AZƏRBAYCAN DİLÇİLİK ELMİNİN FƏXRİ ALİMİ - QƏZƏNFƏR KAZIMOV

AZƏRBAYCAN DİLÇİLİK ELMİNİN FƏXRİ ALİMİ - QƏZƏNFƏR KAZIMOV
03 Mart 2024 - 19:56
AZƏRBAYCAN DİLÇİLİK ELMİNİN FƏXRİ ALİMİ - QƏZƏNFƏR KAZIMOV

Bu gün görkəmli alim, Əməkdar elm xadimi, Azərbaycan dilçisi, türkoloqu, ədəbiyyatşünası, Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Akademiyasının fəxri üzvü, filologiya elmləri doktoru, professor Qəzənfər Şirin oğlu Kazımovun ad günüdür.

Qəzənfər Kazımov 3 mart 1937-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Cəbrayıl rayonunun alimlər, ziyalılar məkanı olan Soltanlı kəndində anadan olub. Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktoru işləyib. Böyük Vətən müharibəsi başlayanda müharibəyə gedib və 1943-cü ildə cəbhədə həlak olub. Anası Verdiyeva Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər) kolxozda işləyib. Zəhmətkeş qadın olan Xeyransa xanım 12 yanvar 2003-cü ildə vəfat edib.

Qəzənfər Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU-nun) Tarix-filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İki il – 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləyib, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına (doktoranturasına) daxil olub. O, 1967-ci ildə dilçi-akademik Əzəl Dəmirçizadənin rəhbərliyi ilə "Ə.Haqverdiyevin dramaturgiya dili" adlı namizədlik, 1988-ci ildə "Azərbaycan sovet satirik nəsrinin dili. 19201940-cı illər" (komizmin dil vasitə və üsulları problemi) adlı doktorluq dissertasiyası müdafiə edib.



Qəzənfər Kazımov Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU-da) müəllim (19651971), dosent (19721988), professor (19891998) vəzifələrində işləyib. 19891997-ci illərdə Pedaqoji Universitetin Filologiya fakültəsinin dekanı olaraq fəaliyyət göstərib. Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (19901994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (19961999) olub. 1979-cu ildən Təhsil Nazirliyi (indiki Elm və təhsil Nazirliyi) nəzdində filologiya üzrə elmi-metodiki şuranın üzvü olub. 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının İmaməddin Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi olaraq çalışıb, 2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası şöbəsinin müdiri olub. O, neçə-neçə doktorantın, dissertantın müəllimi, rəhbəri, yol göstərənidir.

Görkəmli alim Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınıb.
Qəzənfər müəllim, həmçinin, ədəbi tənqidlə məşğuldur. Respublika Yazıçıları Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür. 300-dən çox elmi və elmi-publisistik məqalənin, ali və orta məktəblər üçün 8 proqram müəllifidir. 40-dan artıq kitabın elmi redaktoru olub, onlarca elmlər doktoru və namizədə opponentlik edib. Bir çox doktorant və dissertantı müdafiə edib, bir neçəsinin işi hazırdır.

Qəzənfər Kazımovun elmi yaradıclığı çoxşaxəli və zəngindir. O, elmi yaradıcılığa 1967-ci ildə başlayıb. O dövrdən indiyə qədər qələmi yerə qoymayıb. O, "Yazıçı və dil" (1975), "Komik-bədii vasitələr" (1983), "Bədii ədəbiyyatda komizm üsulları" (1987), "Qurbani" (1990), "Qurbani və poetikası" (1996), "Sənət düşüncələri" (1997), "Dilimiz-tariximiz" (1998), "Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)" (2003), "Homerin poemaları və Kitabi-Dədə Qorqud" (Bakı, 2006) "Komizm nəzəriyyəsi" (2004, rus dilində), "Dil, Tarix, Poeziya" (iki cilddə - 20052020), "Azərbaycan dilinin qrammatikası" (2017), "Qədim yurd yerim - sultan Soltanlı son 300 ildə" (2012), "Üzeyir Hacıbəylinin dili" (2004), "Azərbaycan dilinin tarixi sintaksisi" (2019) və s. kitabların, 500-ə qədər elmi və elmi-publisistik məqalənin müəllifidir. Bu əsərlər müəllifin uzunmüddətli gərgin elmi araşdırmalarının uğurlu nəticələridir. 60-dan artıq kitabın kitabın müəllifidir.
Görkəmli alimin şəxsiyyəti, yaradıcılığı haqqında bir neçə kitab, 300-dən artıq məqalə yazılmışdır. 80-dən artıq kitabın elmi redaktoru olmuşdur. 20 nəfərdən artıq alim yetirmiş, minlərlə tələbənin müəllimi olmuşdur. 2008-2010-cu illər arasında əsərlərinin 10 cildliyi çap olunmuşdur.

Qəzənfər Kazımov həmişə olduğu kimi, bu gün də elmimizin ön cərgəsindədir.
Dilçilik elmimizin əvəzedilməz tədqiqatçısı, türkoloqu, professoru Qəzənfər Kazımovu doğum  günü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, elmi yaradıcılığında yeni uğurlar arzu edirik.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) elmi işçisi, Filologiya fakültəsinin əvəzetmə müəllimi Aynurə ƏLİYEVA

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum
Günün Başlıkları