Doç. Dr. Basira AZİZ ALİYEVA

Doç. Dr. Basira AZİZ ALİYEVA

[email protected]

QLOBALLAŞMA ƏTRAFINDAKI SUALLAR

08 Ocak 2016 - 23:10

Dos.Dr. Bəsirə Əzizəliyeva

 

QLOBALLAŞMA ƏTRAFINDAKI SUALLAR

 

Müasir dövrdə cəmiyyətimizi narahat edən məsələlərdən biri də dünyanı əhatəsinə alan qloballaşma prosesi ilə bağlıdır. Qloballaşma humanitar düşüncədə ümumbəşəri ideyalar əsasında milli mədəniyyətlərin lokal səciyyələrinin sərhədlərini aşmaq, milli fərqlilikləri aradan qaldırmaq ideyasına söykənir. Əsas səciyyəsindən də göründüyü kimi, problem cəmiyyəti narahat etməyə bilməz, çünki milli fərqlilikləri aradan götürmək bir çox hallarda sayca daha çox və iqtisadi, siyasi, texniki cəhətdən irəlidə olan ölkələrin xeyrinə həll olunur. «Qloballaşmanın müasir modelləri millətlər arasındakı iqtisadi, siyasi və ideoloji baryeri kənarlaşdırmağa çalışır» deyən N.M.Diab haqlı olaraq yazır: “Bir sıra hallarda qloballaşma - Avropa və Amerika dilləri, musiqisi, ədəbiyyat və incəsənəti içərisində yayılan Qərbin mədəni hegemonluğunu nəzərdə tutur” (Diab N.M. Ameen Rihani`s Vision of Globalization: Matrimony, Not Hegemony. Ameen Rihani: Bridging East and West. A pioneering Call for Arab-American Understanding. New York, University press of America, 2004, s. 94). Elə isə bu “hegemonluğa” qarşı hansı müqavimət yolları mövcuddur? Bəzən terminlərin əzbərini onun mahiyyətindən xəbərsiz ifadə edən cəmiyyətimizdə artıq Qərb üçün aktuallığını itirməyə belə başladığı qloballaşma tam anlaşılırmı?!

Adətən qloballaşma prosesi, ümumiyyətlə, müxtəlif sahələrdə milli dünyagörüşün inteqrasiyası və müqaviməti kontekstində əxz olunur. İnteqrasiya bu prosesin ilk pilləsi, müqavimət isə son nöqtəsidir. İnteqrasiya nə qədər zəngin olarsa, milli humanitar fikir, bütövlükdə, dünya qlobal düşüncəsində öz payını daha yaxşı qoruya bilər və bu zaman o milli fikrə doğma ənənə kimi  qayıtmaq imkanı əldə edər. İnkişaf etmiş Avropa və Amerika ölkələrinin inteqrasiya prosesini artıq tarixə çevirməsi və qloballaşmada “hegemon” rolunu oynaması buna bariz nümunədir.

Lakin nisbətən azsaylı xalqlar və kiçik ölkələr üçün inteqrasiyanın da təhlükəli tərəflərindən qorunmaq lazımdır. O kor-koranə təqlidçilik yox, milli-mənəvi və dini dəyərlərin dünyaya çatdırılmasına doğru yönəldilməlidir. Çoxluğun içində itməmək və öz yerini tapmaq üçün milli mədəniyyətin, ilk növbədə, lokal səviyyədə inkişafını gücləndirmək, sonra isə onu dünyaya ötürmək yollarının ən əlverişli formalarından istifadə etmək lazımdır. Qloballaşma prosesi gücləndikcə dünya “kiçilir”, onu yaxşı mənada təəccübləndirmək çətinləşir. Deməli, qloballaşmanın mənfi cəhətini, yəni onun milli mədəniyyəti öz sularında qərq etməsi cəhdlərini, əslində, müsbət tərəfə istiqamətləndirmək mümkündür. Bu da inkişafı daim nəzarətdə saxlamaqdır. Belə olduqda müqavimət daha güclü və əsaslı xarakter alır. Cəmiyyətimizdə inkişaf intensivliyi qloballaşmanın caynağından qaçmağa imkan verirmi?!

Qloballaşma prosesində texniki sivilizasiya mühüm rol oynayır. Müəyyən tarixi proseslərdə, xüsusilə, XX əsrin əvvəllərində Qərbin texniki sivilizasiyasına qarşı Şərqin mənəvi mədəniyyəti tab gətirə bilirdisə, indi zaman digər tələblərlə çıxış edir. Mənəvi dəyərlərin yeni ötürülmə sistemi düşünülməlidir, çünki texniki və maddi proseslərin inkişafından kənar qalmaq mümkün deyil. Yalnız elmi-texniki tərəqqi və mənəvi mədəniyyətin inkişafının vəhdəti qloballaşmaya tab gətirə bilər. Cəmiyyətimizdə mənəvi mədəniyyətin dünyaya ötürülməsinin müasir texniki yolları haqqında nə dərəcədə düşünülür?!

Qloballaşma, gördüyümüz kimi, hal-hazırda Qərbdən gəlir. Sözügedən prosesin nəzəriyyəsini də dünyaya Qərb irəli sürdü. Lakin XX əsrin 60-cı illərinin sonlarında meydana çıxan, 80-ci illərdən etibarən isə müasir mənasını kəsb edən qloballaşma termini düşüncə etibarilə daha əvvəlki mərhələdə Şərq üçün də anlaşılmaz deyildi. Humanitar düşüncədə qlobal fikirlərin mənbəiyini Şərqdə də geniş şəkildə görmək olardı. Məs, XX əsrin əvvəllərində Şərqdə qlobal düşüncəli mütəfəkkir ədib, filosof və ictimai xadimlər olduğu halda, Qərb dünyası Şərqi ya tanımır, ya da yaxşı tanımırdı. Humanitar fikirdə yeni təmayüllərə mədəniyyətlərin sintezi mövqeyindən yanaşanlar və eyni zamanda, ifrat təqlidçiliyin qarşısını almaq üçün müqavimət məsələlərini kölgədə qoymayanlar da az deyildi. “Etnik təcridetmə» və «etnik imtina» (Naff A. Becoming Amerikan. The early Arab immigrant experience. New-York, University press, 1993) arasındakı təbəddülatların sintezə doğru istiqamətləndirilməsində, zamanı üçün inteqrasiya axınına istiqamətlənmiş dünyanın qloballaşmaya çağıran mənbələri arasında H.Cavid, C.X.Cibran, Ə.ər-Reyhani kimi filosof ədiblərin əsərlərinin rolu böyük idi.

 

Sözügedən tarixi mərhələ üçün mədəniyyətdə qloballaşma prosesi dünya mədəni dəyərlərinin sintezini və yeni formada təşəkkülünü ehtiva edirdi. Təəssüf ki, həmin cəhət də artıq öz tarixi missiyasını başa vurmuşdur. Əgər lokal inkişaf müasir humanitar fikirlə ayaqlaşa bilmirsə, hansı sintezdən söhbət gedə bilər?!

Deməli, müasir dövrümüzdə cəmiyyətimiz üçün qloballaşma hələ də təbii tarixi prosesdir, mədəniyyətin inkişafl bu prosesin alt qatıdır, yəni ona qədərki mərhələdir. Humanitar düşüncədə qloballaşmanın mənfi cəhətləri milli mədəniyyət və dəyərləri kölgədə qoymaq cəhdləri ola bilər. Ona görə də elm, mətbuat və cəmiyyət daim bu məsələləri diqqətdə saxlamalıdır. Qloballaşmanın milli mədəniyyəti udmasına, “müasirlik” adı ilə milli-mənəvi və dini dəyərlərin aşağılamasına imkan vermək olmaz.

Bu suallar ətrafında düşünmək və əməlləri ona yönəltmək lazımdır.