Doç. Dr. Basira AZİZ ALİYEVA

Doç. Dr. Basira AZİZ ALİYEVA

[email protected]

“Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri”

09 Şubat 2019 - 22:18

Bəsirə Əzizəli

 

Bədirxan Əhmədlinin “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” kitabında Azərbaycan mühacirət ədəbiyyatı məsələləri

 

Bədirxan Əhmədlinin “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” (Bakı, “Elm və təhsil”, 2017) monoqrafiyası Azərbaycan ədəbiyyatında zəngin tarixə və ədəbi-fəlsəfi örnəklərə malik olan mühacirət ədəbiyyatının formalaşması, tarixi mərhələləri və ədəbiyyat tariximizdəki yerinin qiymətləndirilməsinə həsr olunmuş əhəmiyyətli bir kitabdır. Tanınmış tədqiqatçı alimin bu vaxta kimi mühacirət ədəbiyyatı ilə bağlı yazdığı çoxsaylı məqalələrində bir çox məsələlər araşdırılmışdır. Bu kitabda isə B.Əhmədli Azərbaycan mühacirət ədəbiyyatını vahid nəzəri konsepsiya çərçivəsində tədqiq etmiş, sistemləşdirmiş, ayrı-ayrı tarixi mərhələləri müəyyənləşdirmiş, mübahisəli məqamlarla bağlı konkret mülahizələr irəli sürmüşdür.

Məlum olduğu kimi, Azərbaycan mühacirət ədəbiyyatının bəzi məsələləri tədqiqatçılarımız tərəfindən araşdırılmışdır. Ədəbiyyat tariximizi və ədəbi yaradıcılığın mühacirət formasını  dərindən bilən B.Əhmədlinin bütün problemləri diqqətə alaraq və məlum olmayan bir çox faktları ilk dəfə şərh edərək təqdim etməsi monoqrafiyanın əhəmiyyətini, yeni istiqamətini və  vacib bir məsələyə həsr olunduğunu göstərməkdədir.

Mühacirətdə yaşamış ictimai-siaysi xadimlər, ömürlərini milli mücadilə uğrunda fəda edən şəxsiyyətlərimiz və ədiblərimizə - M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu və Gültəkinin (Əmin Abid) əziz xatirəsinə həsr edtiyi bu önəmli monoqrafiyada B.Əhmədli elə, ilk növbədə, həmin böyük insanların yaradıcılığının bizə az məlum olan tərəflərini diqqət mərkəzində saxlayır. Müəllif M.Ə.Rəsulzadənin daha az tədqiq olunmuş poetik nümunələrini təhlil edir, böyük ictimai-siyasi xadim və milli düşüncəmizin banilərindən biri olan M.Ə.Rəsulzadənin şeirlərində də yeni poetik formalardan istifadə etdiyini, “Füyuzat” jurnalında dərc olunan poeziya örnəklərində ideya, mövzu və üslüb baxımından özünəməxsus istiqamətə malik olduğunu qeyd edir. Kitabda müəllifin M.Ə.Rəsulzadənin “İsmayıl Qasprinskiyə” adlı şeirindən gətirdiyi nümunə bir tərəfdən böyük Məhəmməd Əminin türkçü dünyagörüşünü ifadə edirsə, digər tərəfdən B.Əhmədlinin təqdim etdiyi örnəklərdə seçici olduğundan xəbər verir:

Ey Ulu Türk! Sən Krımın

Qanlarıyla yoğrulmuş,

Vəhşilərə əsir olmuş,

Zalım taxlar qurulmuş,

Şərəfləri unudulmuş bir torpağı üstündə...

Onun səni qan ağladan

Qara bəxti önündə

Fəlakətli millətinə:

“Oyan”, - deyə hayqırdın.

Monoqrafiya dörd bölmədən ibarətdir və hər bir hissə əhəmiyyətli bir problem üzərində qurulmuşdur. Kitabın vacib cəhətlərindən biri ondan ibarətdir ki, burada sadəcə mühacirət ədəbiyyatımızın təşəkkül tarixi, mərhələləri, ayrı-ayrı şəxsiyyətləri və mühacirətin yaradıcılıq formalarından bəhs olunmur, eyni zamanda, sözügedən mövzular ətrafındakı problemlər araşdırılır. Çünki bu sahədə fərqli, yaxud da ciddi və konseptual şəkildə ifadə edilməsinə ehtiyacı olan məsələlər az deyildir. Düşünürük ki, B.Əhmədlinin bu kitabı bir çox məsələlərdə  qəti fikirlər əldə etməyə yardım edəcəkdir.

Mühacirət ədəbiyyatının təşəkkülü, onun xarakteri və mərhələləri, araşdırılması problemlərini tədqiq edərkən B.Əhmədli, haqlı olaraq, Azərbaycan mühacirət ədəbiyyatının tarixini XX əsrlə məhdudlaşdırmır, VII-XI əsrlərdə Azərbaycandan Ərəbistana köçürülərək “məvali” adı verilən bir çox şairlərimizin ədəbi irsini ilk mühacirət nümunələri kimi dəyərləndirir. Bu məqamları araşdırarkən müəllifin mühacirət ədəbiyyatının nəzəri məsələlərinə də diqqət yetirilməsi, digər xalqların yaratdığı anoloji ədəbiyyatla müqayisəsi də kitabda çox əhəmiyyətli cəhət kimi qiymətləndirilməlidir.

Kitabda yeni tendensiya və məsələlərin olduğunu qeyd etdik. “Azərbaycan mühacirətinin formalaşmasında Polşa amili” bölməsi də kitabın vacib hissələrindən biri olaraq ədəbiyyatşünaslığımızın yeni bir problemini ortaya qoyur. “Lakin siyasi düşüncə etibarilə təqib olunanlar içərisində böyük bir qism insanların Avropaya yerləşməsi də baş verdi ki, bu ölkələr içərisində Polşanı xüsusi qeyd etmək lazım gəlir” deyən B.Əhmədli mühacirlərin “Prometey” kulubunun və “Qafqaz İstiqlal Komitəsinin” yaradılmasının Polşanın ictimai-siyasi mühiti ilə bağlı olduğunu yazır. Polşadakı mühacir nəşrlər, Polşa arxivlərində Azərbaycan siyasi mühacirəti ilə bağlı nümunələr, sənədlər, M.Ə.Rəsulzadənin bir müddət Polşada yaşaması, onun polyak rəsmi dairələrində çalışan şəxsiyyətlər ilə məktublaşması, milli mücadilə tariximizin Avropa ölkəsi ilə bağlı məsələləri yer almış, bır sıra qaranlıq məqamlara işıq tutulmuşdur.

“Mühacirət  ədəbiyyatının problemləri” adlı  başlığı ilə B.Əhmədli daha çox müzakirələrə səbəb olan mühacirət poeziyası, Legion ədəbiyyatı, Qurban Səid və yazıçının "Əli və Nino" romanı ətrafındakı məsələləri geniş şəkildə araşdırır. Bu problemlərin şərhi ilə müəllif həm mühacirət ədəbiyyatının fərqli qollarını öyrənir, həm də sözügedən sahədə filoloji fikrin mübahisəli məqamlarına aydınlıq gətirir.

Türkiyə, Hindistan və Suriyada mühacirət ənənələri olan Azərbaycan ədəbiyyatının XX əsr mərhələsində milli istiqlal mövzusuna köklənməsi B.Əhmədlinin xüsusi vurğuladığı məsələlərdəndir. “Yeni Kafkasiya”, “Odlu yurd”, “Türk amacı”, “Azərbaycan yurd bilgisi” və s. kimi mühacirət mətbuatında geniş vüsət alan milli istiqlal mövzusu kitabda çox maraqlı örnəklərlə təqdim edilir. Görkəmli mühacir ədibimiz Gültəkinin “Kork” şeirinin nəşri tarixi haqqında əhəmiyyətli faktları təhlil etdikdən sonra müəllif şairin bu milli ruhlu şeirindən nümunə verir:

Heybetli asırlar aşan Türküm ben,

Yatakda ölene şaşan Türküm ben,

Dünyaya sıxmayıb taşan Türküm ben,

Gittikce büyüyen Turanımdan kork!

“Personaliya” başlığı ilə B.Əhmədli mühacirət ədəbiyyatımızın görkəmli nümayəndələri haqqında oçerklər təqdim edir. Xüsusi qeyd etmək lazımdır ki, araşdırmalarda bu zamana kimi öz yerini tapmamış bir sıra məsələlər ilk dəfə bu kitabda qələmə alınmışdır. Kitabda Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Almas İldırım və Gültəkin kimi mühacir ədiblərimizin həyat və yaradıcılığı haqqında çox maraqlı məqamları öyrənirik. İstiqlalı yaşadan mühacirət poeziyamızın araşdırılması da milli ədəbiyyatımızın ən önəmli sahələrindən birinin şərhi kimi son dərəcə əhəmiyyətlidir.

Mühacirət mətbuatının təşəkkülü, inkişafı, ayrı-ayrı mətbuat orqanlarının fəaliyyəti, onlarda dərc edilən əsərlərin forma və məzmun cəhətdən təhlili B.Əhmədlinin monoqrafiyasında xüsusi qeyd olunmalı cəhətlərdəndir. Məlumdur ki, mühacirət ədəbiyyatını reallaşdıran sahələrdən ən önəmlisi mətbuatın yaranmasıdır. M.Ə.Rəsulzadənin “konuşduğu lisanda ilk qəzetəyə malik olan cəmiyyət, bir milliyyət ikən millət olmağa başlamış deməkdir” sözləri ilə milli mətbuatın formalaşmasının zəruriliyinə və tarixi missiyasına diqqəti çəkən müəllif mühacirət ədəbiyyatımızın öyrənilməsində vacib sahə olan mətbuatı geniş planda tədqiq edir. Burada bir çox ölkələrdə fəaliyyət göstərmiş mühacirət mətbuatımızın tarixi fəaliyyəti və əhəmiyyətli işlərini görürük. “Azəri-türk”, “Yaşıl yaprak”, “Azərbaycan”, “Milli atəş”, “Ergenekon”, “Kutlu od” və digər çoxsaylı mühacir mətbuat orqanlarımız haqqında kitabdan məlumat almaq mümkündür.  

B.Əhmədlinin mühacirət ədəbiyyatı sahəsində yazılmış tədqiqatları dəyərləndirməsi, tənqidi fikirlərlərində məsələni obyektiv mülahizələrlə əsaslandırması monoqrafiyada vacib məqamları ifadə edir.

B.Əhmədlinin “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” monoqrafiyası Azərbaycan mühacirət ədəbiyyatını ardıcıl, sistemli, nəzəri konsepsiya daxilində, vacib örnəklərə istinad edərək araşdıran əhəmiyyətli bir kitabdır. Kitab elmi ictimayətimizə bir töhfə, ədəbiyyatşünaslıq elmimizə əhəmiyyətli bir xidmətdir.

Kitab milli kültürümüzün, ədəbiyyatımızın milli istiqlal və mücadilə tarixinin ifadəsidir.