Dr. Heyale ZERRABKIZI

Dr. Heyale ZERRABKIZI

[email protected]

Tanrı Dağın Bənzəri Adam...

08 Nisan 2023 - 20:01 - Güncelleme: 08 Nisan 2023 - 20:23

Tanrı Dağın bənzəri Adam...


Aqil Camal

Mən Kəlbəcəri görməmişəm. Amma Aqil Camala hər baxanda elə bilmişəm ki, Kəlbəcəri görürəm...
Aqil Camal məndən ötrü yeriyən Murov dağıdı... Başından nə tufanlar keçsə də, bir qarış da əyilməyən, bircə daşı da yerindən tərpənməyən, Kəlbəcərin üzü Haqqa sarı dayanan ən əzəmətli Dağıdı Aqil Camal...
Dağ əzəməti, dağ vüqarı, dağ əyilməzliyi  ilə həmişə Haqqın yanında, içindəki ədalət tərəzisini əyilməyə qoymayan görmüşəm Aqil Camalı...
Kəlbəcər işğaldan azad olunduğu gün Həmid Herisçi ilə İlhamiyyə Rzayeva Aqil Bəyi verilişinə qonaq dəvət etmişdi. Həmin verilişdə Aqil bəy İlhamiyyə xanıma bir əl işini təqdim etdi. Heç unutmaram şəkildə gördüyüm o səhnəni: Aqil bəy 17 yaşında tərk etmək məcburiyyətində qaldığı Ata yurdunun rəsmini çəkmişdi...
İlhamiyyə xanım veriliş boyunca şəklə baxdıqca: Siz 27 ildi, bu şəkli yanınızda daşımısınız... – deyirdi... Necə təsirli mənzərədir...
Məncə, daha təsirli olan odur ki, Aqil Bəy 27 ildi təkcə o şəkildə görünən evi yox, çaylı, bulaqlı, meşəli, ormanlı, dağlı, dərəli, bütün Kəlbəcəri küçə-küçə, ev-ev ürəyində daşıyıb. Təkcə Kəlbəcəri yox, külli-Qarabağı, Təbrizi, Zəncanı, həm də Güney Azərbaycanı köksünə sığdırıb Aqil Bəy.
Aqil Bəyin “Türküstan” böyüklükdə ürəyi var. Və o Türküstanın mənəvi başkənti Kəlbəcərdir. Aqil Bəyi dərindən tanıdıqca həmişə mənə elə gəlib ki, Yer kürəsində Kəlbəcərlə Aqil Camal bağlılığı kimsəylə müqayisəyə gəlməz. Mən Aqil Bəyin bu yaşına qədər “məsumiyyət muzeyi” kimi qoruduğu, körpə gözü təkin o dumduru ürəyindəki bu izahsız Vətən sevgisini, yurd bağlılığını körpə bir yavrunun Anaya olan məhəbbətinə  bənzədirəm... Aqil Bəyin ürəyində Murovdan Tanrı dağa bir Yol uzanır və Aqil Camal o Haqq yolunun ən halal yolçusudur...
         Seyid Qütbinin bir sözünü həmişə xatırlayıram. Yazır ki: “Bizim yolumuz tikanlıdır, ayağını sevənlər bizimlə gəlməsin.”
Aqil Bəy getdiyi o cəfalı Yolun tikanına, çökəyinə, kələ-kötürünə, çala-çuxuruna baxmadan yorulmadan, yenilmədən, ləyaqətlə, şərəflə o Haqq yolunu yürüməkdədir...
Böyük Məhəmməd Əmin Rəsulzadənin Cumhuriyyət işığını,  İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” amalını, Əli bəy Hüseynzadənin “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” yandıran türkçü düşüncəsini, Əbülfəz Elçibəyin Bütöv Azərbaycan məfkurəsini günümüzə daşıyan və hər daim gündəm olmasını qoruyub sağlayan milli məfkurəli, türk qanlı, islam imanlı, Turan sevdalı böyük Əqidə Adamıdır Aqil Camal...
Onun baş redaktoru olduğu qəzetin – ilk övladı kimi əzizlədiyi, qoruduğu “Türküstan”ın hər sayında Böyük Məhəmməd Əmin nəfəsi, hər səhifəsində türkçülük hərarəti, Turan sevdası duyulmaqdadır.
Bakı küləklərinin hansı səmtə əsməyindən asılı olmayaraq Aqil Camal Dağlar oğlu olduğunu, dağ əyilməzliyini, onurlu və məğrur duruşunu, yenilməzliyi, küləyin istiqamətinə yön dəyişməzliyi, peşə vicdanına, yoluna, qələminə sədaqətini öz dəsti-xətti ilə çoxdan ortaya qoyub – həm də ən gözəl hüsn - xətlə...
Bu dünyada dürüstlüyün, təmiz sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Aqil Camalın yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Əziz Adam!...
         Böyük Mirzə Ələkbər Sabir yazırdı ki: Həqiqi Valideynin ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. Aqil Bəyin Azərbaycan mühitində qazandığı bütün statuslardan daha ucada dayanan bir adı var: Bütün addımlarıyla ailəsinə baş ucalığı gətirən ləyaqətli övlad olması... Mən Aqil bəyi dünyaya gətirən, bu cür mükəmməl tərbiyədə və düşüncədə yetişdirən Anamızın əllərindən öpürəm, Var olsun! – deyirəm. Aqil bəyə həyata atdığı ilk addımlarından dili, sözü, əməli bir olmağı öyrədən, Aqil bəyi bu cür mətin, dürüst, təmiz əxlaqda, böyüyə hörmətli, uşağa məhəbbətli, dosta sədaqətli yetişdirən Tapdıq Atamın qarşısında sayğıyla baş əyirəm!
Yer kürəsində Kəlbəcərə Aqil Camal bağlılığında adam tanımadığım kimi, 47 yaşında körpə uşaq mehri-məhəbbəti ilə valideynə bağlı olan, Ata-Ana qarşısında ilahi bir səcdədə dayanan Aqil Camalın ürəyindəki bu ilahi valideyn sevgisini də kimsəylə müqayisə etməyə sözümün gücü yetmir.
Bir dəfə “Türküstan”a redaksiyaya gedəndə, Aqil bəyin ailəsi üçün bir tort bişirib pay aparmaq ürəyimdən keçmişdi. Növbəti görüşümüzdə dedi ki, “Əllərinə sağlıq! İşdən çıxanda birinci Atamgilə getdim. Bir yerdə tortla çay içdik, sonra öz evimə getdim, uşaqlar da çox bəyəndi.” Gözlərim dolmuşdu. Onun qəlbindəki bu ucalıq, bir tikəsini mütləq ilk olaraq valideynləri ilə bölməyi məni kövrəltmişdi. Bir insanın nə qədər böyük ürəyi olmalıdır, Ata-anaya necə bağlı olmalıdır ki, içində həmişə valideyninə bir sevinc payı ərməğan etmək ehtiyacı duysun. Onun Ata-Anasının Tanrıdan aldığı ən böyük mükafat məhz Aqil kimi bir Oğulun olmasıdır.  Bütün qəlbimlə, əminliklə deyə bilərəm ki, dünyada nümunə üçün bircə insan belə göstərmək mümkün deyil ki, kimsə Aqil Camaldan bir iynənin ulduzu, zərrəsi qədərində incik düşsün. Bu, mümkün deyil.
İnsan necə övlad olursa, o cür də ailə başçısı olur, o cür Ata olur, o cür də şəxsiyyət olur. Ailəsini uca tutan və qorumağı bacaran insan mənim dünyamda dəyərli olduğu qədər həm də bütövlükdə dəyərdir... Aqil Bəy kimi İnsanlar sözün həqiqi mənasında, cəmiyyətimiz üçün bir dəyərdir...Ailə ən incə cizgiləriylə göz oxşayan sənətkarlıq abidəsidir... Və O Abidənin memarı  çiyinlərini bu böyük məsuliyyətin altına söykəyən Kişidir, Ərdir, Atadır...  Ata olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı. Ata olmağı bacarmaq bütün qəlbiylə, ruhuyla özünü fəda edə bilməkdi. Ata olmağı bacarmaq sözün həqiqi mənasında, böyük şəxsiyyət ola bilməkdi... Aqil Bəy ocağında ağlı, tərbiyəsi, zəkası, bilgisi ilə bütün balalarımıza örnək olan iki mələk böyüdür: Ayan və Asena... Həzrəti Peyğəmbərimizin buyurduğu kimi, bu dünyada axirətini qazanmış, Cənnətlik Adamdır Aqil Bəy! Çünki Xanımı başda olmaqda iki qız övladının – üç gözəl Türk xatunun nazını çəkir Aqil Bəy! Tanrı ailə sevgisini, hüzurunu, ocağının istisini hər daim var eyləsin!Amin!
***
İnsanın daşıdığı ad çox zaman onun xarakterini müəyyənləşdirir... Aqil Bəylə hər söhbətimizdə buna ürəkdən inanıram. Tövsiyələrini dinlədikcə müdrikliyinə heyran olduğum bu Adamın içində heç böyüməyən, dəyişməyən tərtəmiz çocuq ruhuna hər söhbətdə vurulur adam. Bu dünyadakı insanların, hadisələrin necə olmasından asılı olmayaraq Aqil Bəy daxilən azadlığını hər şeydən uca tutub, mütəvaziliyini qoruyub saxlayıb. O, təpədən dırnağa Sadəliyin Böyüklüyünü öz şəxsində ehtiva edən Adamdı... Daxili dünyası 7 yaşlı körpə kimi dumduru, düşüncələri isə 70 yaşlı müdrik kimidir... Onun yanında olanda Bakının ta mərkəzində Tanrıdağın ətəklərindəymiş kimi özgürlük duyursan! Sözündən, söhbətindən hikmət tapırsan, böyüyə sayğı, uşağa məhəbbət öyrənirsən...
Bütün bağlılıqların – dostluqların, doğmalıqların özəyində, təməlində güvənmək, inanmaq ehtiyacı dayanır. Aqil Bəy özü böyüklükdə güvən duyğusu sağlayan Adamdı... O varlığı, saf enerjisi  ilə insana elə bir güvən bəxş edir ki, onunla nəinki Kəlbəcərə, Tanrı dağlarına qədər çiyin-çiyinə piyada yürümək olar...
***
Bir gün doğmalardan biri Kəlbəcərin “İstisu”yundan Aqil Bəyə su gətirirdi. Gündüz Kəlbəcərdən çıxan maşın Bakıya gecəyarı çatmışdı. Aqil Bəy Atası ilə birlikdə o suyu götürməyə getməsini heç unuda bilmirəm... Əminəm ki, həmin gün İstisuyu içəcəyini gözlədiyindən Aqilin dodağına bir qətrə də su dəyməmişdi...
Dəfələrlə hər hansısa beynəlxalq qurumun dəstəyi ilə Ata yurduna gedə bilmək fürsəti əlinə düşsə də, getməmişdi, imtina eləmişdi. Atasını Bakıda qoyub Kəlbəcərə getməyə ürəyi gəlməmişdi...
Kəlbəcərə ilk səfərində Atası ilə bərabər çörək zavoduna da getmişdilər. Vətəndə yavan çörək yemək nə şirin olurmuş, İlahi. O görüntüləri izlədikcə düşündüm ki, bəlkə də, Aqil 27 ildə belə iştahla çörək yeməyibmiş...
Kəlbəcərə işıq çəkilən gecə Aqil sevincindən qanad açmışdı... O işıq Aqilin 3 il Kəlbəcərdə keçirdiyi işıqsız günlərini unutdurmuş, köçkünlükdən bu yana zülmətə bürünən bütün ömrünü nurlandırmışdı. Gur yanan ocağına, işığına şükür! İşığın daim var olsun, özü İşıq olan Adam!...
27 ildi darıxan Adam... 27 ildir, Murova yağan qar Aqil Camal ruhunda kədərə çevrilirdi, ürəyinin içinə yağırdı, iliklərinə qədər üşüdürdü onu... Adam nə qədər dözümlü olmalıydı ki, buza dönməsin. Amma ürəyinin istisi əridirdi o qarı... bütün soyuğu öz canına çəkirdi Aqil Camal, qıymırdı dostlara, doğmalara, heç kimə...
Müharibə onun gəncliyini əlindən almışdı... O gəncliyinin ən gözəl illərini yaşaya bilməmişdi  və o nisgili dilinə gətirəndə ürəyi köz kimi olurdu... Qışın oğlan çağında külə dönür, yayın qora bişirən vaxtı iliklərinə qədər üşüyürdü Aqil Camal... 27 ildir, ondan ötrü fəsillərdə mahiyyətini itirmidi, baharı unutmuşdu... payız da sadəcə təqvimdən yarpaq kimi qopurdu...Amma O, bütün qəlbiylə inanırdı və inandırırdı ki, bir gün Günəş doğacaq, ömrnə Bahar gələcək, bir gün biz həqiqətən ürəkdən güləcəyik... “Biz qayıdacağıq” deyən dünya görmüş̧ bir müdrikin gözlərində ümid kimi işıqlanırdı bu arzular...
Kimliyində doğum tarixi 6 aprel 1976-cı il yazılmıdı...
Amma Allah onun yaşadığı  ömür kimi tərtəmiz alnına bir də Azadlığın bətnindən doğulacağı  günü yazmışdı... Qələminə qurban olum, ilahi...
25 noyabr 2020-ci il Aqil Camalın  Azadlığın bətnindən doğulduğu gündür...
Adam Azadlığın bağrından qopub dünyaya gələndə daha böyük olur, daha da bütövləşir, tam olur, tamamlanır...
27 ildir, Aqil Camal yarımçıq idi... yarım qalmışdı, illəri təqvimdən qopara-qopara ümidlə bütövləşəcəyi gün  gözləyirdi...
Məncə, bundan sonra Aqil  Camalın  təqvimində 25 noyabrdır Doğum günü...
Azadlığın mübarək, Aqil Bəy! Ürəyinin aynası olan saf gözlərinə qonan təbəssümün mübarək! Səni ürəkdən güldürən Səbəblərin mübarək! Ömrünə doğan Günəşin mübarək!
Adamın nə böyüklükdə ürəyi olmalıdır ki, gedə yurdunun daşını tapmaya, quruca torpağını öpüb şükür eliyə... Kəlbəcərdə onu görə elə bildim, bir qartaldır, qanad açıb... Adam Vətəninə qovuşanda sevincdən quşa dönürmüş, Qanadların mübarək, Aqil Bəy! Adam yaşamadığı gəncliyinə qovuşanda 17 yaşında dəliqanlı olurmuş!...Gənc Ömrüyün baharı mübarək, Aqil Bəy! Ata yurduna müqəddəs qayıdışın mübarək!
Azadlışın mübarək, Doğma Adam! Əziz Adam! Murov ucalıqda Adam! Ürəyi Türküstan boyda Adam! Tanrı dağa oxşayan Adam... Tanrı dağın bənzəri Adam...
 

Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum