Milli davamız – Vətən savaşımız Ali Baş Komandanımızın dəmir yumruğu, məğrur xalqımızın onun ətrafında yumruq kimi birləşməyi, müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Uca məmləkətimizi Zəfərə aparan 44 günlük qutsal yol təkcə Vətənin bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Azərbaycan Ordusunun rəşadətini və misli görünməmiş döyüş taktikasını isbatlamış oldu.
Vətən Savaşı və savaşdan sonra yaşadıqlarımız bütün dünyaya millət olaraq kimliyimizi sübut etməklə bərabər həm də özümüzü özümüzə tanıtdırdı… Bəzən adi görünən bir detalın arxasında o qədər dərin həssasiyyət, o qədər böyük insanlıq dayandığını müşahidə edirsən ki, ruhunun mənəvi qida aldığı o işıqlı məqamları yazmağa, deməyə, təbliğ etməyə bir vətəndaş kimi içində ehtiyac hiss edir adam…
Bu ilin 27 sentyabr səhəri idi. Azərtac-da belə bir xəbər oxudum, Vətən müharibəsi şəhidlərimizin anım günündə Qazax rayon icra başçısı şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramla ağacəkmə ağsiyası keçirmişdir. Belə bir xoşməramlı aksiyanın Zəfər günümüzdə də daha geniş vüsətlə keçirildiyini böyük ruh yüksəkliyi ilə oxudum.
Ulu öndərimiz, ümumilli lider Heydər Əliyev deyirdi ki, "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Bir ağac kəsiləndə elə bilirəm ki, qolumu kəsirlər. Bir ağac əkiləndə isə o ağacın təbiətə verdiyi nəfəslə mən yaşayıram"...
Ulu Öndərin özünün də söylədiyi kimi bu gün əkdiyimiz hər bir ağacın təbiətə verdiyi nəfəslə O yaşayır... Qəhrəman şəhidlərimin əziz xatirəsinə ehtiramla Qazax rayon icra başçısı hörmətli Rəcəb müəllim Babaşovun təşəbbüsü ilə belə bir aksiyanın həyata keçirilməsi məni çox təsirləndirdi...
Rəcəb müəllimin Qazax rayonunda humanist və fədakar fəaliyyətini Vətən müharibəsi ərəfəsindən müşahidə etməkdə idim. Hər bir şəhidimizin dəfn mərasimində ən yüksək səviyyədə iştirakı, şəhid ailələrinin yanında olması isə mənəvi borc kimi təkcə həmin günlərlə yekunlaşmamışdı. Rəcəb müəllim şəhid ailələrinə, müharibə qazilərinə həmişə diqqət və qayğı ilə yanaşmış, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirləri davamlı və müntəzəm şəkildə həyata keçirmişdir. Onun rəhbərliyi altında bu illər ərzində Qazax rayonunda yeni məktəblərin və səhiyyə müəssisələrinin tikintisi həyata keçirilmiş, mövcud obyektlər təmir edilərək xidmət səviyyəsi yüksəldilmişdir. Bu addımlar yerli əhalinin təhsil və səhiyyə xidmətlərinə əlçatanlığını artırmışdır.
Bundan əlavə, Rəcəb Babaşov İcra Hakimiyyətinin başçısı olaraq bütün rayon ərazisində su sistemlərinin yenilənməsi və genişləndirilməsi üzrə layihələr reallaşdırılmışdır ki, bu da sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına mühüm təsir göstərmişdir...
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə olur. Rəcəb müəllim məhz o insanlardandır…
Bu gün ulu öndər Heydər Əliyevin başladığı şərəfli yolu, Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi kursunu uğurla həyata keçirən, ölkəmizin ictimai həyatındakı gördüyü gözəl işlərlə hər kəsin qəlbində uca taxt quran, bölgənin quruculuq işlərində üzərinə götürdüyü missiyanın öhdəsindən layiqincə gələn, cəmiyyətin sosial-mənəvi, siyasi-ictimai həyatında əvəzsiz xidmətləri olan Rəcəb Babaşovun yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi...
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur...
Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Rəcəb müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən vətəndaş ziyalı…
Bu dünyanın ən təmiz, heç çirklənməyən modelidir kənd… Mayəsi kənddən qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur… Rəcəb Müəllim mayəsi, xəmiri məhz bu cür halallıqla zəhmətkeşlikdən yoğrulmuş adamdır...
Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi insanların qəlbinə gedən yoldur. Rəcəb Müəllim öz işığı – ziyası, böyük ürəyi, dərin düşüncəsi, səmimiyyəti, peşəsinə sədaqəti, insanlığı, dürüstlüyü, vicdanı, fədakarlığı, ilə ürəklərə gedən o yolu çoxdan fəth edib...
Görkəmli yazıçımız Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş "Rəmiş" adlı maraqlı bir hekayəsi var: "Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş "Segah" çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var" - deyir.
Nədənsə, Rəcəb Müəllim haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma.Rəcəb Müəllimin özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, "kişiliyim çatmasa da", peşə vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnəkhəyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və dövlətimiz, dövlətçiliyimiz və cəmiyyətimiz üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bunu yazmağın vacib olduğunu düşünürəm...
Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Rəcəb müəllim şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan Sözü kimi bütöv bir insandır.Təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Rəcəb müəllimin, sözün bütün mənalarında, şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə gəncliyimiz üçün dəyərli bir nümunədir.
