Quliyev Elman
Filologiya elmləri doktoru, ADPU Türkoloji mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri, TÜRKSOY kafedrasının üzvü
Sultan Rayevin “Dəlixana” romanı qloballaşan dünyada özünüdərk və dünya nizamına yeni baxış müstəvisində

Çağdaş qırğız ədəbiyyatının görkəmli nümayəndəsi Sultan Rayevin “Dəlixana” romanı problemləri qlobal səviyyədə dəyərləndirmək, yaşamaq fəlsəfəsinin mahiyyətini dərk etmək, dünya nizamının pozulma faktorlarını üzə çıxarmaq, bütün məqamlarda insanın aliliyini göstərə bilmək imkanlarına görə fərqlənən nəsr nümunəsidir. Romanın mifizm və realizm qatı bir tərəfdən mövzu və məzmun rəngarəngliyini, fərqli hadisələrə keçidin mobilliyini təmin edirsə, digər tərəfdən standartlardan çıxaraq ideyanın estetikasını özünəməxsus şəkildə çatdırmağa imkan verir. Romandakı bədii sistem mifik-real düşüncə üzərində qurulsa da, mahiyyət tarixi-real ifadə tərzində mənalandırılır. Ona görə də bəzi istisnaları nəzərə almasaq romanda insan və cəmiyyət kontekstindən kənaraçıxmalar müşahidə olunmur.
“Dəlixana” romanının ənənəvi ədəbiyyat qəliblərindən uzaq olması əsərdəki mətnlərin dərkini xeyli çətinləşdirir. Lakin standart ədəbiyyat qəliblərindən uzaqlaşma nə oxucu marağını azaldır, nə də onu yazıçının yazdıqlarına inandırmağa mane olur. Sultan Rayevin “Dəlixana” romanında bu günlə minilliklərin ictimai-siyasi rabitəsi (həm də təsirləri) səbəb və nəticə qanunauyğunluq məntiqinə çevrilir. Minilliklərin bu günkü tariximizdəki izləri (istər hadisələrin, istərsə də düşüncələrin kökü anlamında) mahiyyət baxımından insanın tam dəyişmədiyini üzə çıxarır.
Romanda ideyanın estetikası dəlixana pasiyentləri olan İmperator, Çingiz xan, Böyük İsgəndər, Kleopatra, Afinalı Tais, Lir və Kozucağın dəlixanadan qaçmaları üzərində qurulur. Dəlixanadan qaçmanın fəlsəfi mahiyyəti cəzadan və özündənqaçma dərinliyində mənalandırılır.
Dəlixanadan qaçan yeddi nəfərin əsas məqsədi müqəddəs torpaqlara gedib tövbə etmək, Allahdan əfv diləmək və günahlarını bağışlatmaq idi. Qılıncı ilə dünyanı fəth edən İmperator, Asiyanı diz çökdürən Çingiz xan, Böyük İsgəndər, keçmiş aktyor Lir, Afinalı Tais, cazibə simvolu Kleopatra və Kozucağ ləqəbli bu şəxslər tam əmin idilər ki, Müqəddəs torpaqlara çatan kimi bütün günahlardan qurtulacaq və həyatdan zövq alaraq yaşayacaqlar.
Bu adlar onlara dəlixananın baş həkimi tərəfindən verilmişdi. Onlar uzun müddət bu adlarla çağırıldıqlarına görə əsl adlarını belə unutmuşdular. Bu adlar düşüncələrimizdə uzaq minillərdə yaşayan insanların obrazlarını yaratsa da (məsələn, Çingiz xanın, Makedoniyalı İsgəndərin, Kleopatranın) əslində, onların timsalında insanlıq tarixinin (həm də ruhunun) davamlı olaraq keçdiyi yol, cəmiyyətin bu günkü reallıq və hadisələri assosiativlik qazanır. Çünki yazıçı məqsədində dünyanın bu günkü fəlakətlərinin səbəbləri və ondan qurtulmaq yollarının axtarışı dayanır. Sultan Rayev ruhun ölməzliyi, əbədiliyi, o cümlədən başqa insanlara keçməsi ilə təkrar həyat yaşamaq fəlsəfəsində keçmişlə bu günün rabitə mövcudluğunu təsdiqləyir, özündən əvvəlki insanların ruhunu daşıyan şəxslərin əməl, baxış və düşüncələrinin mahiyyət oxşarlığını ortaya qoyur. Yazıçının tanınmış rus alimi, kosmik tədqiqatların görkəmli nümayəndəsi Konstantin Sialkovskidən gətirdiyi sitat bu baxımdan xarakterikdir: “İnsan öləndən sonra vücudunun atomları parçalanaraq bütün kainata səpələnir. Sonra da başqa varlığa yerləşib ikinci həyatına başlayır. Ölən şəxs xoşbəxt ömür sürübsə, onun atomları da özündə xoşbəxtlik daşıyaraq yeni varlığı xoşbəxt edir. Atom hissəcikləri bədbəxtlik daşıyırsa, bu zaman hər şey tam əksinə olar”. Müəllifin ruhun ikinci həyat yaşamı fəlsəfəsində “xoşbəxtlik və bədbəxtlik” daşıyıcılıq konsepti təsadüfi səciyyə daşımır. Sialkoviski ilə yanaşı Tolstoyun, Pifaqorun və digərlərinin xatırlanması məqsədli olaraq dünya nizamının pozulmasının qarşısının alınmasına və fəlakətlərdən xilas olunmağa xidmət göstərir, həm də uzaq keçmişdən bu günə keçidi təmin edir.
Əsərdə yeddi nəfərlik dəstənin başında İmperator ləqəbli şəxs durur. Heç zaman Müqəddəs torpaqlarda olmayan İmperator yolu azmamaq üçün günəşin istiqamətini əsas götürür. Roman yalançı dəlilik diaqnozu ilə dəlixanaya atılan, psixi xəstə adı daşıyan və zamanın girovuna çevrilən yeddi nəfərin ağrılı, fəlakətli talelərini ifadə etmək baxımından xarakterikdir. Sultan Rayev yaradıcılıq üslubuna sadiq olaraq “Daşqın” romanında olduğu kimi “Dəlixana” əsərində də hadisələri reallıqla mifikliyin paralelliyində əks etdirməyə üstünlük verir. Bu səbəbdən öz məqsədləri naminə Müqəddəs torpaqlara üz tutan obrazların real həyat tarixçəsi (həm də mübarizəsi) bir neçə minillərdən keçən insanlığın bütöv bir epoxasının tərkibi (həm də təkrarı) kimi təqdim edilir və ideya bu konteksdə müəyyənləşir.
Bəşəriyyəti fəlakətlərdən, pisliklərdən qurtarmaq, qiyamət günündən uzaqlaşdırmaq, insanlığı “dəlixanalardan” xilas etmək romanın əsas qayəsini təşkil edir. Daha dəqiq ifadə etsək bəşəri qurtuluş formulunun təqdimi romandakı əsas məqsədlərdən birinə çevrilir. Bu mənada hadisələr pozulmuş dünyanın eybəcərlikləri fonunda cərəyan etdirilir. Əsərdə dəlixanaya bənzədilən pozulmuş dünyada “pisdən pis yox, həm də şər doğulur” düşüncəsi paralelliyində bəşər övladının xilası yolları axtarılır.
Üzərində “Müqəddəs” yazılmış bir kitabın romanda yer alması bəşəriyyətin xilası yollarının axtarılması işində önəmli rol oynayır. Lakin bu kitab həm də dünyanın müasir reallıqlarını ifadə etmək baxımından da fərqlənir: “Dünyanı tamahkarlıq idarə edir. İnsanlar çox acgözdürlər. İqtidarı, var-dövləti, xidməti, pulu, qadını, həyatı, xoşbəxtliyi, sevgini əldə etmək üçün bir-birilərini didib parçalamağa hazırdırlar. Amma tamahkarlığın onları ölümə sürüklədiyini anlamırlar. Zəmanə çox dəyişib. Ölümün böyüklüyündən xəbərsizdirlər. Özlərini peyğəmbərlərdən də üstün görənlər var. Tanrı insana qisməti deyil, həyatı verdi. İnsan taleyini Tanrı təyin etmir. Amma Tanrı öz surətində yaratdığı insanın belə bir tale yaşayacağını gözləməzdi. Tanrı insana inanc verdi, sevgi verdi, ümid verdi, həyat verdi. Alın yazısının sahibi isə insanın özüdür.” Səslənən fikirlər bilavasitə həm həyat fəlsəfəsi barədə düşüncələrdir, həm də insanlıq və cəmiyyət dəyərlərinin pozulmasına qarşı yazıçı etirazıdır.
Romanda baş verən hadisələr Dəlixana, Ölüm vadisi və Müqəddəs torpaq adlı məkanda cərəyan edir. Əsərin yeddi nəfərdən ibarət aparıcı obrazlarının yeganə məqsədi dəlixanadan qaçmaqdır. Saf bir ruhu daşımaq və onunla ölmək istəyi onları dəlixanadan qaçmağı sövq edir. Müqəddəs torpağa qovuşmaq arzusu onların ruhlarına hakim olan ən ali hissdir. Yeddi nəfərlik dəstənin başçısı İmperator ləqəbli bir şəxsdir. Bir vaxtlar o, həqiqətən, imperator olmuş bir şəxsin ruhunu daşıyır. Lakin o, həyatının dəlixanaya qədərki dövrünü tam xatırlamasa da, dumanlı şəkildə bəzi detalları yadına sala bilir. Xatırlayır ki, tacqoyma mərasimində xalqına dünyanın tən ortasında yerləşən Müqəddəs torpaqlara aparacağına və günahkarları əfv edəcəyinə söz verib. Lakin zaman keçdikcə o, özünü Tanrıya bərabər tutur. Ona elə gəlirdi ki, peyğəmbər qüdrəti əldə edib. Az vaxtdan sonra o, həm Tanrı sözlərini unudur, həm də xalqa verdiyi əhdi. Maraqlı odur ki, İmperator bu vəziyyətdə günahları özündən uzaqlaşdıraraq cəmiyyəti ittiham etməkdən çəkinmir: “ Tanrını tanımayan xainlər! Kafirlər! Bu, xainlikdir! Siz Tanrını inkar etdiniz! Məni bağışlanmaz günaha batırdınız. Yaradana deyil, Yaradanın yaratdıqlarına müqəddəs deyə tapındınız. İmperatorun fikirlərində yer alan sonuncu frazadakı – Yaradana deyil, yaradanın yaratdıqlarına müqəddəs deyə tapındınız-sözlərində təkcə cəmiyyət ittiham olunmur, ümidin, inamın yoxluğu üzə çıxır, dünyanın və insanlığın nizamının pozulduğu əksini tapır. Lakin bütün bunlara baxmayaraq İmperatorun ruhunda xoşbəxt gələcəyə olan inamı itmir. Yazıçı onun yaşadığı mühiti dörd tərəfdən möhkəm divarlarla əhatə olunmuş qapısız qaranlıq otağa bənzədir. İmperator, həqiqətən, qaranlıq mühitdən çıxmaq ümidlərini cildi qızıl hərflərlə yazılmış Müqəddəs kitaba bağlayır. Müqəddəs kitab haqqında Övliyadan eşitdiyi sözlər İmperatorda bir rahatlıq yaradır. Lakin İmperator kitaba qoyulan qadağalar səbəbindən kitabı oxuya bilmir. Dəlixanada bütün kitablar yandırılarkən Müqəddəs kitab da yanır. Yalnız onun cildi və “Tanrının gələcəyi gün” sözləri yazılmır bir səhifəsi yanmamış qalır. Bir səhifəlik vərəq İmperatorla yanaşı digər 6 nəfərin həm yaşamaq ümidlərini, həm də ruhların azad olduğu Müqəddəs torpaqlara çatmaq inamlarını xeyli artırır. Müqəddəs torpaqlara çatmaq ümidi ilə yol gedən 7 nəfərin məqsədləri eyni olsa da, dünyagörüş, xarakter, hadisələrə münasibət baxımından fərqli idilər. Məsələn, cənnət ümidi ilə yaşayan bu insanların hələ çoxu bilmir ki, cənnət qapıları onların üzünə yalnız əsl insan olacağı təqdirdə açılacaq. Hələ onların bir çoxu cəhənnəmin cəza yeri olduğunu da dərk edə bilmir. Əsərdə emosionallığı ilə seçilən Lir “özüm özümün Tanrısıyam” deyir. O, cəhənnəmi də, onu yaradanı da cəfəngiyyat hesab edir. Lakin Lirin bu mövqeyi axıra qədər davam etmir. Bir zamanlar cəhənnəmdən də, onu yaradanın cəzasından qorxmayan Lir az müddət keçəndən sonra bunların hər ikisindən də qorxduğunu etiraf edir.
Lir keşmişdə aktyor olmuşdu. O, nə həyatda, nə də səhnədə mükəmməl ola bilməmişdi. Teatra vaxtlı-vaxtında getmədiyi üçün normal rol da oynaya bilməmişdi. Yeganə diqqəti çəkən rolu Kral Lir olmuşdu. Qoca Lirin həyat fəlsəfəsi insanlıq normalarından çox uzaq idi. Buna görə “Müqəddəs kitabı” oxuyan zaman öz xarakterinə uyğun səhifəni cırıb atır. O, teatrdan qovulandan sonra küçə süpürür, qaravolçuluq edir, morqda işləyir, ev heyvanlarına baxır. Lakin heç bir sahədə özünü təsdiqləyə bilmir. Evinə gətirdiyi əxlaqsız qızın vaxtilə teatrda ondan hamilə qalan aktrisanin övladı olduğunu biləndə fələkdən dünyanın alt-üst olmasını istəyir. Yazıçı onun timsalında insan kimi dünyaya gəlib heyvan kimi yaşayanların həyat faciəsini və ruhi-mənəvi əzablarını göstərə bilir. Nəticə ondan ibarətdir ki, hər kəs yaşadığı ömrü insan kimi yaşamalı, dünyanın və insanlığın nizamını pozmamalıdır. Əsərdə yeri gəldikcə dünya irfani və fəlsəfi fikrinin dahilərindən olan Ruminin, Hötenin və başqalarının xatırlanması da bu məqsədə xidmət göstərir. Qeyd etdiyimiz kimi əsərdə Böyük İsgəndər, Çingiz xan, Kleopatra, Mussolini, Hitler, Freyd, Ezop, Pikasso, Çarlı Çaplin və s. adı ilə tanınan şəxslərin heç biri tarixi şəxsiyyətlərin özləri deyil. Bu adlar onlara dəlixanada ləqəb kimi verilmişdir. Yazıçı bu metoddan məqsədli şəkildə istifadə edərək həmin şəxslərin tarixi missiyaları daxilində müasir dünyamızın həlli vacib problemlərini gündəmə gətirir. Bu mənada qloballaşan dünyanın mənəvi problemlərinin, həyat nədir sualı ətrafında düşüncələrin Çingiz xan obrazı daxilində çatdırılması diqqəti daha çox cəlb edir.
Sultan Rayev Çingiz xanın Şamanla qarşılaşdığı səhnədə insanlığın üzləşdiyi mənəvi-psixoloji gərginlikləri diqqətə çatdırır. Əslində bu səhnədə müxtəlif zamanlarda baş vermiş fəlakətlərin xatırlanması yox, həqiqətə gedən yolun dərk edilməsi, müəyyənləşdirilməsi və əbədi yola çağırış elementləri vacib məqama çevrilir. Yazıçının “Həyatın mənası nədir?” - sualına, həyatın mənası insanın insan kimi qalmasıdır – cavabını dünya nizamının qurulması yolunda axtarışlarının ən uğurlu nəticəsi hesab etmək olar.
Ona görə də qloballaşan dünyada, süni intellekt mövcudluğunda romandakı ölüm, həyat, sədaqət və s. düşüncələr vaxtı keçmiş baxışlar sistemi kimi oxucu üçün əhəmiyyətsizləşmir, əksinə “gözü ölümdən, qılıncı qandan doymayan” dünyanın fəlakətlərdən qurtuluşu yolunda vacib atributlardan birinə çevrilir. Bu səbəbdən oxucu axtardığımız gerçəkliklərin özümüzdə gizlənməsinə orta əsrlərin irfani və xəyali düşüncəsi kimi baxmır. Bu gün müasir dünya insanı yaxşı anlayır ki, özümüz özümüzü başa düşmədən həqiqətə gedib çıxa bilmərik və s.
Bu əsərdə insan həm fəlsəfi, həm də real ampulada yer alır. Maraqlıdır ki, insan günahlarını Tanrı önündə edir və Tanrı önündə etdiyi günahların əfvini də Tanrıdan istəyir. Bu səbəbdən romandakı obrazların heç biri birtərəfli və yaxud məhdud görünmür. Həmin obrazlar əsərdə müsbəti və mənfisi ilə hərtərəfli yer alır. Bu hal istər xarakterlərin, istərsə də baş vermiş hadisələrin geniş şəkildə təqdimini təmin edir. Ona görə də romanda digər obrazlarla yanaşı, Kleopatra, Kozucağ, Böyük İsgəndər surətlərinə münasibətdə də yazıçı müdaxiləsinin genişliyi açıq-aydın hiss olunur. Məsələn, oxucu romanda yer alan Böyük İsgəndəri tarixi şəxsiyyət olan Makedoniyalı İsgəndərin min illər boyu amalını, dünyagirliyini, amansızlığını və s. ruhunda gəzdirən insanların ümumiləşdirilmiş obrazı kımı görür.
Müəllif yeri gəldikcə Makedoniyalı İsgəndərlə bağlı tarixi hadisələrdən də bəhs açır. Makedoniyalı İsgəndər Dara qarşıdurması, Parfiya uğrunda müharibə, Babilistan hadisələri və s. səhnələr buna misal ola bilər. Bu hadisələr tarixin keçdiyi yola şahidlik edir və yazıçı məqsədinə uyğun olaraq İsgəndərin xarakterinin vacib tərəflərini oxucuya çatdırır. Ona görə də romanda yer alan tarixi hadisələr və XXI əsrin Böyük İsgəndər obrazı yeni tarixin eybəcərliklərinin, içində İsgəndər ruhu gəzdirən insanların simvolu və tarixin ironiyası kimi daha təsirli görünür.
Sultan Rayev tarixin ironiyasının hədəfində özünü Tanrıya bərabər tutan və bütün insanlara şəxsi maraqları səviyyəsindən baxan, insanlara biçarə həyat yaşadan, uşaqları yetim, anaları gözü yaşlı qoyan, insanları yurd-yuvalarından didərgin salan qaniçən tamahkarları saxlayır. Müəllif haqlı olaraq demək istəyir ki, bu cür düşüncə və yanaşmaların kökü kəsilməyincə dünya nizamı yaranmayacaq, insanlıq daim məşəqqətlərlə üzləşəcək. Min illərin eybəcərlikləri bu günkü insanın ruhuna hakimdirsə dünya çətinliklərlə həmişə üz-üzə qalacaqdır.
Əsərdə dəlixanadan qaçan 7 nəfərin Müqəddəs torpaq axtarışları da şərti anlamdadır. Müqəddəs torpaqlara çatıb orada xoşbəxt yaşamaq naminə min bir əziyyətdən keçən bu insanlar özləri də bu məkanın harada olduğunu bilmir. Onun özəlliyinin nədən ibarət olduğu barədə heç bir məlumatları yoxdur.
Sultan Rayev insanların Müqəddəs torpaqlar axtarışlarını müqəddəsliyin və həqiqətin simvolikası kimi qəlibləşdirir. Əsərin sonunda yeddi nəfərlik dəstə üzvündən sağ qalmış iki nəfərin- Kozucağ və Kleopatranın susuz, ilan mələyən səhrada rastlaşdıqları müdrik qocadan eşitdikləri sözləri təəccüblə qarşılasalar da, həqiqət olduğunu anlayırlar: “Axtardığınız yer ayaqlarınızın altındadır. Bəşər övladının addım atdığı hər yer müqəddəs torpaqdır”.
Müəllifə görə ruhun paklığı Tanrının sevgisindən yaradılmış insan imanıdır. Bəşər övladına ruh Tanrı tərəfindən verilir. Kim onun müqəddəsliyini qoruyub saxlayırsa o, üzərində gəzdiyi torpağın müqəddəsliyini anlaya bilər.
Göründüyü kimi, əsərin sonunda yazıçı hikməti cəmiyyət və insanlığın təməl prinsipləri daxilində dəyər qazanır, bu səviyyədə təsdiqini tapır. Bu hikmət qloballaşan dünyada təkcə insanın özünüdərki deyil, eyni zamanda müasir mərhələdə dünya nizamına yeni bir fəlsəfi baxış və bəşəriyyətin xilasına çağırışdır..jpg)




FACEBOOK YORUMLAR