə sən yaxın zamanda professor olacaqsan.” Mərhum professora Allahdan qəni-qəni rəhmət diləyirəm. Bəli, məhz Abdulla müəllimin dediyi kimi də oldu…Bu gün Xəyalənin bir alim kimi yetişməyində əməyi olan, indi Haqq dünyasına qovuşan professor Abdulla Abasov kimi, professor Tofiq Hüseynoğlu kimi görkəmli alimlərimizin ruhu şaddır, əlbət ki…
Səməd Vurğunun gözəl bir fikri var. Yazır ki: “Cəsarət böyük yaradıcılıq məsələsidir”. Şəxsiyyətində bütövlük, tamlıq olmayan adam böyük yaradıcılıq ortaya qoya bilməz. Bu mənada, mən Xəyalənin bütün yaradıcılığını izləyən cəsarətini xüsusi vurğulamaqla yanaşı nəzərimdən yayınmayan bir məqamı onda həmişə yüksək qiymətləndirmişəm, Xəyalənin mövqeyində titrəmə yoxdu, səndələmə yoxdu, yön dəyişmə yoxdu. Atası onu elə tərbiyə edib ki, o, on il bundan qabaq hansı yolda, hansı tribunada idisə, olduğu kürsüdə bir pillə daha ucalıb, yolundan bir qarış da dönməyib. Bu yolda da onun ilk və böyük müəllimi elə yazılarından da gördüyümüz kimi Atası olub.
Ötən il Türkiyədə keçirilən beynəlxalq konfranslarla əlaqədar olaraq iki dəfə İstanbula elmi ezamiyyətə göndərilmişdi. İstanbul səfəri ilə bağlı maraqlı məqamlar var ki, onları yazmağı özümə vəfa borcu hesab edirəm. Deməli, elmi ezamiyyət yekunlaşandan sonra Türk dünyasının görkəmli alimi, professor İlbər Ortaylı ilə telefon görüşməmizdə soruşuram ki, İlbər Hoca, bizim ora gələn gənclərdən razı qaldınızmı? İlbər Hoca cavabında: “Əlbəttə, razı qaldım hər birindən. Yanlarında söyləmişdim ki, İstanbulda Feriköy məzarlığında, Karacaahmet məzarlığında, Eyyub sultanda, Sakızağacı şəhidliyində, Üsküdarda Bülbüldərə məzarlığında, Ədirnəqapı məzarlığında Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasında Məhəmməd Əmin Rəsulzadə ilə çiyin-çiyinə olan aydınların: Əli bəy Hüseynzadənin, Xosrov bəy Sultanzadənin, Əhməd bəy Ağaoğlu ailəsinin, Hacı Zeynalabdin Tağıyevin övladlarının, Həsən bəy Zərdabinin övladlarının və sair Azərbaycan tarixi üçün önəmli isimlərin məzarları var. Zamanınız olduqca İstanbula hər gəldikcə o məzarları ziyarət edərsiniz, tarixin o səhifələrinə səyahət etdikcə bəlkə nə zamansa, bir kitablıq material toplamış olarsınız… Elə-belə söhbət etmişdik, içindən birinin istəyi olar, bəlkə zamanla bu arzumu gerçəkləşdirər – deyə düşünmüşdüm. Bir gənc bayan vardı, uzun saçlı.  Beş gün sonra Azərbaycana dönəcəkləri gün bir dosye ilə gəlib qarşımda oturdu: “Hocam, - dedi. Tapşırığınızı hərfiyyən yerinə yetirdim.”
O xanımın hazırladığı dosyaya baxdıqca inana bilmədim. Çünki İstanbul balaca bir şəhər deyil axı. Verdiyim koordinatlar da biri-digərindən kilometrlərlə uzaqlıqda yerləşirdi. Bunca məsafələri İstanbulu yaxşı tanıyan adam da bu qədər vaxt azlığında ziyarət etməsi çətin məsələ idi. O ki qaldı, İstanbulda qərib olasan, gündüzləri məzarlıqları ziyarət, gecələri otel odasında çalışmaqla beş günün tamamına belə bitkin bir dosya ilə qarşımda dayanasan…
İlbər Hoca danışdıqca söhbətin kimdən getdiyini artıq öz beynimdə müəyyənləşdirmişdim, belə fantastik rejimlə çalışan ancaq bizim qız ola bilərdi. –“Hocam, siz yəqin ki, Xəyalədən bəhs edirsiniz?”- deyə cavabını bildiyim sualla professora müraciət etdim.
  • Əvət, Hayale hanım Efendi. Ta kendisi… Atasının çörəyi, anasının südü halal xoşu olsun! – dedi. Övladım kimi sevdim. Qızım Tuna ilə də çox doğmalaşdılar. Elə yetənəkli övladlarınıza qucağınızı geniş açın, onlara çalışmaq üçün daha geniş imkanlar yaradın. Mən onun fitrətində ilahi bir istedad gördüm. – söyləmişdi İlbər Ortaylı…
Bu faktların, bu örnəklərin sayını uzun bir siyahı ilə uzatmaq olar. Onu tanıyan hər bir tələbəsindən tutmuş, ona dərs verən hər bir müəlliminə qədər hamının mənimlə həmfikir olacağı qənaətindəyəm. Bu cür sevgi qazanmaq da bir ilahi mükafatdır. Gəncliyində kamilləşmək isə mükafatların ən ali mərtəbədə olanıdır ki, onu da ulu Tanrı Xəyalə qızımıza nəsib edib.
Bir neçə ay bundan öncə mənim də bilavasitə iştirakımla Qazaxıstanın mədəniyyət başkənti Almatıda Turan Universitetində düzənlənən Uluslararası Elmi simpoziuma ölkəmizdən bir neçə ziyalı qatılmışdı. Xəyalə xanım Əfəndi həmin konfransda çox geniş məruzə ilə çıxış etdikdən sonra Turan Universitetinin rektoru tərəfindən ona Qazaxıstanın elm və ədəbiyyatşünaslıq sahəsində çox nüfuzlu “Abay Dövlət Mükafatı” təqdim edildi. Həmin tədbirdə Qazaxıstan Yazarlar Birliyi başqanı Uluqbəy Esdövlət çox gözəl çıxış etmişdi. Mən bu yazımı Başqanın o dəyərli fikirləri ilə tamamlamaq istəyirəm: “Qazax ədəbiyyatının nümayəndələri, görkəmli maarifçi ziyalılar Abay Kunanbayevin, Çolkan Vəlixanovun, İbray Altınsarinin, Muxtar Auezovun və başqalarının əsərlərini Azərbaycan türkcəsinə uyğulayan və qardaş xalqlarımız arasında mənəvi körpü rolunu oynayacaq ədəbi-mədəni əlaqələrin, elmi mübadilələrin tərəqqisinə rəşadətli əməyi, milli düşüncəsi, səmimiyyəti, çalışqanlığı, elmi və sanatsal hizmətləri ilə önəmli qatqılarda bulunan, Azərbaycanın münəvvər gənclərindən olan Xəyalə xanıma bu mükafatı təqdim etməkdən onur duyuram.  Mən bu təmiz qanlı türk balasını, Türk qızı türkü həm də ən çox Turan məfkurəsinə sədaqətinə, əqidəsinə görə özəlliklə çox sevirəm. Ülkücülüyü yoluna, ədəbi düşüncəsi elminə zinət olan, öyrətmən pedaqojisini, Türk zehniyyətli nəsil yetişdirmə çabasını, zəhmətsevərliyini və anneliyini ayrıca bir sənət və yaradıcılıq olaraq dəyərləndirdiyim, bütün insani keyfiyyətlərinin özəyində sadəliyinə və inanılmaz fədakarlığına böyük rəğbət bəslədiyim Xəyalə kimi övladlarımızın əl birliyi, dil birliyi, düşüncə birliyi ilə Turan düşüncəsi, Turan birliyi və bütövlüyü həmişəyaşar olacaq.”
         Yazımın sonunda illərin sınağından keçən bir məsələ üz tuturam. Birindən soruşurlar ki: Qardaşın necə insandır? Cavab verir ki: Yol yoldaşı olmamışam. Xoşbəxtlikdən yol yoldaşı olduğumuz zaman kəsiyində də Xəyalə mənim və hamımızın onunla bağlı qənaətlərimizi addım-addım doğruladı. Həyat yoldaşı, mənim əziz qardaşım Elşən bəylə hər kəsə örnək olası mükəmməl ailə bağlılıqları, qırılmaz dost ilişkiləri, mələk balaları Gülnaz və Nərgizə analıq sevgisi, qayğısı, şəfqəti, fədakarlığı onun alim adını da, müəllim adını da, professor adını da bəzəyən ən gözəl tərəfidir. Bu keyfiyyətdə, bu ləyaqətdə İnsan sadəcə bir Kişinin - öz ailəsinin ailənin deyil, sözün bütün mənalarında, bütövlükdə cəmiyyətimizin başucalığı, üzağlığıdır.  
Səni təbrik edirəm! Yolun aydın olsun, əziz qızım!
Dərin hörmət və ehtiramla: Hikmət Hacıyev
27 May 2023, Ankara

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum