Türkiyə'də "Yazılışının 950-ci ildönümündə "Divanü lüğat-it-türk" mövzusunda Beynəlxalq Simpozium keçirilib

Türkiyə'də "Yazılışının 950-ci ildönümündə "Divanü lüğat-it-türk" mövzusunda Beynəlxalq Simpozium keçirilib
07 Kasım 2024 - 19:44 - Güncelleme: 07 Kasım 2024 - 20:27

Türk dünyasının nüfuzlu elmi-mədəni mərkəzlərindən sayılan "Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu"nun rəhbərliyi ilə “Yazılışının 950-ci ildönümündə “Divanü lüğat-it-türk” Beynəlxalq Simpoziumu keçirilib.

Simpoziumun açılışında Türk Dil Qurumunun sədri professor Osman Mert, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Nağıqızı, Azərbaycan Xarici İşlər Nazirliyinin məsul əməkdaşı, Dr.Füzuli Məcidli, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin professoru Həmidulla Baltabayev çıxış edərək türk qrammatikasının təməli sayılan "Divani-lüğat-it-türk”ü keçmişimizi, dilimizi, kimliyimizi, tariximizi öyrənmək baxımından qiymətli əsər kimi səciyyələndiriblər.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında “Divanü lüğat-it-türk” əsərini Türk dünyası haqqında dolğun məlumatların toplandığı mənəvi xəzinə - “Türküstan” adlandırıb. Bildirib ki, kitabda XI əsrdə türklərin yaşaması haqqında məlumatlar yer alıb, bugünkü türk xalqlarının tarixi geniş əks olunub.

Divanü lüğat-it-türk” əsəri türk dillərinin qrammatikası, zamanın ensiklopediyasıdır”, - deyən professor Nadir Məmmədli vurğulayıb ki, kitabda ən rəvan dilin oğuzların dili olduğu göstərilir. O, həmçinin kitabın Osmanlı dövrünə gəlib çıxma tarixçəsi barədə məlumat verib. Alim bu il kitabın Azərbaycanda nəşrindən danışaraq bu tərcüməni Azərbaycan türkologiyasının tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, Mahmud Kaşğari “Divanü lüğat-it-türk” ensiklopediyasında türksoylu xalqların dil-ağız özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını toplamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir. Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verən, XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında geniş məlumat verən dialektoloji-etnoloji kitabdır.

Beynəlxalq Simpoziuma Azərbaycandan təqdim edilən, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin "Mahmud Kaşğarlının "Divani-lüğat-it-türk" əsəri şəhid alim Xalid Səid Xocayevin tərcümə və tədqiqatlarında" məqaləsi simpozium iştirakçıları tərəfindən böyük maraqla dinlənilib.

Millət vəkili Orxonlardan üzübəri yazılı mədəniyyətimizə nəzər yetirdikcə, haqlı olaraq belə qənaətə gəlir ki, "Türklük təəssübü, türkçülük ideyası beş ortaq ədəbi abidəmizdə - Orxon- Yenisey yazılarında, "Kitabi-Dədə Qorqud"da, Mahmud Kaşğarinin "Divani lüğat-it-türk"ündə, Yusif Balasaqunlunun "Kutadqu-bilik" poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində öz ifadəsini tapmışdır. Amma geniş mənada türkçülük məfkurəsi ən ardıcıl şəkildə, konkret linqvistik, etnoqrafik, tarixi və folklor materiallarına əsaslanaraq Mahmud Kaşğarinin "Divanü-lüğat-it-türk" kitabında əks olunmuşdur. Elə bu səbəbdən böyük alim Kaşğarini haqlı olaraq türkçülüyün banisi, "Divani-lüğat-it-türk"ü isə ilk türk ensiklopediyası hesab oluna bilər”.

Millət vəkilinin fikrincə, Divan”ın ən mühüm özəlliyi dünya dilçiliyi tarixində müqayisəli metodun əsasını qoyması, türk dillərinin müqayisəli qrammatikasını yaratması və zəngin türk dilini köklü ərəb dili ilə qarşılaşdırmaq surətilə bu iki dilin müqayisəsini aparmasıdır. Dillərin müqayisəsi sahəsində Mahmud Kaşğari öz böyük xələfi "Mühakimət ül-lüğateyn" əsərində türk dilinin fars dili ilə müqayisəsini verən dahi mütəfəkkir Əlişir Nəvaini 4 əsr, Qərbi Avropa maarifçiləri - Russonu, Didronu, Volteri, Monteskyönü 7 əsr, F.Ğrap, Ü.Qrim, V.Humbolt, R.Rask kimi məşhur dilçiləri isə təqrin 8 əsr qabaqlamışdır.

"Divan"ın Azərbaycan nəşrinin Ön söz müəllifi Türkiyə Cumhuriyyətinin 9-cu cumhurbaşqanı Süleyman Dəmirəl yazır ki: "Türkologiyanın bahadırı M.Kaşğari yalnız türk dilçiliyinin deyil, bütövlükdə dünyada tarixi-müqayisəli metodun, elmi dilçiliyin banisidir".

Divanü lüğat-it-türk” əsərinin ilk dəfə ərəb dilindən Azərbaycan dilinə özbək əsilli məşhur Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən tərcümə edildiyini diqqətə çatdıran Cavanşir Feyziyev təhlillərinin sonucunda bu qənaətini vurğulayır ki, Xalid Səid Xocayev məhz bu kitabın tərcüməsinə görə “əksinqilabi pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnməyə məhkum edilmişdir. Və onun qətlinə verilən fərman həm dünya türkologiya elmindən Xalid Səid kimi böyük alimi və elmi araşdırmalarını aparmışdır. Uzun illər itib-batmış hesab olunan “Divanü lüğat-it-türk” əsərinin 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapıldığını qeyd edən Cavanşir Feyziyev bu işdə Azərbaycan Milli Elmlər Akademiyasının və dilçi alimimiz professor Nadir Məmmədlinin fədakar əməyini yüksək qiymətləndirmişdir. Millət vəkili bu əsərin türk dillərinin tarixi inkişafını, tarixi leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə əvəzsiz mənbə olduğunu vurğulayıb.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun Himayədarlar Şurasının üzvü, Dr. Füzuli Məcidli “Vahid informasiya fəzası – Türk dövlətlərinin inteqrasiya və təhlükəsizliyinin təməl nöqtəsi” adlı məruzə ilə çıxış edib. O, dövlət başçısının fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı Türk dünyası ilə əməkdaşlığı dövlət siyasətində əsas prioritet kimi müəyyənləşdirdiyini və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi təsvir etdiyini bildirib. Alim indiki tarixi mərhələnin Türk dünyası ilə inteqrasiyanın genişlənmə imkanlarının daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 ildönümünü bu il Qırğızıstanda, Azərbaycanda, Türkiyədə yüksək səviyyədə qeyd olunmasını, buradakı sanballı müzakirələrin mütərəqqi elmi mübadilə, əhəmiyyətli hadisə kimi dəyərləndirən alim beynəlxalq tədbirin türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb. Dr. Füzuli Məcidli bu konfrans materialları əsasında işıq üzü görən qaynağın bundan sonra geniş tədqiqat obyektinə çevriləcəyindən əminliyini söyləyib.

1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayı xatırladan Füzuli Məcidli bildirib ki, bu qurultayda XX əsrin əvvəllərində türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulub, latın əlifbasına keçidlə bağlı qərarlar qəbul edilib. O, Türk dövlətlərinin ortaq əlifbasının yaradılması, türkoloji elmlər sisteminin inkişaf etdirilməsi, beynəlxalq miqyasda inteqrasiya proseslərinin daha da genişləndirilməsi kimi məsələləri 2026-cı ildə baş tutacaq İkinci Türkoloji Qurultaya töhfə kimi dəyərləndirib.

Çıxış edənlər “Divanü lüğat-it-türk”ün dünya tarixində yazılmış ilk türk lüğəti olduğunu bildiriblər. Qeyd olunub ki, bu əsər yazıldığı dövrün xarakterik cizgilərini müəyyənləşdirən, min il öncəki düşüncəni bu günə gətirən, tanıdan mötəbər bir qaynaqdır. 3 gün davam edən Beynəlxalq Simpozium Türk dünyasının böyük ziyalılarının görüşləri və müstəsna fikir mübadilələri ilə yadda qalıb.


 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum