Çağdaş Azərbaycan elmi və ədəbi müstəvisində Elçin İsgəndərzadə imzası

Çağdaş Azərbaycan elmi və ədəbi müstəvisində Elçin İsgəndərzadə imzası
03 Aralık 2023 - 10:23
Çağdaş Azərbaycan elmi və ədəbi müstəvisində
Elçin İsgəndərzadə imzası

Xəyalə Zərrabqızı

Professor Elçin İsgəndərzadənin yaradıcılığı haqqında Gürcüstanda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində keçirilən GUAM-a daxil olan ölkələrin gənc alim və tədqiqatçılarının iştirakı ilə baş tutan Beynəlxalq Elmi Simpoziumda məruzə edilib. Həmin məruzəni dəyərli oxucularımıza təqdim edirik:


Hörmətli sədr, hörmətli konfrans iştirakçıları! Hər birinizi salamlayır, qonaqpərvərliyiniz və elmi mübadilələr üçün yaratdığınız bu nəfis mühit üçün, özəlliklə öz ana dilimdə - doğma ana türkcəmdə məruzə etməyimə şərait yaratdığınız üçün Sizlərə dərin minnətdarlığımı bildirirəm.
Yaradıcılığı üzərində geniş elmi araşdırmalarda bulunduğum Azərbaycanda tanındığı və sevildiyi qədər də Gürcüstanda adının, alim və sənətkar kimliyinin necə rəğbətlə səsləndiyini müşahidə etdiyim Ustadım Elçin İsgəndərzadənin yaradıcılığına müraciət etmişəm.
Dərin zəka və ağlın gücü ilə ərsəyə gətirdiyi elmi ixtiraları, altına imzasını qoyduğu sanballı layihələri ilə dünya elminə böyük töhfələr verən, poetik yaradıcılığı ilə təkcə çağdaş Azərbaycan ədəbi mühitində deyil, o cümlədən ölkəmizin hüdudlarından minlərlə kilometr uzaqlarda belə eyni şövqlə oxunan, sevilən, onun sözünü sevən saysız-hesabsız oxucu auditoriyasının ədəbi-fəlsəfi-estetik zövqünü formalaşdıran istedadlı qələm sahibi və Azərbaycan torpağının yetirdiyi nadir dühalardandı professor Elçin İsgəndərzadə...
Ötən ay görüşdüyümüz simpoziumda hörmətli moderator böyük ehtiramla bildirdi ki: “Fəxarət hissi ilə deməliyəm ki, Elçin İsgəndərzadə kimi alimin, sənətkar şəxsiyyətin  ölkəmizə - Gürcüstana həm elmi, həm ədəbi müstəvidə diqqət və qayğısını həmişə hiss etmişik. Bircə detalı qeyd etməyim kifayət edər ki, cənab professorun gürcü dilinə tərcümə olunub Gürcüstanda işıq üzü görən kitabına ön söz yazan Yazıçılar birliyi sədri xanım Makvila Qonaşvili Elçin Bəylə ədəbi dostluğunu ölkələrimiz arasında qardaşlıq körpüsü kimi dəyərləndirir.”
Bütün bu gözəl dəyərləndirmələrinizdən aldığım ilhamla Şota Rustavelinin sözünün, İvane Cavaxişvilinin elminin işığıyla aydınlanan bu əzəmətli universitetdə Azərbaycanın görkəmli elm xadimi, ictimai həyatımızın bütün sahələrində önəmli xidmətləri olan vətəndaş ziyalı, dünyaca sevilən şair Elçin İsgəndərzadənin yaradıcılığını özündə ehtiva edən məruzəmlə Sizləri salamlamaqdan qürur duyuram.
Dünənki görüşdə mövzularımızı müzakirə edərkən  gürcü dostlardan biri belə sual ünvanladı ki: Elçin İsgəndərzadəni siz hansı ədəbi cərəyana daxil edirsiniz?
Mən bu mövzu ilə bağlı fikirlərimi bir qədər ümumiləşdirərək səsləndirmək istəyirəm: Cəmil Meriç deyirdi ki, “izm”lər yarandığı, boy göstərdiyi məmləkətlərə - bütövlükdə isə Avropaya bənzəyir, hamısı xaos və hiylə ilə yoğrulub...
İnsanların duyğularını heçə sayan, duyğularını korşaldan və düşüncələrini korlaşdıran hər hansısa “izm” Cəmil Meriç qələmində tənqid olunur. Və o deyir ki, Yazıçı istər ədəbi cərəyan kimi (postmodernizm, modernizm, sürrealizm, dekadentizm), istərsə də siyasi ideologiya olaraq (liberalizm, sosializm, komunizm) bütün “izm”lərə  yuxarıdan baxmalıdır. Yazıçı üçün bütün “izm”lərdən ucada dayanan bir məqam var: azad düşüncə və azad söz...
Mən Elçin İsgəndərzadənin ədəbi şəxsiyyətinə və bütün yaradıcılığına dərindən vaqif olduğum üçün öz müşahidələrimdən bunu qətiləşdirmişəm ki: professor Elçin İsgəndərzadədən ötrü də, şair Elçin İsgəndərzadədən ötrü də Özgür düşüncənin ən uca qatı, ən ələ gəlməyən forması azad sözdür...  Elçin müəllimin ədəbi pəncərəsindən baxanda Sözü hər hansısa nəzəriyyəyə sığdırmağa cəhd etmək ilahi nöqteyi-nəzərdən yaradıcılığa xəyanət etmək kimidir... Sözü “izm”lərin qəlibinə salmağa çalışmaq, insanın düşüncəsinə ideologiyalardan çərçivə yapmaq kimidir... Ki, Elçin İsgəndərzadə bunların heç birini qəbul etmir. 
 Türk dilinin zənginliyini, gözəlliyini özündə ehtiva edən, xalq ruhuna yaxın, Tanrıya sevgiyə və bağlılığa, insanın özünüdərkinə, mənən kamilləşməsinə həsr olunan, ümumbəşəri ideyalara söykənən, dərin məzmunlu, düşündürücü poetik örnəklər müəllifi olan  Elçin İsgəndərzadə çağdaş Azərbaycan poeziyasının ən özgün və başarılı usta qələmlərindəndir. İlk qələm təcrübələrindən başlayaraq hamasətə qapılmadan, dəbdəbədən, şüarçılıqdan, süni pafosdan, təsvir və təhkiyə bəsitliyindən uzaq dayanan Elçin İsgəndərzadə yaradıcılığı ilə bütünlüklə çağdaş türk şeirinə mövzu, ideya, məzmun və forma orijinallığı ilə səciyyələnən yeni nəfəs, yeni ruh gətirmişdir. Elçin müəllimin yaradıcılıq dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli bədii təfəkkürün, dünyagörüşün güzgüsüdür və çağdaş Azərbaycan ədəbi fikrində ayrıca bir mərhələ kimi qiymətləndirilir. Çünki Elçin İsgəndərzadə yaradıcılığı xalq yaradıcılığından süzülüb gələn, Qarabağ torpağının halallığını, milli musiqimizin ahəngini özündə çulğalayan, klassik poeziyamızla çağdaş şeirimiz arasında etibarlı mənəvi körpü rolunu oynayır. 
Qarabağın gözü Şuşa, Ağdam – bütövlükdə Azərbaycan həyatını duruluğu ilə qələmə alan sənətkar əsərlərinə məxsus psixoloji-fəlsəfi dərinliyi, realizmi, dərin humanizmi, dil təmizliyi, müraciət etdiyi mövzuların həyatiliyi və rəngarəngliyi, görümlü mətn yarada, orijinal süjet qura bilmə qabiliyyəti, hətta nəsrlə qələmə aldığı məqamlarda belə şeir kimi bənzərsiz təhkiyə tərzi ilə böyük oxucu auditoriyasının və ədəbi-elmi ictimaiyyətin sevgisini, rəğbətini qazanmışdır. Elçin İsgəndərzadə yaradıcılığında yurd sevgisi elə bir səviyyədədir ki, hətta Parisi – Eyfel qülləsini ya Londonu və ya Krımı Bağçasarayı təsvir etsə belə, oxucuduqca düşünəcəksən ki, o Qarabağ insanını, türküsünü qələmə alır.
Bədii əsərin dili sənətkarın həyatı duymaq qabiliyyətidir, onun istedadıdır. Elçin İsgəndərzadənin əsərləri məna tutumu, məzmun dərinliyi ilə bərabər, həm də dilinin ahəngdarlığı, gözəlliyi, canlılığı, şirinliyi ilə seçilir. Şairin bədii dilinin mükəmməlliyi Tanrının yaratdığı təbiətin mükəmməlliyi kimidir, qüsursuzdur, bənzərsizdir. Dilin və duyğuların bu cür harmoniyası sənətkarın həyatı düzgün dərk etməsindən qaynaqlanır. Dilin gözəlliyi duyğuların gözəlliyi, həyatın poeziyası deməkdir. 
Elçin müəllimin qələminin ustalığı ondadır ki, o, yazdığını ürəyinin ülvü duyğuları ilə gerçək yaşantıların qovuşuğunda qələmə alır. Kilometrlərlə uzağında olan bir hadisə özünün, ən  yaxınının taleyi kimi doğma gəlir adama. Müəllif – oxucu, zaman – məkan sərhədləri aradan qalxır  –  mətn  oxucu ilə şairi bir can kimi bütövləşdirir. 
Elçin müəllim bütün əsərlərində özünü qələmə alır. Özünü yaradan insanlar (sözün hər iki anlamında) böyük adamlardı... Bir, öz taleyini özləri yenidən yazırlar... Bir də yaşadıqlarını olduğu kimi ağ kağızın yaddaşına köçürürlər. Özünü yarada bilən adamlar ona görə böyük adamlardı ki, cəsarəti çatır yaşadıqlarını yazmağa... Çünki yaşadıqları Tanrının alnına yazdığı yazı kimi tərtəmizdi...
Elçin İsgəndərzadəni oxuduqca biz oxucunu arxasınca aparmağı bacaran fədakar müəllim, vətəndaş ziyalı, milli düşüncəli aydın, xanımına –  ömür sirdaşına bütün ömrünü fəda edən sevən aşiq, qayğıkeş ata, valideyninə yanımcıl övlad - ən əsası azad şəxsiyyət obrazını görmüş oluruq. 
Elçin İsgəndərzadənin əsərlərində dərin və əhatəli psixologizm müşahidə olunmaqdadır. Müəllifin psixologizmi doğma ana dili, adət-ənənə və sosial –ictimai gerçəkliyin daxili təbiəti ilə çulğalaşır. Sənətkarın psixologizmini güclü milli şüur yanğısı, tarix, mənəvi yaddaş və heysiyyat izləyir.
Elçin İsgəndərzadə mənsub olduğu xalqın əxlaq və mənəviyyatını həmişə sağlam ruhlu, köklü, rişəli görmək istəyir. Bu baxımdan ədibin bədii yaradıcılığının mənəvi-əxlaqi, sosial-siyasi  və tərbiyəvi əhəmiyyəti çox güclüdür.
Elçin İsgəndərzadənin bədii yaradıcılığı milli-tarixi, çağdaş şüur problemləri ilə  bağlı olan, bu bədii keyfiyyətin  fərd, ailə, cəmiyyət, dünya–insan–zaman boyunca yayımlandığı  və ədəbi prosesə təsir göstərdiyi orijinal yaradıcılıqdır.
Marina Svetayevanın maraqlı bir fikri var. Yazır ki: əsl, həqiqi sənət əsəri böyük gərilmənin məhsuludur. İstedad təkcə nə qədər yazmağı yox, həm də nə qədər “gərilməyi bacarmaq”dır. Əgər  hər hansı bir əsəri “gərilmədən” rahatca yazsan cild-cild kitabların olacaq, lakin yazdıqlarının heç biri sənət nümunəsinə çevrilə bilməyəcək. Əsərə əbədiyaşarlıq qazandıran məhz bu “gərilmə”dir.
Bu mənada Elçin İsgəndərzadənin hər bir əsəri yüksək bədii istedadın, zəhmətkeşliyin, dərin yaddaş və  həssas müşahidənin qabiliyyətinin məhsulu olmaqla bərabər, həm də böyük “gərilmə”nin məhsuludur. 
Elçin İsgəndərzadənin poetik dili o qədər aydın, rəvan, axıcı və görümlüdür ki, təsvir etdiyi hadisələr sanki kino lenti kimi oxucunun gözlərində canlanır. Yaratdığı obrazın müəllifin öz daxili dünyasının bir parçası, prototipi, ruporu olduğunu düşünsək, Elçin müəllim hələ çoçuqluğundan daxilindəki özgürlük və ruhani azadlığa meyil, bağımsızlıq düşüncəsi ilə hamıdan seçilib. Elə bu günkü kimi…


Bu gün qardaş ölkədə bu auditoriyada  Elçin müəllimin soyadının, adının, yaradıcılığının bu cür ehtiramla ilgi gördüyünü müşahidə etmək Elçin İsgəndərzadə yaradıcılığı üzərində çalışan  bir tədqiqatçı kimi, bir azərbaycanlı kimi, Elçin müəllimin mənəvi övladı kimi məni ziyadəsiylə məmnun etdi. Hər birinizə dərin minnətdarlığımı bildirir, elmi yaradıcılığınızda başarı və həyatınızda səadət arzulayıram!
Qırğızıstanın görkəmli yazıçısı Çingiz Aytmatov, qardaş Türkiyənin Bilkənt Universitetinin qurucusu akademik İhsan Doğramacı, Qazaxıstan Dövlət Universitetinin rektoru olmuş, akademik U.A. Coldasbəyov, Rumıniya – Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi İohan Pop de Popa, Qazaxıstanın xalq yazıçısı Muxtar Şahanov, Krımtatar xalqının lideri Mustafa Krımoğlu, Qırğızıstan Yazıçılar Birliyinin sədri olmuş xalq yazıçısı Nadırbek Alımbekov, Azərbaycan Yazarlar Birliyi başqanı xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, xalq şairi Bəxtiyar Vahabzadə, Nyu-York Elmlər Akademiyasının prezidenti  akademik T.Viesten,  Bolqarıstan Respublikasının prezidenti Georgi Pırxanov, Rusiya Yazarlar Birliyi katibi Maksim Zamşev, Ərəb Yazarlar Birliyi sədri Dr. Ali Akle Orsan, Ukrayna Yazarlar Birliyinin katibi Anna Baqriana, Almaniyadan professor Levent Seçer, Türkiyədən Yavüz Bülənt Bakilər, Dr. Özgen Keskin, Amerikadan prof.dr. Satyam.S. Moorty, Avropa Ədəbi birliyindən professor Mixail Pekelis, Azərbaycanın böyük ziyalıları Şahmar Əkbərzadə, Çingiz Əlioğlu, Famil Mehdi, millət vəkili akademik Nizami Cəfərov, millət vəkili professor Jalə Əliyeva,  bu yaxınlarda Haqq dünyasına yürüyən, mərhum millət vəkilimiz professor Qənirə Paşayeva, adını çəkə bilmədiyim onlarla araşdırmaçı-alim tərəfindən yaradıcılığının son dərəcə  geniş şəkildə təhlil və tədqiq olunmasına baxmayaraq Elçin müəllimin əsərləri arasında hələ də öz elmi-nəzəri cəhətdən təhlilini gözləyən nümunələr çoxdur. Biz bunu müəyyən mənada sevindirici məqam kimi qəbul edirik. Ədibin demək istədikləri bir çox hallarda əsərlərin alt qatlarında kodlar və ştrixlər şəklində gizli qalır. Bu isə onu söyləməyə əsas verir ki, sirri açılmamış məqamlar hələ də öz zamanını gözləyir, əsərlərdəki gizlinlər oxucunu daha çox düşünməyə, mütaliə etməyə və axtarışlara vadar edir. Bu mənada, Elçin İsgəndərzadə oxucusunu öz ideyalarının arxasınca aparmağı və axtarışlara yönəltməyi bacaran sənətkarlardandır. Və biz inanırıq ki, Elçin İsgəndərzadə  elm xadimi, şair, publisist, milli düşüncəli aydın, vətəndaş mövqeyi olan bir ziyalı kimi ümumbəşəri müstəvidə, həm də Azərbaycan ədəbiyyatşünaslığında ədəbi-elmi ictimaiyyətin daim diqqət mərkəzində olacaq. 
Xəyalə Zərrabqızı
Filologiya elmləri üzrə fəlsəfə doktoru
Tbilisi, 2 dekabr 2023-cü il

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum