Dr. Heyale ZERRABKIZI

Dr. Heyale ZERRABKIZI

[email protected]

Elçin İsgəndərzadə Məktəbi...

18 Nisan 2023 - 18:34

Elçin İsgəndərzadə Məktəbi...

Bu günlərdə mətbuatda Aqil Abbasın “Direktor” başlıqlı olduqca ciddi bir yazısını oxudum. İllər öncə “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyən Aqil Abbas nə dərəcədə milli yanğı ilə vətəndaş yazıçı mövqeyini ortaya qoymuşdusa, eyni həssaslıqla ədibin bu yazısında da vətəndaş ziyalı, pedaqoq mövqeyini müşahidə etdim: “Yaponlar bizim kimi aş bişirə bilməsə də, elmi-texniki inkişafda dünyanın yiyəsidirlər. Onları dünyanın yiyəsi eləyən məktəblərdi, müəllimlərdi”.
Aqil Abbasın bu dəyərli qənaəti Hüseyn Cavidin 100 il bundan əvvəl yazdığı “Naxçıvana nə lazımdır?” məqaləsini yaddaşımda sətir – sətir canlandırdı.
Bəli, tərəqqinin – yüksəlişin cığırı sözün bütün mənalarında məktəbdən keçir. Məktəb müəllimindən tutmuş kitabınacan ona aid olan bütün nəsnələriylə müqəddəs bir ocaqdır.
Elm Məktəbini bizim mənəvi dünyamızda məbədə çevirən isə o məktəbi bina edən İnsanların bizlər üçün necə uca, qutsal, müqəddəs məqamda dayanmasıdır.
Professor Elçin İsgəndərzadə məhz belə bir İnsandır. Çalışdığı mühiti Elm Ocağına – Müqəddəs Məbədə çevirən, peşəsinə yaradıcılıq kimi ülvi bir qüdsiyyətlə  yanaşan Elm xadimi...
Elm və mədəniyyət aləmində misilsiz xidmətləri olan, poeziyamızdakı fəlsəfi dərinlik ənənələrini nəinki hər bir şeirində, hətta hər bir misrasında qoruyan, əsilzadə düşüncəsi, vətəndaş ziyalı mövqeyi ilə seçilən Elçin müəllimin böyük elmi xidmətlərindən dolayı Azərbaycan elmi mühitində, fizik alimlərin arasında belə bir ifadə dillər əzbəridir: Professor Elçin İsgəndərzadə məktəbi...
Məncə, Elçin İsgəndərzadə fizika sahəsində altına imzasını qoyduğu böyük elmi nailiyyətlər hesabına məktəb yaratdığı kimi, bir elm xadimi kimi, ədib kimi, şair kimi, sənətkar kimi, şəxsiyyət kimi özü bütövlükdə bir məktəbdir! 
Krımda keçirilən bir beynəlxalq elmi konfransa dəvət olunmuşdum. Bağçasarayı ziyarət edərkən Bağçasaray yaxınlığında bir mədrəsə gördüm, adına “Zəncirlənmiş məbəd” deyirlər, məbədə girəndə mütləq başını əyməlisən, yoxsa qapının yuxarısından asılmış zəncir adamın alnının ortasından zərblə dəyə bilər. Bələdçisi deyirdi ki, bura əvvəllər mədrəsə olub, gənclər təlim almaq üçün bu müqəddəs məkana gəlirlərmiş. Elm ocağına isə girəndə ona hörmət – ehtiram əlaməti olaraq mütləq başını əymək, təzim eləmək lazımdır. Məbədin girəcəyində asılmış zəncirlər məhz simvolik olaraq buna işarədir.
Səmimi bir etirafda bulunum ki, mən həmişə Elçin müəllimin iş otağına yaxınlaşanda ilahi bir doğmalıqla başımı əyib təzim edirəm… Bu, həm də o cansız divarları belə bizim qəlbimizdə Məbəd yapan İnsanın qəlbimizdə yandırdığı İşığından xəbər verir. O sadəcə bizim ruhani dünyamızın memarı olan Bilgə bir Hocamız deyil, Professor Elçin İsgəndərzadə Tanrının Azərbaycan Elminə, Ədəbiyyatına, Mədəniyyətinə dəyərli bir ərməğanıdır, ilahi Nurdan pay almış Seçilmiş İnsandır…
***
Dahini zaman yetirmir, dahi öz zamanı ilə izah oluna bilməz deyirdi, - Otto Veyninger… Əgər Arximed öz məşhur qanununu tapmasaydı, mütləq onu lap bir neçə əsr sonra da olsa, kimsə kəşf edəcəkdi. Və ya Nikola Teslanın kəşfləri... yaxud Çedvik 1919-cu ildə neytronu kəşf etməsəydi, mütləq bir neçə il sonra həmin elementar hissəcik başqa bir fizik tərəfindən tapılacaqdı. Lakin “İliada”nı Homer yazmasaydı, başqa heç kim yaza bilməzdi. “Otello”ya Şekpirdən başqa heç kim o əzəməti verə bilməzdi. “Nibelunqlar” və “Koroğlu” dastanını... Eləcə də Aristotelin “Ritorika”sını, Mirzə Cəlilin “Anamın kitabı”nı, Üzeyir bəyin “Arşın mal alan”ını, Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyanlar”ını yalnız öz müəllifləri yarada bilərdi. Ya bir düşünün... Bu cür əsərlər olmasaydı, dünya mədəniyyəti son dərəcə yoxsul və maraqsız olardı.. Deməli, dahilik ifadəsi, dahi anlayışı təkcə fizik, kimyaçı, bioloq, fizioloqa aid deyil, bütün Sənət -ədəbiyyat, fəlsəfə, musiqi, rəngkarlıq sahəsində şedevr yaradanlara da aid olmalıdı.
Elçin müəllim öz varlığında, şəxsində, düşüncəsində elmi, sənəti və ədəbiyyatı birləşdirmə iqtidarında olan nadir dühalardandı...
***
O, sadəcə Söz adamı, Qələm adamı, Elm adamı deyil. Professor da desək, şair kimi dəyərləndirsək, yenə nəsə çatışmayacaq...
Elçin İsgəndərzadə miqyaslı insana ədəbiyyatın, elmin, mədəniyyətin hadisəsi kimi baxmamalıyıq. Ruhu ilmə-ilmə sözlə toxunan, ürəyi sözlə döyünən, mayəsi saflıqdan, halallıqdan yoğrulan insan belə dar təsnifatlara sığmaz. Elçin İsgəndərzadə şəxsiyyəti Dünya Ruhunun bəşəriyyət üçün nizamladığı Mənəviyyat tarixinin bir hadisəsi – işıqlı bir səhifəsidir. Elçin İsgəndərzadə Elmin və əlahəzrət Sözün Halal Övladıdır...
Seyran Səxavətin ustad sənətkarımıza həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var”- deyir.
Nədənsə, Elçin müəllim haqqında yazmaq istəyəndə bu fikirlər gəldi ağlıma. Elçin İsgəndərzadə haqqında, onun özünə, sözünə, şəxsiyyətinə, qələminə, yazdıqlarına layiq bir şəkildə danışmağa, yazmağa özümdə azca da olsa, təpər tapıram və yaradıcılığı ilə yanaşı bəzən onu yazanın insanlığı haqqında da yazmağın vacibliyini düşünürəm.
Yaradıcılığın mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. Bu mənada, Elçin İsgəndərzadə şəxsiyyəti ilə yaradıcılığı – bir-birini tamamlayan, sözü kimi bütöv insandır.
Hegel deyir ki, dünyanı dərk etməyin üç yolu var: dini, fəlsəfi və poetik. Bu iki dərketmə yolu özünün ən yüksək nöqtəsində poetik həddə çatır. Fəlsəfə poeziyadan aşağıdır, o mənada ki, fəlsəfə dediyi şeyi əsaslandırmalıdır. Poetik sözü əsaslandırmaq çox çətindir. Poeziya sözün ən ələ gəlməyən formasıdır, hər şeyin fövqündədir.
Sənət, ədəbiyyat, poeziya zəngin bir dünyadır. Elçin İsgəndərzadənin yazdıqlarını oxuduqca onların hər birinin nə qədər böyük diqqət və məhəbbətlə yaradıldığını duyursan. Bu şeirləri oxuduqca anlayırsan ki, onları sakitcə masa arxasında oturub yazmaq olmaz. Elçin müəllim hətta təsvir etdiyi Xarıbülbülün ömründə yaşaya bilən həssas ruhlu qələm adamıdır:
Sənin göyərçinlərin yaralı
Mənim Xarıbülbülümün bağrı qan...
Yenə bizim dağların başı duman...
Hər yerdə bir-birinə bənzəyir dağlar,
Hər yerdə dağların başı duman...
Elçin müəllimin şeirlərində dünya obrazlı şəkildə qavranılır, misralardan oxucunun ruhuna sirayət edən işıq müəllifin müsbət daxili enerjisindən və orijinal bədii təfəkküründən xəbər verir. Bu şeirlərin orijinallığı həm də ondadır ki, şair haqqında çox yazılmış hadisə və situasiyalarda yeni keyfiyyətlər axtarıb tapır, sanki çox yaxşı tanıdığımız predmetləri bizə tamamilə fərqli rakursdan, yeni bir işıqda, həm də olduqca uğurlu təqdim edir:
Son övladın – son şəhidin,
Nə sızlayıb, nə də ki, din
Haçan övlad dərdi çəkdin,-
Bənövşən baş qaldıracaq
Övladın olmağa Vətən!
Bu misralardakı müşahidələrin dərinliyi, obrazların konkretliyi, təşbehlərin aydınlığı və təbiiliyi, şeir dilinin rəvanlığı, incə lirizm və digər keyfiyyətlər bu poetik nümunələrin oxucu qəlbinə yol tapmasına zəmin hazırlayır.
Mövlanə, Yunus Əmrə biçarətək
Həqiqət mənimçün hava, su, çörək,
Dünya həqiqətlə fırlanır ürək
Mənim bəxt ulduzum doğacaq bir gün...
Elçin İsgəndərzadə poeziyasında, demək olar ki, bütün şeirlərində həyatın poetik dərki və ifadəsi var. O, şeirləri ilə eyni taleyi yaşaya bilən şairdir.
Şairin poeziyasında oxucunu özünə bağlayan ümdə bir xüsusiyyət var. O, insana, insan ruhuna, mənəviyyatına kəpənək çiçək ləçəyinə qonduğu kimi qonur, sözə son dərəcə həssaslıqla yanaşır. Şairin fəlsəfəsinin mayəsi içimizdəki İnsandır. O insan ki, çox zaman biz onun qədrini bilmirik. Hürufilər deyirdi ki, insan Həqdən qopmuş nur parçasıdır. Bu mənada, Elçin İsgəndərzadə poeziyası elə onun özü kimi Haqdan qopmuş nur parçasının poetik ifadəsidir.
Ümidin gözü üstümüzdədi –
Sevda yolçularıyıq bu dünyada
Sevdamız başa vurdumu
Ölüm belə düşməz yada.
Bir pritçada oxumuşdum ki, şükürlə irəliləyən ordunun qarşısında kimsə dayana bilməz. Bu ordu Ölümə şükr etdiyi, Əzrayıla gülməyi bacardığı üçün yenilməzdir. Oxuduqca Elçin müəllimin hər sətrində Allahın hər kəramətinə şükranlıq gördüm, onu bir daha ürəkdən alqışladım. Onun sahib olduğu ən nəcib insani keyfiyyətləri kimi şükür etməyi bacarmaq kimi ilahi bir keyfiyyətə sahib olması  məni müəllifin daxili dünyasına və şeirlərinə yenidən bağladı:
Ölümün də gözü üstümüzdədi –
Nələr keçər könlümüzdən
Anlamaz, duymaz,
İçər göz yaşımızı,
İçər doymaz.
Amma şükür
Bizi özgə ölümlə ölməyə qoymaz.
Tanrının gözü üstümüzdədi –
Alnımızı naxışlayır.
Könlümüzü ovsunlayır
Günahları bağışlayır.
Şairin içində istisinə isindiyi, tüstüsünə kor olduğu bir ocaq var... İzahsız bir nisgil – Ata həsrəti için-için sızladır ruhunu... Bu elə ağrıdır ki, nə bölüşəndə azalır, nə yazmaqla səngiyir. Qaysaq tanımır belə yara... O itkini yaşadığın gündə donub qalır təqvimin tarixi... Saatın əqrəbləri də düşüncələri kimi dolaşıq düşür. Belə ağrıların üstündən nə zaman ötür, nə təqvim dəyişir...
Atasını itirmiş uşaq kimi
Bu itkinin böyüklüyünü anlamadan
Atamı gözləyirəm sanki
         gəlib əlimdən tutub
         məni o biri səkiyə keçirəcək
         Mənsə təzə gəlmişəm atamın qəbri üstündən
         Başdaşı şəkli gülümsəyirdi üzümə
         Mən də gülümsədim atamın şəklinə.
         Gülümsədim ki, gəlsin bu qədərdən
         Məni qoparsın
         O biri səkiyə keçirsin,
         Bu qarmaqaşırıq yoldan.
         Atasını gözləyən uşaq kimi
         əllərim uçur atamın əlinə sarı...
         Amma atam gəlmir
         Və heç zaman da gəlməyəcək.
         Məni o səkiyə keçirtməyəcək.
... Bu şeirin taleyini yaşayıram, o misraların içində gizlənirəm hərdən... Atasını gözləyən uşaq kimi əllərim uçur... Bu insan dənizinin içində tənhalaşıram. Onda hiss edirəm ki, “bu şəhərin əyninə dar gəlir darıxmağım...”
Bir Ustad tövsiyəsinə, bir ana əllərinin sığalına, bir ata qayğısına, bir Ustad məsləhətinə dərindən-dərinə ehtiyac duyuram. Bütün ümidlərimin solğunlaşdığı, bu böyüklükdə insan dənizinin içində ruhumun tənhalaşdığı bir vaxtda ərklə, ilahi doğmalıqla üz tutduğum bir ünvanım var –   Elçin İsgəndərzadənin iş otağı... Nə hikmətdisə, dağ kimi üstümə gələn bütün sıxıntılar Onunla bölüşəndən sonra qum təpəciyi kimi ovuq-ovuq olur. Məsləhətləriylə, adamın ruhuna məlhəm olan, hüzur dolu səsi, sakitləşdirici intonasiyası ilə sözün həqiqi mənasında, təskinlik olur, təmkin öyrədir adama Elçin müəllim...
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Elçin müəllim Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir, insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.
Əsl İnsan olmağı bacarmaq ən böyük şair, ən böyük müəllim, ən böyük şəxsiyyət ola bilməkdi...
***
Bir oxucu kimi insan Onun əsərlərini oxuyanda belə ruhən müəlliflə doğmalaşır. Əgər bədii əsəri oxuyan adam həm müəlliflə, həm də bu əsəri oxuyan başqa adamlarla eyni hisləri keçirib ruhən bir-birinə qaynayıb qarışırsa, deməli, bu əsl sənət əsəridir. Belə əsəri oxuyan adama elə gəlir ki, burda yazılanların hamısı onun çoxdan demək istədikləridir. Əsl sənət əsəri həm oxucuyla müəllifin, həm də oxucuyla başqa oxucuların arasından bütün sədləri götürür. Əsl sənət əsərinin gücü məhz burda - insanı tənhalığından xilas edib başqalarına doğmalaşdırmağındadır .
Elçin müəllimin həyatımızdakı rolu, böyük türk şairi Nazim Hikmətin təbirincə desək, havanın kurşun kimi ağır olduğu vaxtlarda həmişə haqqın və ədalətin yanında dayanması Onun mərd xarakterini tamamlayan, indiki vaxtda nadir rast gəlinən insan mənzərəsidir. O, həyatı ilə əsərləri, düşüncəsi ilə əməlləri arasında düz mütənasiblik olan sənətkarlardandır. Elçin İsgəndərzadə insanların hürr yaşamaq haqqını yalnız kitablarında, əsərlərində deyil, gerçək həyatda da daim müdafiə etmişdir. Onun əsərləri yüksək intellektual səviyyəsi, ictimai haqsızlıq və ədalətsizliklərə qarşı barışmaz ruhu, mübarizliyi ilə seçilir.
Zamanını, vaxtını, sözünü dəyərləndirməyi bacaran Elçin İsgəndərzadə yaşadığı ömrü çox şərəflə dəyərləndirir. O, tutduğu yoldan, əqidəsindən, məsləyindən böyük Sabir kimi bir an belə dönmədən “düzü düz, əyrini əyri” göstərmək yolunu tutub. Dəyərlərin və insani münasibətlərin çat verdiyi bir toplumun arasında öz təmiz adının ucalığını qorumaq nə qədər çətin olsa da, Elçin İsgəndərzadə bunu bacarıb, həm də kişi kimi bacarıb... O, elə ziyalılarımızdandır ki, yazdıqları ilə bizi aşınmağa, ruhumuzu çirklənməyə, mənəviyyatımızı karroziyaya uğramağa qoymur.
Söz adamının, sözün missiyası insanın daxili aləmini müsbətə doğru dəyişdirmək, onu daha kamil, üstün mərtəbəyə qaldırmaqdır. Elçin İsgəndərzadə də sələflərinin başladığı bu işin öhdəsindən sözün həqiqi mənasında şərəflə gəlməkdədir.
Yorulmaz əməyi, düşüncələri ilə çalışdığı Elm Məbədinin, qələmi, əsərləriylə Sözün ucalığı qoruyan, bütün ruhuyla, varlığıyla şüurlu həyatını elmə, ədəbiyyata xidmətə həsr edən Halal Sözün Halal övladına - Mənəvi Atamıza – professor Elçin İsgəndərzadəyə möhkəm can sağlığı, yaradıcılıq uğurları diləyi, nəhayətsiz sevgilər və sayğılarla!

Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum