Qafar Çaxmaqlı: Köçəryan güc toplayır?

Qafar Çaxmaqlı: Köçəryan güc toplayır?
05 Temmuz 2021 - 20:45

Ermənistanın eks-prezidenti Robert Köçəryan növbəti yarım il ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsinə zərurət yaranacağına inandığını bildirib.

Köçəryan rəhbərlik etdiyi “Ermənistan” blokunun ümumi yığıncağında belə deyib.

Onun fikrincə, hakimiyyət rəsmilərinin anlaşılmaz iş üslubu mövcud böhranın əsas səbəbinə çevrilib.

“Növbədənkənar seçkilərin nəticələrinə görə ən azı 1 faiz qazanan partiyalardan biri qalib gəlsəydi, deyərdim ki, böhran aradan qaldırılıb. Ancaq ölkəni bu vəziyyətə gətirənlər hələ ki, hakimiyyətdə qaldığından böhrandan çıxa bilmədik.

Yəni “niyə məğlub olduq”, “niyə 5 min insan öldü”, “niyə, Şuşanı və Hadrutu itirdik” suallarına cavab almayacağıq?

Mövcud iqtidarın iki yolu var – repressiya və təqiblərə davam etmək, Ermənistan üçün deyil, Bakı və Ankara üçün daha maraqlı addımlar atmaq. Yaxud olanlardan dərs çıxartmaqla siyasəti dərhal dəyişmək. Ancaq hakimiyyətin birinci yolu seçdiyi göz qabağındadır. Buna baxmayaraq, biz böhran üzərində son qələbəyə qədər mübarizə aparacaq siyasi qüvvəyik” – Köçəryan belə deyib.

Sabiq dövlət başçısı bəyan edib ki, rəhbərlik etdiyi blok, Konstitusiyanın bütün imkanlarından istifadə etməklə xalqın parlament müxalifətinə inamını bərpa edəcək institusional və radikal müxalifətə çevriləcək.

“Gecə-gündüz radikal müxalifət olmaq, insanların hüquqları uğrunda mübarizə aparmaq üçün çalışacağıq. Korrupsiyaya qarşı mübarizə haqqında çox danışanlar Ermənistanda ən çox korrupsiyaya uğramış hakimiyyətdir. Biz bunu parlamentdəki işimizi küçələrdə və informasiya meydanındakı işimizi birləşdirməklə sübut edəcəyəik”, – deyə Köçəryan bildirib.

Həmçinin o, seçkilərdə 200 min səslə bağlı böyük şübhələrin olduğunu qeyd edərək, bu məsələyə dair Konstitusiya Məhkəməsində qərar veriləcəyini açıqlayıb.

Qeyd edək ki, iyunun 20-də keçirilmiş səsvermənin nəticəılərinə görə, “Ermənistan” blokunun məğlubiyyətindən sonra Robert Köçəryanın yenidən növbədənkənar seçkilərdən danışması siyasi reallığa uyğun gəlmir. Xüsusilə də seçkilərdə Köçəryana dəstək verən Rusiyanın Nikol Paşinyanın qələbəsini tanımasından sonra Köçəryanın bəyanatı daha çox siyasi populizm təsiri bağışlaya bilər.

“Gallup” İnternational təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 24,2 faizi “Ermənistan” blokuna səs verdiyini deyib ki, bu da MSK-nın təqdim etdiyi nəticələrə çox yaxındır. Bu baxımdan, Köçəryanın nəticələri dəyişmək şansı mümkün görünmür. Lakin Ermənistanın qeyri-sabit ölkə olduğunu nəzərər alsaq, eks-prezidentin açıqlaması onun müəyyən müddətdən sonra yenidən revanş götürmək planından xəbər verir.

Köçəryanın parlamentdə və küçədə paralel mübarizə aparacağı barədə dedikləri isə onun mandatdan imtina etmək istəmədiyindən xəbər verir. O, həm parlament vasitəsilə, həm də kütləvi aksiyalar keçirməklə Paşinyan hökumətinə təzyiq etmək taktikasından istifadə etmək niyyətindədir.

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Ermənistanda parlament üsul-idarəsi mövcud olduğundan növbədənkənar seçkilərin keçirilməsi və tez-tez hökumət dəyişikliyinin baş verməsi normal haldır:

“Robert Köçəryan və onun tərəfdarları da hakimiyyət dəyişikliyinə nail olmaq üçün yeni seçkilərin keçirlməsi təklifi ilə çıxış edə bilər. Paşinyan onları məğlub edib.

Ona görə də gələcəkdə hökumət formalaşarkən onların bəzi məsələlərlə razılaşmasınlar və parlamentdə müəyyən təkliflərlə çıxış etsinlər.

Hesab edirəm ki, Ermənistanda siyasi böhran davam edəcək. Çünki Ermənistan parlamenti bütün cəmiyyətin mövqeyini əks etdirmir. Paşinyan da hakimiyyətin resurslarından istifadə edib seçkilərdə qalib gələ bildi. Amma Ermənistandakı siyasi qüvvələrin təmsilçiliyi olduğu kimi parlamentdə mövcud deyil.

Məsələn, “Vətənin Xilası Naminə Hərəkatı” adlanan və 17 siyasi təşkilatdan ibarət müxalifət bloku parlamentdə təmsilçilik hüququ qazana bilmədi. Yəni seçkidə iştirak etsələr də 7 faizlik barajı aşa bilmədilər. Paşinyanın əl-qolunu bağlayan səbəblərdən biri də budur. Paşinyan istəyirdi ki, o siyasi qüvvələr parlamentdə mandat sahibi olsun. Seçkilərdən sonra da Paşinyan həmin qüvvələrlə görüşlər keçirdi.

“Şirinyan-Babacanyan” blokuna isə hökumətdə vəzifələr təklif etdi. Çünki Paşinyan parlamentdə Köçəryanın komandası ilə üzbəüz qalsa, məğlub duruma düşə bilər. Lakin Paşinyan müxalifəti öz tərəfinə çəkməklə qüvvələr nisbətini öz xeyrinə dəyişməyə çalışır. Onların sırasında “Ermənistan Xalq” partiyasının sədri Stepan Dəmirçyan, Respublika Partiyasının lideri Aram Sarkisyan və digər siyasi qüvvələrin nümayəndələri də var. Buna baxmayaraq, Ermənistanda siyasi və hakimiyyət böhranı həmişə ola bilər. Köçəryanın da məqsədi aydındır. O, Rusiyanın qarşısına qoyduğu missiyanı yerinə yetirir”.

Qafar Çaxmaqlının sözlərinə görə, Köçəryanın parlament və küçə mübarizəsini birləşdirmək ideyası məhz Ermənistandakı siyasi böhranı özündə ehtiva edir:

“Paşinyan hökumətinə qarşı etirazlar yalnız parlamentdə deyil, həm də küçələrdə və bölgələrdə aparılacaq. Köçəryan demək istəyir ki, küçədən gələn tələbləri parlamentdə səsləndirəcək və nəyə isə nail olacaq. Bu da onun ənənəvi təzyiq üsuludur. O bu üsulları 1990-cı illərdə o zamankı prezident Ter-Petrosyana qarşı istifadə edib.

Paşinyanın özü də hakimiyyətə gələndə bu taktikanı tətbiq edib. Yəni küçənin fikrini parlamentə daşıyıb və Serj Sarkisyanı Baş nazir vəzifəsindən istefa verməyə məcbur edib. Köçəryan da bunu nəzərdə tutur. Ona görə də mitinqlər keçirmək və hakimiyyətə qarşı addımlar atmağa çalışmaqla öz məqsədinə nail olmağa çalışacaq”.

Ermənişünas alim onu da əlavə etdi ki, Ermənistanda növbədənkənar seçkilərin arxada qalsa da, siyasi proseslərin öz məcrasına düşməsindən və sabitliyin yaranmasından danışmaq hələ tezdir:

“Seçkilər bitdi, hər şey öz yerini almadı. Seçkilərdən sonra mübarizə davam edəcək. Çünki cəmiyyətdə vətəndaş sülhü olmalıdır. Bütün cəmiyyət hakimiyyəti qəbul etməlidir. Perspektivdə Paşinyan Azərbaycanla hər hansı kompromisə getsə, Köçəryan da, Sarkisyanın bloku da bunu qəbul etməyəcək və etirazını küçəyə daşıyacaq. Küçənin qəbul etdiyi qərarı parlamentə gətirib rəsmiləşdirməyə çalışacaqlar. Ona görə də Ermənistanda belə “demokratiya”dan imtina etmək və yarım prezidentli respublika üsul-idarəsinə keçmək üçün referenduma getmək barədə düşünürlər”.

Müşfiq Abdulla
Cebhe.info

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

Bu haber 187 defa okunmuştur.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum