
“Azərbaycan Kommunist Partiyasının tarixi” kitabı niyə Moskvada süngü ilə qarşılandı?
1958-ci ildə Azərbaycan və rus dillərində “Azərbaycan Kommunist Partiyasının tarixi” nəşr olundu. Lakin kitab nəşr olunan kimi Moskvada süngü ilə qarşılaşdı və hətta və mübahisələr Sov.İKP MK-ya, onun Rəyasət Heyətinə və hətta birinci katib Nikita Xruşşova qədər gedib çıxdı. Məhz bu kitaba münasibətdə Xruşşov az sonra demişdi: “Tənqidə tutmaq lazımdır. Bizim Moskvadakı tənqidçilə¬rimiz hara baxırlar?... “Kommunist”də (Sov.İKP MK-nın jurnalı) məqalə çap edin və orada onları şil-küt eləyin, külünü göyə sovurun”.
Nikita Xruşşovun bu kitaba münasibətdə belə hövsələdən çıxması nə ilə bağlı idi? Birincisi, Sovet hakimiyyəti qurulandan bəri birinci dəfə idi ki, Azərbaycanda sosialist və bolşevik hərəkatının tarixi belə fundamental formada azərbaycanlıların özləri tərəfindən yazılırdı. Kitabın müxtəlif fəsillərinin hazırlanmasında müəlliflər kollektivinin üzvü kimi İsmayıl Hüseynov, Məmməd İsgəndərov, Zülfəli İbrahimov, Əlövsət Quliyev, Vitali Səmədov, Əkbər Dadaşlı, Tofiq Köçərli, Qəzənfər Mehdiyev, Qaraş Mədətov, Məmmədəmin Qazıyev, Miryusif Mirhadıyev, Həsən Şahgəldiyev, Asim Əbdürrəhmanov və digərləri fəal iştirak etmişdilər. Qeyri-azərbaycanlı alimlərdən Anatoli Karenin, Betya Stelnik, İosif Striqunov, Petros Mosesov və Ermoniya Nalbandiyan müəllif kollektivinə daxil olsalar da, onlar azlıqda qalır və kitabın ideya istiqamətinin müəyyən olunmasına ciddi təsir göstərə bilmirdilər.
İkincisi, kitabda məşhur Stalin təliminin, ÜİK(b)P-nin X qurultayının qətnaməsinin əksinə olaraq Azərbaycanda kapitalizmin inki¬şafı məsələsi bütövlükdə qoyulmuşdu. Stalin, X qurultayda bu məsələ təhlil edilərkən, belə bir nəticəyə gəlmişdi ki, sənaye Bakısını Azərbaycanın kənd rayonları ilə qarışdırmaq yanlışlıqdır. Bakı Azərbaycan deyildir. O, demişdi: “Azərbaycanın özünə gəldikdə isə o, feodal-patriarxal münasibətlərinin hökm sürdüyü ən geridə qalmış ölkədir. Ona görə bütövlükdə Azərbaycana mən ucqarların o qrupu kimi baxıram ki, həmin qrup kapitalizmi keçməyib”.
Üçüncüsü, Azərbaycanda kapitalizmin olub-olma¬mağına münasibət millətin olub-olmamağına münasibət idi və Azərbaycan tarixçiləri Bakını Azərbaycanın içinə “qaytarmaqla”, Azərbaycanın əyalətlərində kapitalizmin olmasını əsaslandırmaqla millətin olmasını ortaya qoymuşdular.
Dördüncüsü, XX əsrin əvvəllərində Azərbaycanda gedən siyasi proseslərin ağırlıq mərkəzi “Hümmət” təşkilatının üzərinə keçirilmişdi və 50-ci illərin ortalarında bəraət almış Nəriman Nərimanov siyasi hadisələrin mərkəzində dayanırdı.
Beşincisi isə, həmin dövrdə bütün respublikaların kommunist partiyalarının tarixi oçerklər formasında buraxıldığı halda, yalnız Bakıda bu “Azərbaycan Kommunist Partiyasının tarixi” adı ilə fundamental monoqrafiya formasında buraxılmışdı.
Moskva¬nı narahat edən ciddi məqamlardan biri o idi ki, kitab nəşr olunmazdan əvvəl Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutuna rəyə göndərilməmişdi. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan KP-nin 1958-ci ildə keçirilən XXII qurultayında kitaba yüksək qiymət veril¬mişdi. Qurultayın qətnaməsində deyilirdi: “Azərbaycan KP MK yanında partiya tarixi institutuna, Sov.İKP MK yanında Marksizm-leninizm institutunun filialına bir vəzifə olaraq tapşırılsın ki, “Azərbaycan Kommunist partiyasının tarixini” yaratmaq işini 1958-ci ildə başa çatdırsın”. Kitabın nəşrindən dərhal sonra Azərbaycan KP MK-nın siyasi-nəzəri jurnalı olan “Azərbaycan kommunisti”ndə Möhbalı Qasımov, Yevgeni Tokarjevski və İsmayıl Qasımovun 12 səhifəlik müsbət rəyi dərc olunmuşdu.
Rəydə kitab fəsil-fəsil geniş təhlil edilmişdi. Orada deyilirdi: “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının çapdan çıxması Azərbaycan partiya təşkilatının və bütün respublikanın ideya həyatında mühüm hadisə və tarix elminə dəyərli hədiyyədir”. Bundan əlavə 1958-ci il iyunun 17-də Mərkəzi Komitənin orqanı olan “Kommunist” qəzetində tarix elmləri namizədləri Xəlil Əlimirzəyev, Əjdər Ənnağıyev və Məmməd Səlimovun “Azərbaycan Kommunist partiyasının tarixinə dair qiymətli kitab” adlı geniş məqaləsi çap edilmişdi. Onlar kitabı çox yüksək qiymətləndirirdilər.
Ona görə də Sov.İKP MK-nın məsul işçilərinin fikrincə, məsələlərin belə qoyuluşu tarixçilərdən daha çox rəhbərliyin, ilk növbədə isə İmam Mustafayevin günahı idi. Onlar belə hesab edirdilər ki, hələ 1956-cı ildə Azərbaycan KP-nin XXI qurultayındakı məruzəsində İmam Mustafayev Azərbaycanın keçmiş tarixini həddindən artıq vəsf etdiyindən bu prosesə rəvac vermiş və onun keçmişi vəsf etməsi tarixi ədəbiyyata da nüfuz etməyə başlamışdı. Hətta Sov.İKP MK Rəyasət Heyətinin üzvü Nuriddin Mühitdinov bu məsələni belə izah edirdi ki, İmam Mustafayev qeyd edilən məruzəsində Bakı komissarlarını sadalayan zaman guya təsadüfən Nəri¬man Nərimanov və ya Məşədi Əzizbəyovu birinci yerə çıxarmış, Stepan Şaumyanı isə ikinci plana keçirmişdi. Yoldaş Mustafayevin belə yanaş¬ması bir sıra yetkin olmayan adamlara xalqın tarixini düşünülmüş formada təhrif etməyə qida vermişdir.
İmam Mustafayev və onun xeyir-duası ilə bir sıra Azərbaycan tarixçiləri bunu niyə edirlər? Nuriddin Mühitdinov ziddiyyətli formada izah edirdi ki, keçmişə nə qədər çox bəzək-düzək verilsə, ha-disələr nə qədər çox təhrif edilsə, xalq ona daha az inanacaq, tarix özü isə elm olmaqdan çıxacaqdır. Sov.İKP MK-nın təbliğat və təşviqat şöbəsi müdirinin müavini Vasili Snastin daha açıq danışaraq bildirmişdi ki, İmam Mustafayevin məlum çıxışından sonra bir sıra Bakı komissarı təbliğat xarakterli məqalələrdə arxa plana keçirildi, portretlərin yeri dəyişməyə başladı. Sov.İKP MK-ya daxil olan çoxlu sayda məktublarda adamlar məsələlərin niyə belə işıqlandırıldığını soruşmağa başladılar.
Kitabı müzakirə etmək, əslində isə Azərbaycan tarixçilərinə öz yerini göstərmək məqsədi ilə Sov.İKP MK-nın tövsiyəsinə uyğun olaraq 1958-ci il noyabrın 18–21-də Bakıda dörd günlük ümumittifaq müşavirəsi keçirildi. Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun direktor müavini, professor Nikolay Şataqin başda olmaqla Moskva, Gürcüstan, Ermənistan, Dağıstan, Qazaxıstan, Türk¬mənistan və Tacikistandan marksizm-leninizm institutları filiallarının rəhbərləri və tanınmış partiya tarixçiləri müşavirəyə dəvət edilmişdilər. Respublika ali məktəblərinin Sov.İKP tarixi kafedralarının əməkdaşları, Azərbaycanın bir sıra tanınmış tarixçi alimləri də müşavirənin iştirakçısı idilər.
Tədbiri giriş sözü ilə Azərbaycan KP MK katibi Abdulla Bayramov açdı. O, XX qurultaydan sonra inqilabi hərəkat tarixinə yeni münasibətin formalaşdığını, bununla bağlı keçmişin bir sıra ictimai-siyasi hadisələrinin yenidən qiymətləndirilməsinə zərurət yarandığını və müzakirə edilən kitabın da bu zərurətdən irəli gəldiyini bildirdi. Bayramov 1958-ci ilin yanvar ayında keçirilmiş Azərbaycan kommunist partiyasının XXII qurultayında MK-nın birinci katibi İmam Mustafayevin hesabat məruzəsində “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabını yüksək qiymətləndirdiyini vurğuladı. O, qeyd etdi ki, 1953-cü ilə kimi Zaqafqaziya¬da partiya tarixi mövzusunda çoxlu əsərlər yazılmışdır, lakin demək olar ki, onların hamısı şəxsiyyətə pərəstiş məzmunu daşımışdır.
Respublika partiya təşkilatının təbliğat və təşviqat şöbəsinin müdiri Şıxəli Qurbanov sona qədər müşavirənin işində iştirak etdi. İlk olaraq kitabın əsas müəlliflərindən və redaktorlarından biri, Marksizm-Leninizm İnstitutu Azərbaycan filialının direktoru Məmməd İsgəndərov geniş məruzə ilə çıxış etdi. Kitabın əsas ideyaları və xüsusilə bir sıra məsələlərin yeni qoyuluşu onun tərəfindən müdafiə edildi.
Kitabda məsələlərin yeni formada qoyulması ilə razılaşmayan əsas iddiaçılar adından Zaqafqaziya Ali Partiya Məktəbinin kafedra müdiri, professor Pyotr Valuyev çıxış etdi. Lakin bu çıxış o qədər geniş idi ki, onu alternativ məruzə də adlandırmaq olardı. Pyotr Nikolayeviç ilk növbədə ondan başladı ki, guya bir sıra köklü məsələlərə münasibətdə müəlliflər və redaktorlar köhnə səhvləri təkrar ediblər. Onun fikrincə, köhnə səhvlərin təkrar olunması isə öz növbəsində bir sıra səhv nəticələrə və mülahizələrə gətirib çıxarmışdır. Məsələnin belə qoyuluşu əslində müzakirə edilən kitabı Bağırov–Beriya dövrü ilə əlaqələndirməyə yönəlmişdi. Digər tərəfdən o, qeyd edirdi ki, Azərbaycanın sosial-iqtisadi inkişaf səviyyəsi qiymətləndirilərkən kitabda ciddi siyasi səhvlərə yol verilmişdir.
Onun fikrincə, kitabla tanış olan oxucu belə nəticə çıxara bilər ki, Azərbaycanda sosial-iqtisadi inkişafın səviyyəsi yüksək kapitalist inkişafı, sənaye kapitalizmi mərhələsini keçən ölkələrin inkişaf səviyyəsi ilə eynidir. Valuyev deyirdi: “Məsələ bundadır ki, bütün Azərbaycanın eyni vaxtda sənaye kapitalizmi inkişafını keçdiyini iddia edən müəlliflər həmin fikri əsaslandırmaq üçün buna müvafiq iqtisadi materialları ortaya qoya bilməyiblər”. Pyotr Valuyev hesab edirdi ki, müəlliflərin məsələyə belə yanaşması təsadüfi xarakter daşımır, o, bunu sadəcə olaraq belə materialların olmamağı ilə izah edirdi.
Kitabın əleyhdarları, xüsusilə, Moskvanın nöqteyi-nəzərini müdafiə edənlər niyə məsələnin belə qoyuluşu ilə qəti şəkildə razılaşmaq istəmirdilər? Sov.İKP MK-nın şöbə müdiri Vasili Snastin məsələyə aydınlıq gətirərək deyirdi: bizə lazımdır açıq şəkildə göstərək ki, Azərbaycan keçmişdə harada idi, indi isə hansı yüksəkliyə, hansı nailiyyətlərə gəlib çıxmışdır. Bəyəm bu bizim üçün xoş deyildir? Məsələnin belə qoyuluşu tarixi həqiqətə uyğundur. Bakının sosial-iqtisadi şəraitini bütün Azərbaycana şamil etmək bizim nəyimizə gərəkdir. Keçmişin vəsf edilməsinə cəhd tarixçilərin əsərlərində geniş yer almışdır. Orta məktəblər üçün hazırlanan Azərbaycan tarixindən belə təəssürat yaranır ki, Azərbaycan tarixi keçmişin həsrəti ruhunda yazılmışdır. Tarixi belə təhrif etmək, onu istədiyin kimi quraşdırmaq olmaz, bu bizim ideoloji işimizə xeyli dərəcədə ziyan gətirir.
Sov.İKP MK-nın bölmə müdiri İ.Kuzin isə qeyd edirdi ki, akademik Əlisöhbət Sumbatzadənin, akademik İsmayıl Hüseynovun, professor Zülfəli İbrahimovun orta məktəblər üçün yazdığı kitabla yaxından tanış olduqda qədim dövrün hadisələrinin təsvirindən gəldiyin ilk nəticə belədir: bu kitab Azərbaycan xalqının mübarizəsindən daha çox padşahların, sərkərdələrin, döyüş meydanlarının, qəhrəmanlıq səhnələrinin tarixidir...
Yorumlar
Kalan Karakter: