Robert Skotland Liddell və Ermənistan-Azərbaycan Münasibətləri
06 Kasım 2024 - 09:29 - Güncelleme: 06 Kasım 2024 - 09:40
Robert Skotland Liddell və Ermənistan-Azərbaycan Münasibətləri
Yazanlar: Namig Bagirli/ Orxan Hüseynov
Robert Skotland Lidel Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda və Tiflisdə fəaliyyət göstərmiş ingiltərəli hərbi müxbirdir.
I Dünya Müharibəsi zamanı Rusiyanın müharibədəki iştirakından bəhs edən, ingilis qəzeti olan "Sfera" qəzetinin müxbiri və fotoqrafı olmuşdur. 1915-ci ildə Petroqrada gəlmiş və ordan Varşavaya getmişdir. Burada Rus ordusunun Polşalı Qızıl Xaç Könüllülərinin üzvü olmuşdur. Bu dövrlərdə başda "Sfera" olmaqla müxtəlif qəzetlərdə məqalələri çıxmışdır.
. Müharibənin sonlarından etibarən fəaliyyəti daha çox Cənubi Qafqazla sıx bağlı olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövlət arxivində Cümhuriyyətə aid sənədlər arasında Skotland Liddelin ingilis və rus dillərində mövcud olan çoxlu məqalələrinin surətləri saxlanılır. Onun Cənubi Qafqazda millətlərarası münasibətlərə həsr etdiyi məqalələrində daha çox azərbaycanlılarla ermənilər arasındakı münasibətlərdən bəhs edir. Skotland Liddell erməni psixologiyasını, ermənilərin regionda və ona qonşu ərazilərdə həyata keçirdikləri şovinist millətçilik siyasətinin mahiyyətini çox yaxşı anlayırdı. Belə ki, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında iştirak edən dövlətlər tərəfindən Cənubi Qafqaz respublikalarının müstəqilliyinin de-fakto tanındığı bir dövrdə daşnak Ermənistanı hökumət ordusunun silahlı erməni quldur dəstələri ilə birlikdə Qarabağda Şuşa istiqamətində hücumunu Skotland Liddell "bu, cinayət deyil, həm də son dərəcə ağılsız hərəkətdir" kimi qələmə almışdı.
İngilis jurnalisti Skotland-Liddell həmin qanlı yanvar günlərində Zəngəzura gələrək törədilən qırğınları şəxsən görüb yanvarın 30-da Tiflisdə səfərində gördüklərini «Müsəlmanlarla müharibə, ermənilər yenidən hücum edirlər» adlı məqaləsini obyektivliklə qələmə almışdır. İngilis jurnalisti yazırdı ki, «...hər iki hökumət tərəfindən Tiflisdə noyabrın 23-də müqavilə imzalanmışdı və bütün mübahisəli məsələlər Böyük Dövlətlər tərəfindən həll edilənə qədər hər iki tərəfin sülh şəraitində yaşayacağına ümid yaranmışdı. Lakin müqavilənin imzalanmasının ardınca ermənilər dərhal Azərbaycan ordusunun geri çəkilməsindən istifadə edərək Zəngəzurda qırxadək müsəlman kəndini darmadağın etdilər, doqquz müsəlman kəndini də Şuşa yolu üstündə darmadağın etmiş, əhalinin böyük əksəriyyətini isə vəhşicəsinə öldürmüşlər. Azərbaycan hökuməti bununla bağlı etirazını bildirsə də, Ermənistan hökuməti bu faktları rədd edən cavab aldı... Ermənistan ona görə bədbəxtdir ki, “Daşnaksutyun” partiyası orada qüvvədədir. Bu uzun illər erməniləri müsəlmanlara qarşı hücum etməyə sövq edən inqilabçı terror təşkilatıdır. Ermənilər bacarıqlı müntəzəm təbliğat vasitəsilə layiq olmadıqları həddə rəğbət qazanırlar.
“Erməni-tatar (azərbaycanlı .) razılaşması – Qarabağda sülhün yaranması” adlı məqaləsində S. Liddell bu hadisəni ürəkdən alqışlayır. O, yazırdı ki, belə müqavilələr üç Zaqafqaziya respublikası – Azərbaycan, Gürcüstan və Ermənistanda tezliklə qayda yaratmağa imkan verəcəkdir. Hazırda Azərbaycan şəhərlərinin çoxunda xeyli erməni əhalisi yaşayır və onlar yalnız erməni hakimiyyətinə tabe olmaq istədiklərini bildirirlərErmənistanda isə əhalinin çoxu müsəlmanlardı. Onlar da Ermənistanın qanunlarına tabe olmaq istəmirlər. Belə olarsa, Qafqazda çoxlu kiçik dövlətlər yarana bilər. Bu isə çox çətin və mümkün olmayan məsələdi. Daha sonra o yazırdı: “Bu məsələlərdən ən çətini Yelizavetpol quberniyasına daxil olan Qarabağ məsələsi idi. Bu yaxınlarda o məsələ də həll olundu. Bakıda yığılan həm müsəlman, həm də erməni nümayəndələri qərara gəldilər ki, qılıncı qınına qoysunlar. Hazırda Qarabağda sülh hökm sürür. Sakinlərin dediyinə görə, əvvəllər Qarabağda heç vaxt belə sakitlik olmamışdır”. S. Liddell yazırdı ki, “öz coğrafi mövqeyinə görə Qarabağ, həqiqətən də, ona iddia edən Azərbaycana məxsus olmalıdır. Lakin Şuşada əhalinin çoxu ermənilərdir və onlar müsəlmanlara tabe olmaqdansa, ölümü üstün tutduqlarını bildirirlər”. Erməni liderlərinə Paris Sülh Konfransının Qarabağda idarə formasını müəyyən edəcəyi vaxta qədər gözləməyi məsləhət gördükdə onlar da bəyan edirlər ki, “müvəqqəti də olsa Azərbaycana tabe olmaqdansa, ölmək daha yaxşıdır”.
Ermənilərin bu hərəkətlərini dərindən dərk edən S. Liddell yazırdı: “Ermənilər dünyanın ən yaxşı təbliğatçılarıdı”. Onların bu qabiliyyəti son ayların işi olmayıb, uzun illər apardıqları təbliğatın nəticəsidir. “Ermənilərin bu ərazilərdəki “nüfuzundan” bəhs edən S. Liddellin sözlərinə görə, “nə Rusiyada, nə də Qafqazda elə bir adam tapa bilməzsiniz ki, o, ermənilər haqqında hər hansı yaxşı bir söz desin. Ruslar, tatarlar (azərbaycanlılar.), gürcülər ermənilərə nifrət edirlər və onları görən gözləri yoxdur. Bu belədir ya yox, bunu mənim deməyim lazım deyil, çünki burada ermənilər nifrət edilən irqdi. [3;səh.186-187] Ancaq xaricdə onların təbliğatı elə qurulmuşdur ki, Avropa və bütün dünya onların tərəfindədir”. Qafqazda və Şərqi Anadoluda ermənilərə münasibətdən bəhs edən S. Liddell yazırdı ki, “əlbəttə, onlara çox əzab çəkmək lazım gəlib. Ancaq minlərlə müsəlman kişi, qadın və uşaqları da onlardan daha çox əzab görüblər”. Öz məqalələrində o, “azərbaycanlıların ermənilərlə müqayisədə çox mərd və yüksəkdə dayanan bir millət” olduğunu qeyd edirdi. O yazırdı ki, Qarabağ barəsindəki məsələni dərindən öyrənərək mən belə qərara gəlmişəm və tam qətiyyətlə deyə bilərəm ki, bu qanunsuzluqların başlıca səbəbi qərəzli erməni təbliğatıdır.
S. Liddell yazırdı, bu məsələ ilə əlaqədar mən arayış hazırlamağa başladım və həmin qəzetin erməni naşiri ilə görüşərək məlumatı haradan götürdüyünü soruşdum. O bildirdi: bir neçə gün əvvəl bir nəfər erməni redaksiyamıza gələrək bu haqda məlumat vermişdi. Həmin qırğının harada və nə vaxt baş verdiyini soruşduqda o, cavab verə bilmədi. Nəhayət, uzun müddətli, gərgin axtarışdan sonra müəyyən edə bildim ki, bu hadisə 1918-ci ilin noyabrında hələ türklər Azərbaycanda olarkən baş veribmiş. Hadisəyə səbəb isə ermənilərin özləri olmuşlar. Ermənilər türklərə qarşı partizan müharibəsi elan ediblər, nəticədə də layiqli cavablarını alıblar. Ancaq erməni qəzetinin yazdığı kimi, ermənilər 3 min deyil, ən çoxu 300-ə yaxın itki vermişlər. [4; səh. 133-135] S. Liddell yazırdı ki, elə həmin həftə digər erməni qəzeti məlumatlarının birində bildirirdi ki, İngilislər Qafqazı tərk edir və Britaniya hökuməti ilə müqaviləyə əsasən 50 min türk britaniyalı əsgərləri əvəz edəcək. Mən yenə də həmin qəzetin naşirləri ilə görüşərək sual verdim: “Siz bu ağlasığmaz məlumata inanırsınızmı ?”. Onlar “yox” cavabını verdilər. “Bəs onda nəyə görə dərc etmisiniz ?”. Onlar cavab verdilər ki, xəbərlər az olduğu üçün müxbirlərimizdən aldığımız bütün məlumatları dərc etməyə məcburuq, əgər məlumat həqiqətə uyğun olmursa, növbəti nömrəmizdə təkzib veririk.
S. Liddellin yazdıqlarından görünür ki, öz daşnak rəhbərləri tərəfindən qızışdırılaraq Azərbaycana qarşı çıxış edən sadə ermənilər də sülhə razı idilər. O, yazırdı: “Onlar (ermənilər) mənə deyirdilər ki, əvvəllər Şuşada və Qarabağda heç zaman bu qədər sakitlik və qayda-qanun hökm sürməmişdi. Ermənilər sərbəstcə şəhərin tatar (azərbaycanlı – .) hissəsinə, tatarlar (azərbaycanlılar) isə heç bir qorxu hiss etmədən şəhərin erməni hissəsinə gəlirlər”. Lakin bu sülh uzun sürmür, Daşnaksütyunun rəhbərlik etdiyi Ermənistan hökuməti yenidən sülh müqaviləsini pozur. 1920-ci il yanvarın 19-da Ermənistan hökumətinin silahlı qüvvələri, silahlı erməni quldur dəstələrinin iştirakı ilə Zəngəzur tərəfdən Şuşa istiqamətində hücuma keçir və yol boyunca bütün azərbaycanlı kəndlərini dağıdırdılar. [1.səh.224-225] Azərbaycan Cümhuriyyəti hökumətinin xarici işlər naziri F. X. Xoyski yanvarın 25-də Ermənistan Respublikası Xarici İşlər Nazirliyinə göndərdiyi notada bildirirdi ki, 1919-cu il 23 noyabr tarixli müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəlikləri pozaraq Ermənistan ordusu qısa vaxt ərzində Zəngəzurda 40-a yaxın müsəlman kəndini dağıdıb.
Bununla əlaqədar S. Liddell 1920-ci il yanvarın 30-da “Müsəlmanlarla müharibə... ermənilər yenə də hücum edirlər” məqaləsini dərc etdirir. Məqalədə yazılır: “Cənubi Qafqazda yenə də sakitlik yoxdur. Üç ay əvvəl erməni və azərbaycanlı orduları arasında vuruşma gedirdi. Bunun ardınca noyabrın 23-də hər iki hökumət Tiflisdə böyük dövlətlərin bu respublikaların sərhəd məsələlərini həll edənə qədər sülh şəraitində yaşamaq barəsində müqavilə imzaladılar. Müqavilənin bağlanılmasının ardınca Azərbaycan orduları həmin ərazilərdən geri çəkilən kimi ermənilər xaincəsinə Zəngəzur müsəlmanlarının üzərinə gedərək 40-a yaxın müsəlman kəndini dağıtmışlar. Azərbaycan hökuməti bununla əlaqədar nota verir, erməni hökuməti isə göstərilən faktları təkzib edirdi”.
Burada S. Liddellin bir məlumatını da xatırlatmaq maraqlı olardı. Belə ki, o, 1920-ci il mart ayının 21-də Bakıda “Müsəlman respublikası de-yure tanındı” adlı xəbərində bildirirdi ki, İranla-Azərbaycan hökumətləri arasında müqavilə bağlandıqdan sonra təşkil edilmiş rəsmi mərasimdə İran nümayəndə heyətinin rəhbəri ağayi Təbətəbai bəyan etmişdir ki, İran hökuməti Azərbaycan Cümhuriyyətini de-yure tanıyır.
Öz məqalələrində o, 1920-ci ilin əvvəllərində Bakı, Tiflis və Zaqafqaziyanın digər şəhərlərində Sovet Rusiyası, bolşevik təbliğatı və gizli təxribatlar barədə də məlumatlar verirdi. Əlbəttə, o dövrə aid İngiltərə mətbuatında və arxivlərində yəqin ki, Skotland-Liddellin bölgəmiz barədə çoxlu yazıları saxlanılır. Gələcəkdə onların aşkarlanması və tədqiqata cəlb olunması ingilis hərbi müxbirinin Zaqafqaziyada, xüsusilə Azərbaycanda baş verən hadisələrə münasibətini daha ətraflı açıqlamağa imkan verərdi.
Orxan Hüseynov Şahin oğlu və Namiq Bağırlı Habil oğlu
“Quba Şəhərində Soyqırımı Memorial Kompleksi”nin
Elmi Araşdırmalar,Ekspozisiya və Fond şöbəsinin bələdçiləri
“Quba Şəhərində Soyqırımı Memorial Kompleksi”nin
Elmi Araşdırmalar,Ekspozisiya və Fond şöbəsinin bələdçiləri
10:12
FACEBOOK YORUMLAR