O, sözün həqiqi mənasında, başçılıq, böyüklük etməyi mükəmməl bacarır. Onun böyüklüyü, atalıq borcu sadəcə öz ailə üzvləri, doğmaları ilə bitmir. Onun himayə etdiyi, Mənəvi Valideyn qayğısı ilə arxa-dayaq olduğu, qol-qanad verib pərvazlandırdığı gənclər saysız-hesabsızdır. İcra başçısı olduğu Qazax rayonunda olduğum qısa müddət ərzində o qədər xoş yaddaqalan hadisələrin şahidi oldum ki... Türkiyədən gələn qonaqlarla birgə Qazax rayonunu ziyarət zamanı qonaqlar hər yanın ürəkaçan səviyyədə olduğunu müzakirə edirdilər. Bizi müşayiət edən maşının sürücüsü söhbətlərimizdən qonaqların Qazağa heyranlığını eşitdikcə səmimiyyətlə söhbətimizə qoşuldu və belə dedi: Bilirsizmi, icra başçısı hər gün rəhbərlik etdiyi heyətlə birgə piyada rayonda görülən işləri və həyat şəraitini müşahidə edə-edə piyada işə gedib-gəlir. Sakinlərin qayğıları ilə maraqlanır, təmizlikdən tutmuş abadlıq işlərinə qədər heç nə diqqətindən yayınmır. Bunu bizə danışan sıravi vətəndaş olduğu üçün bu həssas məqam məni çox qürurlandırdı.
Rəhmətlik nənəm: "Yaxşılıqları itirməyin, yaxşı adamların əməyini qiymətləndirməyi unutmayın", - deyərdi.
Bəşər sivilizasiyanın beşiyi olan qədim Qazax torpağı bu gün həm mədəni, həm də iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf edir. Bu gün Qazax dünyanın dörd bir yanından axışan qonaqları öz qoynunda qonaq edir, müxtəlif beynəlxalq elmi-nəzəri konfranslara, simpoziumlara ev sahibliyi edir.
Yorulmaz əməyiniz, zəhmətinizlə ərsəyə gətirdiyiniz bütün bu gözəlliklər üçün təşəkkürlərimizin ünvanı Sizsiniz, dəyərli Rəcəb Müəllim!
Sizin böyüklüyünüz, yol göstərməyiniz, gərgin əməyiniz, himayədarlığınız, Mənəvi Ata qayğı və diqqətiniz sayəsində bu gün Qazaxda uşağından böyüyünəcən hər kəs rahat və firavan yaşayır. Bu gün Qazaxda cəmiyyətimizdə sıx rast gəlinən xoşagəlməz hadisələr qeydə alınmır. Səbəb nədir bilirsizmi? Səbəb odur ki, insanlar boş deyil, avara deyil ki, boş işlərlə məşğul olmağa vaxt tapsın. Hamı öz bilik və bacarığına uyğun müvafiq iş yerlərində çalışır. O qədər müxtəlif çeşidli iş yerləri açılıb ki, gördüyüm, ünsiyyət qurduğum, tanış olduğum hər kəsin işə tələsdiyinin şahidi oldum. Gənclərin, demək olar ki, bütün insanların rahatlığı, asudə vaxtlarını gözəl dəyərləndirmələri üçün müxtəlif yönümlü intellektual klublar, kitab evləri onların istifadəsindədir.
Ataların gözəl bir sözü var: "Davalı yerdə ot da bitməz", - deyirlər. O yerdə ki, sakitlik var, orda rahatlıq, əmin-amanlıq var, orda ot da bitər, çiçək də açar, gülüstanlıq da olar.
Sizin fədakarlığınız, zəhmətiniz və bir böyük kimi xeyir-duanızla bu gün o tarixi torpaq sözün həqiqi mənasında gülüstana çevrilib, Rəcəb Müəllim! Bu gün orda kimi dindirirsən hamısı Sizə ürəkdolusu təşəkkür, dua və şükranlıqla minnətdardır, Rəcəb Müəllim! Çünki Siz Qazaxda ilk növbədə rahatlığı və sakitliyi, insanların hüzur içində xoş güzəran sürməsini, dinc yaşamasını təmin etmisiniz!
Bu qala bizim qala,
Həmişə bizim qala...
Tikmədim özüm qalam
Tikdim ki, izim qala...
-deyilir bir nəğmədə. Sanki Sizin şəninizə söylənib, Rəcəb Müəllim! Doğma Qazax torpağının, demək olar ki, bütün guşələrində zəhmətiniz, əllərinizin izi var. Yaxşılıqlara körpü salan, xeyirxah əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun. Sizi bu cür xeyirxah böyüdən əziz valideynlərinizin əziz ruhu qarşısında baş əyirəm! Sizin böyüklüyünüz, insanlığınız qarşısında sayğıyla baş əyir, əllərinizdən öpürəm. Sizə möhkəm can sağlığı, yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Allah görür ki, Sizə verdiyi ömür payını – zamanın bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirirsiniz, insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanırsınız.
Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır... Uşaqdan böyüyəcən hər kəsin sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəklərdə çox böyük ucalıqdasınız, Rəcəb Müəllim!
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: "təsəlli" sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, insanlığın çat verdiyi bir zamanın içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Düşünürsən ki, bu torpaq Rəcəb Babaşov ləyaqətdə zəhmətkeş, elə, obaya bağlı, ucaürəkli İnsanı yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...
Yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, dəyərli Rəcəb müəllim! Ürəyimizdən gələn və ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Ulu Tanrı Sizin işığınızı ailənizə, bütün Sizi sevənlərə doyunca versin! Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə uğurlar diləyi, sonsuz sayğı və sevgilərimlə...
Xəyalə Əfəndiyeva
filologiya üzrə fəlsəfə doktoru




FACEBOOK YORUMLAR