Türk ailesinin ortak alfabesi kabul edildi

Türk dünyasının ortaq əlifbasının hazırlanması türk xalqları arasında birlik və mədəni bağların gücləndirilməsi üçün əhəmiyyətli addımdır. Bu ideya tarixin müxtəlif dövrlərində ortaq mədəniyyət, dil və ədəbiyyatı özündə birləşdirən türk xalqlarının vahid bir əlifbada yazmasını təmin etməyi nəzərdə tutur. Ortaq əlifba hazırlamaq ideyası keçmişdən bizə miras qalan zəngin dil və mədəni irsimizi qorumaq, gələcək nəsillərə ötürmək üçün vacibdir.

Türk ailesinin ortak alfabesi kabul edildi
13 Eylül 2024 - 09:27

Türk ailəsinin ortaq əlifbası

Tacir SADIQOV

Oğuz, qıpçaq və digər türk tayfalarının keçmişdə geniş coğrafiyada yayılmaları nəticəsində türk dilləri arasında müəyyən fərqliliklər yaranıb. Bununla belə, türk xalqlarının əlifba islahatları ilə ortaq bir sistem qurma səyləri qədim türk yazılarından (Orxon-Yenisey yazıları) başlayaraq, sonrakı dövrlərdə də davam edib. Müasir dövrdə ortaq latın əlifbası məsələsi gündəmə gəlib və türk dövlətləri bu istiqamətdə müxtəlif islahatlar həyata keçiriblər. Sovet İttifaqının dağılmasından sonra isə Azərbaycan, Türkiyə və digər müstəqil türk respublikaları yenidən latın əlifbasına keçərək bu ortaq mirasın bərpasına önəm verməyə başladılar. Bu, həm də türkdilli ölkələr arasında mədəni əlaqələri daha da möhkəmləndirən bir vasitə oldu. O cümlədən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) və Türk Akademiyası kimi təşkilatlar bu ortaq əlifba layihəsinə dəstək verərək türk xalqlarının dil, ədəbiyyat, tarix və təhsil sahəsində əməkdaşlığını artırmağa çalışırlar. 2017-ci ildə Türk Akademiyası tərəfindən ortaq türk əlifbasının təkmilləşdirilməsi üçün işlərə başlanıldı və müxtəlif türkdilli ölkələrdən dilçilər, alimlər bu prosesə cəlb olundu. Ortaq əlifbanın yaradılması türkdilli xalqlar arasında həm qlobal səviyyədə elmi-tədris mübadilələrini, həm də iqtisadi və texnoloji əlaqələri gücləndirəcək. Bu, türkdilli ölkələrin vahid bir mədəniyyət platformasında öz mövqelərini möhkəmləndirməsinə, həmçinin gənc nəsillərin milli-mənəvi dəyərlərə bağlılığının artırılmasına da müsbət təsir edəcək. Prezident İlham Əliyevin andiçmə mərasimində Türk ailəsi ilə bağlı fikirləri bu gün ortaq əlifbanın yaradılması üçün hərəkətverici qüvvədir.
Bu əlifba layihəsi keçmişin mirası olmaqla yanaşı, türk xalqlarının gələcəkdə daha güclü və birliyinin göstəricisi kimi də qiymətləndirilir. Əlifba türk xalqları arasında dil maneələrini aradan qaldırmaqla yanaşı, onların mədəniyyət və ədəbiyyat sahəsində də sıx əməkdaşlıq etmələrinə imkan verir. Ortaq əlifbanın yaradılması, həm də türkdilli xalqların beynəlxalq arenada öz səsini daha aydın eşitdirməsinə və inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edir. Bu, türk xalqlarının birliyini gücləndirən, ortaq tarixi və mədəniyyəti əks etdirən bir layihədir. Ortaq əlifbanın yaradılması tarixdən gələn zərurətdir. Bu baxımdan, sözügedən məsələ daim türkdilli xalqların gündəminin əsas mövzusu olmalıdır. Sentyabrın 9-da Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil etdiyi Türk Dünyasının Ortaq Əlifba Komissiyasının üçüncü iclasının keçirilməsi Azərbaycanın digər türk xalqları kimi öz soykökünə bağlılığını bir daha nümayiş etdirdi. Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib ki, iclasda türk dünyası ortaq əlifbasının 14 hərfi təsdiq olunub. Türk dövlətlərinin parlamentləri və dövlət başçıları tərəfindən vahid əlifbanın 34 hərfdən 14-nün artıq təsdiqlənməsi olduqca sevindirici haldır. Bakıda keçirilən üçüncü iclasda Şahin Mustafayev, həmçinin Türk dövlətlərinin vahid əlifbanın latın qrafikasında tərtib edildiyini də deyib: "Yəni ümumi baza müəyyənləşdirilib, 9 sait olacaq. Hansı dövlət dilində neçə sait varsa, onu qəbul edəcək. Ola bilər ki, hansısa dövlət əlifbasında daha az hərf qəbul etsin. Amma əsas prinsip budur ki, hər bir səsin eyni işarəsi olmalıdır. Yəni eyni səs bütün türk dövlətlərində eyni işarə ilə göstərilməlidir".
Türk Dünyası Ortaq Əlifba Komissiyası Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə hər bir türk ölkəsindən dil sahəsinə məsul olan iki nümayəndənin iştirakilə yaradılıb. Birinci görüş 2023-cü il mayın 28-29-da Astanada, ikinci görüş 2024-cü il mayın 6-7-də Bakıda keçirilib.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, dosent, fəlsəfə doktoru Faiq Ələkbərli türk dünyasının ortaq əlifbasının hazırlanması üzərində son dönəmlərdə görülən işlərin olduqca əhəmiyyətli olduğunu bildirib: "Bütün hallarda Türk dünyasının ortaq əlifbasının yaradılması istiqamətində aparılan işlər təqdirəlayiqdir. Bu baxımdan, Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclasında ortaq əlifbanın 14 hərfinin təsdiq olunması da müəyyən bir uğurdur. Əlbəttə, əslində daha çoxunu gözləyirik. Hər halda işlər gedir. Əlifba çox ciddi məsələdir. Bu, bir neçə ilin, yaxud da onillik məsələ deyil. Bu, 100 illərin məsələsidir. Bütövlük Türk ailəsinin başlıca sütunudur. Nəyin bahasına olursa-olsun bu ailə dağılmamalıdır. Ailənin şərəfini tapdalayan istənilən üzvün bəraəti yoxdur, o layiq olduğu cəzanı sözsüz çəkməlidir. Yekdillik ailə üzvlərinin önəmli məsələlərdə ortaq nöqtədən çıxış etməsidir. Hər bir ailə üzvü çıxarılan qərara tabe olmalıdır. Şərəflilik ailənin üzüdür. Bu üzü dəyişdirmək, ona başqa bir rəng qatmaq qəti qadağandır. İnam ailədə qarşılıqlı etibardır. Ailə üzvləri bir-birilərinə münasibətdə inamsızılığa yol verməməli, əgər hər hansı şübhə toxumları varsa, onu cücərməyə qoymamalıdır. Bütün bunlar ailə sisteminin təməlləridir. Bunlar olmadan ailə sistemindən bəhs etmək mənasızdır. Ona görə də türk dövlətləri bu məsələdə ciddi şəkildə düşünməli və addımlar atmalıdır. Çünki dünyanın qütbləşməyə doğru getdiyi bir dövrdə bu prosesə çox gecikmək olmaz. Təbii ki, bu istiqamətdə bəzi məsələlər ətrafında problemlər yaranır. Xüsusilə də Türkiyənin, Azərbaycanın, Orta Asiyanın, türk dövlətlərinin yerləşdiyi geosiyasi coğrafiya, strateji məsələlərdə müəyyən addımlar var. Ümid edirəm ki, növbəti görüşdə bütün hərflərin qəbul edilərək ortaq bir əlifbanın qəbul edilməsi məsələsi tamamlanacaq.

Kaynak: https://respublika-news.az/

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum