Shahin Caferli: Tiflis görüşündən sonra

Shahin Caferli: Tiflis görüşündən sonra
03 Ağustos 2022 - 18:55

Diqqət etdinizsə, növbəti gərginləşmə xarici işlər nazirlərinin Tiflis görüşündən sonra başladı.

Rusiya Azərbaycan və Ermənistanın öz probemlərini ikitərəfli formatda müzakirə etməsində, hərtərəfli sülh müqaviləsinin hazırlanıb imzalanmasında və beləliklə, problemə nöqtə qoyulmasında maraqlı deyil. Moskva 10 noyabr Bəyanatının çərçivəsi içərisində hərəkət etməyi məsləhət bilir.

Sülh müqaviləsi Qarabağdakı “sülhməramlı” kontingentə ehtiyac olub-olmadığı sualını gündəmə gətirəcəyi üçün burada idarəolunan gərginliyin qalması, zaman-zaman silahlı provokasiyaların baş verməsi Moskvanın marağındadır. Konflikt situasiyasının davam etməsi sülhməramlıların qalmasını da zəruri edir və bir növ legitimləşdirir. Rusiya dünyaya bu mesajı çatdırır ki, azərbaycanlılar və ermənilər hələ də bir-birini didməyə hazırdır və mən olmasam, burada nələr baş verə biləcəyini düşünün. Bu halda Qərb də yerli ermənilərin təhükəsizlik təminatı kimi Qarabağda rus əsgərlərinin qalmasına isti baxmağa başlayır.

Ona görə də tərəflər əgər həqiqətən qəti çözüm istəyirlərsə, təxribatlara mümkün qədər uymamalı, masanı devirməməli və ikitərəfli müstəvidə dialoqu davam etdirməlidir. Lakin vəziyyəti çətinləşdirən əsas amil ondan ibarətdir ki, Qarabağdakı yerli qanunsuz silahlı dəstələr Paşinyan hökumətinə tabe deyil, hətta sabah Ermənistandan gəlmiş hərbi birləşmələr oradan çıxarılsa belə, Rusiya yenə “DQR ordusu”nun əli ilə təxribatlar törədə bilər – necə ki, bunu edir. Digər tərəfdən, Paşinyan hökumətinin dayaqları möhkəm deyil və içəridə kifayət qədər resursa malik, Rusiyaya bağlı müxalifət var. Rusiya hələ də Ermənistan daxilində destabilizasiya və xaos yaratmaq imkanındadır. Bu səbəbdən, Paşinyan hökuməti Azərbaycanla dialoqda özünü çox ehtiyatlı davranmaq zorunda hiss edir.

Uzun sözün qısası, qapalı dairədən hələ ki çıxa bilmirik.

Shahin Caferli
https://kafkassam.com/shahin-caferli-tiflis-gorusund%c9%99n-sonra.html


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum