Dr. Heyale ZERRABKIZI

Dr. Heyale ZERRABKIZI

[email protected]

Min İlin Doğması...

16 Nisan 2023 - 21:29

Min İlin Doğması...

“Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək” - deyərək “Peyğəmbər” əsərində qadını “bəşəriyyətin xilaskarı” adlandırırdı Hüseyn Cavid.
Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən Uca Qadın olasan...
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur - insanlıq, fədakarlıq, saflıq, səmimilik və ləyaqət nümunəsi...  Leyla xanım Murad qızı Musayeva məhz o insanlardandır...
Adamı dar gündə sınaqdan keçirər, çətin gündə tanıyarlar... Mən həyatımın ən çətin dönəmlərində onun təsəlli dolu səsi, sakitləşdirici intonasiyası, ürəyə məlhəm olan sözləri ilə həyata tutunmuşam. Əminəm ki, mənim kimi yüzlərlə insan eyni sözü deyə bilər. Çətinə düşən bir insan görəndə əlindən gələni böyük ürəklə, məhrəm bir doğmalıq hissi ilə həyata keçirməsi, bu qədər gənc yaşında bir müdrik insan düşüncəsi və qəlbi, üzərinə götürdüyü hər bir işin öhdəsindən layiqincə gəlməsi Leyla xanımın fədakar xarakterindən, ləyaqətli İnsanlığından xəbər verir.
Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” - deyir.
Nədənsə, Leyla xanım haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Leyla xanımın özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”,  vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və hamının xoş günü üçün, doğması, yadı, yaxını, uzağı, evinin içi, qonşusu, qohumu fərq etməz, hamıya yaxşılıq etmək üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bu yazımı yazmağın vacib olduğunu düşünürəm...
“TRT Belgesel”də hər bazar ertəsi “Su savaşları” verilişinə baxıram, Hakan Girginer və Çağrı Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl - ələ verib Hakan və Çağrı bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, şükür edə - edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir... Və hətta bəzən sevincdən hönkürürəm də...
Qəribədir... heç özüm də bilmədən nədənsə hər dəfə “Su savaşları”nın son kadrlarını izləyəndə Leyla xanım gəlib gözlərimin önündə dayanır. Beynimdə həmişə belə assosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələr kimi Leyla xanım da mənim bu dünyadakı ən böyük tapıntımdı...
Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqi yoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Leyla xanım kimi insanı tapmaq körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur.
Tanrı bizi bir il öncə qarşılaşdırıb və O, yüksək daxili aləmi, sədaqəti, insanlığı, sevgisi, vicdanı, qayğısı, nəvazişi, sığalı, fədakarlığı, böyük ürəyi ilə mənim dünyamda Min İlin Doğmasına çevrilib...
Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Leyla xanım Musayeva şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur...
Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Leyla xanım məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, nur simalı, İşıq qadın...
***
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Leyla xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir, insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.
Böyük Mirzə Ələkbər Sabir yazırdı ki: Həqiqi Ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. Leyla xanımın Azərbaycan mühitində qazandığı bütün statuslardan daha ucada dayanan bir adı var: Bütün addımlarıyla ailəsinə baş ucalığı gətirən ləyaqətli övlad olması... Mən Leyla xanımı dünyaya gətirən, bu cür mükəmməl tərbiyədə, bu qəlbdə, bu əxlaqda, bu düşüncədə yetişdirən Zilxumar Anamızın əllərindən öpürəm, Var olsun! – deyirəm. Çox cavan yaşında Haqq dünyasına qovuşan Murad Atamızın müqəddəs ruhu qarşısında baş əyirəm, Əziz Atamıza uca Tanrıdan qəni-qəni rəhmət diləyirəm!
Ata-anaya ürəkdən yanan, Ləyaqətli övlad olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi...
Ləyaqətli övlad olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı...
Mən Sizin bu müqəddəsliyiniz – Ataya, Anaya, Bibiyə, qohuma, əzizə olan örnək sevginiz, nurlu üzünüz və böyük ürəyiniz qarşısında baş əyirəm, Leyla xanım!
Ləyaqətli, cəfakeş övlad olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü ailəsi yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır... Hər kəsin sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə çox böyük ucalıqdasınız, Leyla xanım!
İnsan necə övlad olursa, o cür də o cür də şəxsiyyət olur. Ailəsini uca tutan və qorumağı bacaran insan mənim dünyamda dəyərli olduğu qədər həm də bütövlükdə dəyərdir... Leyla kimi İnsanlar sözün həqiqi mənasında, cəmiyyətimiz üçün bir dəyərdir...
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...
- sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərlim Leyla xanım! Hamımızın evimizdə xeyirxah əllərinizin izi var. Yaxşılıqlara körpü salan əllərinizdən öpürəm.
Yaxşı ki varsınız, Leyla xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı...
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, heysiyyətini, peşə vicdanını beş paraya dəyişənlərin meydan suladığı bir dünyanın tən ortasında Sizin kimi öz təmiz dünyasını, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın...) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq Leyla xanım Murad qızı Musayeva ləyaqətdə qutsal və uca İnsan yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır... Daim haqq söyləyən diliniz, yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, dəyərli Leyla xanım! Ünvanınıza söylənən bütün xoş sözlər Ana südü kimi halal haqqınızdır.

Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum