TARİXLƏ ÜZ-ÜZƏ:QUBANIN MEMARLIQ VƏ MƏDƏNİ İRS PANORAMASI
“TARİXLƏ ÜZ-ÜZƏ:QUBANIN MEMARLIQ VƏ MƏDƏNİ İRS PANORAMASI”
Yazarlar: Ülkər Zeynalova, İslam Aslanov, Emin Ulubəyov*
Açar sözlər: Cümə məscidi, Səkinə xanım məscidi, Çuxur hamam, Tağlı körpü, Xınalıq qoruğu, Ağbil türbələri
Ключевые слова: Джума-мечеть, мечеть Сакины Ханум, Купольная баня, Aрочный мост, заповедник Хыналыг, мавзолеи Агбиля.
Azərbaycanın şimalında, dumanlı meşələrin, sıldırım qayaların və əsrlərin içində daşıyan torpaqların arasında yerləşən Quba, təkcə təbiətin yox, həm də tariximizin möhtəşəm bir xəzinəsidir. Bu diyar çoxsaylı mədəniyyətlərin kəsişdiyi, müxtəlif xalqların bir arada yaşadığı, memarlığın və xalq yaddaşının min illərə dayanmış abidələri ilə doludur. Qubada tarixi abidələrin araşdırılması insanı yalnız zamanla deyil, həm də ruhla səyahətə aparır. Hər bir tikili, hər bir daş, hər bir iz sanki “məni oxu” deyir.
Quba Azərbaycanın ən qədim insan məskənlərindən biri olmaqla, zəngin tarixi, rəngarəng mədəniyyətinin izlərini bu günə qədər qoruyub saxlayan bölgələrdən biridir.Şahin Fazilin “Quba tarixi” kitabında göstərilir ki, bu torpaq yalnız coğrafi gözəllikləri ilə deyil, qədim yaşayış yerləri, memarlıq nümunələri, multikultural mühit və bir çox tarixi hadisələrin mərkəzi olması ilə də seçilir. Qubanın tarixini araşdırmaq bütövlükdə Azərbaycan tarixinin mühüm mərhələlərinə işıq salmaq deməkdir.
Qubanın tarixi çox qədim dövrlərdən başlayır. Ərazidə aparılan arxeoloji tədqiqatlar sübut edir ki, burada IV əsrdən etibarən davamlı yaşayış olmuşdur. Orta əsrlərdə bu torpaqlar Qarabörk, Muzduq, Səfəvi dövrü kimi müxtəlif tarixi mərhələlərdən keçmiş, XVIII əsrdə isə Quba xanlığının siyasi və iqtisadi mərkəzinə çevrilmişdir. Şahin Fazilin əsərində bu dövr xüsusi qeyd olunur: Quba xanlığı həm dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, həm də bölgənin iqtisadi inkişafı baxımından mühüm mərhələ təşkil etmişdir.
Qubanın tarixində iz buraxan memarlıq abidələri də bu bölgənin qədimliyini və mədəni zənginliyini sübut edir. Ən məşhur abidələrdən biri XVIII əsrə aid Quba qalasıdır. Qala xanlığın paytaxtını müdafiə məqsədilə tikilmiş, lakin sonralar siyasi hadisələr nəticəsində bir çox hissəsi dağıdılmışdır. Buna baxmayaraq, qalanın qalıqları bu gün də Qubanın keçmiş gücünü xatırladır.
Hacı Cəfər məscidi
Qubanın dini-memarlıq irsi də çoxşaxəlidir. Şəhərin mərkəzində yerləşən və XX əsrin əvvəllərində tikilmiş Hacı Cəfər məscidi Cənub-Qafqazda memarlıq üslubu ilə seçilən ən maraqlı tikililərdən biridir. Zərif naxışları, kərpic memarlığı və geniş daxili məkanı ilə bu məscid Qubanın müsəlman dini həyatının mühüm simvoludur.
Bütün bu faktlar göstərir ki, Quba təkcə bir coğrafi ərazi deyil o, Azərbaycan tarixinin canlı salnaməsidir. Bu torpaqda hər daş, hər abidə bir dövrün izini daşıyır; hər kənd, hər məscid, hər körpü xalqımızın keçmişini yaşadır. Şahin Fazilin “Quba tarixi” kitabı da məhz bu mənada Qubanın zəngin tarixini gələcək nəsillərə çatdırmaq baxımından olduqca dəyərli bir mənbədir.
Nəticə etibarilə, Qubanın tarixi abidələrini qorumaq və öyrənmək, yalnız bir bölgənin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin qorunması deməkdir. Bu abidələr bizim milli kimliyimizin hissəsi, tarixi yaddaşımızın yaddaşı, keçmişdən gələcəyə uzanan bir körpüdür.
Quba Cümə məscidi
Quba şəhərinin mərkəzində, sanki bütün tarixi öz divarlarında gizlədən möhtəşəm bir tikilidir. Bu məscid təkcə dini ibadətgah deyil, Quba xanlığının siyasi, mədəni və memarlıq həyatının canlı şahidi olan əvəzsiz tarixi abidədir. Onun tikintisindən bu günə qədər keçən uzun zaman, məscidi sadəcə bir bina olmaqdan çıxararaq bütöv bir tarixi yaddaşa çevirmişdir. Cümə məscidi Qubanın simvoluna, şəhərin ruhunu ən çox ifadə edən memarlıq nümunələrindən birinə çevrilmişdir.
Cümə məscidinin XVIII əsrin sonları — XIX əsrin əvvəllərində tikildiyi güman edilir. Tikintisi Quba xanlığı dövrünə təsadüf edir və həmin dövrdə şəhərin mərkəzində böyük bir ibadət məkanının yaradılması xalqın dini tələbatını ödəməklə yanaşı, siyasi nüfuzun da göstəricisi sayılırdı. Məscid həm ibadət, həm toplantı, həm də sosial əlaqələrin möhkəmləndiyi bir mərkəz rolunu oynayırdı.
Quba xanlığı dövründə burada dini ayinlərlə yanaşı dövlət işləri, vacib el məclisləri, ictimai məsələlərin müzakirəsi də təşkil olunurdu. Bu mənada Cümə məscidi sadəcə dini abidə deyil, tarixi proseslərin müşahidəçisi olmuş milli irs nümunəsidir.
Cümə məscidi Quba memarlıq məktəbinin ən fəxr edilən abidələrindən biridir. Məscid əsasən qırmızı kərpicdən inşa olunmuşdur və, bu material Quba bölgəsinin memarlıq ənənələrinə xasdır. Məscidin səkkizguşəli formaya yaxın həndəsi quruluşu onun həm möhkəmliyini, həm də estetik görünüşünü təmin edir.
Məscidin memarlıq üslubu Şərq ənənələri ilə Qafqaz memarlığının bir-birinə qarışdığı xüsusi bir formadır. Bu üslub onu digər bölgələrdəki məscidlərdən fərqləndirir.
Cümə məscidinin içərisi geniş və sakitlik doludur. Taxta sütunlar və kəsmə daşlarla bərkitmiş döşəmə memarlıq sadəliyinin zərif nümunəsidir. Burada zərif bəzəklərdən çox sadəlik və rahatlıq ön plandadır.
XX əsrin müxtəlif dövrlərində məscid zərər görsə də, dövlət tərəfindən dəfələrlə bərpa edilmişdir. Sonuncu əsaslı təmir işləri zamanı,divarların əsas konstruksiyası möhkəmləndirilmiş,günbəz bərpa edilmiş,daxili detallara xüsusi diqqət yetirilmiş,memarlıq orijinallığı qorunmuşdur.
Bu gün Cümə məscidi həm dini ibadət yeri, həm də turistlərin və tədqiqatçıların tez-tez ziyarət etdikləri tarixi abidələrdən biridir.
Cümə məscidi Qubanın yalnız tarixi deyil, həm də ruhunu simvolizə edir. O bölgənin dini ənənələrinin davam etdiyini,xalqın mədəni irsini,memarlığın yüksək səviyyəsini,birliyini və mənəvi gücünü təcəssüm etdirir.
Bu abidə keçmişlə bu gün arasında körpüdür. O həm tariximizi xatırladır, həm də gələcək nəsillərə milli-mənəvi dəyərlərimizi ötürür.
Səkinəxanım məscidi
Quba şəhərində XIX əsr dini memarlıq abidələrindən biri hesab olunur və qadın xeyriyyəçi tərəfindən inşa edilmiş nadir ibadət nümunələrindən biridir. Məscid 1854-cü ildə böyük maarifçi, tarixçi və yazıçı Abbasqulu ağa Bakıxanovun həyat yoldaşı Səkinə xanım Bakıxanova tərəfindən təşəbbüslə ucaldılmışdır. Bu tikili həm də bir növ memarlıq abidəsi kimi böyük alimə həsr edilmiş və regiondakı tanınmış Bakıxanov nəslinin mədəni fəaliyyətini vurğulamışdır.
Məscidin memarlığı sadə, eyni zamanda ifadəlidir. Bina qırmızı kərpicdən inşa edilmiş və XIX əsr kənd məscidlərinə xas olan düzbucaqlı kompozisiyaya malikdir. Mərkəzi sahə dərinliyi təxminən 4,5 metr olan kubbeylə örtülmüş ibadət zalından ibarətdir və kubbə dörd möhkəm sütunun üzərinə dayanır. Belə konstruktiv həll tikilinin dayanıqlığını təmin edir və interyerin vahid açıq məkan kompozisiyasını yaradır. Kubbə və dam metal lövhə ilə örtülmüşdür ki, bu da həmin dövrdə Şərqi Azərbaycan iqliminə uyğun qoruyucu örtük növü idi.
Məscidin daxili bəzəyi təmkinli və sadədir. Qoz ağacından hazırlanmış minbər səkkiz pilləli olub XIX əsrə aid nadir yerli oyma nümunələrdən sayılır. Bina doqquz pəncərə vasitəsilə işıqlanır ki, bu da yumşaq təbii işıq təmin edir və ənənəvi müsəlman memarlığının estetik görünüşünü vurğulayır. Fasadında bir zamanlar ərəb və fars dillərində yazılmış epiqrafik yazılar mövcud idi, içərisində Quran ayələri yer alırdı ki, bu da regionun mədəni ənənələrinə uyğun idi.
Sovet dövründə məscid, Azərbaycandakı bir çox dini obyektlər kimi, bağlanmışdır. 1930-cu illərin əvvəllərində burada ibadət dayandırılmış, məktəb binası dağıdılmış, bina əvvəlcə anbar, sonra isə tikiş emalatxanası kimi istifadə edilmişdir. Bu proseslər tikilinin ilkin memarlıq görünüşünün qismən itirilməsinə səbəb olsa da, əsas strukturu qorunub saxlanmışdır.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra məscid yenidən inanclılara qaytarılmışdır. 1990-cı illərdə təmir-bərpa işləri aparılmış, yeni kommunikasiya xətləri çəkilmiş, abdestxana otaqları bərpa edilmiş və medrese yenidən fəaliyyətə başlamışdır. Səkinəxanım məscidinin milli əhəmiyyətli abidələr siyahısına daxil edilməsi onun region üçün mədəni və tarixi əhəmiyyətini vurğulayır.
Bu gün məscid Quba şəhərinin tarixi mühitinin mühüm memarlıq-mədəni elementi sayılır. O, yalnız dini obyekt deyil, həm də Bakıxanovlar ailəsinin, onların maarifçilik və mənəvi ənənələrinin abidəsidir ki, XIX əsr Azərbaycan mədəni tarixində mühüm rol oynamışdır. Öz orijinallığını və özəlliyini qoruyaraq, Səkinəxanım məscidi memarlıq, dini tarix və mədəni irs sahələrində araşdırmalar üçün dəyərli obyekt olaraq qalır.
Çuxur Hamam
Quba şəhərinin qədim mərkəzində, tarixi küçələrin kesişməsində yerləşən Çuxur hamam bu regionun memarlıq, məişət və sosial həyatının ən qiymətli yadigarlarından biridir. Adından da göründüyü kimi, hamamın “çuxur” adlandırılması onun relyef baxımından yerdən bir qədər aşağıda tikilməsi ilə bağlıdır. Bu özəllik həm memarlıq məqsədi daşıyır, həm də hamamın daxilində istinin uzun müddət saxlanmasına imkan yaradır. Çuxur hamam yüz illərlə Quba sakinlərinin həyatında mühüm bir rol oynamış, həm gigiyena, həm sosial münasibətlərin formalaşması, həm də xalq mədəniyyətinin yaşadılması üçün əvəzsiz bir mərkəz olmuşdur.
Çuxur hamamın XVIII əsrdə, Quba xanlığının inkişaf etdiyi dövrdə inşa olunduğu güman edilir. Həmin dövrdə Quba şəhərinin sürətlə böyüməsi əhalinin həm sosial, həm gigiyenik tələbatını ödəyə biləcək belə komplekslərə ehtiyac yaratmışdı. Hamam yalnız yuyunma məkanı deyil, geniş mənada insanların görüşdüyü, xəbərləşdiyi, ailə və məişət məsələlərinin müzakirə olunduğu, bəzən toy və digər mərasimlərin hazırlandığı sosial mühit rolunu oynayırdı.
Memarlığın əsas xüsusiyyətləri:
Dörd tərəfi kərpic və çay daşından hörülmüş divarlar – istiliyi uzun müddət saxlayır. Günbəzli tavan sistemi – həm klassik Şərq memarlığına uyğundur, həm də buxarın yuxarı qalxaraq yüngül şəkildə dövriyyə etməsini təmin edir. Yeraltı istilik sistemi (xəzinə) – su qızdırılan ocaq və həmin ocaqdan keçən isti hava kanalları hamam boyunca yayılır. Soyunma yeri (çərxana), orta zal və yuyunma otaqları – ənənəvi hamam quruluşuna tam uyğundur.
Çuxur hamamın forması və strukturu göstərir ki, Qubanın memarları dövrün ən yaxşı hamam tikinti texnikasını bilib və onu mükəmməl tətbiq ediblər.sti buxar, daş döşəmə və isti su vannaları hamamın gigiyenik funksiyasını yerinə yetirirdi.Bu otaqlar birlikdə həm gigiyenik, həm də sosial bir mədəniyyətin formalaşmasına xidmət edirdi.
Toydan əvvəl gəlin hamamı keçirilirdi. Qadınlar üçün xüsusi günlər ayrılır, bu günlər həm bayram, həm görüş gününə çevrilirdi.
Hamamın bu günə qədər gəlib çıxması uzun illər ərzində hamam müxtəlif dövrlərdə zərər görsə də, dövlət tərəfindən qorunub saxlanılmışdır. Onun memarlıq dəyəri nəzərə alınaraq tarixi abidə kimi qeydiyyata alınıb və həm turistlər, həm də tədqiqatçılar üçün maraqlı bir ziyarət yerinə çevrilib.
Bərpa zamanı günbəzlər möhkəmləndirilib,istilik sistemi araşdırılıb,divarların orijinal kərpic toxuması qorunub saxlanılıb. Bu gün Qubanın Çuxur hamamı Şərq memarlığının gözəlliyini, xalq məişətinin qədim ənənələrini və Quba xanlığının mədəni səviyyəsini göstərən nadir abidələrdən biri kimi xüsusi diqqət çəkir.
Onun memarlığı, quruluşu, sosial funksiyası və tarixi dəyəri Çuxur hamamını təkcə Qubanın deyil, bütövlükdə Azərbaycanın ən dəyərli mədəni irs nümunələrindən birinə çevirir.
Tağlı körpü
Quba rayonunun yerli əhəmiyyətli memarlıq nümunələrindən biri də Quba şəhərində yerləşən Tağlı körpü, başqa adı ilə Qudyalçay körpüsüdür. Bu tikili qədim mühəndis qurğuları arasında bu günə qədər qorunub saxlanılan və tarixi-memarlıq baxımından xüsusi əhəmiyyət daşıyan abidələrdən sayılır.
Tarixi mənbələrə görə, XIX əsrdə Quba qəzasında yeddi körpü mövcud olub, lakin onlardan yalnız Tağlı körpü indiyədək gəlib çatıb. Körpünün inşasına ehtiyac XVIII əsrin sonu – XIX əsrin əvvəllərində yaranmışdır. 1851-ci ildə Qudyalçay üzərində dirəklər üzərində salınmış taxta körpü uzunömürlü olmadığından, onun yerində yeni körpü tikilməsi zərurəti yaranmışdı. Yeni körpünün tikintisinə Rusiyanın Qafqazda hərbi mövqelərini gücləndirmək məqsədilə 1894-cü ildə başlanmış və inşasında bişmiş kərpic və hamar yonulmuş əhəngdaşı istifadə edilmişdir. Körpünün yarımdairəvi formada qurulan tağları bişmiş kərpicdən hörülmüşdür və onlar bir-birindən 11,1 metr uzaqlıqda yerləşən dayaqlara söykənir. İlkin layihəyə əsasən 19 dayaq üzərində qurulması planlaşdırılsa da, tikinti zamanı aşırımların sayı azaldılaraq körpü 14 daş dayaq üzərində inşa edilmişdir. Körpünün tağları altından sahilin hər iki tərəfindəki yaşayış məntəqələrinin gözəl mənzərəsi görünür. Genişliyi 70 sm olan tağ əsas kərpic hörgüsü ilə birlikdə tikilmişdir. Tağ dayaqlar üzərində ucalan körpünün bünövrəsi isə yaxşı yonulmuş daşlarla hörülmüşdür.
Körpünün ümumi uzunluğu 160 metr, eni 7,6 metr, bünövrədən hündürlüyü isə 7,39 metrdir. Körpüdə 14 tağ, 15 dayaq mövcuddur.
Xınalıq qoruğu
Azərbaycanın Quba rayonunda yerləşən unikal yüksək dağ kəndidir. O, Qafqazın ən qədim daimi yaşayış məskənlərindən biri hesab olunur və tarixi IV-V min ildən çoxdur.
Kənd Böyük Qafqazın qollarında, dəniz səviyyəsindən 2200–2350 metr yüksəklikdə, dağ–alp zonasının ətəklərində yerləşir. Xınalıq dərin dərələr, uca zirvələr və keçilməsi çətin dağ yolları ilə əhatə olunub ki, bu da əsrlər boyunca onu xarici aləmdən nisbətən təcrid olunmuş vəziyyətdə saxlayıb.
Uzaq və əlçatmaz bir ərazidə yerləşməsi kəndin qədim mədəniyyət, dil və məişət elementlərini bu günə qədər qoruyub saxlamasına imkan verib.
Kənd sakinləri özlərini kıyat, dillərini isə kıyat mur adlandırırlar. Xınalıq dili Nax-Dağıstan (Qafqaz) dilləri ailəsinə daxildir və Azərbaycan və ya ləzgi dilləri ilə yaxın qohumluğu olmayan müstəqil bir dil qolu kimi qiymətləndirilir.
Xınalıq sakinləri həmçinin ənənəvi inanclarını, adət–ənənələrini, islamdan əvvəlki ruhani mədəniyyət elementlərini qoruyub saxlamış, onları islam ənənələri ilə vəhdətdə yaşatmışlar.
Xınalığın memarlığı Qafqaz dağ memarlığının ən parlaq nümunələrindəndir. Evlər dik yamaclarda pilləli şəkildə tikilib: aşağıdakı evin damı yuxarıdakı ev üçün həyət rolunu oynayır. Bu memarlıq həlli mürəkkəb relyef və düz sahələrin çatışmazlığı ilə bağlıdır.
2021-ci ildə Xınalıq və onunla bağlı köç yolları “Xınalıq xalqının mədəni landşaftı və köç marşrutları” adı ilə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu status yerli mədəniyyətin, təbii mühitin və ənənəvi həyat tərzinin unikallığını bir daha vurğulayır.
Bu gün Xınalıq Azərbaycanın ekoturizm və etnoqrafik turizminin mühüm mərkəzlərindən biridir. Bununla belə, sakinlər kəndin tarixi görkəmini qoruyaraq özünəməxsus həyat tərzini saxlamağa çalışırlar.
Xınalıq — açıq səma altında yerləşən canlı bir muzeydir; burada qədim ənənələr heyrətamiz dağ mənzərələri ilə vəhdət təşkil edir. Unikal dili, qədim mədəniyyəti, özünəməxsus memarlığı və təbii gözəlliyi ilə Xınalıq həm Azərbaycanın, həm də bütöv Qafqazın ən dəyərli mədəni irs nümunələrindən biridir. Xınalığın irsinin qorunması dünya mədəniyyət tarixi üçün mühüm əhəmiyyət kəsb edir.
Ağbil türbələri
Quba rayonunda yerləşən Ağbil türbələri Səfəvilər dövründən günümüzə çatmış tarixi abidələrdir. Bu türbələr Ağbil kəndində, Bakı–Quba–Rusiya magistral yolunun şərq tərəfindəki qədim qəbiristanlıq ərazisində yerləşir. Türbələrin mövcud olduğu bu sahədə daha qədim kurqanlar və qədim qəbiristanlıq da müşahidə olunur.
Bəzi mənbələrə görə, Ağbil kəndi XIX əsrdə Zeyid kəndindən köçüb gələn ailələr tərəfindən salındığı və buna görə bir müddət “Ağbil Zeyid” adlandırıldığı bildirilir. “Ağbil” adının isə “ağ” (yəni “kiçik”) və qədim bolqar dilində “türbə, məzar daşı” mənasına gələn “bil” sözlərinin birləşməsindən yarandığı ehtimal edilir. Bu toponim Xorasanda qeydə alınmış “Akməzar” adıyla eyni mənanı daşıyır. Kənd sakinləri türbələri “Dörd Ağbil” kimi tanıyır ki, bu da burada bir vaxtlar dörd türbənin mövcud olduğunu göstərir. Zamanla həmin türbələrdən biri dağılıb və ya aradan qaldırılıb. İtmiş türbənin mövcudluğunu təsdiqləyən yeganə mənbə isə Peterburq Elmlər Akademiyasının akademiki B.A. Dornun qeydləridir. İlk dəfə Ağbil türbələri və onların kitabələri barədə məlumat verən Dorn öz hesabatında üçüncü kitabənin adını, tarixi və “Usta Tacəddinin adı ilə” ifadəsini qeyd edir. Kitabəsiz olan türbə hazırda mövcud iki türbədən düzbucaqlı olanıdır. Eyni dövrdə tikilmiş kitabəli türbələrdən biri günümüzədək çatmayan Şah Murad türbəsi, digəri isə bu gün “Səkkizguşəli türbə” kimi tanınan Şeyx Məzyəd (Məzid) türbəsidir.
Şeyx Məzyəd türbəsinin üçsətirlik ərəb dilli kitabəsi çatma tağlı giriş qapısının üstündə yerləşdirilmişdir. Kitabədə belə yazılmışdır: “Bu bina sultan oğlu sultan, Sultan Xəlilullahın hakimiyyəti dövründə – onun himayəsi davam etsin – Əş-şeyx ər-Rəşid Şeyx Məzyəd ibn Sufi Rəfiəddin (qəbrinin) üzərində doqquz yüz qırxıncı ildə tikilmişdir”. Bu hicri tarix miladi 1533–1534-cü illərə uyğun gəlir. Bəzi tarixçilər isə inşa ilini hicri 944 (1537–1538) kimi göstərirlər. Türbənin içində üzərində kitabə olmayan sənduqə də vardır. Mənbələr məlumat verir ki, türbə 1935-ci ildən əvvəl dağılmağa başlamışdır. B.A. Dornun qeydə aldığı kitabədə, kvadrat planlı türbənin girişinin üstündə yerləşən 1,23 x 0,48 m ölçülü daş lövhədə hicri 940-cı il qeyd edilmişdir. Türbələrin eyni dövrdə tikilməsi onların böyük ehtimalla eyni memar tərəfindən inşa olunduğunu göstərir.
Nəticə
Tarixi abidələr deyəndə təkcə monumental tikililər nəzərdə tutulmur. Qubanın kəndlərində — Alpan, Rustov, Afurca, Buduq və digər ərazilərdə qorunub saxlanmış qədim evlər, daş hasarlar, su yolları, köhnə bazar yerləri bir xalqın əsrlər boyu davam edən həyat tərzinin işarələridir. Bu məkanlarda aparılan araşdırmalar Quba əhalisinin məşğuliyyəti, yaşayış forması və adət-ənənələri haqqında qiymətli məlumatlar verir.
Son illər Qubada aparılan arxeoloji qazıntılar bölgənin tarixinin daha qədim dövrlərə uzandığını ortaya çıxarıb. Tunc dövrünə aid gil qablar, daş alətlər, qədim yaşayış yerləri, məzar strukturları Qubanın min illər öncə də məskunlaşma mərkəzi olduğunu göstərir. Bu tapıntılar Qubanın yalnız bir region deyil, tarixin müxtəlif mərhələlərinin təbəqə-təbəqə toplandığı bir mədəniyyət sahəsi olduğunu təsdiqləyir.
Quba həm də Azərbaycanın XX əsr faciəsini yaşadan bölgələrdən biridir. 1918-ci ildə daşnak-bolşevik quldur dəstələri tərəfindən Qubada və ətraf kəndlərdə dinc əhaliyə qarşı törədilən cinayətlərinini izlərini özündə əks etdirən kütləvi məzarlığın yerləşdiyi Quba Soyqırımı Memorial Kompleksi təkcə bir bölgənin deyil, bütün Azərbaycan xalqının yaddaşında bir faciə, eyni zamanda bir ibrət mənbəyi kimi yaşayır.
Qubada tarixi abidələrin araşdırılması göstərir ki, bu torpaq sadəcə bir bölgə deyil, zamanın içində yaşayaraq bu günə qədər gəlib çıxmış bir kitabdır. Hər abidə bir səhifədir: bəzisi acı xatirələrdən, bəzisi qəhrəmanlıqdan, bəzisi isə multikultural harmoniyadan bəhs edir. Quba tariximizin canlı şahidi, mədəniyyətimizin güzgüsü, kimliyimizin dayağıdır.
Ədəbiyyat siyahısı:
- Fazil Şahin”Quba tarixi “ Bakı 2015 s14-15
- Hacıyev Rövşən “Azərbaycan memarlıq abidələri”Bakı:Şərq-Qərb 2012.s43-45
- Quba Soyqırımı Memorial Kompleksinin rəsmi saytı-www.soyqiririm.az
- Azərbaycan Milli Ensiklopediyası—www.azerbaijans.com
- http://irs.gov.az/yerli-hmiyytli-abidlr/quba-rayonu/koerpue
- https://anl.az/down/meqale/azadliq/2013/noyabr/336517.htm
- http://irs.gov.az/oelk-hmiyytli-abidlr/quba-rayonu/skkizgue-tuerb
*Ülkər Zeynalova*, İslam Aslanov, Emin Ulubəyov
Elmi Araşdırmalar, Ekspozisiya fond şöbəsinin Quba şəhəri ”Soyqırım Memorial Kompleksi”nin əməkdaşları









FACEBOOK YORUMLAR