Doç. Dr. Basira AZİZ ALİYEVA

Doç. Dr. Basira AZİZ ALİYEVA

[email protected]

Türkcənin 743 yaşlı ali vəsiqəsi

17 Nisan 2021 - 16:06 - Güncelleme: 17 Nisan 2021 - 19:23

Qaramanoğulları Bəyliyinin qurucusu və hökmdarı Qaramanoğlu Məhəmməd Bəy 13 may 1277-ci ildə verdiyi tarixi fərmanı ilə milli varlığımızın ən önəmli ünsürü olan türkcəni ilk dəfə olaraq dövlət dili elan etdi: "Şimden gerü hiç kimesne kapuda ve divanda ve mecalis ve seyranda Türki dilinden gayrı dil söylemeyeler" - "Bundan sonra heç kimsə dərgahda, divanda, məclisdə və meydanda Türk dilindən başqa dildə danışmasın".

Bu fərmanla yeni həyat qazanan türk dili dövlət dilində üstünlük təşkil edən ərəb və fars dili qarşısında daha da möhkəmləndi.

743 illik keçmişə malik bu fərmanın türk dilinin dövlətçilik tarixi və ədəbiyyatda istifadəsində əvəzsiz xidmətləri oldu, dilimizin inkişafı və gələcək nəsillərə ötürülməsində böyük rol oynadı. Müasir Türkiyədə Türk Dili Bayramı kimi qeyd olunan tarixi gün, əslində, bütün türk dünyası üçün dil bayramına çevrilməyə haqq qazanıb. Çünki bu fərmanın ortaya çıxmasının tarixi şəraiti və zəruriyyəti ümumtürk tarixi və mədəniyyətinin ortaq inkişafının nəticəsi idi. Qaramanoğlu Məhəmməd Bəyin bu fərmanının izləri bütün türk dünyasında dərin izlər qoyduğu kimi, milli şüurun formalaşmasına da əsaslı şəkildə təsir göstərdi.

Türk dilinin dövlət yazışmaları kimi işlənməsinin ilk örnəkləri VIII əsrin əvvəllərinə aid olan Göytürk kitabələridir. Bu abidələr türk dilində türk əlifbası ilə ilk yazılı nümunələr olduğu kimi, dövlət anlayışı ilə bağlı olduğu üçün ilk dövlət dili örnəkləri kimi də dərk olunur. Göytürklərin dövlət dili kimi türk dilini istifadə etmələri günümüzdəki türk dövlətlərinə ilham qaynağı olacaq qədər dəyərlidir:

"Türk Oğuz Bəyləri, eşidin! Üstdə göy çökmədikcə, altda yer dənizi deşmədikcə, elini - mərasimi kim poza bilər.


Millətin adı yox olmasın deyə, Türk milləti üçün gecə yatmadım, gündüz oturmadım. Az milləti çox, ac milləti tox etdim... Yoxsul milləti zəngin, dustaq milləti bəy etdim..."


XI əsrdə "Kitabi-Dədə Qorqud" dastanları yazıya alınmış, Mahmud Kaşğarlının "Divanü Lüğət-it-Türk", Yusif Balasaqunlunun "Qutadqu-bilik" kimi ortaq türk kültürünün möhtəşəm əsərləri meydana çıxmışdı. XIII əsr şairimiz, divanı Azərbaycan və Rumda məşhur İzzəddin Həsənoğlunun türk dilindəki qəzəlləri günümüz üçün də çox aydın dildə ifadə olunmuş türk dilinin işləkliyinin çərçivəsini genişləndirib:


Necəsən gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim.
And içirəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçər çağım bənim.


Hər nə qədər daha çox fars dilində yazsa da, böyük türk mütəsəvif şairi Mövlana Cəlaləddin Rumi də türk kimliyini öz rübaisində ifadə edərək farsdilli poeziyada da türklüyünü qoruyurdu:


Yabançı bilməyin, mən də bu eldənəm.
Sizin diyarınızda öz ocağımı
aramaqdayam.
Düşmən kimi görünürəmsə də,
düşmən deyiləm.
Hindcə söyləyirəm, amma əslim Türkdür.


Dövrün türk dilində yazan möhtəşəm şairi Yunus Əmrə idi. Türk dilinin qədim və zəngin ənənələrə dayanan bədii yaradıcılıq dili bütün əzəməti və aydınlığı ilə Yunus Əmrənin şeirlərində əks olunurdu. Anadoluda türk yazılı dilindəki şeirin banisi olan şair dərin fəlsəfi ideyaları, təsəvvüf düşüncələrini doğma türkcəsində səsləndirərək türk dilinin imkanlarını da ortaya qoyurdu.


Anadolu coğrafiyası XI əsrdə, 26 avqust 1071-ci il tarixində baş verən Malazgird döyüşündən sonra türk dəyərlərinin daha çox inkişaf etdiyi bir məkana çevrildi. XIII yüzilliyin ortalarında Böyük Səlcuq İmperiyası artıq zəifləmiş, Anadoluda çox sayda bəyliklər meydana gəlmişdi. Anadoli Səlcuq dövləti süquta doğru getdiyi üçün monqol hücumları və daxili hakimiyyət davaları qarşısında gücsüz idi. Məmlük sultanı Baybars və monqolların qarşı-qarşıya gəldiyi bu mühitdə Qaramanoğlu Məhəmməd Bəy bir üsyançı kimi dəyərləndirilirdi. Professor Kamal Arının söylədiyi kimi: "Anadolunu özünə yurd etmək mübarizəsi içindəki Türk bu dəfə öz içindən özünü saran kültür imperializminə qarşı daxili impulsları ilə ayağa qalxdı və var gücü ilə hayqırdı: - Artıq, yetər. Türk öz vilayətində öz adətini belə yaşaya bilməyən duruma gəlmişdir. Onu uçurumun kənarına düşmən qılıncı deyil, bu düşüncəsizliyi gətirmişdi. Dil olmadan adət, adət olmadan dil olurdumu? Onun bu fərmanı ilə Anadolunu saran zülmət qaranlıq bir anda işıqlanmağa başlamış, addım-addım yurd səthini sarmışdır..."


Bir çox yaxın Şərq ölkələri və türk coğrafiyasında olduğu kimi, Səlcuq dövlətində də elm dili ərəb, ədəbiyyat dili isə fars dili idi. Qaramanoğlu Məhəmməd Bəy hərbi və dövlət siyasətini də milli birlik və dil mədəniyyətinin inkişafına doğru istiqamətləndirmişdir.


1264-cü ildən etibarən Anadolunun türkmən bəyləri Qaramanoğlu Məhəmməd Bəyin ətrafında birləşmiş və o, tədricən Göksu, Gülək vadilərini, Aralıq dənizinin cənub və şimal sahillərindən Samsuna qədər olan böyük bir ərazini öz hakimiyyəti altında birləşdirməyə nail olmuşdu. Niğdə, Ağsaray, Kayseri, Sivas, Ankara, Konya, Ağşəhər, Afyon və Kütahya kimi ərazilər Qaramanoğlu Məhəmməd Bəyin nəzarəti altına keçmişdi. Eyni zamanda, Səlcuqlu dövlətinin ucqarlardakı ərazilərində nəzarəti ələ ala bilmişdilər. Qaramanoğlu Məhəmməd Bəy monqol istilası ilə əlaqədar olaraq böyük bir qarışıqlığın hökm sürdüyü Anadoluda Candar, Saruhan, Əşrəfoğlu və Hatıroğlu kimi bir çox türkmən bəyliyini ayağa qaldırmışdı. 21 yaşında bəyliyin başına keçən Qaramanoğlu Məhəmməd Bəy 1261-1277-ci illərdə - 16 il hakimiyyətdə oldu.


Qaramanoğlu Məhəmməd Bəy hərbi zəfərləri ilə yanaşı, mədəni, elmi inkişafa, milli dəyərlərin qorunması və gələcəyə ötürülməsinə cəhd göstərirdi. Ətrafında elm və sənət adamlarını toplayan Qaramanoğlu Məhəmməd Bəy dil birliyinə çox mühüm önəm verirdi. Təsadüfi deyil ki, elm insanlarına hər zaman dəstək göstərən və mədəni inkişafa önəm verən Qaramanoğlu Məhəmməd Bəyin adını əbədiləşdirmək üçün Qaramanda qurulan universitet və bir sıra təhsil mərkəzləri onun adını daşıyır.


13 Mayıs Türk Dil Bayramımız Kutlu Olsun


Bu fərman sonrakı əsrlərdə də türk dövlətlərinin dil siyasətinə mühüm şəkildə təsir göstərib. Ərəb səyyahı İbn Bətutə 1332-1333-cü illərdə Anadoluya səyahət etmişdi. O, məşhur "Rehlətü-İbn Bətutə" - "İbn Bətutə səyahətnaməsi" adlı əsərində bir sıra dəyərli məlumatlarla yanaşı, türk dilinin bu ərazidə dövlət səviyyəsində işlədilməsinə aid örnəklər təqdim edir: "Birki sultanı Aydınoğlu Məhəmməd bir gün ikindi namazından sonra olduğumuz məkana gəldi. Müdərris əfəndi mərkəzi yerdə, hökmdar onun sağında, mən də müdərrisin sol tərəfində otururdum. Bu oturuş şəkli türklərin fiqh alimlərinə hörmətinin ən açıq ifadəsidir.


Uca Peyğəmbərin hədislərindən bir seçim hazırlamağımı istədi. Dərhal hazırladım. Müdərris yazılarımı hökmdara təqdim etdi.


Hökmdar ayağa qalxdı və müdərrisə bu əsərin türkcə izahını yazmağı əmr edərək bayıra çıxdı".


Qeyd olunan oturuş tərzi ilkin dövrlərdən türklərin adət və ənənələrində də görülməkdədir. "Kitabi-Dədə Qorqud" dastanlarında oturuş rituallarına tez-tez təsadüf olunmaqdadır: "Sağdakı oturan bəylər, sol qolda oturan sol bəylər, eşikdəki inaqlar, dibdə oturan xas bəylər, qutlu olsun dövlətimiz".


Anadolu mərkəzli türk imperiyalarının ən önəmlisi olan Osmanlı İmperiyasında tədricən milli dildən istifadə ənənələri formalaşmışdır. Məsələn, Osmanlı İmperiyası aydınlarının danışdığı Osmanlı türkcəsindəki ərəb və fars kəlmələrinin ağırlığına baxmayaraq, Fateh Sultan Məhməd Hindistanda türk dövləti olan Babur Türk İmperatorluğuna və Türküstan mərkəzli türk xaqanlarına göndərdiyi fərmanları cığatay türkcəsində yazdırmışdı.


XV əsrdən Osmanlı İmperiyasında dövlət yazışmalarında ərəb və fars dilləri üstünlük təşkil edirdisə, XVI yüzilliyin əvvəllərində Şah İsmayıl Xətainin qurduğu Səfəvilər dövlətində türk dili rəsmi dövlət sənədlərində istifadə olunurdu. N.M.Xudiyev "Azərbaycan ədəbi dilinin tarixi" (1995) kitabında yazır ki, Şah İsmayılın 23 iyun 1512-ci il tarixinə aid fərmanı Azərbaycan dilində verilmiş ilk dövlət fərmanıdır, "Fərman Musa Turqut oğlu adlı şəxsə yazılmışdır. Musa Turqut oğlunun Qaramanlı bəylərindən olması ehtimal edilir. Məktubda Əhməd ağa Qaramanlının Şah İsmayıl tərəfdən oraya hakim təyin edildiyindən bəhs edilir. Fərman bəhs edilən dövrdə Şah İsmayılın Şərqi Anadoluda böyük nüfuza sahib olmasını sübut edir".


Şah İsmayıl Xətai milli dili əcdadlarımızdan gələn üç mühüm mirasdan biri kimi dəyərləndirir və gələcək nəsillərə də onları qorumağı vəsiyyət edirdi: Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: Ana dilimizi, Vicdanımızı, Vətənimizi!


Şah İsmayıl Xətai milli dilə dövlət səviyyəsində verdiyi dəyərlə yanaşı, öz əsərlərinin də çox hissəsini türk dilində yazmışdır.


Avropada XVI əsrin ortalarında güclənən "milli dil şüuru" türklər arasında, xüsusilə, XX əsrin əvvəllərində özünü göstərməkdə idi. Osmanlı İmperatorluğunun çöküşü əsnasında yaşadığı "Milli Mücadilə" Türk şüuru türk dünyasının ziyalılarının, yazıçılarının və ictimai xadimlərinin diqqət mərkəzinə çevrilmişdi. Ziya Gökalpın "Türkçülüyün əsasları" adlı əsərində əsas çərçivəsini göstərdiyi "Dildəki Türkçülük" ideyası Atatürk tərəfindən "Yurdunu imperialistlərin hücumundan qorumağı bilən Türk milləti öz dilini də digər dillərin təzyiq və hücumlarından qorumağı bacaracaq" şəklində ifadə etmişdi. Yenə bu dövrdə "diləkləri öz dilində diləmək, istədiklərini öz dilində istəmək, ağzından çıxan sözlərin nə mənada sözlər olduğunun özünü də bilmək bizcə daha məqbul görünüyor" söyləyən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və "bir millətə ən əvvəl lazım olan üç şeydir: Əfkari-milliyə, lisanı-milli, maarifi-milliyə" deyən İsmayıl Qaspıralının sözləri çox əhəmiyyətli idi.


Yeni qurulan türk dövlətləri də milli dil siyasətinə önəm verirdi. Türk dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 27 iyun tarixli "Azərbaycanda türk dilinin dövlət dili elan olunması haqqında qərar"ından göründüyü kimi, modern dönəmdə türk dilini rəsmi dil olaraq qəbul edən ilk dövlət Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur.


Milli düşüncə bütün mərhələlərdə yenilənir, lakin onun təməlində ilk qaynaqların izləri hər zaman qorunub saxlanılır, müqəddəs tutulur. Milli irsin ötürülməsi kökə bağlılıq, ardıcıllıq, yeni dəyərlərin qazanılması yolu ilə baş verir. Qaramanoğlu Məhəmməd Bəy türklərin ana dilini qorumaq üçün türk dilini ilk dəfə rəsmi dövlət dili kimi elan edərək mədəniyyət və dövlətçilik tariximizdə önəmli bir nailiyyətə imza atmış oldu. Bir millət olaraq birlikdə yaşamağın ilk şərti kimi dil birliyinin qorunmasının vacibliyinə inanan və bunun uğrunda mübarizə aparan Qaramanoğlu Məhəmməd Bəy düşüncəsi günümüz üçün də aktualdır.

Bəsirə ƏZİZƏLİ
Filologiya elmləri doktoru

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum