HEYDƏR  ƏLİYEVİN  DÖVLƏT  QURUCULUĞU 

HEYDƏR  ƏLİYEVİN  DÖVLƏT  QURUCULUĞU 
16 Kasım 2023 - 09:56
           
HEYDƏR  ƏLİYEVİN  DÖVLƏT  QURUCULUĞU 
Lətafət Beybutova Ələsgər qızı
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri/
[email protected]
    

Ulu  öndər  Heydər  Əliyev  tarix  yaradan  dahi  şəxsiyyətlərdən biridir. Lakin  ulu öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Onun mənalı həyatının  hər günü, hər  anı  zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir. Ümummilli lider   dövlət quruculuğu siyasəti və idarə etmə strategiyası, siyasi xadim kimi  peşəkarlığı təkcə bir ölkənin inkişafı ilə deyil,  bütün dünya xalqlarının faydalana biləcəyi bir siyasi məktəb kimi tanınırdı.  Onun  şəxsi  həyatı, uşaqlıq,  gənclik və ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələri qətiyyətlə dəf edilməsəydi sonrakı zamanların uğurları qazanılmazdı.
Ötən əsrin 40-cı illərində xalqına və dövlətinə bağlı olan  Heydər Əliyev  Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başlamış və  bu orqanın tarixində milli prioritetləri dəqiq müəyyənləşdirmişdir. Sovetlər dövründə milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli idi. Təhlükəsizlik  orqanlarında xidmət etdiyi müddətdə yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti, cəsarəti, qeyri-adi yaddaşı, cazibədar natiqliyi ilə fərqlənən Ulu öndər eyni zamanda əməliyyat tədbirlərinin, kombinasiyalarının işlənib hazırlanmasında, həyata keçirilməsində şəxsən iştirak etmiş, bununla da bütün rəhbər və sıravi əməliyyat heyətinin dərin rəğbətini qazanmışdır.  Xalqına qarşı törədilən haqsızlıqları, sovet reallıqlarının iç üzünü olduğu kimi görən Heydər Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalmasına baxmayaraq  həmin dövrdən bəri  qarşısına  yalnız Azərbaycan  naminə çalışmaq kimi yüksək məqsəd qoymuşdur. Azərbaycanın  xüsusi  xidmət orqanlarında milli maraqların ön plana çəkilməsi, milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc işçilərin xüsusi ali təhsil almaq üçün Moskva, Leninqrad, Minsk və digər şəhərlərə göndərilməsi, ümumiyyətlə, orqanlarda milliləşmə prosesinin aparılması məhz ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev təhlükəsizlik orqanlarında elə bir məktəb yaratmışdır ki, bu məktəbin  əsasını millilik, vətənpərvərlik,  peşəkarlıq,  prinsipiallıq  və  tələbkarlıq  təşkil edirdi.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmır,   adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Halbuki respublikamız ittifaqda zəngin yeraltı və yerüstü sərvətləri ilə seçilib.   Məhz  1969-cu ildə Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan  Kommunist  Partiyası Mərkəzi  Komitəsinin  Birinci  katibi  seçildi  və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Sovet rejiminin  bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi  qazanmış  Heydər  Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin  uzunmüddətli,  dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı.  Xalq  Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı  kimi  böyük  bir  dövlətin  zəngin  iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycan Respublikasını  Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik  qazandığımız  çox  çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın  tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20  mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.  Azərbaycan xalqı öz tarixinin ən şərəfli və ən mürəkkəb dövrünü, keçid dövrünü  yaşayırdı. 1990-cı ilin əvvəlindən başlayaraq Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğallarının artdığı mürəkkəb şəraitdə insanlar  ölkənin belə bir çətin vəziyyətdən çıxış yolunu, milli qurtuluşunu məhz Heydər Əliyevinin  hakimiyyətə  qayıdışında  gördülər. Xalqın iradəsi ilə baş tutan du qayıdış tariximizə  Qurtuluş  Günü kimi düşdü və  bu hadisə həm də Azərbaycanın xilası oldu.
Həyatını xalqına və dövlətinə həsr edən  Heydər Əliyev  xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi. Azərbaycan dövlətçiliyini - siyasi varlığımızı yox olmaq təhlükəsindən  xilas  etdi. Müdrik siyasətçi ölkədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxardı.   Çox qısa müddətdə Azərbaycanı beynəlxalq arenada böyük nüfuza və söz sahibinə  malik  bir  ölkəyə çevirdi. Azərbaycanın Ermənistanla müharibə şəraiti  böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi.  Lakin,   ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu bu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı.  Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu Saziş  ölkəmizin  gələcək  inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl  qiymətini  alırdı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Böyük dövlətlərin yeritdikləri imperiya siyasətinin icraçısı olan ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti yeridilmiş, yüz minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilərək  öz ata-baba yurdundan didərgin salınmış, Azərbaycanın qədim yaşayış məskənləri xarabalığa çevrilmişdir. Sonralar  tarixi dovr 30-cu illərin ağir represiyaları ilə müşayət olunaraq Azərbaycanin ziyalı genofondunun məhvinə nail olunmuş, bunun ardınca 1948-53-cü illər azərbaycanlıların kütləvi deportasiya dalğası, 80-ci illərdən başlayaraq Dağlıq Qarabağ probleminin yenidən süni şəkildə qızışdırılması,  1990-cı il  20  yanvar faciəsi və 1992-ci il Xocalı soyqırımı demək olar ki, bu faciələrin pik nöqtəsi oldu.    
Ulu öndər Heydər Əliyevin  keçmiş hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində verdiyi qərarları və  deyərdim ki, ən vacibi 1918-ci il mart soyqırımının öz siyasi qiymətini tapması oldu. Tarixə nəzər salsaq görərik ki, 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən  ümumilli matəm günü kimi qeyd edilib. Əslində bu,  azərbaycanlılara  qarşı törədilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosseslərinə tarixdə ilk dəfə siyasi  qiymət vermək cəhdi  idi. Lakin,  Azərbaycan  Xalq  Cümhuriyyətinin   süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  Respublikası  bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Məhz  bütün bunları nəzərə alan Heydər Əliyev 1998-ci il martın 26-da “31 martı  Azərbaycanlıların  Soyqırımı  günü kimi qeyd edilməsi haqqında” fərman imzalamışdır.   Fərman  imzalandığı  vaxtdan  hər il 31 Mart respublika səviyyəsində qeyd edilir və soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır.
Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum